adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2018 00:02
8243
GÜNDƏM
A- A+

SAZLI-SÖZLÜ TOVUZ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tovuz həm də aşıqlar diyarıdır. Azərbaycana Dədə Qorqud öyüdlü, Dədə Qorqud qopuzlu aşıqlar bəxş eləyən bu yurdun tanınmış saz-söz sənətkarları çoxdur, lap çoxdur. Saymaqla, yazmaqla nə qurtarasıdı, nə də ki, bitib-tükənəsi.
Sazı ilə ruhumuzu oxşayan, sözü ilə könlümüzü fəth eləyən, hər kəsi sevməyə, sevilməyə, bir olmağa, güclü olmağa səsləyən, elin dar günündə öndə dayanan, xalqın kədərilə kədərlənən, sevincilə sevinən aşıqlarımız böyük sevgilərə layiqdirlər. Heç də təsadüfi deyildir ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın Birinci xanımı, vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətinin, sazımızın qorunub inkişaf etdirilməsində, təbliğində göstərdiyi yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, qürurvericidir. Həm də sevindirici haldır ki, bu gün sazımızın səsi ən yüksək səviyyəli Beynəlxalq tədbirlərdən gəlir.
Avropanın və bütün dünyanın böyük şəhərlərində telli sazımız milyonlarla insanı heyrətə gətirir.
Dilimizi, milli mədəniyyətimizi, tariximizi yaşadan, qoruyub-saxlayan, insan ləyaqətini, bəşəri hissləri, duyğuları, təmiz sevgini, ülvi məhəbbəti, qəhrəmanlığı təbliğ eləyən aşıq sənətinə ehtiram göstərmək mənəvi borcumuzdur.
Aşıqlar diyarı Tovuzda yetişən el sənətkarlarının səsi-sorağı Azərbaycanın sərhədlərinə sığmır. Səməd Öysüzlü, Hüseyn Bozalqalı, Əsəd Rzayev, Mirzə Bayramov, Qəhrəman İbrahimov, Vəli Bozalqanlı, Xəyyat Mirzə, Nəcəf Hüseynov, Qədir İsmayılov, Yusif Yusifov, Azaflı Mikayıl, Əkbər Cəfərov, İmran Həsənov, Ələsgər Tağıyev, Xanlar Məhərrəmov, Əli Quliyev, Zülfiyyə İbadova kimi aşıqların sazını-sözünü duymayan, sehrinə düşməyən varmı?
...Tovuzun gözəl təbiəti, zəhmətkeş insanları, zəngin sərvəti var. Bu elin adlı-sanlı ziyalıları, alimləri, şair və yazıçıları, igid oğulları, qəhrəmanları... Azərbaycanın şöhrətini daha da ucaldır, Vətən üçün, xalq üçün gərəkli, faydalı işlər görürlər...
Tovuzun el sənətkarları, el şairləri, aşıqları, saza-sözə könül verən duyğulu adamları da vətənə, xalqa, mədəniyyətə öz xidmətlərilə seçilirlər. Tovuzlular saza ürək dostu, könül yoldaşı kimi baxırlar, sazı heç zaman hörmətdən düşməyə qoymazlar, sazı Məkkə kimi, Mədinə kimi müqəddəs sanarlar. Ona görə də saz ən urvatdı yerlərdən, evdə divara vurulmuş xalçanın, gəbənin üstündən asılar, Qurani-Kərim kimi əziz tutular, istər el şənliklərində, istərsə də dərdin, qəmin sel kimi çağlayan vaxtlarında saz köynəkdən çıxarılar və hisslər, duyğular simlərə axıdılar, bununla da yüngülləşən kimi olurlar. Tovuz elində telli saz ustaları çoxdur. Onların hər biri haqqında söhbət açmaq o qədər də asan məsələ deyil, bu, bir institut kollektivinin işidir. Ona görə də təkcə Tovuzda deyil, Azərbaycanda, yaxın-uzaq ölkələrdə tanınan və sevilən aşıqlardan az da olsa söhbət açmalı olduq. Tovuzun bir çox kəndlərini gəzib-dolaşdıq; Əlmərdanlıda, Bozalqanlıda, Qaraxanlıda, Gilovdarlıda, Xatınlıda, Köhnəqalada, Aşağı Əyyubluda, Alakolda... bir sözlə, hansı kənddə, hansı evdə qonaq olduqsa, orada saz gördük, hələ işıq üzü görməmiş şeirlərə qulaq asdıq. Saza-sözə diqqət kəsildikcə mənən saflaşdığımızı, ruhən təmizləndiyimizi, iç dünyamızın ağappaq işıqla dolduğunu hiss elədik. Gözəl, yatımlı saz havaları min illərdən soraq verirdi. Atların kişnərtisini, qılıncların toqquşaraq yeri-göyü lərzəyə gətirən səsini, igidlərin nərəsini eşidirdik. Gözlərimiz önündə bir əlində saz, bir əlində qılınc tutan igidlər canlanırdı.
Erməni faşistlərinin bir qarış torpağını da yağmalaya bilmədiyi Tovuz elinin hər daşına, hər qayasına, hər qarış torpağına, quru çöpünə belə müqəddəs varlıq kimi baxırdıq. Saz havalarını dinlədikcə Tovuz igidlərinin yaralarından hər qarış torpağa damla-damla axan qanı görürdük, onların qanı torpaqla yoğrulurdu, torpaqdan buğ çıxırdı, torpaq daha da müqəddəsləşirdi, qibləgaha, səcdəgaha çevrilirdi.
Tovuzun çoxsaylı saz-söz ustadlarından, sənət dünyasında öz yeri olan tanınmış aşıqlarından, qoşmaları, gəraylıları, təcnisləri... ilə elin yaddaşına köçüb yaşayan azman sənətkarlardan, türklərin ilkin çalğı aləti olan qara sazla ömrünün sonuna kimi yoldaşlıq, dostluq eləyən, həzin, ülvi, incə, zərif saz havaları ilə ürəyimizi ovsunlayan könül adamlarından söz açdıqca könlümüz açılırdı. Ürfani, Dilqəmi, Kərəmi, Baş sarıtel, Orta sarıtel, İncəgülü, Qaraçı... havaları yanar ürəyimizə su çiləyirdi. Eyni zamanda döyüşkən, çılğın saz havaları - Cəngi, Qəhrəmani, Sürütmə Koroğlu, Koroğlu bozuğu və s. kimi saz havaları da eşidirdik.
Tovuzun aşıqlar diyarı kimi tanınmasında Bozalqanlı, Azaflı və Əlimərdanlı kəndlərinin xüsusi yeri vardır. Saza-sözə vurğunluq, sözə dəyər vermək, sözü-sözdən seçmək hər kəsə mənsub olan xüsusiyyətdir.
Bozalqanlıda ustad aşıqlar çox olub və bu gün də var olmaqdadır.
Bozalqanlı Xalıqverdi qoşqularının birində bu kəndin sənət dünyasında yerini haqlı olaraq belə tərənnüm etmişdir:

Telli Əsəd qoçaqdı, Qəmbər ayaqlı,
Tanrıverdi haqlı, Mamoy sayaqlı,
Qırx iki yataxlı, Kərim ləyaqlı,
Kəlvay Əsəd məkanlı Bozalqanlıyam.

Dəmirçi Hüseynli, şair Hüseynli,
Aşıq Ələs ünlü, Vəli dügünlü,
Xəyyat Mirzə günlü, Həmzə Küskünlü,
Kəsilməz gümanı Bozalqanlıyam.

Zurnaçı Lələli, Ovalar səsli,
Mirzə zümzüməli, Əkbər nəfəsli,
Ələsgər şövqlü, Bimar həvəsli,
Nəhənglər meydanı Bozalqanlıyam.

Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən sayılan, 1863-cü ildə dünyaya göz açan Hüseyn Məşədi Cəfərqulu oğlu Quliyev də Bozalqanlı kəndində yaşayıb-yaratmışdır. Göyçəli Aşıq Ələsgər də bir vaxtlar ona böyük dəyər vermiş, ona hörmət bəsləmiş, Aşıq Hüseyn Bozalqanlını yüksək qiymətləndirmişdir.
Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgər saz götürüb qabaq-qabağa deyişiblər. Bu deyişmədə Aşıq Hüseyn Bozalqanlının qalib çıxması barədə söz-söhbətlər gəzməkdədir. Şair-aşıq Hüseyn Bozalqanlı çox şəyirdlər yetirmiş, neçə-neçə aşığa ustad dərsi keçmişdir. Ustad aşıqlardan bir çoxu - Əlimərdanlı Nəcəf, Kor Ələkbər (Xatınlı), Dəmirçi Hüseyn Bozalqanlı o böyük sənətkardan ustad dərsi almış, onlar da öz növbəsində neçə-neçə şəyird yetirmişlər.
Yüz illərdən bəri zamanın sərt küləklərinə, repressiyalarına, qanlı-qadalı çağlarına davam gətirən telli saz heç vaxt susmamış, ən zalım, ən qəddar hökmdarlarla belə üz-üzə dayanmış, haqsızlığa, ədalətsizliyə meydan oxumuşdur.
Bəli, sazda çağlayan səs xalqın səsidir, xalqın nəfəsidir. Sazı sinəsinə basıb meydana çıxan aşıq xalqın sözünü dilə gətirir, nəfəsində xalqın nəfəsini, səsində xalqın səsini duyur. Xalqın ruhundan doğmuş, ruhundan qidalanmış aşıq sənətini yaşadan və bu gün də yaşadan ustad sənətkarlardan, tanınmış aşıqlardan yazmaq şərəf işidir.

(ardı növbəti sayımızda)

Əbülfət Mədətoğlu
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ