adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Aprel 2018 18:15
8211
SİYASƏT
A- A+

Türkiyə erkən seçkilərə gedir - Politoloqlardan şərh

Məlum olduğu kimi Türkiyədə erkən seçkilər keçiriləcək. Artıq bununla bağlı müəyyən hazırlıqlar gedir. Hakim partiya AKP ilə ana müxalifət MHP arasında bu yöndə ilkin razılıq da əldə olunub. İyunun 24-də keçirilməsi planlaşdırılan seçkilərdə MHP AKP-nin namizədini dəstəkləyəcək.

Bu arada Türkiyə Baş naziri Binəli Yıldırım mətbuata açıqlamasında erkən seçkiləri dəyərləndirib. Qeyd edib ki, erkən seçkilərin keçirilməsi ilə bağlı vətəndaşların gözləntiləri var. Yıldırım bildirib ki, parlament sistemi dəyişdirildikdən sonra yeni sistem öz əksini konstitusiyada tapdı. Bundan dərhal sonra bəzi maddələr qüvvəyə mindi. Həmin maddələrdə də erkən seçkilərin keçirilməsi var.

"Bu səbəblərdən dolayı bu dəyişikliyin tezliklə qüvvəyə minməsi və faktiki vəziyyətin konstitusiya ilə uyğunlaşdırılmasını vətəndaşlarımız gözləyir”.

Türkiyəli siyasi şərhçilər isə məsələyə müxtəlif yanaşma sərgiləyirlər. Al Monitor veb səhifəsinin siyasi şərhçisi Semih İdiz deyir ki, erkən seçkilərə Suriya əməliyyatı rəvac verib. O bu yarışda Ərdoğanın qələbə çalacağını bəyan edib: "Suriya əməliyyatı Ərdoğanın siyasi mövqeyini möhkəmlədib. Artıq seçkilərin erkən keçirilməsi müzakirə edilir. Fikrimcə, bu müzakirələr daha da intensivləşəcək və Ərdoğan və onun siyasi müşavirləri işi isti-isti görməyə çalışacaqlar”.

Tənqidçilər Ərodoğanı seçkilərdə qələbə əldə etmək məqsədilə zəmin hazırlamaq üçün Suriyada hərbi kampaniyanı bilərəkdən təşkil etməkdə günahlandırır. Ərdoğan bu ittihamları qəti şəkildə rədd edir. Qlobal Mənbə Tərəfdaşları mərkəzinin siyasi təhlilçisi Atilla Yeşilada bu yöndə fikirlərini bölüşüb: "Mən Ərdoğanın erkən seçkilər keçirmək istədiyini düşünmürəm. Ərdoğan iki fərziyyə əsasında hərəkət edir. Suriya kürd militantlarının sərhəddən kənarlaşdırılması ona səsvermədə üstünlük verəcək və o fikirləşir ki, iqtisadiyyatı maliyyə baxıından daha çox stimullaşdırmaqla o, seçicilərin istəklərini təmin edə bilər”.

Seçkilərdə Ərdoğanın yüksək şansları var

Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyir ki, sosioloji sorğuların nəticələrinə əsasən Ərdoğanın Türkiyə vətəndaşları arasında yüksək nüfuzu var. Bu nüfuzdan istifadə edən Ərdoğan əlverişli məqamdan istifadə etmək istəyir. Politoloq onu da bildirib ki, türk ordusunun Afrində qələbə qazanması da Ərdoğan üçün müsbət divident hesab etmək olar: "Bütün bunları nəzərə alaraq demək olar ki, qarşıdakı seçkilərdə Ərdoğanın yüksək şansları var”.


Erkən seçkinin 3 səbəbi


Politoloq Şahin Cəfərli isə seçkilərlə bağlı 3 səbəb göstərib: "Yanğından mal qaçırmaq kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çox uzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz "yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən, 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var”. Qeyd edib ki, türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ərzində ödənməlidir: "Xarici ticarət kəsiri rekord həddə çatıb və bunun da maliyyələşdirilməsi üçün vəsait tələb olunur. Yeni borclanma olmadan köhnə borcları ödəmək və büdcə kəsirini yamamaq imkansız görünür. Ölkədən ciddi miqdarda kapital çıxışı var. Türkiyənin toplam qızıl-valyuta ehtiyatı hazırda 108 milyard dollardır və azalmağa davam edir, bunun 83 milyardı valyutadır, həmin vəsaitin nağd qismi isə təxminən 30 milyard dollardır. İndi hökumət dövlətin əlində qalmış müəssisələri özəlləşdirmək yolu ilə qaynaq yaratmağa çalışır, lakin bunun çözüm olmadığı hamıya aydındır (yeri gəlmişkən, AKP hökuməti indiyədək Türkiyədə ən çox özəlləşdirmə həyata keçirən hökumətdir). Açıq görünür ki, böhran dərinləşərək davam edəcək. İqtidarın müttəfiqi olan Bahçeli dünən açıq söylədi ki, Türkiyənin seçkilərin normal vaxtına – 2019-cu ilin noyabrına qədər davam gətirməsi mümkün deyil. Ona görə də, Ərdoğana sərf edirdi ki, vəziyyət daha da pisləşmədən, ən qısa müddətdə seçki keçirib, daha 5 il müddətinə iqtidarını qorusun”.

Politoloqun fikrincə, seçkiyə qədər yəqin ki, əldə olan qaynaqlardan maksimum istifadə olunaraq vəziyyətin ağırlaşmasının qarşısı alınacaq, sosial-iqtisadi sabitlik görüntüsü yaradılacaq və seçkilərin nisbətən əlverişli durumda gerçəkləşməsi təmin olunacaq: "İkinci səbəb prezident və parlament seçkilərinin 31 mart 2019-cu il bələdiyyə seçkilərindən sonra keçirilməsinin iqtidar üçün daşıdığı risklərlə bağlıdır. Bələdiyyə seçkilərinə AKP ilə MHP ayrı-ayrılıqda gedəcək, yəni rəqib olacaqlar. Bu isə yerlərdə iki partiyanın namizədləri, fəalları arasında gərginlik yaradacaq (artıq indidən belə bir gərginlik müşahidə olunur, məsələn, MHP-nin əlində olan Manisada). Prezident və parlament seçkiləri öncəsində ittifaqda çat, sosial bazada narazılıq, demotivasiya yarada biləcək belə bir rəqabət arzuolunan deyil. Digər tərəfdən, bələdiyyə seçkilərində hakim partiyanın Ankara və İstanbulu itirməsi ehtimalı var, indi bu 2 meqapolisdə (xüsusən paytaxtda) müxalifətin şansı kifayət qədər yüksək görünür. Prezident-parlament seçkiləri öncəsi paytaxtın və ən böyük şəhərin itirilməsi iqtidara sarsıdıcı zərbə olar, nəticədə mənəvi-psixoloji üstünlük tamamilə müxalifətin əlinə keçər”.

Ş.Cəfərli hesab edir ki, üçüncü səbəb İyi Parti amili ilə bağlıdır: "MHP əriməyə davam edir və aydındır ki, 2019-cu ilin noyabrına qədər bu partiya indikindən yaxşı durumda olmayacaq. AKP ilə ittifaqa girdiyi üçün 10 faizlik minimum həddin altında qalsa belə, MHP üçün parlamentə düşmək problemi yoxdur, lakin ittifaqda olan partiyaların adları bülletendə ayrı yazılacaq və əgər MHP 7%-dən az səs alarsa, dövlət yardımından məhrum olacaq. Partiyanın siyasi gələcəyi baxımından əsas problem isə budur ki, MHP-nin 5-6% səs alması bu partiyanın olan-qalan nüfuzuna da ciddi zərbə vuracaq, onu heç öz müttəfiqi də ciddi qəbul etməyəcək. İyi Partinin seçkiyə qatılmaqla bağlı probleminə gəldikdə isə, özlərinin dediyinə görə, ilk qurultay 10 dekabr 2017-ci ildə keçirildiyi üçün belə bir problem yoxdur. Qanunun tələb etdiyi 6 aylıq müddət iyunun 24-nə qədər tamamlanmış olur. Hətta partiya seçkiyə buraxılmasa belə, bu qadağanı aşmaq üçün imkanlar var. Başqa partiyanın tərkibində (məsələn, Səadət və ya Demokrat partiyaları) seçkiyə qatılmaq mümkündür (böyük ehtimalla, bu 3 partiya ittifaq yaradacaq və güclü sağ alternativ kimi AKP-MHP ittifaqının qarşısına çıxacaq). Digər imkan isə parlamentdə 20 millət vəkilindən ibarət qrup qurmaqdır”.

Qanuna görə, parlamentdə qrupu olan partiyalar seçkiyə qatılmaq haqqı əldə edir: "Hazırda İyi Partinin 5 deputatı var, CHP ilə razılığa gəlsələr və CHP-dən 15 millət vəkili İyi Partiyə keçsə, problem həllini tapmış olur. Prezident seçkiləri ilə bağlı isə problem yoxdur. Meral Akşener 100 min seçici imzası ilə namizəd olacağını açıqladı. Bu arada, Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı, yəni ölkə üçün taleyüklü olan iki böyük seçki FV rejimi şəraitində keçiriləcək”.


Riskli qərar


Politoloq Qabil Hüseynli isə qedy edib ki, seçkilərin qabağa çəkilməsi riskli bir qərardır. Politoloq bildirib ki, hazırda Ərdoğanın reytinqinin ən yüksək dövrüdür: "Çünki o, Afrin əməliyyatlarını həyata keçirdi və böyük uğurlar qazandı. Ərdoğanın Türkiyədə hazırda nüfuzu yüksəkdir. O, bundan istifadə edərək, erkən seçimlərə getdi. Türkiyədə belə hadisələr tez-tez olur. Reytinqlərini yoxlayırlar və yüksək nəticə varsa, erkən seçkilərə gedirlər. Bundan başqa. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası MHP ilə ittifaq yaradıb. Bu ittifaqın yaranması Ədalət və İnkişaf Partiyasının səslərinin sayını artırdı. Çünki MHP-nin sosial bazası da AKP-yə səs verəcək. Beləliklə, iki partiyanın koalisiyasının reytinqini dəfələrlə yoxladıqdan sonra məlum olub ki, AKP və MHP koalisiyası bu gün səslərin 56%-ni ala bilər”.

Politoloqun sözlərinə görə, bu rəy sorğusunun seçkidə necə reallaşacağını indidən demək çətindir: "Amma hər halda Türkiyə çox çətin bir dönəmə daxil olub. NATO dövlətləri ilə münasibətləri çox korlanıb. ABŞ-la əlaqələr də gərgin ab-havadadır. Rusiyaya meyillənmə Qərb dünyasında Türkiyəyə qarşı böyük qəzəb yaradıb. Belə bir çətin şəraitdə reytinqin hər zaman yüksək olacağı qənaətində deyiləm. Seçkilərdə Ərdoğan və MHP üçün xoş olmayan sürprizlər də mümkündür”.