adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2018 15:12
13470
SİYASƏT
A- A+

Gündəmi dəyişən erkən seçki qərarı

Ərdoğanın şansları yüksək dəyərləndirilir

Məlum olduğu kimi Türkiyədə erkən seçkilər keçiriləcək. Artıq bununla bağlı müəyyən hazırlıqlar gedir. Hakim partiya AKP ilə ana müxalifət MHP arasında bu yöndə ilkin razılıq da əldə olunub. İyunun 24-də keçirilməsi planlaşdırılan seçkilərdə MHP AKP-nin namizədini dəstəkləyəcək.
Bu arada Türkiyə Baş naziri Binəli Yıldırım mətbuata açıqlamasında erkən seçkiləri dəyərləndirib. Qeyd edib ki, erkən seçkilərin keçirilməsi ilə bağlı vətəndaşların gözləntiləri var. Yıldırım bildirib ki, parlament sistemi dəyişdirildikdən sonra yeni sistem öz əksini konstitusiyada tapdı. Bundan dərhal sonra bəzi maddələr qüvvəyə mindi. Həmin maddələrdə də erkən seçkilərin keçirilməsi var.
"Bu səbəblərdən dolayı bu dəyişikliyin tezliklə qüvvəyə minməsi və faktiki vəziyyətin konstitusiya ilə uyğunlaşdırılmasını vətəndaşlarımız gözləyir”.

Türkiyəli siyasi şərhçilər isə məsələyə müxtəlif yanaşma sərgiləyirlər. Al Monitor veb səhifəsinin siyasi şərhçisi Semih İdiz deyir ki, erkən seçkilərə Suriya əməliyyatı rəvac verib. O bu yarışda Ərdoğanın qələbə çalacağını bəyan edib: "Suriya əməliyyatı Ərdoğanın siyasi mövqeyini möhkəmlədib. Artıq seçkilərin erkən keçirilməsi müzakirə edilir. Fikrimcə, bu müzakirələr daha da intensivləşəcək və Ərdoğan və onun siyasi müşavirləri işi isti-isti görməyə çalışacaqlar”.

Tənqidçilər Ərodoğanı seçkilərdə qələbə əldə etmək məqsədilə zəmin hazırlamaq üçün Suriyada hərbi kampaniyanı bilərəkdən təşkil etməkdə günahlandırır. Ərdoğan bu ittihamları qəti şəkildə rədd edir. Qlobal Mənbə Tərəfdaşları mərkəzinin siyasi təhlilçisi Atilla Yeşilada bu yöndə fikirlərini bölüşüb: "Mən Ərdoğanın erkən seçkilər keçirmək istədiyini düşünmürəm. Ərdoğan iki fərziyyə əsasında hərəkət edir. Suriya kürd militantlarının sərhəddən kənarlaşdırılması ona səsvermədə üstünlük verəcək və o fikirləşir ki, iqtisadiyyatı maliyyə baxıından daha çox stimullaşdırmaqla o, seçicilərin istəklərini təmin edə bilər”.

Ərdoğanın xalq arasında nüfuzu yüksəlib

Türkiyədə keçiriləcək erkən seçkilərlə bağlı politoloqların fikirlərini öyrəndik. Politoloq Nəzakət Məmmədova  deyir ki, Türkiyədə seçkilərin 2018-ci ilin 24 iyuna təyin olunması MHP-nin təklifi əsasında baş tutub. AKP və MHP-nin bu təşəbbüsünü CHP də dəstəkləyib və seçkilərə hazır olduqlarını bəyan ediblər. Düşünürəm ki, seçkilərin belə erkən təyin olunmasının bir neçə mühüm daxili və xarici səbəbləri var: Xarici təhdid səbəbi kimi Prezident Ərdoğan rəsmi şəkildə bildirib ki, Suriya və İraq sərhədlərimizdə istiqrarsızlıq yaşanır. Ona görə də bu, bizi Türkiyənin təhlükəsizliyi naminə seçkiləri erkən keçirməyə vadar edir. Eyni zamanda, o, ötən ilin aprel ayında referndum nəticəsində prezident üsul-idarəsinə keçdikdən sonra hazırkı idarəetmənin müəyyən problemlər yaratdığını vurğulayıb. Bildiyimiz kimi, dünən Avropa Birliyi Türkiyə ilə bağlı irəliləmə sənədini açıqladı. Sənəddə Türkiyənin Suriyalı qaçqınlarla bağlı fəaliyyəti təqdir olunur və FETÖ terror təşkilatı kimi tanınır. Lakin ölkənin Avropadan uzaqlaşması vurğulanır, fövqəladə vəziyyət rejiminin 2016-cı il 15 iyul çevriliş cəhdindən bu yana bir neçə dəfə uzadılması tənqid olunur. Görünür, bu sənəd, eyni zamanda bir neçə gün öncə Qərb koalisiyasının Suriyanı bombardman etməsi, yəni həm diplomatik demarş, həm Suriyanın bombalanması Türkiyəni ciddi şəkildə narahat edib. Eyni zamanda, ölkədə iqtisadi-maliyyə sistemində də müəyyən problemlər yaranıb, milli valyutanın dollar və avroya nisbətdə dəyərdən düşməsi baş verib. Avropa Birliyinin tənqid etdiyi OHAL- yəni fövqəladə hal rejiminin ləğvi ölkədə terror aktlarına, yeni çevriliş cəhdlərinə səbəb ola bilər. Artıq Türkiyə Böyük Millət Məclisi fövqəladə vəziyyət rejiminin saxlanıb -saxlanmaması məsələsini müzakirəyə çıxarır. Belə bir şəraitdə seçkilər nə qədər erkən olarsa, Ərdoğan və Baxçəlinin hazırkı şəraitdə qalib olmaq şansı da yüksək olar. Türkiyə artıq Avropa və ABŞ-in getdikcə artan təzyiqlərini hiss edir. Belə bir şəraitdə indiki zamanda seçki keçirmək daha uyğundur, nəinki 2019-cu ilin noyabr ayında. İyi Partinin 2019-cu il seçkilərində Bahçelinin rəqib olmaq şansı daha çox arta bilər. Təbii ki, Ərdoğan Baxçəlinin partiyasının seçkilərdən üstün çıxmasını istəyir. Eyni zamandaz Afrində hazırkı qələbədən sonra Ərdoğanın xalq arasında nüfuzu yüksəlib. 2019-ci ildə isə bir çox proseslər əks effekt verə bilər. Odur ki, seçkilərin erkən keçirilməsi qərara alınmış ola bilər”.

Ədil Ədilzadə