adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2018 00:32
10381
ƏDƏBİYYAT
A- A+

KÖVRƏK DUYĞULARIN QANADLARINDA

Ədəbi-poetik duyğularını ifadə etmək arzusu ilə qələmə söykənənlər çoxdur. Hamısına arzularını doğrultmaq şərəfinə nail olmaqda yüksək başarılar qazanmağı, uğurlu yollar yolçusu olmağı diləmək mənəvi borcumuzdur.
Ümumi baxımdan, müdrik xalqımız - öz yaşam dünyasında, təmsil etdiyi cəmiyyətin, əhatəsində olduğu aləmin və yurddaşı olduğu insanların mənəvi gözəlliklərinə sevgisini, əksikliklərinə etiraz hisslərini poetik düşüncələrlə ifadə etməyi bacaran şair xalqdır. Bu duyğular ilhamın, idrakın süzgəcindən süzülə-süzülə, seçilə-seçilə kəlmələrə, kəlmələrdən misralara düzülə-düzülə şeir anlamını ortaya qoyur. Yazdığı şeirə, kamil, dərrakəli oxucu sevgisi qazandırmaq isə hər qələm sahibinə müyəssər olmur. Oxucu könlündə yurd-yuva salan şair kamilliyinə çatmaq üçün gərgin zəhmətlər çəkilməli, yorulmaz əmək sərf edilməlidir... Şairin özü də, qələmi də, yazdığı misralar da, doğruluğun, ədalətin, mənəvi gözəlliyin rəmzi olmalıdır. Şeir qəlbin güzgüsüdür...

Coşar damarda qanlar,
Həzin, müqəddəs anlar,
Ay ürək axtaranlar,
Ürək, Nəcibə xanım...

...Gözəl görmək istəyən,
Könül vermək istəyən,
Mələk görmək istəyən,
Mələk, Nəcibə xanım.

Qeyd etdiyim bəndlər hörmətli şairimiz Bəsti xanım Bərdəlinin şeirindən götürülmüşdür. Nəcibə xanım İlkinin 55 illik yubileyi ərəfəsində çap elətdirdiyi "Könlüm nağıl istəyir" şeirlər kitabına ön söz əvəzi yazılmışdır. Hər şeydən öncə, mən də Nəcibə xanımın 55 yaşını səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılıq yollarında geniş üfüqlər arzu edirəm...
Bəsti xanım bu şeiri ilə Nəcibə xanımın Azərbaycan xanımına xas yüksək məziyyətlərini təqdirəlayiq dərəcədə gözəl şərh edilmişdir; "ay ürək axtaranlar, ürək Nəcibə xanım", "mələk görmək istəyən, mələk, Nəcibə xanım", "açar qışın işində, çiçək, Nəcibə xanım", "tapılar şəfa sizdə, etibar, vəfa sizdə", "özü nur, qəlbi təmiz, əzizsən hər an, əziz,"... Mən, böyük səmimiyyətlə deyərdim ki, hörmətli Bəsti xanımın qələmə aldığı bu təşbehlər, Nəcibə xanımın nəzakətini, təvazökarlığını, nəcibliyini dəqiqliklə tərənnüm etdirən gözəl təşbehlərdir...
Yaradıcı əməyi ilə kamillik dövrünün zirvəsinə qədəm qoymuş bu möhtərəm qələm adamı bu yaxın günlərdə "Könlüm nağıl istəyir" adlandırdığı mübarək şeirlər toplusunu mənə hədiyyə elədi. Kitabı açıb şeirlərinin ilk misralarına göz gəzdirdiyim andan, məllifin inci danləri kimi saf, nizamlı-düzümlü, özünə məxsus bəlğətli deyim tərzi, bu vaxtacan eşitmədiyim salğarlı ifadələri, misraların dildən-dodaqdan bulaq suyu kimi şəffaf, səlis və rəvan axışı diqqətimi heyranlıqla özünə cəlb elədi.
Yaradıcılığını izlədikcə gözümün qarşısında Nəcibə xanımın kecdiyi həyat yolları canlandı. Hiss etdim ki, bahar çiçəkləri kimi zərif, kəpənək qanadı kimi kövrək, incə duyğular mücəssəməsi bu xanım, həyatın xoşbəxt günlərini də, ağır sınaqlarını da görüb-götürmüşdür. Ancaq ömrün çətin günlərinə, sınaqlı anlarına qarşı öz mətanətini, iradəsini bir an da olsa itirməmişdir. Şeirlərinin birində deyir:

...Məni dərd doğubdur, ana doğmayıb,
Dərdin körpəsiyəm, dərdin anası.
Uşaq dəcəlliyim tutanda birdən,
Olmuşam dərdimin nağıl dünyası.

Nəcibə xanımın tərifə ehtiyacı yoxdur, onun tərifi canında-qanında, yazdığı şeirlərın dadlı-duzlu misralarında, publisist yazılarının sanbalında, yorulmaz işgüzarlığında, çəkdiyi zəhmətlərin barında-bəhrəsindədir. Müxtəlif janrlarda yazdığı şeirlərdə xırdaca bir qüsur da olsun tapa bilməzsən. Kitabının redaktoru bugünkü ədəbiyyatımızın korifeylərindən olan xalq şairimiz Fikrət Qocadır. Bu qismət hər kitab çap etdirənə nəsib olmur. Nəcibə xanım öz yaradıcılığına Fikrət müəllim kimi bir poezya nəhənginin fikrini cəlb edə bilibsə, bu böyük başarıdır...
Kitabın axırıncı bölümü "Şəkillərdən boylanan ömür" adlanır. Şair bu bölümdə şəkillərin diliylə danışır. Xalqımızın müdrik bir deyimi var: "Dostunu mənə göstər, sənin kim olduğunu deyim". Ədəbi-bədii dünyamızın qaymaqları - xalq şairlərimiz Fikrət Qoca, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Söhrab Tahir, böyük şairlərimiz Musa Yaqub, Məmməd İsmayıl, tanınmış şair Ramiz Qusarçaylı ilə birgə çəkdirdikləri fotoşəkillər, bu görkəmli sənət adamının cəmiyyətimizin yuxarı qatlarında tutduğu şərəfli mövqeyindən, dərin nüfuzundan xəbər verir.
Nəcibə xanım təkcə ictimai-siyasi fəaliyyəti, ədəbi-bədii yaradıcılıq yollarında gərgin zəhmətlərə qatlaşması ilə deyil, həm də elmə-təhsilə yiyələnmək uğrunda mübarizliyi özünə ömür yolu seçmiş əməksevər bir xanımdır. 1979-1981-ci illərdə Bakı Kooperativ texnikumunu bitirib. 1981-ci ildə Moskva Kooperativ institunun (indiki Koomersiya Universitetinin) qiyabi şöbəsinə qəbul olub. 1998-ci ildə Beynəlxalq Elmi-Tədqiqat Kosmonavtika İnstitunun Filologiya fakültəsinə qəbul olub. Oranı əla qiymətlərlə bitirib. 1980-ci illərdən dövrü mətbuat səhifələrində şeir və məqalələri ilə tanınmağa başlayıb. "Bir ömür uduzdum", "Qəlbimdə dil açan dünya", "İllərin o tayı gözləyir məni", "Son zəng, son döyüş, son təbəssüm", "Qartal zirvədə qaldı", "Könlüm nağıl istəyir" kitablarının müəllifi, 300-ə yaxın kitabın redaktoru və ön söz müəllifidir. "Azad Qələm" qəzetinin, "Al Ziya" və "Naxış" jurnallarının baş redaktorudur.
Nəcibə xanım seirə, sənətə sərf etdiyi gərgin əməyinin müqabilində neçə-neçə ali mükafalarla mükafatlandırılıb. Şeirlərinə və publisistik yazılarına görə Az.KİV-nin "Xalqın nüfuzlu ziyalısı", "Xan qızı Natəvan" mükafatlarına və "İnam" şərəf diplomuna layiq görülmüşdür.
Qafqaz Mediya İctimai Birliyi tərəfindən "Vicdan və qələm", "Peşəkar jurnalist" diplomu ilə, təsisçisi olduğu "Azad Qələm" qəzetinin üç yaşı münasibəti ilə və publisist məqalələri və ədəbi yazılarına görə Az.KVİ-nin "Qızıl Qələm" mükafatına layiq görülmüşdür.
Mən Nəcibə xanıma ömür yolarında qayğısız günlər, xoşbəxtlik müjdəsi gətirən illər, uzun ömür, can sağlığı, hal-hazırkı qələmindən də işlək və sanballı qələm, yaradıcılıq aləmində günəşli-gündüzlü səhərlər, geniş, saf duyğular arenası arzulayıram.
İsmayıl İlməzli