adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Aprel 2018 18:00
10106
MƏMLƏKƏT
A- A+

Mətbuat Şurasında sədr müavinləri, komissiya sədrləri seçildi - ADLAR

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Adalet.az-ın məlumatına görə, Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə Prezident andı içərək ölkə başçısı kimi fəaliyyətə başlayıb. Bu münasibətlə o, Şuranın İdarə Heyətinin üzvləri adından cənab İlham Əliyevi təbrik edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb. "Hazırda İdarə Heyəti 23-ü əsas, 6-ı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir. Əminəm ki, Şuranın yeni tərkibi də məhsuldar işləyəcək. Qurumun İdarə Heyətinin hər bir üzvünə uğurlar arzulayıram” deyə Ə.Amaşov əlavə edib.

İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.

Bundan sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.

İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi də həyata keçirilib. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib 2 ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib.

Şuranın İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının, İH üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Beynəlxalq əlaqələr Komissiyasının, İH üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, İH üzvü, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Dil Komissiyasının, İH üzvü, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə Komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, Şuranın "Apellyasiya qrupu”nun tərkibi təsdiqlənib.

İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində İşçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən NTK-ya qurultay tərəfindən seçilmiş üç şəxs arasından NTK-nın sədri seçilir. Bu vəzifəyə "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun seçilməsi təsdiqlənib.

Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VII qurultayında seçilmiş yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Jurnalistlər:

  1. Əflatun Amaşov – Sədr
  2. Vüqar Rəhimzadə, "İki sahil” qəzetinin baş redaktoru;
  3. Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;
  4. Rəşad Məcid, "525-ci qəzet”in baş redaktoru;
  5. Aydın Quliyev, "Bakı xəbər” qəzetinin baş redaktoru;
  6. Akif Aşırlı, "Şərq” qəzetinin baş redaktoru;
  7. Rauf Arifoğlu, "Yeni Müsavat” qəzetinin baş redaktoru;
  8. Elçin Mirzəbəyli, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru;
  9. Bəxtiyar Sadıqov, "Azərbaycan” qəzetinin baş redaktoru;
  10. Aynur Camalqızı, "Teleqraf Holdinq”in rəhbəri;
  11. Bahəddin Həziyev, "Bizim yol” qəzetinin baş redaktoru.

İctimaiyyət nümayəndələri:

  1. Vüqar Səfərli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru;
  2. Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri;
  3. Aqil Abbas, Milli Məclisin deputatı;
  4. Cavanşir Feyziyev, Milli Məclisin deputatı;
  5. Hikmət Babaoğlu, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı;
  6. İlham İsmayılov, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri;
  7. Yadigar Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri.

İnternet portallar:

  1. Vüsalə Mahirqizi, "APA Holdinq”in rəhbəri;
  2. Azər Həsrət, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri;
  3. Niyaz Niftiyev, "Azadinform” İnformasiya Agentliyinin direktoru;
  4. Rəhman Hacıyev, "Bakinski raboçi” qəzetinin baş redaktoru;
  5. Anar İmanov, "Milli.az” xəbər portalının baş redaktoru.

Ehtiyat üzvlər:

Jurnalistlər:

  1. İlqar Hüseynov, "Kaspiy” qəzetinin baş redaktoru;
  2. Musa Mərcanlı, "İrs” jurnalının baş redaktoru.

İctimaiyyət nümayəndələri:

  1. Nəsir Əhmədli, BDU-nun jurnalistika fakültəsinin professoru;
  2. Çingiz Qənizadə, Milli Məclisin deputatı.

İnternet portallar:

  1. Elşad Eyvazlı, "Modern.az” saytının rəhbəri;
  2. Rafail Becanov, "Cühmuriyyət” qəzetinin baş redaktoru.