adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Aprel 2018 14:52
16534
MƏDƏNİYYƏT
A- A+

“Zəng” Məşhəd festivalında “çalınacaq”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı "Zəng” mono tamaşası ilə İranın Məşhəd şəhərində keçiriləcək "Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalında çıxış edəcək. Teatrın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, festival aprelin 22-dən 30-dək davam edəcək.


Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutacaq festivalda Azərbaycanla yanaşı 10-dan artıq ölkənin teatr təmsilçiləri iştirak edəcək.


Festivalda tamaşa nümayişləri ilə yanaşı seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərə fəxri qonaq qismində dəvət olunan teatrın direktoru, əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə mərkəzin son 5 ilki fəaliyyəti ilə bağlı festival iştirakçıları qarşısında çıxış da edəcək.


Festivalda ölkəmizi təmsil edəcək tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.


Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.