adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2018 22:12
10259
ƏDƏBİYYAT
A- A+

Ağ səhərli ömür...



Ömrünün 40 ilini polis sistemində rəhbər vəzifələrdə çalışmış, xalq sevgisini qazanmış, Ələsgər Bədəlovun mənalı ömür yoluna həsr olunur.

Ötüşən anların bir nidası var,
Xatirə libasa ömür bələnir.
Hər vaxtın, zamanın öz sədası var,
İllərin üstünə illər ələnir...

İnsan ötən vaxtı əyləyə bilmir,
Bəzən tarix olur, ömrün bir anı.
Könül istəyini dil deyə bilmir,
Sözümdən boy verir bir qəhrəmanım:

Bir kövrək insandı, qəlbi saf şüşə,
Dünyaya qəlbinin gözüylə baxır.
Xəyalən yollanar, ötən-keçmişə,
Gözünün önündə şimşəklər çaxır.

Dünəndən, sabahdan olur söhbəti,
Hər kəlmə sözündən bir təmkin yağır.
Qanından doğulur səmimiyyəti,
Könlündən üzünə nur-işıq axır.

Duyğulu yaradıb onu xilqəti,
Xalqını qorumaq ömrü, işidir.
Saflıqdan yoğrulub eşqi, xisləti,
Babalar sayağı köhnə kişidi!!!

***
İnsanı yaşadır eşqi, amalı
Arzudur ürəyin bəhəri-barı;
İnsana yol açır ağlı-kamalı,
Arzuyla yol gedir sabaha sarı...

Hər insan qəlbinin öz diləyi var,
Arzulu ürəkdə bir yaz doğular.
Taleyi olsa da bir insana yar,
Qarlı qış gözündə, gülüstan olar!

Yaddaşda qalandı insan əməli,
Yaxşılar qalırlar-xatırlanırlar.
Yaxşılıq bəşərin ilkin təməli,
Yaxşılar insana müdam yanırlar...

Xoş fikirli söhbətə salıbdır açar,
Bir insan övladı qəhrəmanımdı.
Məramı, məqsədi ürəklər açar,
İstədim xalqına onu tanıdım!

Xeyirxah əməli dillərdə gəzir,
Nəğmələr qoşulub şəninə onun;
Qələmim bir müdrik insandan yazır,
Keşiyində durub, qayda-qanunun!!!

Haqq-hesab çəkəndi özü-özüylə,
Köksünün altında "tərəzi"si var.
Hər vədə düz gəlib işi-sözüylə,
O, ruhən rahatdı...Təsəllisi var...

Ürək ölçüsüylə bir haqqı görüb,
Vicdanın dediyi bir mayak olub.
Ömrünün yolunu düzlükdən hörüb,
Tanrının yanında üzü ağ olub.

***
Milləti, torpağı düşünüb müdam,
Qəlbinin hökmüylə saf ömür sürüb.
Nahaqdan bəlaya düşsə bir adam,
O, şəxsin yerində özünü görüb!

Od tutub, alışıb köksünün altı,
Çalışıb ayırsın haqqı-hanaqdan.
Üz-üzə duranda kimlərsə bir vaxt,
Tədbir görübdü ki, tökülməsin qan...

Ürəklə çıxıbdı insan yoluna,
Köksünün altında insafı yatıb.
Enməyib dünyanın sərvət-malına,
Ömrünün müdriklik çağına çatıb!

***
Bir ömür yaşayıb mənalı, dərin
Bir ömrü xalqına həsr edib bütün.
Hər məqamda, hər vaxt bilibdi yerin,
Bir amalı olub: - bir əldən tutum!

Bir insan üzünü gülər görəndə,
Ona bu sevincdən bir az pay düşüb;
Özü bir kimsəni sevindirəndə,
Köksünə bir xoş un, səda-hay düşüb!

Dünyanı görübdü qəlbin gözüylə,
Yaradan bir ürək-bir sərvət verib.
Çox zaman tək-tənha qalıb özüylə,
Ürək sirdaşına, hesabat verib!

Üzü ağ çıxıbdı hesabatından,
Köksünün altında xoşluq yaranıb.
Razı qalıb ömür-gün həyatından,
Barmaq "darağı"yla saçın darayıb...

Ağlının sözünü ürək dinləyib,
Ağlının hökmünə ürək "hə" deyib.
Qaldırıb yuxarı azca eynəyi,
Heç yol verərəmmi, mən səhvə deyib?!

***

...Vəzifə paqonu çiynin sıxmayıb,
Köksündə döyünən saf bir ürəkdi.
O, şana-şöhrətə dönüb baxmayıb,
Köksünü qabardan arzu, diləkdi!

Hansı bir məkanda olubsa işi,
O yeri özünə doğma sayıbdı.
İnsanı qorumaq əzəl vərdişi,
Xeyirxah yaşayıb, saflıq yayıbdı...
Deməyib bu özgə, bu isə yaddı,
İnsan olan kəsə o, doğma olub.
Çoxunu qızdırıb qayğısı, odu,
Əməllə, ülfətlə qəlblərə dolub!

Bu yerə, bu göyə ruhən bağlıdı,
Xalqına, yurduna oğulluq edir.
Adəm övladıdı,
İnsan oğludu,
İnsanlıq yolunu ürəklə gedir...

Paqon daşımaqdı tale qisməti,
Torpağın, millətin gözəl oğludu.
Düzlükdən yoğrulub, eşqi-xisləti,
Yolu həqiqətin, haqqın yoludu!
***
Bir ömrü yaşayıb ləyaqət ilə,
Könlünün gözləri hər vaxt tox olub.
Onun təmizliyi yayılıb elə,
İnsanın dərdini gözdən oxuyub...

O, insan sərrafı,
İnsan duyandı,
Bir ömrü yaşayıb insanlar üçün.
Torpaq övladına arxa, hayandı,
Yeri zirvədədi, qananlar üçün!

Bir saflıq yaşadır ilikdə, qanda
Hər insan övladı əslinə çəkər...
İnsana yanmağı ruhunda, canda
Hər insan əslinə, - nəslinə çəkir!

Böyüdü zəhmətkeş bir ailədə,
Bir ata öyüdü ilk dərsi olub.
Ata hörmətlidi obada, eldə,
Ataya bənzəmək, bir həvəsi olub.

Dünyanı anlayıb
Görüb-götürüb,
Özünə güvənci tale payıdı.
Könlünün gözündə inam bitirib,
Əməliylə eldə, yurdda, tanınıb...

***
Bir ata varlığı onu yaşatdı,
Bir ata adından qüvvət, güc aldı.
Bir ata adını fəxrlə daşıdı,
Bir ata gözündə qalxdı, ucaldı!

Atanın ürəyi sənlə döyündü,
Atan sənə balam-sirdaşım dedi.
O, sənin adınla hər vaxt öyündü,
Sənə oğlum dedi, - qardaşım dedi!

Atalar fəxr edər övladlarıyla,
Hər övlad uğuru şadlıq gətirər.
Oğullar ucalsa öz adlarıyla,
Atalar köksündə çiçək bitirər!

Övladı yarıyan ata bəxtəvər,
Sevinər, şadlanar könlü xoş olar;
Övladın sabahın işıqlı görər,
Arzu qanadları göyə baş alar!

Həyatda yer tutub qalxarsa oğul,
Bir ata köksünə fərhlər dolar.
Həyata ağılla baxarsa oğul,
Atalar könlündə, bir bayram olar!
***

Bir ata zirvəsi vardı gözündə,
Bir ata sevgisi qəlbin varıydı.
Bir qüdrət görərdi ata sözündə,
Bu söz ilə oğul çox bəxtiyardı...

Sevgiylə, istəklə ata deyəndə,
İçində bir ülvi dilək dinərdi.
Hərdən atasını yorğun görəndə,
O, fikir çəkərdi, "ahlar yeyərdi"...

Ata hiss edərdi övlad duyğusun,
Oğul diqqətinə fərəhlənərdi.
İstərdi övladı elinin olsun,
Oxu, oğlum, sənət qazan deyərdi.

Arxada qalmışdı təhsil illəri,
O, artıq vəzifə yiyəsi idi.
Atanın açmışdı "arzu günləri",
Övlad uğruna, öyünməliydi!
...Bir övlad həyatda yerin tapanda,
Gülür valideynin qəlbinin gözü;
Səhər ayılanda, axşam yatanda,
Çox "şükür" olur ilk kəlməsi, sözü!

***
O, bir ziyalıdı sadə, səmimi
Könlündə yaşadar vətən eşqini.
Düz tutub hər zaman yolu, səmtini,
Haqqını kəsməyib, heç vaxt, heç kimin...

Bütöv olub hər bir sözü, kəlməsi
Gördüyü işləri nizamlı olub.
Yol göstərib qəlbinin səsi,
Tutduğu bir yol var, - ədalət yolu...

Mənalı yaşayıb keçən illəri,
Ötüşən illəri elə həsr edib.
Bir təsəllisi var, - baxanda geri,
Ömrünün yolları, - örnək, - dərs olub!

Ürəyi xalqının eşqiylə vurub,
Saf olub arzusu, istək-muradı.
Özünə qəlblərdə bir heykəl qurub,
Yaxşı adam kimi çəkilib adı!

Dünyanı, həyatı duyub-yaşayıb,
Milləti düşünən bir övlad olub...
Xalqın ağrısını içində daşıyıb,
Xalqın xoş günüdə, qəlbən şad olub!

***
Zaman ötüşdükcə başının üstən,
İnsana qayğını insafla görüb.
Tanrını hiss edib başının üstə,
Verdiyi qərarı ürəklə verib...

Vicdanı köksündə bir ölçü olub,
Vicdan deyənlərlə görüb işini.
Ehtiyaclı görüb, kövrəlib, dolub,
Qınayıb zamanın zalım gərdişin!

Olub ki, özündən razı qalmayıb,
O zaman dillənib vicdanın səsi:
"Dünya Süleymana, axı qalmayıb?"
Yox sözüylə, - yola, - salma kimsəni!

İnsana yan deyib, dini-imanı,
Nə edib? demədin... üçdə birini...
Heç vaxt əsirgərməyib olan imkanı,
Üstünə gələni xoş dindiribdi.

Hər zaman özüylə haqq-hesab çəkib,
Ağlının qərarın ürək eşidib:
Könlünü dinləyib, yaxşılıq "əkib",
İnsana bağlıdı, insanlıq eşqi!!!
Nazim Əlioğlu