adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Aprel 2018 22:40
10283
GÜNDƏM
A- A+

Zirvəyə gedən yol

İnsanlar kimi yazıların da qəribə taleyi olur. Bir müddət əvvəl hazırladığım bu yazının taleyi kimi. Ancaq bunun səbəbi tamam başqa idi. Mənim qəhrəmanım haqqında portret yazı yazacağımı bilərək, vacib olan bəzi faktları verməyib təşəkkürünü bildirərək dedi ki, mən nə böyük adamam haqqımda respublika mətbuatında yazasınız. Hazırda işlədiyim Bakı Dövlət Universitetinin alimləri yanında mən bir zərrəyəm. Əgər doğulub boya-başa çatdığım Laçını tanıtdırıramsa, bunun üçün orta məktəbdə mənə fizikadan dərs deyib bu fənnə böyük maraq yaradan atam Əli Cəfərova minnətdaram. Bir də ki, bu Vətənimə, xalqıma olan sevgim-istəyimdir, borcumdur. Bu fikirləri fizika-riyaziyyat elmləri doktoru, gənc professor Maarif Cəfərovdan eşitdikdə, jurnalist olaraq bir daha mən də təsdiq etdim ki, əbəs yerə deməyiblər alimin böyüklüyü onun sadəliyindədir. Jurnalistləri bəzən kəşfiyyatçı geoloqa bənzədirlər. Onlar axtardıqlarını tapıb təsdiq etdikdən sonra əməliyyata başlayırlar. Bu deyimin alim haqqındakı yazının ərsəyə gəlməsində də köməyi oldu. Rəsmi insanlardan lazım olan faktları öyrənə bildim. Bəri başdan bu xeyirxah insanlara çox sağol deyib, minnətdarlığımı bildirirəm.
Deyirlər insanın doğulub boya-başa çatdığı mühit onun gələcək taleyində əsas rol oynayır. Maarif Cəfərov təbiətin elə bir dilbər guşəsində dünyaya göz açıbdır ki, bu yerlər gözəlliyi, füsunkarlığı, havasının, suyunun təmizliyi, saflığı ilə hamını valeh edirdi. Bu kəndin adamları da təbiəti kimi saf, sözü bütöv, iradəli, igid, qorxmaz, necə deyərlər tüpürdüyün yalamayan olublar. Dəniz səviyyəsindən 1600 metrdən çox yüksəkdə yerləşən Minkənddə hələ 1890-cı ildə birsinifli rus-tatar məktəbi fəaliyyət göstərmişdir. Bu kəndin adı ilə bağlı xalq etimologiyasında deyilir ki, Teymurləng 999 kəndi işğal etdikdən sonra mininci kəndi də işğal edir və bu sonuncu kəndin adı mininci kənd, yəni Minkənd adlanır. Qədim yaşayış məskənlərindən olan bu kənd böyük tarixi şəxsiyyətlər, alimlər yetirmişdir. Həmin kənddən bu gün Azərbaycanda onlarla alim çalışır. Bu yazıda illərdən bəri əxlaqına, mədəniyyətinə, dünyagörüşünə, sadəliyinə, təvazökarlığına, təmənnasız dostumun oğlu kimi sədaqətinə, insanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə heyran olduğum Maarif Cəfərov haqqında söhbət açacağam. Bir yandan həlim təbiətlidir, mülayimdir. Başqa bir tərəfdən də möhkəmdir, dəyanətlidir, əqidəsini tez-tez dəyişənlərdən deyil. Əmisi Yəmən müəllim, atası Əli Cəfərov respublikanın tanınmış riyaziyyat müəllimlərindən olmuşlar. Laçın rayonunun rəhbərliyi Əli Cəfərova dəfələrlə yüksək vəzifələr təklif edib. Ancaq o bundan uzaq olub. Xalqın balalarına elm öyrətməyim hər şeydən üstündür mənim üçün, deyibdi Əli müəllim.
Bir dəfə Xəlifə Ömərdən soruşurlar ki, niyə Peyğəmbərin yaxın adamlarından vəzifəyə qoymursan? Xəlifə cavab verib ki, Peyğəmbərin adamları o qədər təmiz və pakdırlar ki, mən onların çirkaba batıb məmurluqla məşğul olmalarını istəmirəm. Əli Cəfərov da ruhən, mənən təmiz olduğu üçün, halal zəhməti ilə böyüdüb təhsil verdiyi övladlarını cəmiyyətimizin dəyərli adamları kimi görmək istəyirdi. Uşaqlıqdan övladlarını fizika-riyaziyyata elə bağlamışdı ki, orta məktəbi qurtaranda hamısı bu dəqiq elmin arxasınca getdilər. Bax, Maarif Cəfərov belə bir ailədə böyümüşdü. Onun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ailə mühitinin böyük təsiri olmuşdur. Milli təfəkkür, milli kök, babalarımızdan miras qalmış azərbaycanlılıq adət-ənənələri üzərində qərar tutan bir ailədə aldığı düzgün tərbiyə, valideynlərinin xeyir-duası, daxilindəki möhkəm iradə, özünə inamı, elmə olan sonsuz marağı, həvəsi onu şərəfli ömür yoluna hazırlamışdır. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olaraq, 1982-ci ildə həmin fakültəni yarımkeçiricilər fizikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, təyinatla keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Fizika İnstitutunun Bakı filialında mühəndis kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək Kiyev Yarımkeçiricilər İnstitutunun rəyi ilə fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi almışdır. 1993-cü ilədək Elmi Tədqiqat Fotoelektronika İnstitutunda böyük elmi işçi kimi çalışan Maarif Cəfərov 1994-cü ildən Bakı Dövlət Universitetinin fizika fakültəsinin nəzdindəki bərk cisimlər elmi-tədqiqat laboratoriyasında əvvəl elmi işçi, sonra isə həmin laboratoriyanın müdiri təyin olunmuşdur. Maarif Cəfərovun bir məqsədi vardı ? elmin son nailiyyətlərinə bələd olub onu inkişaf etdirmək. Bunun üçün də o "ANBV1 tipli birləşmələrin monokristallarında və onların bərk məhlullarının kimyəvi çökdürülmüş nazik təbəqələrində elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib fizika-riyaziyyat elmləri doktoru elmi adını aldı. Alimin apardığı tədqiqat işləri-fotoqəbuledicilər, günəş batareyalarının baza elementləri, elektrik və optik yaddaş elementləri, neqatron elementlər, nanomateriallar və nanostrukturalar və s. kimi cihazların hazırlanması istiqamətində böyük elmi-praktik əhəmiyyətə malikdir. Maarif Cəfərovun səyi nəticəsində alınmış nəticələr dünyanın inkişaf etmiş ölkələrindən Amerika, Almaniya, İngiltərə, Fransa, Türkiyə, İran, Çin, Tayvan, Ukrayna, Sovetlər Birliyi məkanının Moskva, Sankt-Peterburq, Zelinoqrad, Ulyanovski, Novosibirski, Taqanroq, Kaluqa, Çernovsk, Aşqabad, Daşkənd, Karaqanda, Yekaterinburq şəhərlərində, eləcə də Bakıda keçirilən 40-a qədər beynəlxalq elmi konfranslarda məruzə edilmiş, Amerika, Almaniya, İngiltərə, Türkiyə və Rusiyada nəşr olunan nüfuzlu jurnallarda ingilis və rus dillərində dərc olunmuşdur.
Maarif Cəfərov ömrünün elə bir zirvəsindədir ki, o dayanıb ötənlərə, keçmişlərə nəzər salır, keçmiş yolların işıqlısından ziyalanır, çətin günlərin həyat dərslərindən çıxardığı nəticələri gələcək nəsillərə öyrədir. Yalnız ömrü hədər yaşamayanlar hər anın, günün qədrini bilərək onu insanlığın xeyrinə xərcləyənlər bu zirvədən cəmiyyətin gözünə qürurla, şax baxa bilirlər. Kiçik bir toxum torpaqda baş qaldırıb ətri ilə aləmi valeh edən gülə, çiçəyə çevrilir. Bir qarış tinglər qollu-budaqlı ağac olur. İnsan da belədir. O, işıqlı dünyaya zərif, məsum, hər cür qayğıya ehtiyacı olan körpə varlıq kimi göz açır, lakin boy atıb böyüdükcə xalqın, elin, obanın, vətənin övladına çevrilir. Ömrü, həyatı, şəxsi nümunəsi ilə gələcək nəslə həm nümunə, həm də çıraq olan Maarif Cəfərovun bu gün zirvədə qürurlanmağa haqqı var. Hazırda o, Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər fizikası" kafedrasının professorudur. Bu sahədə çoxlu dərs vəsaiti, monoqrafiya, patent, 300-ə yaxın elmi əsərin müəllifidir. Prezident yanında Ali Attestasiya Komissiyasında fizika üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərir. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvüdür. Elmi fəaliyyətinə görə adı Rusiyanın tanınmış alimləri siyahısında və Azərbaycan Respublikasının Ensiklopediyasında çəkilir. Bu gün Maarif Cəfərovu təkcə respublikamızda deyil, dünyanın inkişaf etmiş ölkələrində yaxşı tanıyırlar. Elmin dərinliklərinə baş vurub, şöhrətin zirvəsinə qalxmaq adamdan möhkəm iradə, dəyanət, hər çətinliyə sinə gərməyi bacarmaq tələb edir. Haqqında söhbət gedən alim bunları bacara bildi.
Alim xalqın ziyasıdır, varlığının göstəricisidir. Lakin hər alimin, hər adamın ziyası olmaz. Xalqı duyan, onu sevən, onun sabahını düşünən, elminə, alimliyinə, qiymət qoyan, özünü və elmini əyilməyə qoymayan, dürüst, sağlam, qürurlu alimlər isə az-az olur, lakin nurlu olur, gözündə, ürəyində xalqa məhəbbət işığı gəzdirir. Bu işıqdan hər kəsə pay düşür. İnkarolunmaz həqiqətdir ki, elmi yaradan alimdir, onu yaşadan, ona əbədiyyət gətirən isə elmdir. Maarif Cəfərov da əqli, iradəsi, zəhməti, yuxusuz keçirdiyi gecələri, inamı ilə bunu sübut etdi.
Azərbaycan elminin korifeylərindən biri Nəsrəddin Tusi elm adamlarından danışarkən xüsusi vurğulayırdı ki, "elm sahiblərini elmlərin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək" lazımdır. Məhəmməd Peyğəmbər isə deyirdi ki, biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir. Dünya yaranandan bütün dinlər elmə yüksək qiymət veriblər. Hətta böyük sərkərdələr belə elm adamlarına, alimlərə toxunmayıblar. Fransanın hökmdarı, dünyanın fatehlərindən olan Napoleon Bonapart hərbçilərinə tapşırırdı ki, hansı ölkəni işğal edəndə, həmin ölkənin alimlərinə toxunmasınlar. Bu böyük hökmdar riyaziyyatçılara, kimyaçılara, astronomlara, fiziklərə hədsiz rəğbət bəsləyirdi.
Elmin və xalqın sınağından çıxmış Maarif Cəfərov təkcə neçə illərdir bağlandığı elm məbədində deyil, bütövlükdə respublikamızda və onun hüdudlarından kənarda da tanınır. Onun ömür yolu bərkdən, boşdan keçən, hər çətinlikdə sınmayan, əksinə möhkəmlənən, saflığını, möhkəmliyini, təmizliyini qoruya bilən gözəl alim, nümunəvi ailə başçısıdır.
Deyirlər alpinistlərdə bir adət var. Onlar uca dağa qalxdıqca hərdən dayanıb nəfəslərini dərir, aşağıya, keçdikləri yola baxırlar. Elə bil fəth etdikləri uçurumların, şiş qayaların, sıldırım dağların uzunluğunu nəzərləri ilə ölçürlər. Bu cəhətdən alimlər, elmi araşdırmalarla məşğul olub ömrünün ən məhsuldar, enerjili çağlarını elmə sərf edənlər alpinistlərə çox oxşayırlar. Maarif Cəfərov da müəyyən dövr ərzində elm yolunda atdığı addımlara, keçdiyi cığırlara, elmi yaradıcılığına nəzər saldığı vaxtlarda çox şeyi ölçüb-biçir. Bəzən özündən razı qalır, bəzən də... Fikirləşir ki, daha çox şey əldə edə bilərdim, amma...
Gəncliyi bəzən məcraya sığmayan çaya, hərarətini, yanarlığını itirməyən günəşə bənzədirlər. Gənclik insanı ən gözəl hörmətə, izzətə qovuşduran andır. Gənclik arzuların yuvası, arzular məskənidir. O da ömrünün gənclik illərini, ən duyğulu anlarını, sevincli günlərini elmə həsr etdi. Azərbaycan Respublikasını müxtəlif elmi konfrans və simpoziumlarda layiqincə təmsil edən Maarif Cəfərov, hər zaman yenilik axtarışındadır. Qazandığı hər bir nailiyyəti tək özünün yox, ümumilikdə Azərbaycan elminin uğuru, müvəffəqiyyəti hesab edir. Onun geniş qəlbi var, bütün layiqli insanların uğuruna sevinir və həvəslə, fəxrlə danışır. Deyirlər insanın adını valideynləri, yaşını və qismətini Ulu Yaradan, qiymətini isə xalq verir. O, Cəfərovlar nəslinin hörmətinə yeni-yeni çalarlar gətirdi. Bu nəslin layiqli övladı kimi xalqın hörmətini qazandı. Tanıyanlar ona qibtə və pərəstiş edirlər. Hər zaman özünə, yoldaşlarına qarşı tələbkar, intizamlı və təvazökar olan professor Maarif Cəfərov bütün mənalı həyatını elmin inkişafına sərf etmişdir. İşlədiyi kollektivdə böyük hörmət qazanmışdır. Respublika alimləri arasında özünəməxsus yeri var. Maarif Cəfərov gərgin və şərəfli ömür yolu keçərək Azərbaycanın ucqar bir dağ kəndindən Bakıya ali təhsil almağa gəldi - elmlər namizədi, elmlər doktoru və Azərbaycan elminin məbədi sayılan Bakı Dövlət Universitetinin professoru oldu, mənalı həyatını elmin inkişafına həsr etdi. Onun varlığı sadəlikdən, təvazökarlıqdan yoğrulub sanki.
Haşiyə: kafedra müdiri, professor Vaqif Salmanovun dedikləri: Maarif Cəfərov elmin elə bir sahəsi ilə məşğuldu ki, bu gün dünyanın aparıcı alimlərinin ən çox maraq göstərdikləri elmlər sırasında dayanan, həqiqətən də insan həyatının fəaliyyətində, bütün sahələrində inanılmaz rolu olan elmin bu sahəsi Azərbaycanda məhz belə alimlərimizin əməyi sayəsində çox əhəmiyyətli, parlaq bir dövrünü yaşayır. Bu elmin elə bir sahəsidir ki, onu araşdıran şəxs hər şeydən əvvəl dərin düşüncəyə, güclü müşahidə qabiliyyətinə malik olmalıdır. Bütün bunlar Maarif Cəfərovda vəhdət şəklində birləşibdir. Onun yoldaşlarla münasibəti, səmimiliyi, sadəliyi, təvazökarlığı alimliyinə yaraşır və bu elm ocağında nüfuzunu daha da artırır.
İnsan o vaxt dəyərli olur ki, mənsub olduğu dövlətin, cəmiyyətin dəyərlərini yaşayır. O, əməyinin, zəhmətinin qiymətini görəndə qürur hissi keçirir, ömrünün hədər keçmədiyini görür və rahat nəfəs alır, verilən mükafatlar onun həyat salnaməsinə çevrilir, yaddaşlarda qalır. İnsan oğlu özü üçün deyil, xalqı, milləti, eli-obası, yaşaşdığı cəmiyyət üçün çalışanda daha çox əlçatmaz olur. Görkəmli yazıçı Seneka yazırdı ki, təmsil kimi həyatda uzunluğuna görə deyil, məzmununa görə qiymətləndirilir. Maarif Cəfərovun həyatı da elmi qədər mənalı və uzunömürlüdür.
İnsan ömrünün mənası onun yaşı ilə deyil, müdrikliyi, cəsarəti və faydalı əməllər sahibi olması, özünə, yaşadığı cəmiyyətə, dövlətə inamı ilə ölçülür.
Maarif Cəfərovun qazandığı nailiyyətlər onun möhkəm iradəsi, özünə olan güclü inamı sayəsində mümkün olmuşdur. Yalnız mübariz və prinsipial insanlar həyatda qarşıya qoyduqları məqsədlər uğrunda mübarizəyə hazır olur, bu yolda hər bir maneələri dəf edirlər. Maarif Cəfərov ümidli, inamlı, əqidəli insanların sırasında addımlayır, O, xalqı, eli-obası, vətəni, inamı, məsləki uğrunda hər bir fədakarlığa gedə bilən insandır. İstedad onun xilqətindədir. Xəyalı qartal qanadlıdır. Qartal həmişə zirvələrdə qanad çalır. İnsanın gücü çatdığı zirvəni qoruyub saxlamağındadır. O, bu zirvəni şərəflə qoruya bilir, ləyaqətlə, qürurla, mərdliklə, mənəviyyatı ilə, cəsarəti ilə.
Ömür Tanrının insanlara bəxş etdiyi paydır. Bu payın təmənnası xeyirxah əməllər, təbiətə, cəmiyyətə verilən xoş töhfələrdir. Xoş o kəsin halına ki, Tanrının verdiyi əvəzsiz payın müqabilində borclu qalmır, cəmiyyət qarşısında alnı açıq, üzü ağ olur. Ulu Tanrı öz bəndəsini yaradarkən ona tale yollarında alın yazısını verir. Həyatın bütün yollarında həmin yazı zaman-zaman insanın həyat fəaliyyətində gözü qarşısında canlanır, sonra insanın müdrikləşməsinə gətirib çıxarır. Müdrik insanlar həyatın bütün pillələrində insanların mənafeyini və maraqlarını öz şəxsi mənafelərindən üstün tutur, vicdanla xalqına, elinə, obasına xidmət edirlər. Ömür insanın yaşadığı illərlə yox, onun vətən, xalq naminə gördüyü işlər, nəcib və xeyirxah əməllərlə ölçülür. El, oba, vətən yolunda ömrünü fəda edənlər heç vaxt unudulmur, yaddaşlarda, xatirələrdə əbədi iz qoyurlar.
Vaqif Şükürov