adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2018 22:39
6917
GÜNDƏM
A- A+

VADAR OLDUM

Bu günlərdə, işdən qayıdarkən yaşadığım binada qonşum Aslan kişinin həyətdə tək - skameykada oturduğunu, yanında da bir neçə köhnə kitab olduğunu gördüm.
Bu kitablar və bir qədər də yorğunluğum məni də oturmağa vadar etdi. Bir qədər söhbətdən sonra dedim:
- Qonşu, nə çox kitab almısan?! Siz kitab oxuyansınız?
Aslan kişi dedi:
- Yox, Mayis müəllim, mən bu kitabları qarşıdakı "zibil" qutusundan götürmüşəm. Qonşumun razılığı ilə kitablara baxdım - bir neçə rus yazarları ilə bərabər, içərisində böyük yazıçımız M.S. Ordubadinin "Dumanlı Təbriz" və "Qılınc və qələm" romanları da var idi. Qonşunun razılığı ilə hər iki kitabı ondan aldım. Düzü çox pərişan olmuşdum. Kitaba qarşı bu biganəlik nədən idi.
Evə çıxıb divana əyləşdim. Ölkədə məşhur bir nasirin kitabını bu gün zibilxanaya atan insan haqda müxtəlif mənfi fikirlər olsa da özümü bir qədər toxdadıb, kitabın səhifələrini bir-bir vərəqlədim. 1961-ci ildə kril hərfləri ilə yazılmış bir qədər də, keyfiyyətini itirmiş bu kitabı vərəqlədikcə - əsərdəki Qızıl Arslan, Qətibə, Fəxrəddin, Toğrul, Səba xanım, onun Musaməddini zindandan qaçırması üçün qurduğu tələ yadıma düşdü. Bir vaxtlar nadir insanların beyninə İlahi qüvvə tərəfindən göndərilən bəşəri fikir və duyğular, həmin insanlar tərəfindən ağ kağıza köçürülüb... Sonra kitab halına düşərdi. İnsanlar, oxucular onu oxuyub, ondan mənəvi qida alardılar. M.S.Ordubadinin "Qılınc və qələm" kitabını zibil yeşiyindən çıxması, odlu qılınc kimi məni doğradı, kəsdi.
Burada bir haşiyəyə çıxmaq istərdim. Hər vaxt olduğu kimi, günlərin birində Ulu öndər Heydər Əliyev Saatlı, Sabirabad rayonlarına səfər edir. Səfər ərəfəsində sahə düşərgəsində, pambıq sahəsində xoş avazla mahnı oxuya-oxuya pambıq yığan qızlara yanaşır. Çox ürəklə qızların pambıq yığdıqlarını görən Ulu öndər deyir: "Qızlar bəlkə məndən bir xahişiniz, tələbiniz var? Buyurun, deyin". Qızlardan biri deyir: "Hörmətli Heydər müəllim, bu boyda rayonda bir ədəd "İtkin gəlin" romanı var. Xahiş edirik, mümkünsə... Sabahı Ulu öndər Əlibala Hacızadənin "İtkin gəlin" romanından küllü halda o rayona göndərilir.
Bəs necə oldu, o qızlar, o oxucular... Bu gün ölkənin məşhur yazarlarının kitab nüsxələri zibil yeşiyindən çıxır. Görən o, kimi keçmiş yazarların kitablarını zibilxanalara atan, insanlar, oxucular əgər evlərində kitab rəfi varsa o, kitabların yerinə kimin kitabını qoyur?
Görən kitablara qarşı bu kimi hörmətsizlik, biganəlik nədən yarandı?
Nə üçün ədəbiyyatşünaslar, təhsilşünaslar respublikanın ziyalıları, kitab sevərləri (əgər varsa) bu barədə vaxtaşırı geniş bir müzakirələr açıb, öz sözlərini demirlər?!.
Mayis Yanardağ