adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Aprel 2018 00:29
17561
ƏDƏBİYYAT
A- A+

Mayis Səlimin lirikası

(əvvəli ötən sayımızda)

Mayis Səlim əsərlərində milli ənənələrimizi gözəl bilən və onu hər misrasında təbliğ etməyə çalışan bir şairdir. Məlumdur ki, müsəlman kişisi haqqında söz demək şərəfli bir işdir. "Başıpapaqlılar" deyəndə biz həmişə əsl kişiləri nəzərdə tutmuşuq. Yəni kişini səciyyələndirən ən mühüm cəhətlərdən biri onun papağı ilə ölçülüb. Babalarımız düşmən qarşısına başıaçıq getməyiblər. Papaq qeyrət, namus rəmzi olub. Ancaq uzun illər yaşadığımız sovet inkişaf dönəmi insanlarımıza yad təsir nəticəsində qeyrət rəmzi olan papağı unutdurdu. Bu xüsusiyyət Mayis Səlimin həyatı müşahidə detallarından birinə çevrilmiş, o, yaradıcılığının ən gözəl nümunələrindən birini artıq vitrinlərdə özünə əbədi yer qazanmış papağa həsr etmişdi. Şair qeyrət rəmzi olan papağa olan laqeyd münasibəti ifadə etmək üçün sözlərin ən gözəlini seçmiş, fikrin ən dərinini ifadə etmişdir.
Şairin təəssüf hisslərini bildirmək üçün şeiri oxucuların nəzərinə çatdırırıq:

Vitrinə qoyulmusan
Gəlmir daha müştəri,
Mağmun-mağmun süzürsən,
Küçədən keçənləri.

Kimdi səni axtaran,
Daha kimə gərəksən?
Evlərdən qovulmusan,
Dükanlara bəzəksən.

İndi "əsil" kişilər,
Başıaçıq gəzirlər,
Hərdən səni görəndə,
Ağız-burun büzürlər.

Axı sən çoxlarının,
Başından qiymətlisən.
Bəlkə buna görə də,
Bu qədər "hörmətlisən?"

Hələ şükür elə ki,
Sənə vitrində yer var.
Axır bir gün aparıb,
Muzeyə qoyacaqlar.

Hər bir qələm sahibinin yaradıcılığında əsas bədii düşüncənin məhəbbətdən keçdiyi hamıya məlumdur.
Mayis Səlimin poeziyasında da əsas qüvvə məhəbbətdir. Ancaq bu məhəbbət şairin lirikasında müxtəlif qütblərdən özünü göstərir. İnsana və vətənə olan məhəbbət xəttindən əlavə şair şeirlərində yalnız insana ülvi hiss kimi Tanrı tərəfindən verilən sevgi hisslərindən də bol-bol danışmışdır. Mayis Səlimin poetik nümunələrinin hər birinin məzmun, dil sadəliyi baxımından öz yeri var. Ancaq insafən desək, şair məhəbbət mövzulu şeirlərində ən incə hisslərə toxuna bilmişdir. Əks etdirdiyi sevgi hisslərinin əbədi, həmişəyaşar olduğunu, onun Aşiqin ürəyinin dərinliklərindən cücərdiyini, heç bir göz yaşı ilə bunun qarşısının alına bilməyəcəyini göstərən şair yazırdı:

Gözlərin bulud tək dolur, boşalır,
Qurut göz yaşını quruda bilsən.
Sən axı deyirdin unudacağam.
İndi unut məni unuda bilsən.

Sevgilisindən ayrı düşmüş Aşiqin həsrəti, intizarı Mayis Səlimin məhəbbət lirikasında olduqca sadə, təbii və inandırıcı şəkildə oxucunun nəzərinə çatdırılır. Şair "Yenə də" adlı şeirində yazır:

Yenə də ürəyim həsrətlə dindi,
Görəsən, hardasan, necəsən indi -
Sən məni yadına salırsanmı heç?
Əlləri qoynunda asılı qalıb.
Ötən günlərini yadına salıb -
Şirin xəyallara dalırsanmı heç?

yaxud, şair Aşiqin iztirablarının təlatümünü:

Ayrılıb getdiyin gör nə zamandı,
Demə ki, o eşqin odu sönübdür.
Sən çıxıb getmisən, amma həsrətin,
Qəlbimdə əbədi yükə dönübdür. -

misralarında yüksək poetik dillə verilmişdir. Aşiq nə qədər mətin, məğrur təsvir olunsa da, müəllif onun romantik düşüncələrini, hicranının sevincinə üstün gəldiyini göstərməklə kəskin təzad yaratmışdır:
Bahar gəlib bütün aləm gülsə də,
Mənim könlüm, mənim gözüm gülməz heç
Buludlar hey yaz yağışı səpsə də,
Ürəyimə bir sərinlik gəlməz heç.
Qıyma sevən ürəyimə xal düşə,
Görüşə gəl, görüşə gəl, görüşə!

Mayis Səlimin məhəbbət mövzusunda yazılmış "Aşıqsayağı", "Sən məni sevirdin, mən də səni...", "Bağışlama", "Baxıb xatırlama, xatırlayıb bax", "Mən hardan biləydim" və s. şeirlərinin hər birinin öz obyekti, öz bədii gözəlliyi vardır.
"Mən hardan biləydim" adlı şeirində şair nakam məhəbbətdən danışaraq, Aşiqin dilindən Məşuqənin vəfasızlığından, üzüdönüklüyündən söhbət açmış gənclərə məhəbbətdə davamlı olmağı, ülviyyətlə bir-birinə bağlanmağı tövsiyə etmişdir:

Mən hardan biləydim nə vaxtsa sənin,
Belə üzüdönük olacağını,
Könlümdə açılıb bir çiçək kimi,
Sonra da qəfildən solacağını.

Mən hardan biləydim o ilk görüşdə,
Ayrılıq olacaq son qismətimiz.
Bənövşə ömrütək az yaşayacaq,
Baharda doğulan məhəbbətimiz.

Mayis Səlim həyatda ciddi insandır. Lakin o, məhəbbət mövzulu şeirlərində daim sevən bir şair kimi diqqəti cəlb edir. Burada bir adiliyi qəbul etməliyik. Şairlər adi insanlardan fərqlənir. Belə ki, onlar rast gəldikləri gözəli görəndə qəlblərində baş qaldıran sevgi hissləri ilə bağlı, ilham pərisinin köməyi ilə ona şeir həsr edirlər. Şeir yazıb qurtarandan sonra gedən ilham, qalan isə şeir olur. Fikrimizcə, Mayis Səlimin sevgi şeirlərinin çoxluğuna bu prizmadan baxmalıyıq.
Biz istedadlı qələm sahibi Mayis Səlimin zəngin yaradıcılığından ümumi şəkildə danışdıq, onun dəniz ömrünün poetik çalarlarından konkret söhbət açdıq.
Ancaq illər ötəcək, zaman keçəcək XX-XXI əsr Şəki ədəbi mühitinin ən güclü qələm sahiblərindən biri kimi, Mayis Səlimin yaradıcılığı geniş tədqiq olunacaq, şeirləri milli poetik xəzinəmizin inciləri sırasında layiqli yer tutacaqdır.



Kamil
Adışirinov,
filologiya üzrə
fəlsəfə doktoru