adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2018 00:38
53779
LAYİHƏ
A- A+

Almas İldırım

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan mühacirət poeziyasının tanınmış simalarından olan, adı və əsərləri həsrət və ayrılıq simvolu kimi mənalanan şair Almas İldırım ötən əsrin 20-30-cu illərində əvvəlcə Dağıstana, sonra Türkmənistana sürgün edilmişdir. Almas İldırım (Almaszadə Əbdülhəsən Əbdülməhəmməd oğlu) həmin yerlərdə də bolşevizmin təqib və işgəncələrinə məruz qaldığından məcburiyyət nəticəsində İrana qaçmış, oradan da Türkiyəyə getmişdir. Sovetlər dönəmində istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı ilə əlaqədar araşdırmalar apararkən dəfələrlə rastlaşmışdım ki, Almas İldırım Əhməd Cavad Axundzadə ilə dost olmuş, onu özunün müəllimi, ustadı hesab etmişdi. Odur ki, o dövrün mətbuatında istər mənfi, istər müsbət yöndə Əhməd Cavaddan yazılanda Almas İldırımın, Almas İldırımdan yazılanda Əhməd Cavadın adı mütləq hallandırılırdı.
Mühacir şair Almas İldırımın 110 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması duyğularımı, düşüncələrimi təzələdi, qəlbimdə qürur hissi doğurdu. Ömür yoluna və yaradıcılığına yaxşı bələd olduğum mühacir şair barədə bu yazını yazmağı özümə mənəvi borc bildim.
1920-ci il aprelin 28-də sovet imperiyası Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra azadlıq, milli birlik və müstəqillik arzulu insanları millətçi, pantürkist, müsavatçı adıyla, yeni quruluşu qəbul etməyən el ağsaqqallarını, din xadimlərini, ziyalıları əksinqilabçı, Türkiyənin, ingilislərin casusu kimi həbs etdilər, bir qismini qolçomaqsan, mülkədarsan, torpaq, mal-mülk sahibisən deyə varını-dövlətini yağmaladılar, malını-mülkünü əlindən alıb həbs etdilər, bir qismini gizlin güllələdilər, yaxud sürgünə göndərdilər.
Odur ki, rejimin zülmündən, haqsızlığından, yerə-göyə sığmayan ədalətsizliyindən baş götürüb ölkədən qaçanların, repressiyaya məruz qalanların, mühacir həyatı yaşamağa məcbur edilənlərin sayı günbəgün artırdı. Onların arasında milli ruhlu, Azərbaycanın azadlıq, müstəqillik amalını yaşadan şeirlər yazan gənc şair Almas İldırım da var idi.
Xarici ölkələrdə Vətəni, ailəsi, uşaqları və yaxınlarının xiffəti ilə ömür sürən azərbaycanlı yazarlar qəlblərində qövr edən duyğu və düşüncələrini istər şeir, istərsə də nəsrlə yaşadıqları ölkənin qəzet və jurnallarında dərc etdirirdilər. Sovet hakimiyyətinin çöküşündən, yəni Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyini bərpa etdikdən sonra mühacirətdə yazıb-yaradan həmvətənlərimizin də yaradıcılığının, arxiv materiallarının üzünə gün doğdu.
Xüsusilə də ulu öndər Heydər Əliyevin xalqın arzusu və tələbi ilə hakimiyyətə qayıdışından sonra 1920-1930-cu illərdə məcburiyyət qarşısında ölkəmizi tərk etmiş azərbaycanlıların tale və yaradıcılıq yolunda göy işıq yandırıldı. İstiqlal mücahidləri və mühacir ziyalılarımızdan Almas İldırım və Mikayıl Müşfiqin, Əhməd Cavad və Ceyhun bəy Hacıbəylinin, Hüseyn Cavid və digərlərinin yaradıcılıqları geniş tədqiqata cəlb olundu, əsərləri çap edildi.
İndi bu siyasi kurs ümummilli liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamları ilə hər il neçə-neçə görkəmli mühacir ziyalıların yubileyləri keçirilir, anım günləri qeyd edilir, ictimai-siyasi fəaliyyətləri barədə qəzet-jurnal məqalələri yazılır, adlarına küçə, park və xiyabanlar verilir.
Bakıda mühacirət ədəbiyyatının problemlərinə həsr edilmiş beynəlxalq konfranslar keçirilib, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsi yaradılıb, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından mühacir müəlliflərin kitablarının nəşrinə başlanılıb.
Dövlət səviyyəsində olan diqqət və qayğılar, ehtiram və təntənələr dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq xalqının azadlığı, Azərbaycanın müstəqilliyi və inkişafı naminə yazıb-yaradan şair və yazıçılarımızın ədəbi, hüquqi və mənəvi bəraətinə bir daha sübutdur. Mühacir şairimiz Almas İldırımın bəraəti Bakının daha bir ünvanında da əyaniləşib: M.F Axundov bağının yaxınlığındakı küçə və Şüvəlan kəndinin mərkəzi küçələrindən biri 10 ilə yaxındır ki, Almas İldırımın adını daşıyır, Şüvəlanın görkəmli yerində şairin büstü qoyulub, həyat və yaradıcılığı ilə bağlı dissertasiyalar yazılıb, monoqrafiyalar çap olunub.
Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində dünyaya göz açıb, ailənin ilki olub. Sonra Sona və Ziba adlı bacıları, Əbdüləli, Məhəmmədəli və Heydər adlı qardaşları dünyaya gəlib. Ailədə, uşaqlıqdan Əbdülhəsəni babasının adı ilə - Almas çağırıblar. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. Azərbaycan ədəbiyyatı tarixinə bu təxəllüslə daxil olmuş Almas İldırım ədəbi aləmdə bu adla tanınıb və məşhurlaşıb. Türk tədqiqatçı-yazarı Niyazi İldırım Gəncosmanoğlu Almas İldırımın söylədiklərinə istinadən bildirir ki, "o, valideynlərinin dediyinə görə, küləkli-tufanlı bir gündə, ildırım çaxıb göy şaqqıldayanda anadan olduğundan sonralar İldırım adını özünə ədəbi təxəllüs götürüb".
1920-1930-cu illərin mürəkkəb ictimai-siyasi hadisələri, müstəqil Azərbaycan dövlətinin yaranması, bolşevik-erməni birliyinin törətdiyi qırğınlar, Bakının qan gölündə işğalı onun gözləri qarşısında baş verib. Şairin 6 uşaq sahibi anası Nisə xanım evdarlıqla məşğul olub, uşaqlarını ehtiyac içində böyüdüb. Almas 6 yaşında ikən ailələri Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçüb. Qaynaqların verdiyi məlumata görə, bu zaman balaca Almas 1914-1915-ci illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə işləməyə gəlmiş fəhlə uşaqları üçün İran hökuməti tərəfindən təşkil olunmuş "İttihad" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər həm Azərbaycan, həm də fars dilində keçirilirdi.
Almas İldırım 1925-ci ildə 18 yaşında olanda Abdulla Şaiqin "Nümunə" məktəbi kimi tanınan 12-ci Bakı Gimnaziyasında təhsilini davam etdirib. "İttihad" məktəbində olduğu kimi, burada da yaxşı oxuduğu üçün müəllimlərinin rəğbətini, məhəbbətini qazanır.
Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn, Hüseyn Cavid, Abdulla Şaiq kimi şəxsiyyətlərdən dərs almaqla, onlarla yaxından ünsiyyətdə olur, rus dilini öyrənir, ictimai işlərdə fəallıq göstərir.
O, ağır təbiətli, təmkinli və çox təvazökar olan Almas Mikayıl Müşfiqlə tələbə yoldaşı olmuşdur.
Akademik Bəkir Nəbiyevin tədqiqatlarından məlum olur ki, bu ədiblərlə yaxınlıq onun gələcək həyatının formalaşmasında mühüm rol oynamışdır. Müəllimi Hüseyn Cavidin, Abdulla Şaiqin vasitəsi ilə Əhməd Cavad və Cəfər Cabbarlı kimi ədiblərlə dostlaşır, onların təsiri altında şeirlər yazmağa başlayır.
Yaradıcılığına böyük rəğbət bəslədiyi Əhməd Cavadın incə ruhu, həssas qəlbi, alicənab davranışı şairin diqqətini cəlb edib. Bu kimi xüsusiyyətlərə görə Almas İldırım, Əhməd Cavadı özünə ustad seçir.
1920-1930-cu illərin qəzet və jurnallarında rastlaşmışdım və Əhməd Cavadın oğlu Niyazi Axundzadədən eşitmişdim ki, Almas İldırım, Mikayıl Müşfiq və Məmməd Rahim Əhməd Cavadla yaxın dost olublar, hər üçü Əhməd Cavadı özlərinə ustad-müəllim seçiblər.
Bu fikir akademik Bəkir Nəbiyev, tanınmış mətbuat işçisi, Azərbaycan Jurnalistlər Birliyinin sabiq sədri Hacı Hacıyev, şair Rəfiq Zəka Xəndan, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Maarif Teymur, şair-tərcüməçi Cəfər Rəmzi, şair-publisist Allahverdi Məmmədli və digər yazarların məqalələrində də öz əksini tapıb.
Gənc şair 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə yaradılan və gizli fəaliyyət göstərən "Yaşıl yarpaq" (Yaşıl yarpaq - yaşıl rəng Azərbaycan cümhuriyyətinin bayrağındakı yaşıl rəngə işarədir - R.S.) dərnəyinin, daha sonra "Ədəbiyyat Cəmiyyəti"nin üzvü olur, burada məsul katib kimi fəaliyyət göstərir. Bu zaman o, gənc şair və yazıçılarla da yaxından tanış olur.

(ardı gələn sayımızda)

Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ