ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yaşayan ən yaxşı yazıçılarımız kimlərdir? – SORĞU

19375    |   2018-04-16 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün yaşayan gözəl yazıçılarımız var. Onlara "klassik" də deyə bilərik. Artıq o yazıçılar ədəbiyyatda öz sözlərini deyiblər.

Adalet.az yazarlardan "Yaşayan ən yaxşı nasirimiz kimdir” mövzusunda sorğu keçirib.


Yazıçı, deputat Aqil Abbas: "Anar, Elçin, Seyran Səxavət, Məmməd Arazın kürəkəni."


Yazıçı Səfər Alışarlı: "Yazıçının yaxşılığı, pisliyi öləndən sonra daha dəqiq bilinər. Əlbəttə, bütün yazıçıları oxumaq mümkün deyil. Ancaq ədəbiyyatımızın inkişafında bütün yazıçıların xidmətini etiraf etmək lazımdır. Bəziləri bizə necə yazmaq lazım olduğunu, bəziləri isə necə yazmaq lazım olmadığını öyrədir. Bu baxımdan kimlərisə xüsusi seçmək istəməzədim, ancaq Axundovdan üzü bəri yaxşı Azərbaycan yazıçılarını saymaq üçün hələlik bir əlin barmaqları kifayət edir. Qoy, içi mən qarışıq, hər bir Azərbaycan yazıçısı özünü o barmaqlardan biri saysın.


Əməkdar jurnalist, professor Qulu Məhərrəmli: "İndi ümumən ədəbiyyata, o cümlədən bədii nəsrə maraq azalsa da, hər halda maraqlı yazıçılarımız var və onlar ədəbi missiyalarını davam etdirirlər. Məncə, 60-cıların parlaq təmsilçiləri olan Anar, Əkrəm Əylisli və Elçin bir yazıçı kimi öz xüsusi çəkilərini saxlayırlar. Rus dilində yazan Rüstəm İbrahimbəyov və Çingiz Hüseynovu da böyük yazıçı hesab edirəm. Sabir Rüstəmxanlı son illərdə nasir kimi bir neçə roman təqdim edib və məncə, uğurlu alınıb. Afaq Məsud da novator bir yazıçı kimi şöhrər sərhədlərini genişləndirməkdədir. Elçin Hüseynbəyli, Aqil Abbas, Azad Qaradərəli, Əlabbas, Nəriman Əbdülrəhmanlı, Mübariz Örən, Şərif Ağayar, Seymur Baycan,Varis hazırda yaxşı oxunan yazıçılardır. Aysel Əlizadənin nəsri mənə maraqlı görünür. Bu sırada bir neçə əsərini oxuduğum Qan Turalı, Mirmehdi Ağaoğlu, Kəramət Böyükçöl və Xuraman Hüseynzadənin də adını çəkə bilərəm.


"Yeni Müsavat” qəzetinin baş redaktoru, yazar Xalid Kazımlı: "Əlabbas, Fəxri Uğurlu, Aqil Abbas, Şərif Ağayar, Elçin Hüseybəyli, Murad Köhnəqala, Qan Turalı və başqaları...”


Yazıçı Pərviz Cəbrayıl: "3 yaxşı yazıçımız həyatdadı: Əkrəm, Mövlud, Anar. Onlardan sonrakı nəslin cismən yaşadığına əmin deyiləm.”


Yazıçı Mübariz Örən: "Çingiz Hüseynov, Əkrəm Əylisli, Kamal Abdulla, Azər Abdulla, Səfər Alışarlı, Şərif Ağayar. Cavanlardan: Qan Turalı, Mirmehdi, Ayxan Ayvaz, Səxavət Sahil, Həmid Piriyev..."


Yazıçı Cavid Zeynallı: "Siyahı böyükdür, ona görə heç kimin adını çəkməyəcəyəm. Adını unutduğum insanlar ola bilər. Bu da ədalətsizlikdir. Amma müasir Azərbaycan nəsrinin çox istedadlı yazıçıları var. Onların hər biri Azərbaycan üçün dəyərdirlər. Təəssüf ki, ədəbiyyat bizim ölkəmizdə prioritet deyil, ciddi və sistemli təbliğ olunmur. Ona görə də yazıçılarımız dar çevrədə tanınır, kitablar satılmır, onlar layiq olduqları qiyməti ala bilmirlər. Təəssüf ki, bu da ruh düşkünlüyü yaradır.”


Jurnalist Ağa Cəfərli: "Kamal Abdulla, Əkrəm Əylisli, Çingiz Hüseynov”


Yazıçı Mirmehdi Ağaoğlu: "Özüm.”


Yazar Günel Natiq: "Əkrəm Əylisli, Mövlud Süleymanlı və Anarın adını çəkərdim. Bu yazıçılar sözün dərinliyini, alt qatını duyur. İnsan hisslərini ancaq bu qədər- iliyinə qədər duymaq, oxucuya doğmalaşdırmaq olar. Onların bir özəlliyi də Sovet vaxtı stereotipləri qırıb xalqa yaxın olmaları, onunla onun dilində danışmalarıdır.”


Yazar Ayxan Ayvaz: "Əkrəm Əylisli, Anar, Elçin, Vaqif Nəsib, Mübariz Cəfərli, Etimad Başkeçid, Fəxri Uğurlu, Saday Budaqlı, Mövlud Süleymanlı, Səfər Alışarlı, Mübariz Örən, Şərif Ağayar, Seymur Baycan, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Kəramət Böyükçöl."


Yazar Ömər Xəyyam: "Əkrəm Əylisli, Anar, Kamal Abdulla və mən.”


Şair Seymur Su: "Əkrəm Əylisli, Əli Əkbər, Şərif Ağayar.”


Yazar Nicat Həşimzadə: "Yaşayan ən yaxşı yazıçılarımız məncə Çingiz Hüseynov və Nərimən Əbdülrəhmanlıdır. Nəriman müəllimin 4 kitabını zövq alaraq oxumuşam. Gənclər arasında da istedadlı imzalar çoxdur. Öz janrında Sərxan Əzizlini uğurlu yazıçı hesab edirəm. Qismətin gördüyü ciddi əmək tələb edən işləri görməzdən gəlmək ədəbiyyata xəyanət olar. Ardıcıl olaraq Azərbaycan yazarlarından 3 kitab oxudum. Rövşən Yerfinin "Qazamat Sanitarları", Qismətin "Gələcəyin tarixi" və Rasim Qaracanın "Zülmətdə bir alatoran kitabı". Hər üç kitabda Azərbaycan reallığı əks olunur. Qismətin kitabı hər bir ədəbiyyat adamı üçün vacib sayılacaq kitablardan biridir. Şairlərdən daha çox Rasim Qaracanı, Seymur Sunu, Oğuz Ayvazı, Emin Pirini oxuyuram. İstedadlı imzalar çoxdur. Hamsının adını sadalamaq istəmirəm. Zamanla kitabları haqqında resenziyalar yazmışam. Kənan Hacının "Yaddaş kartı" əsəri uğurlu avtobioqrafik romandır. Aqşin Yeniseyin şeirlərini və Məbədin sükutu kitabını təkrar oxudum. Bu dəfə daha çox zövq aldım. İstənilən hər hansı kitabı oxuyarkən müəllifin istedadlı ya istedadsız olması dərhal özünü göstərir. Adlarını sadaladığım müəllif istedadlıdırlar. Bəzi gənclər tənbəllik qurbanı olmasalar yaxın gələcəkdə ədəbiyyat adına ciddi inkişaf ola bilər.”



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK