adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2018 13:21
75732
MÜSAHİBƏ
A- A+

Vaqif ƏSƏDOV: «AĞA QARA DEYƏNLƏR VİCDANI QARŞISINDA MƏSULİYYƏT DAŞIYIRLAR»

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bu fikri xüsusilə vurğuladı

- Cənab polkovnik, bu gün hərəkətin təhlükəsizliyinin təmin edilməsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin üzərinə böyük məsuliyyət düşür…

- Həqiqətən də sizin fikrinizlə mən şərikəm. Çünki artıq Bakıda nəqliyyat vasitələrinin sayı beş-on il bundan əvvəlki vaxtlarla müqayisədə dəfələrlə artıb. Təbii ki, belə bir şəraitdə hərəkətin təhlükəsizliyini tənzimləmək yol polisinin üzərinə böyük məsuliyyət hissi qoyur. Ona görə də sutkanın 24 saatı ərzində Bakının küçə və prospektlərində xidmət aparan yol polisi əməkdaşları birmənalı olaraq bu vəzifələri diqqət mərkəzində saxlayırlar. Hansı küçədə sıxlıq yarandı, loru dildə demiş olsaq, «probka» oldu. Bax, həmin yerlər diqqətdən yayınmır...

- Vaqif müəllim, sıxlıq dediniz, səhər və axşam saatlarında hərəkətin intensiv olduğu prospektlər yadımıza düşdü. Sirr deyil ki, səhər və axşam saatlarında bir çox prospekt və küçələrdə belə sıxlıqlar tez-tez olur. Yəni əvvəlcədən bu mövcud problemi aradan qaldırmaq üçün siz tərəfdən hansı addımlar atılır…

- Axı bayaq mən dedim, həmişə şəhərin küçə və prospektləri yol polisi tərəfindən diqqət mərkəzində saxlanılır. Hətta nəqliyyatın intellektual idarəetmə mərkəzində bu cür anlar xüsusi nəzarətə götürülür. Təbii ki, harda sıxlıq oldu, problem yarandı, bax, orda da siz bizim əməkdaşlarımızı görə bilərsiniz…

- Sizinlə biz də şərikik. Xüsusən havalar yağışlı olanda və işıqforlar işləməyəndə biz onda həmin yerdə tez-tez yol polislərini görürük…

- Bax, görürsünüzmü, sizin özünüz də bu cür halların tez-tez şahidi olursunuz. Ola iblər ki, yağış yağanda hansısa işıqfor işləməsin və bu vaxt nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaransın. Onda biz operativ olaraq həmin yerlərə naryadlar göndərir və onlar da hərəkətin təhlükəsizliyini təmin edirlər. Başqa sözlə demiş olsaq, nəqliyyat vasitələrinin hərəkətini tənzimləyirlər. Ümumiyyətlə, bu cür mürəkkəb havalarda avtomobillərin hərəkətinin tənzimlənməsinə xüsusi önəm verilir…

- Amma gəlin onunla razılaşaq ki, bəzi hallarda bir neçə sürücü mürəkkəb hava şəraitini nəzərə almır və hətta yol polisinin hərəkəti nizamlamasına fiikr vermir, avtomobili necə gəldi idarə edir. Və nəticədə isə yağışlı havada həmin nəqliyyat vasitəsi digər avtomobil tərəfindən vurulur...

- Düz sözə nə deyəsən. Çox təəssüf ki, bəzi sürücülər bu cür hava şəraitini düzgün qiymətləndirmir, işıqforun işləməməsini nəzərə almır və hətta yol polisinin hərəkəti tənzimləməsinə diqqət yetirməyərək avtomobili hardan gəldi sürmək istəyirlər. Və nəticədə də bəzən dediyiniz hadisələr baş verir. Ona görə də bütün hallarda sürücülər yol hərəkəti qaydalarına əməl etməli, nizamlayıcıya və eləcə də yol polisinin hərəkətlərinə diqqət yetirməlidir.

- Onu da qeyd edək ki, son vaxtlar piyadaların vurulması halları bir qədər artıb. Burda günah kimdədir: yol polisində, sürücüdə, yoxsa piydada?

- Bax, burda bizim yaralı yerimizə toxunursunuz? Bütün hallarda həm yol polisi, həm sürücü, həm də piyada öz üzərinə düşən funksiyanı yaxşı bilməlidir. Bir də görürsən ki, yeraltı keçid olduğu halda piyada həmin yerdən deyil, hərəkətin intensiv olduğu yoldan keçir. Və bəzən də sürücü nəqliyyat vasitəsini saxlaya bilmir və təyin olunmamış yerdən keçən piyadanı vurur. Təbii ki, burda birmənalı olaraq piyada məsuliyyət daşıyır. Amma sürücülər də diqqətli olmalıdır ki, bu cür intizamsız piyadalar yolu keçərkən onları vurmasınlar.

- Eşitdiyimizə görə son vaxtlar çoxlu sayda piyada yol hərəkəti qaydasını pozduğuna görə, inzibati qaydada cərimə edilib. Məgər cərimələrlə bu məsələləri həll etmək mümkündür?

- Kim deyir ki, hər hansı piyadanı cərimə etməklə onun hamısını intizama dəvət etmək mümkün olub?! Elə piyada var ki, bir neçə dəfə cərimə edilib, amma bundan yenə nəticə çıxarmayıb. Təsəvvür edin, ötən il on minlərlə piyada yol hərəkəti qaydasını pozduğuna görə, 20 manat məbləğində cərimə edilib. Özü də onların əksəriyyəti bu cəriməni ödəməyiblər. Deməli, cərimələrlə məsələ öz həllini tamamilə tapa bilməyəcək. Bunun yeganə çıxış yolu piyadaların maariflənməsidi.

- Maariflənmə dediniz yadımıza yol polisinin tez-tez keçirdiyi və bizim də iştirak etdiyimiz reydlər düşür. Çünki həmin reydlər zamanı nəinki qocalar, hətta yeniyeitmə və gənclər belə yolu yerüstü və yeraltı keçiddən deyil, təyin olunmamış yerlərdən keçirlər. Sözün düzü, bunu görəndə biz də təəccübləndik…

- Sizin özünüz də yol polisinin piyadalarla bağlı keçirdiyi reydlərdə dəfələrlə iştirak eləmisiniz. Yaxşı, deyək ki, qocalar və xəstə adamlar yolu keçə bilmirlər. Bu cür anlarda yol polisi maşınların hərəkətini saxlayıb qoca və xəstə adamların yolu keçməsinə yardım edirlər. Bəs niyə yeniyetmə və gənclər də təyin olunmamış yeri qaça-qaça keçirlər? Bax, əsas narahatedici fakt budur. Biz onları saxlayırıq, inzibati protokol tərtib edirik, onlar isə bundan nəticə çıxarmırlar. Hər dəfə bir bəhanə gətirirlər. Məsələn, deyirlər ki, filan yerə tələsirik, yaxud da ayağım ağrayır. Təbii ki, bunları hamısı min bir bəhanədir. Sadəcə olaraq, hər bir piyada öz taleyi haqqında düşünməlidir. Çünki hər hansı hadisə bir dəfə baş verir, onda da hər şey bitir. Yəni maşın tərəfindən vurulan piyada səhv etdiyini anlayır. Bu isə artıq gec olur.

- Bu yaxınlarda şəhərin prospektlərinin birində yolu keçən piyada bir qızı avtobus vurub. Həmin anda isə xidmət aparan yol polisi tez özünü ona çatdırıb və təcili xəstəxanaya aparıb…

- Hadisə bir həftə bundan əvvəl baş verib. Həmin istiqamətdə xidmət aparan əməkdaşımız maşın vuran xanımı təcili xidməti maşna mindirərək klinikaya çatdırıb və orda da həkimlər qanaxmanın qarşısını alıb. Əgər xanım 10-15 dəqiqə gec xəstəxanaya çatdırılsaydı, həkimlərin dediyinə görə, onun həyatını xilas etmək mümkün olmazdı. Ona görə də qızın atası onun övladının həyatını xilas edən yol polisi barəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubova və Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova təşəkkür məktubuyla müraciət edib…

- Amma gəlin onunla razılaşaq ki, bəzi saytlar və qəzetlər yol polisinin ünvanına olmazın şər-böhtanını da deyirlər. Məsələn, deyirlər ki, yol polisi filankəsi incitdi, filankəs barəsində qanunsuz protokol tərtib etdi, yaxud da kiminləsə mübahisə yaratdı...

- Bəzi saytlar var ki, yol polisinin müsbət işini heç vaxt görmək istəmirlər. Bəs bayaq siz bir məsələyə toxundunuz, mən də yol polisi əməkdaşının avtobus tərəfindən vurulmuş piyadanı necə xilas etdiyini xatırladım. Xidməti vaxtı yol polisi neçə-neçə insanın həyatını təhlükədən xilas edib. Bununla bağlı onlarla fakt sadalaya bilərəm. Və yol polisi də həmişə mətbuata, kütləvi informasiya vasitələrinə, televiziyalara hörmətlə yanaşıb. Təəssüf ki, bəzən görürsən ki, hər hansı jurnalist öz şəxsi marağını hər şeydən üstün tutur və başlayır bizim ünvanımıza qara yaxmağa. Məsələn, saytlardan biri vaxtilə məni «İlin adamı» seçib. Sonra bir problem yaranan kimi başlayırlar nəinki yol polisinin ünvanına, hətta Vaqif Əsədova nə gəldi deməyə. Amma heç vaxt ağa qara demək olmaz. Çünki hər bir insan vicdanı qarşısında məsuliyyət daşıyır. Heç bir vəzifə sahibi toxunulmaz deyil. Hamını tənqid etmək olar, elə mənim özümü də. Ancaq gərək bu tənqid sağlam və obyektiv, qərəzsiz tənqid olsun. Və heç kimin şərəf və ləyaqətinə toxunulmasın. Belə tənqiddən mənim fikrimcə heç kim inciyib küsməz.

- Cənab polkovnik, hər halda siz digər mətbuat xidməti rəhbərlərindən fərqli olaraq jurnalistlərə daha çox yaxınsınız. Mən inanmıram ki, hər hansı məsələylə bağlı jurnalist sizə sual ünvanlasın və Vaqif Əsədov da bunu cavabsız qoysun…

- Mən ədalətli, obyektiv və savadlı jurnalistləri çox istəyirəm və uzun illərdi işimi də məhz belə bir sistem üzərində qurmuşam. Mənim qapım həmişə jurnalistlərin üzünə açıq olub. Hətta məni tənqid eləyən jurnalistlərdən belə qaçmamışam və bu günün özündə də qapım hamının və o cümlədən jurnalistlərin üzünə açıqdı. Mənim ən çox hörmət bəslədiyim mətbuat orqanlarından biri «Ədalət»dir. Onun təsisçisi və baş məsləhətçisi, millət vəkili Aqil Abbas yol polisinin yaxın dostudur. Çünki o, bizim problemləri hamıdan yaxşı bilir və qəzetin 27 illik fəaliyyətində yol polisinin işini daim diqqət mərkəzində saxlayır. Buna görə də millət vəkili Aqil Abbasa və qəzetinizin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Bir daha demək istəyirəm ki, mətbuatla yol polisi bir-birini anlayanda, bax onda hər şey çox yaxşı olur. Yəni bir-birinə hörmət, qarşılıqlı sevgi və nəticədə hadisələrin qarısının alınmasında önəmli əhəmiyyət kəsb edir.

Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU