adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2018 11:08
7357
MƏMLƏKƏT
A- A+

Nazirlik: Bu il tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir

Bu il Azərbaycanda tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, tərəvəzçilkdə məhsuldarlıq göstəricisi ilbəil yüksəlir:

"Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, fermerlər lazımi aqrotexniki qaydalara getdikcə daha yaxşı əməl edə bilirlər, məhsul yetişdirmə prosesini tələb olunan normalara uyğun aparırlar. İkinci səbəb isə hazırda örütül torpaq sahələrində, o cümlədən də istixana şəraitində faraş tərəvəz istehsalı sürətlə genişləndirilir. Bilirsiniz ki, bu üsulla istehsal yüksək məhsuldarlığa malikdir ki, bunun da hesabına ümumi tərəvəz istehsalı üzrə orta məhsuldarlıq artır.

Tərəvəz istehsalında yüksək artım bu ilin birinci rübündəki rəqəmlərdən də görünür. Yanvar-mart ayları ərzində tərəvəz istehsalı 28,3 faiz artıb ki, bununla da ümumi bitkiçilik dəyər ifadəsində 63,2 faiz çox olub”.

F.Fikrətzadə hazırda istehlakçıların narazılığına səbəb olan məsələyə - soğanın bahalaşmasına da münasibət bildirib:

"Təbii ki, məhsuldalıq da bu il yüksək olacaq, məhsul istehsalı da artacaq. Ancaq niyə hesab edirsiniz kartofun, soğanın qiyməti enməldir? Axı həm kartofun, həm də soğanın qiyməti hətta devalvasiyadan əvvəlki dövrlə müqayisədə də demək olar ki, aşağıdır. Elə yeri gəlmişkən, mətbuatda səsləndirlir ki, soğanın qiyməti artır. Ancaq nəzərə alınmır ki, soğanın qiyməti artmır, sabitləşir. Keçən il məhsuldarlığın kəskin artımına görə fermerlər soğanı az qala mayasından da aşağı qiymətə satmağa məcbur olmasını işıqlandırmağınız yaddan çıxıb? Yəni keçən il soğanın qiyməti fermerləri ziyana salacaq həddə aşağı idi. Çünki bazara məhsul təklifi yerli istehsalın hesabına birdən-birə kəskin şəkildə artmışdı, bu da qiymətə təzyiq edərək aşağı salmışdı. Buna görə də dövlət orqanları və sahibkarlar təklifin artıqlığını ixrac bazarları hesabına aradan qaldırmaq üçün birgə fəaliyyət göstərdi. Nəticədə ötən il Azərbaycandan soğan ixracı tarixi rekord həddə yüksəldi, təklifdə yaranan artıqlıq tədricən aradan qaldırıldı. İdxal isə demək olar ki, sıfır həddinə düşdü. Bunun hesabına da soğanın qiyməti tədricən stabilləşdi. Ancaq soğanın qiyməti yenə də əvvəlki illərlə müqayisədə yüksək deyil, hələ əksinə, bir az da aşağıdır”.

Şöbə müdiri eyni zamanda qeyd edib ki, hazırda Azərbaycanın kartofla özünütəminat səviyyəsi təqribən 89 faizdir:

"2017-ci ildə ölkəmizdə 913,9 min ton kartof istehsal olunub. Ümumi istehsaldan 160,7 min ton idxal, 57,6 min ton faraş kartof isə ixrac olunub.

Hazırda bazarlarda istehlakçılara təklif edilən təzə kartoflar demək olar ki, yalnız yerli istehsaldır. Yeri gəlmişkən, Azərbaycandan elə məhz faraş kartofun ixracı həyata keçirilir.

2017-ci ildə ölkəyə 14 ölkədən 160 min ton kartofun idxal olunub. Ancaq əsas idxal mənbəyi İran, Gürcüstan, Rusiya və qismən də Türkiyədir. 2017-ci ildə İrandan 50 min ton, Gürcüstandan 40,9 min ton, Rusiyadan 43,1 min ton və Türkiyədən 15,4 min ton kartof idxal olunub. Avropa ölkələrindən əsasən toxumluq kartof alınır. Yeri gəlmişkən, hazırda İsrail şirkətləri və FAO layihəsi ilə birgə müasir standartlara uyğun yerli toxum təsərrüfatımız yaradılır. Bunun hesabına kartof toxumu idxalı da kəskin şəkildə azalacaq”.(modern.az)