adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Aprel 2018 13:04
26184
ƏDƏBİYYAT
A- A+

Aydınlanma hekayələri

Adalet.az Zen-Buddizm haqda kiçik hekayələri təqdim edir.

Buddadan soruşurlar ki, "səndən xoşum gəlirlə, "səni sevirəm arasındakı fərq nədir?

Budda belə cavab verir:

- Bir çiçəkdən xoşun gələrsə onu qopararsan, amma bir çiçəyi sevsən, onu hər vaxt sulayarsan, qulluq edərsən. Bunu anlayan insan həyatı anlayar.

***

Bir dəfə şagirdlərindən biri soruşur:
- Əgər biri bizi vurarsa nə edək?
Budda cavab verir:
- Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?
- Heç nə. Bu adi təsadüfdü.
- O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.

***

Zen ustadı Ryokan dağın təpəsində köhnə bir komada yaşayırmış. Bir axşam o evdə olmayan vaxt evinə oğru girir, ancaq oğru bu yoxsul evdə oğurlanacaq bir şey tapmır. Bu vaxt Ryokan evinə daxil olur və oğrunu tutur: "Uzaq yoldan gəlmisən” təbəssümlə oğruya deyir, "evimdən əli boş getməyinə razı olmaram, heç olmasa üstümdəki paltarı hədiyyə olaraq qəbul et”. Bu hadisəyə məəttəl qalan oğru sevinclə Ryokanın paltarlarını alıb gedir. Yarıçılpaq vəziyyətdə olan ustad yerə oturur,sakitcə göy üzünə, göydəki aya tamaşa edir və öz-özünə deyir: "Yazıq oğru… Kaş göydəki bu gözəl ayı da ona verə biləydim…”

***

Bir dəfə Zen şagirdi ustadına baş çəkməyə gəlir. Ustad yaşlı və çəlimsiz bir qoca idi. Şagird əmin idi ki, ustadı uzunömürlü deyil və ən qısa zamanda bu dünya ilə vidalaşacaq. O, ustadının qarşısında saatlarla səssizcə əyləşir. Sükutu dinləyir. Alov dillərinin yaladığı taxta parçalarının çıxardığı qığılcımlara baxır. Sonra ustad qəribə bir rahatçılıq bəxş edən inamla əlini cübbəsinin cibinə salır və içindən dəriüzlü, yıpranmış kitab çıxardır.

-Bunu sənə verirəm,- deyir. - İçərisində uzun illərdir icra etdiyim rituallar və həyatın mənə bəxş etdiyi bilgəlik var. Onun qiymətini bil və qoru!

Şagird böyük bir sayqı ilə əyilir və kitabı götürür. Sonra kitabın heç bircə səhifəsini də vərəqləmədən alov dillərinin üzərinə atır. Kitab yanır.


***

Bir gün şagirdi ustasından soruşur:

- Bir insanın heç bir yük daşımaması nə anlama gələr?

- Usta: Yükdən qurtul, at getsin.

Fəqət bu cavabla qane olmayan şagird yenə eyni sualı soruşur:

- Axı mən heç bir şey deyiləm. Yoxluq varlığı necə ata bilər ki?

Usta: O zaman, daşımağa davam elə.


***

Bir Zen ustadı bir gün səhrada qumlar üzərində oturmuş meditasiya edirmiş. Bir adam ona yaxınlaşır və deyir:

- Məni şagirdin olaraq qəbul et.

Usta, barmağı ilə qumlar üzərində düz bir xətt çəkir və belə deyir:

- Qısalt!

Adam ovucları ilə xəttinin yarısını silir.

Usta deyir ki:

- Get, bir il sonra yenə gəl.

Bir il keçir. Adam ustaya yaxınlaşır, usta, yenə bir xətt çəkir və deyir ki:

- Qısalt!

Adam, bu dəfə xəttinin yarısını ovucu və dirsəyi ilə bağlayır.

Usta yenə qəbul etmir və deyir ki:

- Get, gələn il yenə gəl.

1 il daha keçər. Usta yenə də qumların üzərinə bir xətt çəkir və adamdan onu qısaltmasını istəyir.

Bu dəfə adam deyir ki:

- Bilmirəm.

Və ustadan cavabı ona söyləməsini xahiş edir.

Usta, xəttin yanına daha uzun bir xətt çəkər və deyər ki:

- İndi qısaldı.