ANA SƏHİFƏ / Layihə

ƏHMƏD CAVAD

4879    |   2018-04-13 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Şairə altı ay işgəncə verəndən sonra həbsdən buraxmalı olmuşdular; çünki dediyimiz kimi, o vaxtlar Sovet imperiyası hələ bir qədər demokratiya illüziyası yaratmağa çalışır, mütərəqqi bəşəriyyətə həyasızcasına meydan oxumağa cəsarət etmirdi.
1928-ci ildə Türkiyədə müsavatçılar tərəfindən nəşr edilən "İstiqlal məcmuəsi"ndə çap edilmiş 16 şeiri Əhməd Cavada həm daxili bir qürur gətirir, həm də onu proletar ədəbiyyatşünaslarının kəskin tənqid hədəfinə çevirir. İki il sərasər bu hücumlara sinə gərən şair 1930-cu ildə yenidən Gəncəyə getməyə məcbur edilir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasında müdir, dosent, sonra isə professor olur, eyni zamanda Gəncə Dram Teatrının ədəbi hissə müdiri kimi fəaliyyət göstərir.
Şairin həyatının bu keşməkeşli illərini xarakterizə edən M.Aslan yazır:
"Qorxmurdu. Təmiz əməlindən, sağlam əqidəsindən niyə qorxmalıydı ki?! Amma bir-birinin arxasınca gedər-gəlməzə sürüklədikləri günahsız qurbanlardan yavaş-yavaş sümüyü sancmağa başlamışdı. Ən açıq əqidə ilə yazdığı şeirlərdə belə amansız bir titrətmə özünü göstərir, misralarına ölüm rəngi çökürdü".
Ancaq hələ 1934-cü il idi və bolşevizm öz qorxunc sifətini demokratiya maskası altında gizlətmişdi, bu maskanı yırtmaq üçün fürsət gözləyirdi. 1934-cü ildə Əhməd Cavad artıq sənətsevərlər arasında sayılıb-seçilən, hörmət və ehtiramla qarşılanan bir şair idi və opponentləri tərəfindən nə qədər tənqid olunsa da, həmin il keçirilən Azərbaycan Şura Yazıçılarının Birinci qurultayına onu dəvət etməmək - bütövlükdə ədəbi aləmin təhqir edilməsi demək olardı. Qurultayda Azərbaycan Şura Yazıçılar İttifaqının üzvü seçilən Əhməd Cavad elə həmin il Azərbaycan Dövlət Nəşriyyatında işləmək üçün Bakıya dəvət edilir. Ümumiyyətlə, bu illər onun ədəbi-ictimai fəaliyyətinin ən qızğın dövrlərindən biri kimi xarakterizə edilə bilər. Sanki həyatının son illəri olduğunu duyaraq, şair gecə-gündüz yorulmadan çalışır, çıraq sönməzdən əvvəl daha güclü işıqla yandığı kimi, o da özünü doğma xalqının sənəti və mədəniyyəti yolunda pərvanə kimi yandırır. Əhməd Cavad istedadlı bir tərcüməçi kimi də tanınır. O, dünya ədəbiyyatının şah əsərlərindən olan Şekspirin "Otello" və Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" kimi nəhəng əsərlərini, Puşkinin "Yatmış şahzadə qız" nağılını dilimizə çevirmişdir. Həm də maraqlıdır ki, Şota Rustavelinin poemasını tərcümə etmək üçün Əhməd Cavad xüsusi olaraq qısa müddətdə gürcü dilini öyrənir, Gürcüstanda iki illik yaradıcılıq ezamiyyəti zamanı məşhur rustavelişünaslarla görüşüb onlardan dəyərli məsləhətlər alır.
Bir çox işıqlı talelərdə öz qara, kabus rolunu oynamış Repressiya Əhməd Cavadın taleyi ilə də oyun oynayır. 1937-ci il Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinin əlyazmasına görə hökumət müsabiqəsində Birinci mükafat verilir. Elə həmin il Əhməd Cavadın bir yaradıcılıq uğuru da ədəbi ictimaiyyətə çatır: o, ilk irihəcmli nəsr əsəri olan "Sədəf" romanını bitirərək müzakirəyə təqdim edir.
Məşum 1937-ci ilin Novruz bayramına az qalmış Əhməd Cavadın başı üstündə ilıq yaz günəşi doğmaq əvəzinə, qurğuşun kimi ağır qış buludları get-gedə qatılaşır, artıq hər şeyi yandırıb külə döndərən ildırımın çaxacağına heç bir şübhə yeri qalmır. Qəribə haldır ki, düz 12 il əvvəl də martın 21-i ona bayram yox, yas olmuşdu. Rus çarizminin və erməni şovinizminin başlarına olmazın müsibətlər gətirdiyi qardaş türk xalqının müsibətlərini görən şairin təkcə milli hissləri deyil, vətəndaş - şair vicdanının hayqırtısı ucalır:
Vicdan mənə əmr etdi ki,
Belə gündə bayram etmə!
Quran mənə yol göstərir:
Yoxsulları məyus etmə!..

Ancaq bu dəfə şairi bayram etməyə qoymayan səbəb başqa idi. Ona "xalq düşməni" damğası vurub, Azərbaycan Şura Yazıçılar İttifaqından çıxartdılar. Bəzi "qələm yoldaşları" yəqin ki, bu "qələbələrini" özləri üçün bayram edirdilər. Əhməd Cavad irsinin tanınmış tədqiqatçılarından biri olan Ə.Saləddin bu hadisəni belə qiymətləndirir: "Yuxarıdan göstəriş beləydi. Ssenari əvvəlcədən hazırlanmışdı, ittihamçılar ayrılmışdı. Məhkəmə "sədri" də, "prokuror" da, "müstəntiq" də, "şahidlər" də, "növbətçi böhtançılar" da hazır idi. Şəxsən mən Əhməd Cavadın üzv olduğu Yazıçılar İttifaqında olan "məhkəməsini" onun DTK-da olan məhkəməsindən daha qərəzkar, daha öldürücü məhkəmə hesab edirəm. Bir şair kimi, sənətkar kimi, söz ustadı kimi Ə.Cavad birinci məhkəmədə daha artıq təhqirlərə məruz qalmışdır. Orada şairin həmkarları elə sözlər işlətmiş, elə hökmlər vermişlər ki, onların istedadına da, təfəkkürünə də, milli heysiyyatına da adamda böyük şübhə yaranır..."
Mart ayının 25-dən işsiz qalan Əhməd Cavadı keçmiş müəllim yoldaşı və amansız əqidə, məslək düşməni, o dövrdə Azərbaycana başçılıq edən Mir Cəfər Bağırov həbs etdirməyə tələsmir. Ona daha artıq mənəvi əzab vermək üçün tam yetmiş bir gün intizarda, səksəkədə qoyur, cəmiyyətdən bir növ təcrid edir. Ancaq fiziki reperessiyadan əvvəl psixoloji repressiyaya məruz qalan Ə.Cavad sınmır, hər cür mənəvi-əxlaqi simasını itirmiş qorxunc düşmən qarşısında əyilmir, bir alovlu vətənpərvər, istiqlal şairi kimi şəxsiyyətinin ucalığını ləyaqətlə qoruyub saxlayır.
1937-ci il iyun ayının dördündə Ə.Cavadın həbs olunması haqda əmr verilir. Psixoloji gərginliklərdən qurtaran şair bu dəfə həm də fiziki işgəncələrə məruz qalır və bu əzab-əziyyət oktyabrın 12-nə qədər davam edir. Oktyabrın 12-dən 13-nə keçən gecə böyük Azərbaycan şairi Əhməd Cavad dünya tarixində ən amansız və qəddar rejimlərdən biri tərəfindən günahsız yerə güllələnir. Ancaq bu barədə heç kim xəbər tutmur, "xalq ataları" şairin ailəsinin də "qeydinə" qalır; həyat yoldaşı Şükriyyə xanım sürgünə göndərilir, böyük oğlu Niyazi həbs edilib, üç aydan sonra buraxılır. O, Azərbaycanda yaşaya bilməyəcəyini görüb Leninqrada qaçır. Şairin o biri oğlanlarından Aydın həbsdə idi. Tuqay və Yılmaz isə uşaq evinə verilmişdi. Şairin əsərləri məhv edilir, çapda olanlar isə dayandırılır, evi üç dəfə axtarılır. Əhməd Cavadı yetişdirən, görkəmli bir sənətkar, alovlu vətənpərvər, ictimai xadim kimi formalaşdıran və məhv edən mühitlər arasında yerdən göyə qədər fərq vardır. Ancaq bütün bu tarixi-ictimai proseslər və ideya mübarizələri Əhməd Cavadın görkəmli bir istiqlal şairi kimi yetişərək, əbədiyyət qazanmasına nəinki mane ola bilməmiş, əksinə bəzi hallarda səbəb olmuşlar. Şairin həyat və yaradıcılığının bu iki dövrü arasındakı fərqi M.Ə.Rəsulzadə çox dəqiq və poetik bir dillə ifadə etmişdir:
"Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşğun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ yetərincə faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.
Əhməd Cavadın taleyi ilə bağlı o dövrün mətbuatını və şairin mühakimə materiallarını Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində diqqətlə araşdıran akademik B.Nəbiyev mülahizələrinə obrazlı şəkildə yekun vuraraq yazır:
"Cəlladlar öz qara əməllərini bir qayda olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza malik olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərini xəlvətcə ilim-ilim itirirdilər. Ə.Cavadın da başına gələn konkret faciələrdən (nə zaman və harada edam edildiyindən) uzun illər boyu xalqın xəbəri olmamış, yəni onun ömür sapının harada, hansı şəraitdə, nə vaxt və kimin əlilə qırıldığı haqqında ictimaiyyət üçün bir sətir də olsa məlumat dərc edilməmişdi".
Əhməd Cavadın böyük "günahı" kimi onun türk ədəbiyyatı ilə maraqlanması, Türkiyədən gətirilmiş kitabları oxuması, Türkiyədə əsər çap etdirməsi qabardılırdı. Kommunist rejiminin Türkiyədən oddan qorxan kimi qorxması, Türkiyə ilə, türkun ədəbiyyatı və mədəniyyəti ilə azacıq əlaqəsi olan görkəmli ziyalıları hər vasitə ilə təqib və məhv etməsi bolşevik psixologiyasının, eləcə də o dövrdə Azərbaycanda at oynadan erməni millətçilərinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Türkə qarşı yönəlmiş bu misli görünməmiş iyrənc hərəkatın ideoloji əsası da işlənib hazırlanmışdı. Uydurma pantürkizm nəzəriyyəsi məhz bu məkrli siyasətin həyata keçirilməsi üçün nəzəri-ideoloji zəmin rolunu oynayırdı. Xalqın ən görkəmli ziyalıları məhz pantürkizm damğası ilə ölümə məhkum edilir, Sibirin buzlu cəhənnəmində görünməmiş əzablar içində məhv edilirdilər.
XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Əhməd Cavad xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir.
Yaradıcılığının və ədəbi-ictimai fəaliyyətinin çiçəkləndiyi, kamillik və müdriklik zirvəsinə qədəm qoyduğu bir vaxtda - 45 yaşında Əhməd Cavadın ömür kitabı bağlanır. Ancaq şairin ömrünü şam kimi yandıraraq onun işığında ərsəyə gətir - diyi sənət kitabı həmişə xalqın üzünə açıqdır və bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin dünya birliyində layiqli yerini tutması prosesində bizim çağdaşımız kimi yaxından iştirak edir.


Göyərçin Abidqızı
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK