adalet.az header logo
  • Bakı 21°C
13 Aprel 2018 00:11
69417
GÜNDƏM
A- A+

HÜQUQİ DÖVLƏT ANLAYIŞI VƏ ONUN PRİNSİPLƏRİ

Məqalədə dövrümüz üçün nümunəvi quruluş olaraq müəyyən olunan hüquqi dövlət anlayışının keçdiyi inkişaf yolu, bu anlayışın bir institut kimi nəzəri-fəlsəfi əsasları nəzərdən keçirilir və hüquqi dövlət konsepsiyasının iki fərqli hüquq sistemindəki səciyyəvi cəhətləri tədqiq olunur. Eyni zamanda, hüquqi dövlət prinsiplərinə ayrılıqda nəzər yetirilir və onların tərkibi, müxtəlif modelləri araşdırılır.
1. Hüquqi dövlət anlayışının tarixi inkişafı və fəlsəfi-nəzəri əsasları
Hüquqi dövlət ideyasının ilk təzahürlərinə qədim yunan filosoflarının fikirlərində rast gələ bilərik. Belə ki, hələ Platon öz əsərlərində filosof monarxın rəhbərliyi ilə ən yaxşıların hakimiyyətini müdafiə edir və bu insanların hüquqdan daha yüksəkdə durmalarına baxmayaraq hüququn üstünlüyünü və ədalətli cəmiyyəti bərqərar edəcəklərini iddia edirdi. Platon bu iddiasını onların müdrikliyi və ümumi maraqlara xidmət etməsi ilə əsaslandırırdı.
Aristotel bu ideyanın müəyyən tərəfləri ilə razılaşmayaraq bu təzahürləri daha da inkişaf etdirmiş oldu. Belə ki, o hakim sinfə hüququn qorunması və təminatçılığından artıq güc verilməsinə qarşı çıxaraq, hakimiyyətin də hüquqa tabe olması fikrini müdafiə edirdi. Bununla da o "hüquqi dövlət" ideyasını bariz şəkildə formalaşdırmağa başlamışdı.
Lakin hüquqi dövlət ideyasının fikirlərdə səslənən idealdan reallığa çevrilməsinə qədər qət etdiyi yol bir qədər uzun oldu. Orta əsrlərdə hüquqi dövlət ideyası mərkəzləşmiş dövlətə olan tələbatın tərkib hissəsi kimi irəli çıxmış və Tomas Hobs, Jan Boden kimi mütəfəkkirlərin konstitusionalist düşüncələrində müdafiə olunmuşdur.
Hüquqi dövlət anlayışının yaranması və inkişafı İngiltərədəki demokratik kontitusiya quruculuğu və burjua inqilabları periodundan başlayaraq meydana çıxmışdır. İngilis hüquqşünas Ser Edvard Kok (1552-1634) kralın hüququn müdafiəçisi kimi tanınmasını rədd edir, əksinə hüququn kral hakimiyyətinin təminatçısı qismində çıxış etməsi fikrini müdafiə edirdi.
Artıq 1689-cu ildə qəbul edilmiş "Hüquqlar haqqında Bill" o dövrə qədər mövcud olmuş princeps legibus solutus (hökmdar hüquqa tabe deyil) anlayışına böyük bir zərbə oldu. Belə ki, bu akt "rex debet esse sub lege, quia lex facit regem" (hökmdarı hüquq yaratdığı üçün hökmdar hüququn subyekti olmalıdır) deyimini kral hakimiyyətinə müəyyən məhdudiyyətlər gətirməklə realizə etmiş oldu. Bu əhəmiyyətli konstitusion sənəd hüququ kraldan üst mərtəbədə müəyyən etməklə hüquqi dövlət anlayışının anqlo-amerikan konseptinin - Rule of law (hüquq qaydası) anlayışının əsasını qoymuş oldu.
Hüquqi dövlət anlayışının konkret şəkildə ölkənin ali sənədi ilə müəyyən edilməsinə paradoksal olaraq, 19-cu əsrə qədər bu anlayışa konkret tərif verərək onu inkişaf etdirməyə çalışan olmadı. Belə ki, bu ideyanın konstitusion sənəddə öz əksini tapması, ölkənin hüquq sisteminin təməl prinsiplər etibarilə ona uyğunlaşmasını, hüququn digər sahələrinə və cəmiyyətin həyat tərzinə hüququn aliliyi nəzəriyyəsinin siraət etməsini qaçılmaz edirdi. Bu da təbii olaraq, sözügedən anlayışın inkişafını şərtləndirirdi. Lakin kontinental Avropa ölkələrindən fərqli olaraq ingilis hüquq cəmiyyəti bu məsələ ilə bağlı müəyyən qədər hüquqi nihilizm nümayiş etdirmiş oldu.
Yalnız, 1885-ci ildə yazdığı "Konstitusiya hüququnun öyrənilməsi ilə tanışlıq" əsərində Albert Venn Daysi (1835-1922) İngilis konstitusion sistemini hərtərəfli tədqiq edərək, hüquq qaydası (rule of law) - hüquqi dövlət anlayışını onun əsası kimi müəyyən etdi. A.V.Daysi hüquq qaydası (rule of law) anlayışının 3 təməl prinsipini sadalayırdı:
1. Yerli məhkəmələrin yüksək mühakimə gücü və diskresion səlahiyyətlərinə baxmayaraq, heç kəs hüquq pozuntusu istisna olmaqla adi davranışlara görə mühakimə edilə bilməz.
2. Heç kəs hüquqdan üstün deyil. Statusundan və sosial vəziyyətindən asılı olmayaraq hər kəs mövcud hüququn subyektidir, müvafiq məhkəmənin yurisdiksiyasına tabedir və hüquq qarşısında bərabərdir.
3. Konstitusiyanın ümumi prinsipləri məhkəmələrin konkret işlərlə bağlı, konkret şəxslər barəsində verdiyi qərarlar əsasında formalaşır.
Hüquqi dövlət anlayışı qitə Avropasında 18-ci əsrin sonlarına qədər geniş tədqiq olunmamışdır. Alman liberalizminin nümayəndəsi, filosof-alim, hüquqi dövlət doktrinasının ideoloji atası hesab olunan İmmanuel Kant (1724-1804) hüquqi dövlət - Rechsstaat ifadəsini formal şəkildə vurğulamasa da, müasir hüquqi dövlət konsepsiyası onun fikirləri əsasında formalaşmışdır. Kantın bu konsepsiyaya yanaşması yazılı konstitusiyanın aliliyi ideyasına əsaslanır. Konstitusiyanın aliliyi dövlətin əsas məqsədləri olan sabitlik, insanların rifahı və ləyaqətli həyatla təmin olunmasının təminatçısı kimi çıxış etməlidir. Bununla da Kant konstitusionalizmi və konstitusiya dövlətini insanların xoşbəxt həyatının qarantı hesab edirdi.
Göründüyü kimi, fərqli hüquq sistemlərində olan rule of law (hüquq qaydası) və rechsstaat (hüquqi dövlət) anlayışları eyni prinsiplərə əsaslanıb, eyni məzmunu xarakterizə etsə də, onların arasında olan formal müxtəliflik adlarının fəqli olması etibarilə barizdir və fikrimizcə bu fərqlilik təsadüfi deyildir. Belə ki, anqlo-sakson hüquq sisteminin ən xarakterik xüsusiyyətlərindən biri hüququn mənbəyi qismində mövcud olan müxtəliflikdir və bu müxtəliflik özündə adətləri, məhkəmə presedentini və digər qaydaları ehtiva edir. Buna görə də, dövlət hüququn mütləq mənbəyi və ya hüququn mənbələrinin meydana çıxması üçün gərəkli olan mütləq vasitə kimi çıxış edə bilmir. Bununla, dövlət anlayışının bir qədər geri plana düşməsinə paralel olaraq hüquq anlayışı məxsusi olaraq irəli çəkilir. Nəticə olaraq, anqlo-sakson hüquq sistemi "hüququn üstünlüyünə əsaslanan dövlət" və ya "hüququn hökmran olduğu dövlət" ideyalarını bu nəzəriyyə çərçivəsində ifadə etmiş olur. Kontinental hüquq sistemi isə dövlət tərəfindən müəyyən olunan və qorunan konstitusion quruluşu mənimsədiyindən hüquqla yanaşı onun mənbələrinin əsas yaradıcısı olan dövlət anlayışı da məxsusi olaraq vurğulanır. Müasir mərkəzləşmiş dövlət fenomeninin orta əsrlərin sonlarına doğru Avropa mütəfəkkirlərinin fikirlərinə əsasən zərurətə çevrilməsi sözügedən konsepsiyanı bu formada şərtləndirmişdir. Lakin bu, dövlətin hüququn subyekti qismində çıxış etməsini istisna etmir. Çünki "mərkəzləşmiş-konstitusion dövlət" fenomeninə paralel olaraq (bəzi hallarda ondan daha çox), insanın təbii hüquqlarının mütləq müdafiəsi, təməl hüquq və azadlıqların ön plana çıxması dövlətin də hüquqa tabe olaraq, insanlara xidmət etməsi anlayışını meydana çıxarırdı. Bütün bu çoxşaxəli xüsusiyyətlərin və fərqliliklərin məntiqi nəticəsi kimi hüquqi dövlət - ümumi mənada idarəçilərin və ya siyasi iqtidarın ixtiyari davranış və hərəkətlərinə qarşı idarə olunanlara hüquqi təminatlar verən bir dövlət tipi, əsas hüquq və azadlıqların təmin olunduğu və şəxslərə hüquqi təminat sərgiləyən dövlət, hüquqa əsaslanan və hüquq sayəsində mövcud olan dövlət hakimiyyəti, vətəndaşların hüquqi təhlükəsizlik şəraitində yaşadıqları, dövlətin davranış və hərəkətlərinin hüquqa tabe olduğu sistem kimi bir çox anlayışlarla tərif edilmişdir.
Hüquqi dövlət nəzəriyyəsinin genişlənməsi prosesi 19-cu əsrdə əsasən Alman müəllifləri tərəfindən davam etdirilmişdir. Lakin bu genişlənmənin mütləq mənada inkişaf olaraq adlandırılması tam olaraq həqiqətə uyğun olmaz. Belə ki, hüquqi dövlət anlayışı bu zaman kəsiyində sırf mərkəzləşmiş dövlət, konstitusion münasibətlərin inkişafı yönündə inkişaf etsə də, bu anlayış İ.Kantın konstitusiyanın məqsədi kimi müəyyən etdiyi ictimai sabitlik, insanlar üçün dövlət tərəfindən təmin edilməli olan rifah və ləyaqətli həyat kimi istiqamətləri özündə ehtiva etmirdi. Birinci Dünya müharibəsinin və onun Almaniya üçün ağır nəticələrinin də verdiyi təkanla bu özünü 3-cü reyxin fəaliyyəti dövründə bariz şəkildə göstərdi. Belə ki, 1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlməsi və nasistlərin parlamentdə və cəmiyyət arasında əksəriyyətin seçimi olması, bununla belə siyasi rəqiblərlə qeyri-adekvat və sivil olmayan mübarizə üsulları, sərt polis dövləti hakimiyyəti və hərbi diktatura hüquqi dövlət anlayışına dair fikir ayrılıqlarının yaranmasını zəruri etdi. Sözügedən hakimiyyəti o zaman texniki cəhətdən hüquqi dövlət adlandıranlar çox idi, çünki hakimiyyət zorla deyil, səsvermə yolu ilə həyata keçirilmişdi, hakim partiya parlamentdə çoxluğun iradəsi kimi təmsil olunurdu, partiya lideri xalq tərəfindən dövlət başçısı kimi mütləq şəkildə tanınırdı, ümumi mənada desək, mövcud dövlət hakimiyyəti legitim idi. Həmin dövrdə avstriyalı pozitivist alim Hans Kelzen (1881-1973) hüquqi dövlət anlayışını 2 cür fərqləndirirdi: formal mənada hüquqi dövlət və maddi mənada hüquqi dövlət. Kelzenə görə, formal mənada hüquqi dövlət məzmunundan asılı olmayaraq hüquqla idarə olunan dövlətdir. Maddi mənada isə demokratik qanunvericilik, dövlət başçısının hərəkətlərini digər hakimiyyət qolları ilə məhdudlaşdırılması, şəxslərin mülki hüquqlarının təmin olunması, məhkəmələrin müstəqilliyi, inzibati mühakimə sistemi kimi hüquq institutlarını özündə ehtiva edən dövlət hüquqi dövlət kimi adlandırıla bilər.
Bu bölünmə hüquqi dövlət nəzəriyyəsinin sonrakı inkişafında mühüm rol oynadı və məzmunun əhəmiyyətinə diqqət çəkdi. İkinci Dünya müharibəsi və onun nəticələri insan hüquqlarının təmin edilməsini maddi mənada hüquqi dövlətin əsas məqsədlərindən biri kimi müəyyən edilməsinə gətirib çıxarmışdır. Formal mənada dərketmə də müəyyən dəyişikliklərə uğradı: hakimiyyətlərin bölünməsi, ədalət mühakiməsinin müstəqilliyi, zorakılıqdan hüquqi müdafiə kimi elementlər hüquqi dövlətin zəruri faktorları kimi müəyyən olundu.
2. Hüquqi dövlət prinsipləri
Hüquqi dövlətin prinsipləri ilə bağlı konkret fikir birliyi olmasa da, hüquqi dövlətin hüquq nəzəriyyəsindəki xüsusiyyətləri ilə individual olaraq mövcud olan xüsusiyyətlərini kəskin şəkildə ayırmadan, ən vacib elementləri nəzərə alaraq aşağıdakı kimi ümumi bir sıralama müəyyən etmək olar:
- Hüquqla məhdudlaşdırılmış dövlət hakimiyyəti prinsipi
- Hakimiyyətlərin bölünməsi prinsipi
- Əsas hüquq və azadlıqların təminatı prinsipi
- Hüquqi müəyyənlik prinsipi
- Müstəqil ədalət mühakiməsi prinsipi
2.1. Hüquqla məhdudlaşdırılmış dövlət hakimiyyəti prinsipi
Hüquqi dövlət konsepsiyasının anqlo-amerikan modelindən meydana gələn bu prinsip vətəndaşların həyatına müdaxilənin minimuma endirilməsinə paralel olaraq dövlət hakimiyyətinin (xüsusilə hökumətin) hüquqa tabe edilməsini nəzərdə tutur. İlkin formada bu prinsip İngiltərədə məhkəmələrin kral hakimiyyətinin təsirindən sığortalanması formasında təzahür edirdi. Məşhur ingilis filosofu Tomas Hobbs (1588-1679) deyirdi: "Fərdi hakimiyyətdən müdafiəsi üçün kütləvi hakimiyyət zəruridir, lakin, kütləvi hakimiyyət də özlüyündə dürüst olmalıdır və bu dürüstlüyü təmin edən hüquqdan başqası deyil". Zaman keçdikcə bu ideya inkişaf edərək dövlətin təbəələrinə münasibətdə də dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılmasını nəzərdə tutmuş oldu.
Dövlətlə hüququn münasibəti yalnız birincinin digərini yaratması, dəyişməsi və ya ləğv etməsində ifadə olunmur. Bu sadalananları həyata keçirməklə dövlət özünü də öz yaratdığı hüquqa tabe etmiş olur. Yalnız bu yolla fərdlərin və cəmiyyətin təhlükəsizliyi təmin edilir, baş verə biləcək müdaxilələrin proqnozlaşdırılması mümkün olur.
Dövlət hakimiyyətinin məhdudlaşdırılması vətəndaşlara münasibətdə demokratik ölkələrin konstitusiyalarında təsbit olunan "qanunla qadağan edilməyən hər şey sərbəstdir" konsepsiyasında təzahür edir və buna paralel olaraq dövlət hakimiyyətinə münasibətdə dövlət orqanlarının yalnız konstitusiya və hüquqla müəyyən olunmuş çərçivə və qaydalara uyğun hərəkət etməsinin zəruriliyini nəzərdə tutur.
2.2.Hakimiyyətlərin bölünməsi prinsipi
Hələ qədim dövrlərdən hakimiyyətlərin bölünməsi nəzəriyyəsi müəyyən ilkin ideyalar formasında bəzi mütəfəkkirlərin fikirlərində öz əksini tapmışdır. Aristotel Afina hakimiyyətinin timsalında idarəetmənin qərar vermə, əmr etmə və mühakimə etmə formalarını ayırırdı. Polibiy isə ali hakimiyyətin güclərini bölməyi, onlara bərabər status verilməsini təklif edir və yalnız bu yolla idarəetmə zamanı yaranan konfliktlərin azalacağını, uzunmüddətli konstitusion dövlət qurulacağını bildirirdi.

(ardı gələn sayımızda)

İbrahim Sultanlı
Bakı Dövlət Universitetinin
"Konstitusiya hüququ"

kafedrasının dissertantı