adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2018 15:18
17950
ƏDƏBİYYAT
A- A+

Dünyanın sonunu gətirən yazıçılar

Qiyamət günü ilə bağlı mülahizələr bəlkə də elə dünyanın özü ilə yaşıd olar. Səmavi dinlərdən öncə, hətta insanın mağaralarda yaşadığı dövrdə belə dünyanın sonunun gələcəyi ilə bağlı qorxular olub. İndiyədək alimlər, ekstrasenslər, ssenaristlər, rəssamlar bu barədə danışıb və ya təsvir ediblər. Ədəbiyyat adamları niyə əskik qalsınlar? Odur ki, yazıçılar da tənbəllik etmədən dünyanın sonu ilə bağlı qələmlərini işə salıblar. Görək bu yazıçılar arasında qiyamət gününü ən çox kim yaxşı təsvir edib?

F.D. Ceyms"Bəşər övladı”: Əsərdə kütləvi sonsuzluq bəşəriyyəti məhv olmaqla üz-üzə qoyur. Dünyanın lider dövlətlərinin başçıları mübarizə üsulları axtararkən, əksinə bir az da rəqabət sayəsində vəziyyəti çətinləşdirirlər. Bəzi ölkələrdə insanları doğuma məcbur etmək üçün diktatura qurulur. Uzun illərdən sonra doğulan tək bir körpə oğlan son ümid yeri olur ki, hakimiyyət də ona miras qoyulur. Yeri gəlmişkən, əsərə 2006-cı ildə film də çəkilib.

Dmitri Qluxovski – "Metro 2033”: bu rus yazıçını ən yaxşı postapokalipsis təsvirçisi hesab edirlər. Qluxovskiyə görə, dünyanın sonu 2033-cü ildə baş verəcək. Dünyanın sonun gətirən səbəblər isə təbii fəlakətlərlə deyil, müharibələr sayəsində baş tutacaq. Ona görə də dövlətlər sağ qalmış vətəndaşları ilə birlikdə yeraltına – metrolara köçüb yaşayırlar. Yer üzündə yalnız döyüşən robotlar və hərbi texnikanı idarə edənlər qalır. Hər metro stansiyası isə şəhər kimi sıralanır. Artıq yer üzü üçün deyil, yeraltı üçün mübarizələr gedir.

Kormak Makkarti – "Yol”: təbii kataklizmlər vasitəsilə dünyanın bir qismi və bitki örtüyü məhv olur. Bəşəriyyətin sağ qalan qismi aclıqdan əziyyət çəkdiyi üçün şiddət və hannibalizm baş alıb gedir. Bir ata oğlu ilə bərabər uzun səfərə çıxıb cənuba doğru gedirlər. Məqsəd qurumamış dəniz tapıb təbii məhsullar əldə etməkdir.

Co Hill – "Yanğın”: dəhşətlər kralı Stiven Kinqin oğlu olan bu yazıçının əsərində naməlum xəstəlik insanlığı məhv etmək üzrədir. İnsanlar bir-birinin ardınca xəstəlikdən ölür. Camaat arasında belə xəbər yayılır ki, bir səfil kişi öz bədənini yandırmaqla bu xəstəlikdən xilas ola bilib. İnsanlar məlumatsızlıqdan və sağ qalmaq cəhdi ilə özlərini yandırırlar, amma uğurlu alınmır. Çoxu özünü yandırmaqla kütləvi yanğınlara səbəb olur. Tibb bacısı Harper Qreyson həmin kişini axtarmağa başlayır, çünki hamilə olan bu qadın özündə xəstəliklərin əlamətlərini hiss edir. Özü və bətnindəki uşağı xilas etmək üçün bu adamı tapmaqdan başqa əlacı olmur.

Skot Vesterfild – "Eybəcər”: bəşəriyyətin böyük hissəsi naməlum səbəblərdən məhv olur. Yerdə qalan hissəsinin isə sifəti eybəcərləşir. İnsanlar simurq quşu kimi küldən yenidən baş qaldırırlar. Bu dəfə də estetik cərrahiyyənin güclü rəqabəti gedir. 16 yaşına çatandan sonra hər bir insan bıçaq altına yataraq eybəcər üzünü əməliyyat vasitəsilə gözəlləşdirir. Yalnız yeniyetmə bir qız bundan imtina edərək yeni dünya axtarışına çıxır.


Şəfiqə ŞƏFA