Aqil ABBAS: HAKİMİYYƏTİN MƏNBƏYİ XALQDIR

AQİL ABBAS
64340 | 2018-04-13 10:05

Ulu Öndər Heydər Əliyev deyir (mən böyük şəxsiyyətlər, sərkərdələr, şairlər, sənətkarlar haqqında keçmiş zamanda danışmağı xoşlamıram): «Azərbaycan dünyaya günəş kimi doğacaq». Dünyaya günəş kimi doğmağın yolu isə yalnız və yalnız demokratiyadan keçir. Demokratiya da xalqın hakimiyyəti deməkdi. Ona görə də Ulu Öndər bu müdrik kəlamı işlədib: «Hakimiyyətin mənbəyi xalqdır». Bu eyni zamanda onu ifadə edir ki, hakimiyyət xalqındır. Başqa yol dövləti də, ölkəni də, milləti də uçuruma aparar. Necə ki bunu Yaxın Şərqdə görürük.

Ulu Öndər iqtidara gələnədək hakimiyyət xalqda deyil, əllərində silahlı dəstə olan ayrı-ayrı şəxslərin əlində idi. Kim daha güclüydüsə hakimiyyət də onun əlindəydi. Məhz bu səbəbdən də hakimiyyət tez-tez dəyişir, ölkə qırx arşın quyunun dibinə düşürdü.

Nəhayət, xalq ölkəni bu uçurumdan çıxara biləcək dünyaca ünlü siyasətçi Heydər Əliyevi ümid yeri bildi, inam yeri bildi və üzünü Ona tutdu. Və bu müdrik siyasətçi ikicə ilin içində bütün silahlı dəstələri zərərsizləşdirdi, separatizmin kökünü kəsdi və özü də bu silahlı dəstələri, separtizmi, bu qiyamları təkcə silah gücünə deyil, həm də xalqın gücüylə, xalqın qüdrətiylə məhv etdi. Və qətiyyətlə bildirdi ki, hakimiyyətin mənbəyi xalqdır və bir daha kimsə bu xalqı tapdayıb hakimiyyətə gələ bilməz. Və hakimiyyəti ayrı-ayrı silahlı dəstələrin əlindən alıb xalqa bağışladı: buyurun, xalq kimi istəyər onu da hakimiyyətə gətirər. Beləlikə, demokratiya qalib gəldi. Və Azərbaycan bir inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyev Ermənistan təcavüzünə məruz qalmış, torpaqları işğal olunmuş, iqtisadiyyatı məhv olmuş bir ölkəni öz müdrik siyasəti ilə qırx arşın quyunun dibindən çəkib çıxarmağı bacardı. Nəinki quyunun dibindən çəkib çıxartdı, həm də dünyaya tanıtdı. Özünün sözü ilə desək, Azərbaycan dünyaya günəş kimi doğdu.

Dünyanın Azərbaycanı qəbul etməsində, böyük dövlətlərin ölkəmizə yuxarıdan aşağı deyil, tərəf müqabili kimi baxmasında, ölkəmizlə hesablaşmalarında Ümummilli Liderin dünyadakı böyük nüfuzu da xüsusi rol oynadı.

«Şən və hazırcavablar»ın işlətdiyi bir ifadənin arxasında böyük bir məna yatır: «Tı komu Kreml pokazıvaeş?» Dünyanın böyük siyasətçiləri Heydər Əliyevin önündə söz sahibi ola bilmirdilər, Heydər Əliyevə siyasətdən dərs deyə bilmirdilər. Ulu Öndərin siyasəti qarşısında hətta bəzən çaşırdılar. Qısası, yəni tı komu Kreml pokazıvaeş?

Bəli, Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycanı gələcəyə, sabaha aparacaq bir yol tikdi – bu demokratiya yoluydu, Azərbaycanı dünyaya tanıtdı və həm də özünün həyata keçirməyə çatdıra bilmədiyi arzuları həyata keçirəcək bir əmin əllərə tapşırdı.


«Mən İlham Əliyevə özüm qədər inanıram!» Bu inam ordan doğurdu ki, İlham Əliyev böyük Heydər Əliyev məktəbi keçmişdi. Böyük-böyük universitetləri qurtarmaq olar, böyük bilgilər qazanmaq olar, amma liderlik gərək insanın qanında ola, genində ola, ruhunda ola. Elə məktəblər var ki, böyük-böyük universitetlərdən də güclüdü. Bunlardan biri də Heydər Əliyev məktəbidi. İlham Əliyev də bu böyük məktəbin yetirməsi idi. Ulu Öndər bunu görürdü, ona görə də deyirdi: «Mən İlham Əliyevə özüm qədər inanıram!»

İlham Əliyev də bu etimadı doğrultdu, xalqın içində oldu, xalqının sevgisini, etimadını qazandı. Və arxasında xalqının gücünü hiss edən bir liderə çevrildi. Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxartdı. Dünyada baş verən böhranlar təbii ki, Azərbaycandan da yan keçə bilməzdi, amma Möhtərəm Prezident elə bir iqtisadiyyat modeli qurdu ki, ölkə bu böhranın içinə düşmədi. Əksinə, ildən-ilə iqtisadi inkişafa nail oldu. Həm də bu iqtisadi model ölkəni neft asılılığından xilas etməkdədi. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycanı neftin deyil, qeyri-neft sektorunun hesabına iqtisadi cəhətdən güclü respublikaya çevirmişdi. Və bugünki iqtisadi model də məhz 70-80-ci illərdə Ulu Öndərin ənənəsini qoyduğu həmin modelə söykənir.

Mən burda ölkənin iqtisadi inkişafı ilə bağlı rəqəmləri sadalamaq fikrində deyiləm, çünki bu göz qabağındadı, həm də hər gün mətbuatdan oxuyursuz, televiziyadan görürsüz. Qısası, onu demək istəyirəm ki, bu gün Azərbaycan dünyanın mərkəzlərindən birinə çevrilib. Bütün yollar Romaya getmir indi, indi bütün yollar Azərbaycandan keçir. Azərbaycan bütün dünyanı birləşdirir.

Bu da Möhtərəm Prezidentimizin müdrik daxili və xarici siyasətinin nəiticəsidir. Ulu Öndərdən sonra Azərbaycanda vəziyyətin dəyişəcəyinə , əmin-amanlığın, sabitliyin pozulacağına , ölkəmizin var-dövlətini sorulub aparılacağını ehtimal edən dünyanın özündənrazı dövlətlərinin liderləri qısa bir zamanda yanıldıqlarını gördülər. Və gördülər ki,İlham Əliyevin şəxsində onların önünə gənc, enerjili, cəsarətli və qüdrətli yeni bir Heydər Əliyev çıxıb və onunla hesablaşmağa məcburdurlar.
Möhtərəm Prezidentimiz çox qısa bir zamanda özünü bir dünya lideri kimi təsdiq elədi. Heç bir qüdrətli dövlətlərin önündən geri çəkilmədi, öz sözünü dedi və həm də Azərbaycanı borc alan bir ölkədən borc verən bir ölkəyə çevirdi. Bu da Ümummilli Liderin əsasını qoyduğu və Möhtərəm Prezidentimizin yüksək səviyyədə həyata keçirdiyi böyük layihələrin hesabınadı. Və dünyanın diqqətində olan daha böyük layihələr həyata keçirilməkdədi.

Mən tez-tez bölgələrdə oluram. Özü də təkcə Qarabağda deyil, bütün bölgələrdə. Özüm də ünsiyyətcil adamam. İnsanlar səmimi insan görəndə özləri də səmimi olurlar. Və mən xalqın İlham Əliyev cənablarına necə bir inam bəslədiklərini, xalqın öz Liderinə necə böyük bir sevgisi olduğunu görürəm.
Seçki ərəfəsində də Qarabağdaydım. Bir yerliçilik eləyim də, Qarabağ camaatının Möhtərəm Prezidentimizə sevgisi mənə elə gəlir ki, daha çoxdu. Təbii ki, bunun da kökündə o inam dayanır ki, İlham Əliyev cənabları Qarabağı işğaldan azad edəcək. Seçkilərdə də Qarabağ camaatı hamıdan fəal idi.

Bəli, aprelin 11-də hakimiyyətin mənbəyi olan xalq öz seçimini etdi: yekdilliklə İlham Əliyev cənablarına səs verdi! Azərbaycanın sabahına, gələcəyinə səs verdi! İlham Əliyev cənabları bir daha öz arxasında xalqının gücünü, qüdrətini hiss elədi!

Möhtərəm Prezident! Sizi yenidən dövlət başçısı seçilməniz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, xalqımızın daha firavan və daha əmin-amanlıqda yaşaması üçün apardığınız mübarizədə uğurlar arzulayıram!

Sizin Şuşaya bayraq sancacağınıza Tanrıya, Günəşə, Torpağa, Suya inandığımız qədər inanırıq!
Siz buna qadirsiz və inşallah, edəcəksiz!

Tanrı və Xalqımız yardımçınız olsun!


TƏQVİM / ARXİV