adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Aprel 2018 12:47
14981
ƏDƏBİYYAT
A- A+

Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı yazıçı Mirmehdi Ağaoğludur.


- Bu yaxınlarda "85-ci gün” hekayəniz İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsində birinci yerə layiq görüldü. Bu münasibətlə sizi təbrik edirəm. Səhv etmirəmsə hekayə 3 il əvvəl də Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan "Quran motivləri əsasında hekayələr” müsabiqəsi çərçivəsində birinci yer tutmuşdu. Ümumiyyətlə, necə düşünürsünüz beynəlxalq müstəvidə bu uğurun əldə olunmasında hekayə janrının hansı xüsusiyyəti olmalıdır ki, diqqəti cəlb edə bilsin?

- Açığı bilmirəm. Məncə xüsusi bir resepti yoxdur. Sadəcə yaxşı hekayə yazmalısan. Kimlərsə elə bilir ki, İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi müsabiqəyə əvvəlcədən hazırlaşmışam, ora üçün xüsusi nəsə yazmışam. Elə bir şey olmayıb. Belə bir müsabiqənin keçirildiyini öyrənəndə fikirləşdim ki, "Quran motivləri əsasında hekayələr” müsabiqəsində qalib olan "85-ci gün” adlı hekayəmi göndərim. Əvvəla bu hekayə çox sevildi və müzakirə olundu, bizdə belə hekayə yazılmadığını deyənlər oldu. Bəzi dostlarım isə bu hekayəni türk dilinə çevirib orda çap etdirməyi məsləhət gördülər. Orda geniş maraq doğuracağını düşünürdük. Ancaq nədənsə bu arzum həyata keçmədi. İranda belə müsabiqənin olduğunu öyrənəndə isə dedim məqamı yetişib, yaxşısı budur əsəri ingilis dilinə tərcümə etdirib göndərim müsabiqəyə. Yer tutar, tutar, tutmazsa da ən azından əlimdə ingilis dilinə tərcümə olunmuş mətn olar, xarici nəşriyyatlara yollayaram, münasib bilsələr çap edərlər. Bax, beləcə "85-ci gün” ün üzərində dayandım. Sənə başqa şey də deyim, yəqin bir azca düşüncəsi olan adam İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi müsabiqəyə ateizm mövzusunda hekayə göndərməz. Əksi axmaqlıq olardı. Bəzən müsabiqələrin də qeyri-rəsmi, yazılmamış şərtləri olur. O şərtlərə əməl etməlisən. Adətən Nobel mükafatının verilməsi ilə bağlı belə müzakirələr olur: Niyə Tolstoya mükafat vermədilər? Niyə Kundera, Filip Rot qala-qala Bob Dilan? Çünki mükafatın sahibini seçən jürinin müəyyən bir düşüncəsi, dünyagörüşü olur. O dünyagörüşü də bəzən əsərə qiymət verilməsinə təsir edir.

- Beynəlxalq müsabiqələrdə dil bilgisinin önəmi vacibdir. Bu bir növ yazıçı üçün əlavə üstünlükdür. Bu haqda nə deyə bilərsiniz?

- Dil bilgisi mənim yaralı yerimdir. Açığı ingilis dilini bilmədiyim üçün İranda çox utandım. Demək olar ki, iflic vəziyyətində idim, lal adamlar kimi əl-qol hərəkətləri ilə danışırdım. Yaxşı ki, yanımda Azərbaycandan getmiş başqa iştirakçılar da var idi. Çox vaxt onların yardımından istifadə edirdim. Buna görə də qərar vermişəm ki, ən qısa vaxta ingilis dilimi təkmilləşdirim. Daha 20-30 il əvvəlki kimi deyil, imkanlar genişdir. Xarici dil biləndən sonra adicə internet üzərindən xarici nəşriyyatlarla, dərgilərlə əlaqə yaratmaq olar, əcnəbi qələm adamları ilə yeri münasibət qurmaq olar. Buna görə də düşünürəm ki, gənc yazarlar əsər yazmaqdan çox dil bilgilərin inkişaf etdirsələr daha yaxşı olar.

- Bu uğur həm də onu göstərdi ki, müasir Azərbaycan ədəbiyyatı heç də düşünüldüyü kimi tənəzzül dövrünü yaşamır. Demək ki, ortada ciddi mətnlər var. Bəs bu mətnlərin dünya ədəbiyyatına çıxışı üçün hansı addımlar atılmalıdır?

- Bizim ən böyük problemimiz dil bilgisidir. İndiki zamanda təkcə ana dili ilə irəli getmək olmaz. Bayaq da dedim ingilis dilini bildikdə asanlıqla xarici nəşriyyatlarla əlaqəyə keçmək olar, xarici nəşrləri oxumaq olar. Əlbəttə bunlar fərdi inkişaf yollarıdır, ancaq ümumilikdə götürdükdə bu məsələdə dövlətin üzərinə böyük yük düşür. Ədəbiyyatımızın xaricdə təbliği məsələlərini yenidən gözdən keçirməlidirlər. Köhnəlmiş, üç-beş nəfərin marağına xidmət edən yollardan imtina etmək lazımdır. Gözümüzün qabağında ən azı Gürcüstan nümunəsi var. Onlardan öyrənə bilərik.

- Dünya ədəbiyyatında daha çox Nobel mükafatına layiq görülən yazıçılardan danışılır, onların əsərləri təriflənir və oxunur. Bu nə dərəcədə doğrudur? Yəni, bu mükafata layiq görülməyən dəyərli yazıçılar yoxdurmu?

- Bu cür siyahılar daha çox həvəskar oxucular üçün əhəmiyyət daşıyır. Peşəkarlar üçün elə bir bölgü yoxdur. Nobel mükafatının ilk dəfə təqdim olunduğu 1901-ci ildən bu yana nə qədər yazıçı var ki, adları mükafat alanlar siyahısında yoxdu, ancaq XX əsr dünya ədəbiyyatının istiqamətini dəyişiblər. Yüzlərlə yazıçı var ki, Nobel almasalar belə sevə-sevə oxunurlar: Məsələn, Coys, Prust, Tomas Vulf, Borxes, Eko, Kundera, Əhməd Hamdi Tanpınar, Çingiz Aytmatov. Siyahını nə qədər desən uzatmaq olar. Eləcə də Nobel mükafatı almış yazıçılar da var ki, unudulmuş kimidirlər.

- Sanki bizim ədəbiyyatda "iddiasızlıq” sindromu var. Məsələn Pulitser mükafatına iddialı olmaq...

- Bildiyimi qədəri ilə Pulitser mükafatını əcnəbi müəlliflərə vermirlər. Ona görə də heç kəsi çaşdırma, nahaq yerə Pulitser mükafatına iddialı olmasınlar (gülür). Zarafat bir qırağa, hər hansı bir mükafatı düşünüb onun üçün yazmağı qəbul edə bilmirəm, xüsusən də beynəlxalq mükafatlar barədə xam xəyala düşmək ən azı sadəlövhlükdür. Axı necə demək olar ki, filan əsərim Buker alacaq? Əvvəla ona görə ki, qarşımızda bizdən asılı olmadan yaranmış maneələr var, o maneələri aşmaq lazımdır. Yəni birdən-birə hopp edib Buker almaq olmaz. Bayaq dediyim kimi, ədəbiyyatımızın dünya səviyyəsinə çıxmağı üçün mühit lazımdır. Bunun üçün də dövlət səviyyəsində işlər görülməli, müəyyən islahatlar aparılmalıdır. Misal üçün, bizim yazıçıların əsərlərini çap edən xarici nəşriyyatlara qrant ayırmaq olar və sair və ilaxır. Yəni bu məsələlərə korporativ səviyyədə yanaşmaq lazımdır ki, bəhrəsini görək.

- Çağdaş dövr ədəbi mühitində tənqidçilik daha çox tərif yönündə başa düşülür. Dostluq, münasibətlər hər hansı bir yazının tənqidi tərəfini bağlayır. Buna münasibətiniz necədir?

- Kim o cür düşünürsə səhv edir. Nəyinsə naminə həqiqətə göz yummaqla kimsə oxucuları aldatdığını düşünə bilər. Ancaq elə deyil, hamı hər şeyi yaxşı görür. Dostluq münasibətlərinə görə və ya nəyinsə qarşılığında kimsə kimin haqqındasa tərif dolu yazı yazırsa onun altını nə vaxtsa mütləq çəkir, həmin obyektivlikdən uzaq yazı minaya çevrilib bir gün həmin adamın yolunda partlayaraq bioqrafiyasını şikəst edir. Oxucuları aldada bilərsən, hətta haqqında yazdığın yazıçını da aldada bilərsən, amma ədəbiyyatı aldada bilməzsən. O, xəyanəti bağışlamır.

- Bir neçə il öncə "Proloq” qəzetində silsilə yazılarınız dər olunurdu. Düzü sizi bu qəzetdə dərc olunan yazılarınızla tanımışam. Necə düşünürsünüz sosial medianın inkişafı, elektron kitablar qəzet və kitab sənayesini hansı şəkildə kölgədə qoyur, bunun mənfi və müsbət tərəfləri nədi?

- Təkcə bizdə yox, dünyanın hər yerində kağız mediasının sıxışdırılması prosesi gedir. Ən əvvəl ona görə sosial media daha operativdir. Anında xəbərləri əldə edə bilirik. İkincisi xəbər əldə etmək yolları dəyişib. Əgər dünənə qədər kimsə hər hansı bir məsələyə münasibətini bildirmək üçün mətbuat konfransı keçirir və ya qəzetə açıqlama verirdisə indi həmin adamla ictimaiyyət arasında vasitə aradan qalxıb, məsələn, Tramp Şimali Koreyanın nüvə sınaqları ilə bağlı tvit, yazır bütün dünya anından onun münasibətindən xəbər tutur. Elektron kitabların ənənəvi kitabları üstələməsinə gəldikdə isə... Bu barədə Lyosanın "Ədəbiyyatsız dünya necə olardı?” adlı çox gözəl bir essesi var, onu tapıb oxumağı məsləhət görürəm. Düşünürəm ki, hələ uzun müddət kağız kitab oxumaq vərdişlərimizdən əl çəkməyəcəyik.

- Sosial mövzulara yaradıcılığınızda daha çox müraciət edirsiniz. Əslində bu hekayəni oxucu üçün daha maraqlı və səmimi edir. Bu səpkidə yazmaq sizə rahatdı, ya necə?

- Qarşıma sosial mövzuda yazmaq kimi öhdəlik qoymamışam. Hansı mövzuda ürəyim istəyirsə, hansı mövzuda ağlıma hekayə gəlirsə o mövzuda da yazıram. Bu məsələlərdə tam azadam. Ancaq bəzən cəmiyyətdə baş verən elə hadisələr olur ki, onlar haqqında yazmasan olmur. Bildiyim qədəri ilə hazırda dünyada da sosial mövzulara maraq artır, yazıçılar bu mövzulara üstünlük verirlər.

- Ədəbiyyatdan başqa hansı sahədə fəaliyyət göstərmək istərdiniz?

- Böyük məmuniyyətlə rəsm qalerayalarından birində kurator işləyərdim. Rəssamlığı çox sevirəm.

- "Ədəbiyyata gəlmək”,"Ədəbiyyatdan getmək” fikrinə münasibətiniz...

- Sözdür də deyirik. Ədəbiyyata gəlməyini və ya getməyini elan etməklə nə ədəbiyyata gəlmək olur, nə də ədəbiyyatdan getmək olur. Bunlara əlahəzrət zaman özü qiymət verir: kim ədəbiyyata gəlsin, kim ədəbiyyatdan getsin, kim qalsın, kim qalmasın. Hətta ola bilər heç kəsin tanımadığı fağır bir şairin bir bənd şeiri ədəbiyyat tarixində qalsın, ancaq ömrü boyu cild-cild kitablar yazan xalq şairinin bir misrası da yaddaşlara həkk olmasın.

- Keçmiş, yoxsa gələcək?

- "Gələcək” tarix boyu heç bir zaman indiki qədər maraqlı olmayıb. 21-ci əsrdə bizi bir-birindən qeyri-adi hadisələr gözləyir, o hadisələr ki, hələ heç bir fantastik əsərdə yazılmayıb, hələ heç kəsin ağlına gəlməyib. Onları heç xəyal da etməmişik. Bəşəriyyət artıq Marsa səyahət etməyə hazırlaşırıq. Otuz il əvvəl varlığını sehrli xalça kimi yalnız xəyal etdiyimiz nə qədər cihaz, elektron yeniliklər ətrafımızda var. Sabah bundan iki dəfə artığı, üç qat artığı olacaq. Bir də gördün əsrin axırına başqa planetlərdə koloniyalar qurduq. Bəşəriyyət artıq yeni bir mərhələyə qədəm qoymaqdadır. Ağlımıza gəlməyən, fantaziyamızın çata bilməyəcəyi maraqlı gələcək yaxınlaşır. Bu yaxınlarda Yuval Noah Hararinin "Homo Deus” adlı kitabını oxudum. İnsanlığın gələcəyindən bəhs edir. Açığı heyrət elədim, necə ki, nə vaxtsa meymunabənzər varlıqlardan bildiyimiz insana çevrilmişdik, deyəsən növbəti əsrdə də insandan tamamilə başqa bir varlığa çevriləcəyik. Bizə inanılmaz görünə bilər. Axı bizim indi kosmosa uçmağımız, min kilometr məsafədən bir-birimizi görüb-eşitməyimiz də insanabənzər meymunların ağlına gəlmirdi. Ola bilsin gələcəyin insanı yarı kiporq, yarı insan varlıq olsun, ola bilsin süni zəka hər şeyə sahib çıxsın. Bunlara hələ elm özü də cavab tapa bilmir. Ona görə Harari kitabına "Homo Deus”, yəni "Tanrı insan” adını verib. Belə bir gələcəyi qoyub keçmişin peşinə düşmək nə qədər doğrudur?

Hə, gələcək haqqında bu qədər danışdım... Ancaq, Tural, sənə deyim ki, bütün bunlarla birlikdə ağlımın bir küncündə mənim ideal bir məkanım, "cənnətim” var ki, həmin cənnət keçmişdə yerləşir. Özü də o qədər də uzaq keçmişdə yox, ötən əsrin səksəninci illərinin kəndində, doğulduğum kənddə. Və hərdən həmin o idillik mənzərə ilğım kimi gözlərimin qarşısında canlanır.

- Son olaraq "söz” haqqında sözünüz...

- Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram. Bəzən özümdən müxtəlif bəhanələr uydurub yazmaqdan qaçıram. Nə vaxt ki, görürəm artıq yazmasam olmayacaq, onda yazıram. Qabaq deyəsən belə deyildim, ağzıma gələni hüdüləyib tökürdüm. Yəqin get-gedə sözün dəyərini anlayıram. Adamlar olur e, həmişə deyirlər, hələ ibadətə hazır deyiləm, gərək əvvəl filan-filan işləri tərk edim ki, sonra namaza başlayım və ya ziyarətə gedim. Bax məndə də bəzən sözə qarşı eyni həssaslıq yaranır. Sözün, yazmağın sehri, mistikası mənim üçün o qədər böyükdür ki, bu sakrallığı pozmamaq üçün özümlə sözün arasına sədd çəkirəm. Bir şeyi də deyim. Məncə söz insanlığın ən böyük kəşfidir. O qədər böyük kəşfdir ki, onun dəyərini anlayan əcdadlarımız uca göylərdən göndərildiyini iddia etdikləri müqəddəs kitablarda sözün qiymətini belə vermişdilər: əvvəl söz vardı.


Söhbətləşdi: Tural Cəfərli