adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Aprel 2018 22:47
8233
GÜNDƏM
A- A+

Yaşadığı küçənin əbədi sakini

Yalə
Həmidova,
Uzunboyad kənd tam orta məktəbin
müəllimi


Doğma Azərbaycanımızın əzəli və əbədi bir yurd yeri də Şabrandır.
Qədim Şirvan torpağının ulu və şanlı bir tarixə malik Şabran bölgəsinə qədəm qoyan hər kəs ilk əvvəl bu torpağın hər qarışından boy verib görünən əsrlərin yadigarı əzəmətli Çıraqqalanı görər.
Yaşı III-V əsrlərə gedib çıxan Çıraqqala müdafiə istehkamıdır. Ulu babalarımız bu qalanı doğma yurd-yuvanı düşmən hücumundan müdafiə etmək üçün inşa etmişdir.
Doğma yurdumuzda Vətəni qorumaq üçün tikilən belə müdafiə qalaları lap çox-çoxdur.
Ancaq burası da var ki, elin-obanın təhlükəli, ağır günlərində yurdun mərd, qeyrətli övladları sinələrini sipər edib Vətənə arxa-dayaq durublar.
Elin oğlanları, elə qızları da Vətənə etibarlı qala olublar.
Tarixdə Böyük Vətən müharibəsi adlanan 1941-1945-ci ilin qanlı savaşında xalqımızın igid oğlanları da cəbhəyə yollanıblar ki, SSRİ adlanan məmləkətimizi faşist işğalından qorusunlar.
Axı, alman faşistlərinin SSRİ-ni işğal edə-edə gəlib çıxdıqları Mozdokdan, necə deyərlər, bir az aralı "əcdadlarımızın mədfəni" olan doğma Azərbaycanımız idi. Babalarımız əldə silah faşistlərlə döyüşürdülər ki, düşmən ayağı müqəddəs torpaqlarımıza dəyməsin.
Bizim Şabran şəhərində yaraşıqlı küçələr çoxdur. Babam Fətulla Həmidovu neçə ildir ki, qonum-qonşu yaşadığı küçədə görmür. Görüb onunla salamlaşmırlar, əvvəlki kimi mehribanlıqla keçmiş müharibə veteranlarından hal-əhval tutmurlar. Axı babam artıq neçə illərdir ki, öz haqq dünyasına qovuşub. Amma... Amma burası da var ki, babam yenə də elə yaşadığı küçənin sakinidir. Axı, babamın bir vaxt yaşadığı küçə indi onun adını daşıyır. Hələm-hələm adamların adına küçə verib əbədiləşdirmirlər. Axı, babam da qəhrəman olub, müharibə qəhrəmanı.
Bizim Şabranda Uzunboyat adlı bir kənd var. Həmin kənddə tam orta məktəbdə müəlliməyəm. Rayon mərkəzində yaşadığımdan hər gün kəndə gedib gəlirəm. Günlərin bir günü kənddən evimizə qayıdanda yolumu məzunu olduğum şəhər 2 nömrəli tam orta məktəb-liseydən salmışdım. Məqsədim mənə dərs demiş ədəbiyyat müəllimi ilə görüşüb fikir mübadiləsi aparmaq, təcrübəli müəllimimdən lazımi mələhətlər almaq idi.
Sinfə keçib arxa partaların birində tək oturmuş bir şagirdin yanında əyləşdim. Oğlan mənə tanış gəlirdi. Şəhərin hansı tərəfində yaşadığını xəbər aldım.
- Fətulla Həmidov küçəsində yaşayıram, - dedi.
Deməli, baba evinə gedəndə küçədə gördüyümdən oğlanın sifəti mənə tanış gəlmişdi.
Babamla daxili qürur hissi ilə xəbər aldım:
- Bilirsənmi kim olub Fətulla Həmidov?
Şagird qürurla:
- Əlbəttə, - dedi, - atam-anam danışır ki, bir vaxt qonşuları olmuş Fətulla baba müharibədə vuruşub, qəhrəmanlıqlar göstərib.
Cəbhədən gələn bir-birindən ağır xəbərlər, düşmənin ölkənin paytaxtı Moskvaya yaxınlaşması, Leninqradın mühasirəsi, bir də ən əsası doğma Azərbaycanımızın şimal sərhədlərinə, Mozdokacan yaxınlaşması babama ağır gəlib. Hərbi komissarlığın çağırışını gözləmədən 16 yaşında könüllü cəbhəyə yola düşüb.
Özümü güclə saxladım, az qala üzümü sinfə tutub ucadan: - Bax, o mənim babamdır, demək istədim. Ancaq susub babamın xatirəsinə ithaf etdiyim şeirin bir bəndini ürəyimdə öz-özümə pıçıldadım:

Divardan bir əsgər şəkli asılıb,
Ordan baxan gözlər nə mehribandır.
Adı ürəklərə çoxdan yazılıb,
O, ölməz, yenilməz bir qəhrəmandr.

Böyük Vətən müharibəsində Stalinqrad uğrunda döyüşlər tarixdən bildiyimiz kimi sovet ordusu üçün həlledici oldu. Fətulla babam da Stalinqrad uğrunda alman faşistləri ilə döyüşlərdə qəhrəmanlıq, hünər göstərib. Döyüş təltiflərilə layiq görülüb.
Hazırda Volqoqradda şəhər uğrunda gedən döyüşlərdə sovet əsgərlərinin şücaətini əks etdirən Döyüş muzeyi yaradılıb. Muzeyin eksponatları arasında babama aid də sənədlər var.
Babam döyüşlərdə dəfələrlə yaralansa da həmişə cəbhəyə can atıb. Rusiyada, Ukraynada, Belorusiyada, Litvada döyüşüb. Bir sözlə, təkcə Vətən bildiyi SSRİ-ni qorumayıb. Şəhərləri-kəndləri viran qoyan, evlərin od-ocağını söndürən, anaları, ataları övladsız, bacıları qardaşsız, ən ağrılıcı - uşaqları ata-anasız qoyan fəşizmdən bəşəriyyəti xilas etmək üçün vuruşub.

Bizə nümunədir şərəfli yolu,
Bu yol qələbəyə zəfərlə dolu,
Onunla fəxr edir qızı, oğlu,
Həyat hekayəsi əsl dastandır.