Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ƏHMƏD CAVAD Adalet.az | ƏHMƏD CAVAD Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

ƏHMƏD CAVAD

5469    |   2018-04-10 22:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

XX əsrin əvvələrində milli istiqlal ideyasının formalaşmasında AXC dövründə milli dövlətçilik şüurunun möhkəmlənməsində, milli və ictimai azadlığın itirildiyi sovet dönəmində istiqlal ideyasının yaşaya bilməsində Əhməd Cavad irsi, müstəsna rol oynamışdır.
5 may 1892-ci ildə dünyaya göz açan Əhməd Cavad, taleyinin ona ayırdığı ömür və fəaliyyət payının yaşandığı elə bir dövrdə yazıb yaratmışdır ki, bu zaman onun qismətinə bilavasitə millətinə, milli dövlətçiliyinə xidmət missiyası, xalqının xoşbəxtliyi uğrunda canını belə fəda etməkdən çəkinməmək xoşbəxtliyi düşmüşdür.
Ə.Cavad yaradıcılığının çoxşaxəliyi, ideya və problematika baxımından, milli vətəndaşlıq duyğularının inkişafı onun ədəbi fikir tarixindəki yerini, mövqeyini özündə daha aydın şəkildə əks etdirir. Şairin ilkin yaradıcılıq dövrünün milli dövlətçilik ideyalarının inkişafı və yaranması dövrünə düşməsi və sovet hakimiyyəti illərində yeni siyasi-tarixi şərtlər və sərait altında yazib-yaratması, elə həmin rejim tərəfindən repressiyaya məruz qalması onun yaradıcılığına və şəxsiyyətinə ictimai marağı bir qədər də artırmışdır.
Bir çox Azərbaycan sənətkarları kimi, milli dövlətimizin qızğın təbliğatçılarından biri olan Əhməd Cavadın sənətkar şəxsiyyətinin formalaşması prosesində müstəsna rol Azərbaycan Demokratik Respublikasınin yaranmasına aiddir.
45 il ömür sürmüş Əhməd Cavadın həyatında və yaradıcılığında cəmi 23 ay mövcud olmuş bir siyasi-mənəvi qurumun nə kimi rolu ola bilərdı?
Mövcud olmuş bu 23 ay təkcə Ə.Cavadın həyat və fəaliyyətinə təsir göstərməmiş, ürəyi vətən sevgisi ilə dolu olan hər bir ziyalının ömür taleyində payı olmuşdur.
"Ümumiyyətlə, Məhəmməd Hadi və Hüseyin Cavid, Hacı Kərim Sanılı və Əhməd Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov, Süyid Hüseyn və Cəfər Cabbarlı, Abdulla Sur və Tağı Şahbazi Simurq, Yusif Vəzir Çəmənzəminli və Firidun bəy Köçərli, Ümgülsüm və İ. Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə yazmışlar".
Əhməd Cavadın ömrünün 25 ili bir şair və şəxsiyyət, ictimai-siyasi xadim kimi Azərbaycan Demokratik Respublikası, daha dəqiq desək, müsavatçılıq ideologiyası ilə bağlı olmusdur.
Müstəqillik dövründə Gəncədə və Bakıda yaşayıb yaradan Əhməd Cavad pedaqoji fəaliyyətilə məşğul olmuş, poetik və publisistik yaradıcılığını davam etdirmişdir. Xüsusən, Milli Respublikanın başçısı Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı və dostluğu onun ədəbi-mədəni və ictimai həyata yaxından bağlanmasına rəvac vermişdir. Bu dövrdə Əhməd Cavad Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə "Müsavat" partiyasına və ilk respublikamız olan Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinə üzv və onun katibi seçilir.
Azərbaycan Cümhuriyyətinin rəsmi nümayəndəsi kimi 1918-ci ildə ona diplomatik pasport verilmiş, bu dövrdə qızğın fəaliyyət göstərən "Yaşıl qələmlər" dərnəyinin Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacibəyli, Əbdürrəhimbəy Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi görkəmli üzvləri arasında Əhməd Cavadın öz yeri vardır.
Əhməd Cavadın çoxcəhətli fəaliyyəti, gəncliyi, bir neçə dil bilməsi, istedadı, öz əqidəsindən, məsləkindən dönməz olması, dövrün nəbzini həssaslıqla tuta bilməsi və başqa keyfiyyətləri ona böyük şöhrət qazandırmışdır.
1916-cı ildə Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı işıq üzü görəndə gənc şairin 22 yaşı var idi. Düzdür, buna qədər o, çap olunmuş əsərlərinin sevincini duymuşdu, ancaq ilk kitabın doğurduğu sevinc və həyəcan bütün ömrü boyu onu müşayiət etməyə bilməzdi. Bu kitab doktor Xosrov bəy Sultanovun təşəbbüsü ilə "Cəmiyyəti-xeyriyyə" tərəfindən, çap edilmişdi. O zaman Türkiyədə olduğundan, bundan yalnız bir il sonra xəbər tutan Əhməd Cavad Bakıya göndərdiyi təşəkkür məktubunda yazırdı: "Qoşma" adı altında şeirlərimin kitabça şəklində çap olunmasına mənəvi və maddi yardımları toxunan Bakı müsəlman cəmiyyəti-xeyriyyə nümayəndəsi doktor Xosrov bəy Sultanova mübarək qəzetəniz ("Açıq söz" qəzeti - G.M.) vasitəsilə ürəkdən təşəkkürümü təqdim etməyinizi rica edirəm". 1919-cu ildə şairin istiqlaliyyət illərində yazdığı say-seçmə şeirlərdən ibarət "Dalğa" adlı toplusu çap olunur. "AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Əhməd Cavad Axundzadənin "Dalğa" kitabı idi". "Dalğa"ya "Bir-iki söz" adlı kiçik müqəddimədə Əhməd Cavad aşağıdakı sözləri yazırdı: "Bu kitabça say hesabıyla ikinci kitabçamdır. "Qoşma"nın qazandığı hüsni-təvəccöh bunu da təb etdirdi. İçərisində ən yeni parçalar olduğu kimi, pək əskiləri də vardır. Düzülüşü tarix etibarilə deyildir. Verilən izahlar da yoldaşların bir qisminin israrı üzərinədir".
Çox əlamətdardır ki, kitab "Azərbaycan bayrağı" şeiri ilə açılır. Şeir 1919-cu ilin 10 aprelində - Xalq Cümhuriyyəti qurulmasından az qala bir il sonra yazılmışdır. Lakin bu heç də o demək deyildir ki, buna qədər Əhməd Cavad milli respublika qurulmasına biganə qalmış, bu böyük tarixi hadisəyə şeirlər həsr etməmişdi. Sadəcə olaraq, "Azərbaycan bayrağı" şeiri - müqəddəs Quranın "Fatihə" surəsi kimi "Ümmül-kitab" - kitabın anası olmağa layiq görülmüşdü. Şeirə verilən izah da çox əlamətdardır və Əhməd Cavadı poeziyamızın milli istiqlal şairlərindən biri kimi xarakterizə edir:
"İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt, 10 aprel 1919-da Parlament binası üzərində dalğalanan Milli Bayrağa söylənmişdir".
Əhməd Cavada bir sərrastlıq və lakonizmlə deyilmiş və ilk baxışda çox soyuqqanlı görünən bu bir cümlədə şairin qəlbini coşduran, sinəsinə sığmayan fərəh və qürur hisslərini duymamaq olmur.
"Dalğa" kitabının nəşrindən dərhal sonra müstəqil respublikanın mərkəzi mətbu orqanı olan "Azərbaycan" qəzetində böyük resenziya verilmiş və burada Əhməd Cavad yaradıcılığı öz layiqli qiymətini almışdı. "Ə.H." imzalı müəllif xüsusi halda yazırdı: "...dalğa rəngində olan bu əsəri bütün oxuculara tövsiyə edirəm. Orada təbiət kimi sadə bir bidaət və coşğun bir nəhr kimi mühəyyic bir ruhun intiba və təməlləri vardır". Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədər ondan əvvəlki dövr həyatı və yaradıcılığı təkcə Azərbaycan istiqlalı uğrunda deyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü o illərdə qardaş ellərin istiqlal uğrunda mübarizə salnaməsi kimi səslənir. Hüseyn Baykara "Azərbaycan istiqlal mücadiləsi tarihi" adlı əsərində bu məsələyə xüsusi önəm verərək yazır:
"Bakı savaşı zəfərlə sonuclanır, Azərbaycan xalqı istiqlala qovuşur. Milli müstəqil Azərbaycan dövləti qurulur. Bir kaç ay sürür bu sevinc və məsud günlər. Hərbin taleyi "qarayazılı" günlərini gətirir Türkiyəyə. Mondros mütarikəsiylə Türkiyə savaşdan çəkilir və silahı buraxır. İzmir yunanlılar, İstanbul da ingilislər tərəfindən işğal edilir. Əhməd Cavad bu durumdan yaslara bürünən bütün Türkiyə və Azərbaycan xalqı ilə birlikdə dərdlənir və İstanbulun işğalında şöylə yazır:

O sevdiyim mərmər sinəli yarın
Diyorlar qoynunda yabançı əl var.
Baxıb üfüqlərə, uzaq yollara,
Ağlıyormuş mavi gözlü axşamlar."

Yuxarıda təhlil etdiyimiz "Kuropatkinə" şeirində isə Əhməd Cavad kobud rus çəkməsi altında inləyən Türküstan ellərinin dərdinə şərik olur, imperializmin müstəbid və qaniçən simasını lənətləyirdi.
Əhməd Cavadı istiqlal şairi kimi formalaşdıran 1917-1920-ci illər şirin bir xəyal kimi tez gəlib keçdi. Vətənin başı üzərində qorxunc aprel küləkləri əsərək Şimalın soyuq "səmumu" ilə ilıq, səmimi ürəklərə qənim kəsildi. Əhməd Cavadın həyat və yaradıcılığının 1920-ci ilin 28 aprelindən 1937-ci ilə qədərki dövrünü şairin həyatının "ikinci dönəmi" adlandıran Türkiyəli alim Sərvət Gürcan yazır: "Əhməd Cavadın həyatındakı və şeir yaradıcılığındakı ikinci dönəmin dönüm nöqtəsini 27 nisan 1920 tarixində Azərbaycan Cümhuriyyəti torpaqlarının Qızıl Ordu tərəfindən işğalı, "Türk birliyi" fikrinin getdikcə gerçəkləşmə nöqtəsindən uzaqlaşması, "Kültür birliyinin" məhəlli şivələrə dayanılaraq oluşdurulan "yazı dilləri"ylə ayrı-ayrı əlifbalarla bir-birindən fərqliləşməyə zorlanması və çox sevdiyi qızı Almazın gənc yaşda ölümü olayları təşkil etməkdədir. 1920-ci ildən ölümünə qədər olan zaman içərisində yazdığı hər şeirdə və tutduğu hər işdə bu böyük sarsıntının təsiri özünü yer-yer hiss etdirdi".
1925-ci ildə Əhməd Cavad yenə də qələminin güdazına gedir, "Göy göl" şeirinə görə həbs edilir. Bu işdə şairin bədxahlarının, gözügötürməyənlərinin də çox böyük rolu olur. Ə.Saləddin həmin əhvalatı belə təsvir edir: "1925-ci ildə "Göy göl" çap olunanda o dövrün vəzifəli şəxslərindən biri bu şeiri oxuyub deyib ki: "Kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur?!" Elə o vaxtlar Ə.Cavadın bədxah qələm yoldaşlarından üç nəfər həmin vəzifəli şəxsin yanına gəlib deyiblər ki: "O, müsavat bayrağını tərifləyir, görmürsünüzmü, aydan, ulduzdan danışır?" Onda həmin şəxs düşünmədən demişdir: "Arestovat svoloça!"

(ardı gələn sayımızda)

Göyərçin Abidqızı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK