adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Aprel 2018 12:23
11132
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AY ALLAH, ÖLDÜM…

Dayanacaqda durub gözləməkdən gözlərinin kökü saralmış sərnişinlər lap hövsələdən çıxıblar. «Azərbaycan» nəşriyyatının qarşısındakı avtobus dayanacağında 206 nömrəli marşrutu gözləyən beş-altı sərnişin var. Onlardan biri orta yaşlı qadındır. O, yenə həmin avtobusun gəldiyi istiqamətə baxır və ümidsiz halda dillənir:

- Belə də iş olar?! Başqa avtobuslar iki-üç dəqiqədən bir dayanacağa çatır, biz isə burda on beş dəqiqəyə yaxındır ki, 206 nömrəli avtobusu gözləyirik, hələ də gəlib çıxmaq bilmir ki, bilmir…

Qadının yanındakı sərnişin də bu sözləri eşidəndə hövsələdən çıxır:

- Vallah, bunların əlindən lap boğaza yığılmışıq. Hələ havalar isinib bir az gözləyə bilirik. Yanvar, fevral aylarında dayanacaqda soyuqdan birtəhər olduq. Nə yaxşı ki, bu qış elə də soyuq keçmədi. Yəni şaxta, qar olsaydı, gərək onda biz çoxdan soyuqdan xəstələnib yatağa düşəydik...

Birdən cavan bir oğlan sevincək halda deyir:

- Odey, iki yüz altı gəlir!..

Avtobusun dayanacağa yaxınlaşdığını görən sərnişinlər bu xəbərdən sevincəyə düşdülər. Ancaq avtobus dayanacağa çatanda gördülər ki, orda ayaq üstdə duran sərnişinlərin əlindən tərpənmək mümkün deyil. Yenə birtəhər dayanacaqdakılar özlərini avtobusun salonuna saldılar. Burda da çox çətinliklə ayaqüstə durmaq mümkün idi. Bir az kiməsə yaxınlaşırdın, o dəqiqə dirsəyiylə itələyirdi ki, ayağımı əzdin, geri çəkil.

206 nömrəli avtobus metronun «Elmlər Akademiyası» stansiyasından Sədərək Ticarət Mərkəzinə, ordan da Lökbatana istiqamət götürür. Yırğalana-yarğalana dayanacağa gəlib çatmış bu avtobusun sürücüsü də elə sərnişinlərə deyirdi ki, bir az da mehribanlaşın. Bu sözdən bir xanım sərnişin lap möhkəm əsəbləşdi və dedi ki, avtobus bezrazmer-zaddı ki, içi genişlənsin? İnsafın olsun, görürsən ki, ayaq üstə dura bilmirik. Hətta bəzisi bir ayağı üstə dayanıb. Sən bir ayağı üstə burdan Lökbatana gedib çıxa bilərsən? Tay bu sözdən sonra sürücü sərnişinə bir şey demədi.

Ancaq bir azdan sonra dedi ki, bircə məhkəmənin qabağında saxlayacağam. Düşənlər tez düşsün ki, yuxarı qalxanda maşın köhnə olduğu üçün onu saxlamaq mümkün olmur. Məhkəmənin də qarşısında qapını bağlayanda düşmək istəyən bir qadının ayaqları qapının arasında qaldı. Və həmin qadın qışqırıb «Allah, öldüm» - deyərək qapını açmağı sürücüyə bildirdi. Bu anı sərnişinlər də görüb hay-həşir saldı və yenidən sürücü qapını açdı. Ayaqları qapının arasında qalmış qadın axsaya-axsaya gəlib sürücüyə pulu verdi, amma buna görə bir şey demədi. Çünki onsuz da bu cür çətin vəziyyətə həmin avtobusda gedən sərnişinlər çoxdan öyrəşiblər.

Avtobus məhkəmənin qarşısında tərpəndi, üzü yuxarı hərəkət etməyə başladı. İşıqforu keçəndə yenidən sərnişinlərdən biri sürücüyə dedi, «saxla düşüm». Sürücü də bundan daha da əsəbləşdi və bildirdi ki, axı, mən sizə bayaq dedim ki, maşın köhnədi, yoxuşu qalxanda çox çətinliklə sürət götürür, sonra saxlamaq mümkün olmur. Axır ki, sürücü avtobusu saxladı və bu sərnişin də düşdü.

Çox qəribə idi ki, avtobusun bəzən arxa qapısı ya özbaşına açılır, ya da özbaşına bağlanırdı. Hətta bu cür təhlükəli vəziyyətə görə, sərnişinlər sürücüyə dəfələrlə öz iradlarını bildirdilər. Sürücü də dedi ki, mən neynim ey, köhnə maşındı, burasını düzəldirsən orası xarab olur, orasını düzəldirsən burası xarab olur…

Həqiqətən də 206 nömrəli marşrutda xəttə buraxılan ortatutumlu avtobusların əksəriyyəti texniki cəhətdən çox yararsız vəziyyətdədir. Soyuq günlərdə həmin avtobuslarda istilik sistemi də işləmir. Üstəlik də yay vaxtı soyuducu sistemi olmadığına görə, sürücülər avtobusu qapısı açıq idarə edirlər. Heç bilmək olmur ki, bu avtobusları sürücülər gecə harda saxlayırlar. Hansı ki, mövcud qanunla hər bir avtobus xidmət başa çatandan sonra qaraja aparılmalı, gecə saatlarında həmin maşınlarda texniki qüsurlar aradan qaldırılmalı, yuyulmalı, dezinfeksiya edilməlidir. Çünki səhər saatlarında avtobuslar xəttə saz vəziyyətdə buraxılmalıdır.

Çox təəssüf ki, bu sözləri 206 nömrəli marşrut barəsində demək mümkün deyildir. Ən azından ona görə ki, bu murşrutlarda həmişə bir səliqə-səhmansızlıq və antisanitariya hökm sürür. Bununla yanaşı, deyilənlərə görə, işə götürülmüş sürücülərlə əmək müqaviləsi bağlanmır. Bununla yanaşı, onlar səhər saatlarında növbəni qəbul edərkən həkim müayinəsindən keçirilmir. Bir sözlə, 206 nömrəli avtobuslarda qanunlara hörmətlə yanaşılmır.

Onu da qeyd edək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs əhaliyə nümunəvi xidmət göstərməyə borcludur. Ancaq belə köhnə avtobuslarla və texniki cəhətdən nasaz nəqliyyat vasitələrilə sərnişinlərə hansı yüksək xidmət göstərilə bilər? Üstəlik də həmin marşruta nəzarət də yetərincə deyil. Bu avtobuslar hər gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanından keçib gedir. Görəsən, heç bir dəfə yol polisi bu marşrutla bağlı reyd keçiribmi? Çünki bu reyd keçirilsə, o qədər nöqsanlar üzə çıxar ki, onu saymaqla qurtarmaq mümkün deyildi.

Bir faktı da qeyd edək ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri ölkə prezidentinin sərəncamıyla daha da artırılıb. Bu mənada bu cür marşurutlarda baş verən özbaşınalıqların qarşısının alınmasında adını çəkdiyimiz qurum öz sözünü deməyi bacarmalıdır. Əgər hər hansı sahibkar əhaliyə yaxşı xidmət edə bilmirsə və avtobuslar da müasir tələblərə cavab vermirsə, onda həmin marşrutu daha yüksək xidmət göstərə bilən sahibkara alıb vermək lazımdır.

206 nömrəli marşrutdakı sayı-hesabı bilinməyən nöqsanlar da onu deməyə əsas verir ki, bu marşurutda ya tezliklə həmin sahibkar tərəfindən yeni avtobuslar xəttə buraxılmalıdır, ya da bunu bacarmırsa, onda zəhmət çəkib geri durmalı və həmin marşurut ondan alınıb digər işgüzar sahibkara həvalə edilməlidir.

Hər halda, son söz Bakı Nəqliyyat Agentliyinindir. Bizimki nöqsanları göstərməkdir, məlum qurumlar isə o nöqsanları aradan qaldırmağa səy etməlidir.