adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2018 00:11
11139
ƏDƏBİYYAT
A- A+

Siz çox xoşbəxtsiniz!

Aprel ayının 7-də sadə sənət adamı, avtomobil təmirçisı Şəki şəhər sakini Məmmədəli Nadirovun oğlu Pərvizin toy məclisinə getmişdim. "Edem" şadlıq sarayına bu munasibətlə 600 nəfərdən çox qohumlar, qonşular, dostlar dəvət olunmuşdu. Məclisin aparıcısı-tamata Sahib Əlişanbəyli elan edəndə ki, bugunkü toyda Fransanın Elzas vilayətinin Kolmar şəhərindən qonaqlar - Fransua Siqvar və xanım Mişel Serney iştirak edir, bu məlumat hamı üçün maraqlı oldu və onlara söz verildi. Onları məclisə Bəxtiyar Vahabzadə adına Şəki 1№-li tam orta məktəbin direktoru, fransız dili müəllimi Tahirə Cabbarova gətirmişdi və qonaqların dediklərini də Tahirə xanım tərcümə edirdi. Xanım Mişel Serney dedi:
- Təxminən 3 il əvvəl Azərbaycanın Şəki şəhəri ilə Fransanın Kolmar şəhərləri arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqaviləyə görə Şəkidən Kolmara və Kolmardan Şəkiyə vaxtaşırı mütəxəssislər dəvət olunurlar. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun dəvəti ilə biz Şəkidəyik və bir aydan artıqdır Fransız dili tədris edilən 1№-li məktəbdə dərslərdə iştirak edirik, bu məktəbdə şagirdlərin necə dil öyrənməsini müşahidə edirik və onlara bu işdə yardımçı oluruq. Şəki şəhəri İcra hakimiyyətinin başçısı cənab Elxan Usubov nümayəndə heyəti ilə birlikdə Kolmar şəhərində olub, Kolmar şəhərinin meri cənab Jilber Meyer də nümayəndə heyəti ilə Şəkiyə gəlib. Bu dostluq münasibətləri və işgüzar əlaqələr davam edir. Biz bundan çox məmnunuq. Sizin şəhəriniz çox gözəldir, burda çoxlu qədim tarixi abidələr var. Bizim Kolmar şəhəri də qədim şəhərdir və ildə bizim şəhərə 4 milyon turist gəlir. Turizmin inkişaf etdirilməsi hər bir şəhər üçün çox faydalıdır. Siz də öz şəhərinizi kifayət qədər reklam etsəniz həmin səviyyəyə çata bilərsiniz. Biz Şəkidə olduğumuz müddətdə Fransadakı tanışlarımızla internet vasitəsi ilə əlaqə saxlayır və onlara Şəki haqqında maraqlı məlumatlar verir və onları Şəkiyə gəlməyə dəvət edirik. Biz Şəkini çox sevirik, həm də ona görə ki, Şəki Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun vətənidir. Biz iki saat olar bu toy məclisində iştirak edirik. Burda insanlar milli rəqsləri çox şövqlə oynayırlar, hamının üzü gülür, hamı xoşbəxt, şən və mehribandır. Bir neçə gündən sonra sizin ölkənizdə prezident seçkiləri olacaq bu ərəfədə sizi belə xoşbəxt görmək çox önəmlidir. Siz ölkənizi çox sevirsiniz, sizin xalqınız cəsur və vətənpərvərdir. Toyunda iştirak etdiyimiz Pərviz bəyə və onun həyat yoldaşı olacaq Ayişə xanıma xoşbəxtlik arzulayırıq, onların ailəsini təbrik edirik. Şəki və Kolmar şəhərlərinin dostluğunun davamlı olmasını istəyirik. Bütün Azərbaycana xoş günlər arzulayırıq, siz gözəl, səfalı ölkənin firavan və təhlükəsiz həyat yaşayan sakinlərisiniz, siz çox xoşbəxtsiniz! Sonra Fransua Siqvar da təxminən eyni məzmunda öz təbriklərini dedi.
Zaldakılar bu təbriki ürəkdən bəyənərək uzun müddət alqışladılar və sonra birlikdə həm Fransız, həm də Azərbaycan musiqilərinə rəqs etdilər. Bu toy hamımızın yaddaşında xoş xatirə kimi qaldı. Hər bir həmvətənimizin ailəsinə xoşbəxtlik, səadət və sağlam həyat arzusu ilə məclisi başa vurduq.