ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Klassiklərə qarşı çıxmaq olarmı? - SORĞU

11521    |   2018-04-10 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar Azərbaycan ədəbiyyatında gənc yazarlar klassiklərə qarşı tənqidi yazılarla, statuslarla gündəmə gəldilər. Cəmiyyət tərəfindən də aqressiya dolu, təhqir dolu cavablar aldılar.

Bəs görəsən, yaradıcı insanlar necə düşünür. Klassiklərə qarşı çıxmaq olarmı? Onları tənqid etmək necə olar? Adalet.az bu barədə yazıçı, şairlərin münasibətini öyrənib. Cavabları təqdim edirik.




Yazıçı Nəriman Əbdülrəhmanlı: "Klassik yazıçı da, əsər də zamanın sınağından çıxırlar, öz zamanlarında tənqid də olunurlar. Gəlib günümüzə çıxıblarsa, deməli, onlardan əxz eləməli çox şeylər var. Amma kilassik yazıçılara qarşı çıxmaq, klassik əsəri tənqid eləmək asan məsələ deyil, çünki, öz zəmanəsinin övladıdı, öz zəmanəsinə görə, sənətin zirvəsidi. Buna görə, onlara qarşı çıxmaqdansa, daha irəli getmək, daha yaxşı əsərlər yaratmaq düzgün olar.”








Tənqidçi Məti Osmanoğlu: "Bu məsələdə gərək bir neçə faktı dəqiqləşdirək. İndi hər cür tərbiyəsizliyi tənqid adlandırırlar. Klassikləri tənqid etmək olar və lazımdır, ancaq onlara münasibətdə tərbiyəsizlik etmək olmaz! 3.-cü maddələr də bundan ibarətdir. Klassikləri (elə müasirləri də) təhqir etmək olmaz.”







Yazıçı Şərif Ağayar: "Əlbəttə olar. Sənətdə kult yoxdur. Büt yoxdur. Hər şey və hər kəs müzkirəyə, tənqidə, təftişə açıqdır. Ancaq burda məqsəd kimisə aşağılamaq, bunun üzərindən PR qurmaq yox, həqiqətin ortaya çıxarılması, yeni tendensiyaların yaranmasına yardımçı olmaq olmalıdır.”







Şair Aqşin Yenisey: "Azərbaycandan cəmi 3 saatlıq məsafədə tanrının tənqidinə aid kitablar yazılır. Biz bir dənə dılğır klassiki tənqid etməyə qorxuruq. Tarixi vərəqləsək, Azərbaycan ölkə və cəmiyyət olaraq bu gün uğrunda baş yardığı klassiklərin heç birinin yetişməsində iştirak etməyib. Bu klassiklər sadəcə vətənin bioloji övladlarıdır. Yəni nəinki klassiklər, bütövlükdə Azərbaycan mədəniyyəti tənqid olunmağı haqq edir.”





Telejurnalist Elçin Əlibəyli:"Klassiklərəqarşı çıxmaq,onları tənqid etməinkişafıtərkib hissəsidir.  Bu tənqid savadlı təhlil, kontent analiz üzərində qurulmalıdır. Öz sahəsini mükəmməl bilən şəxs bu tip tənqidlərlə fayda verə bilər. Heç kim toxunulmaz deyil, bu baxımdan zövq seçimini də görə kimisə bəyənməmək, tənqid etmək olar. Cəmiyyət bütlər üzərində dura bilməz, yeni nəfəs isə tənqidlə gəlir. Təhqir isə təbii ki, kənardan zəfəran məsəlini xatırladır və daşıya biləcək əsalı yükü də heçə endirir.”





Yazıçı Narıngül Nadir: "Klassika artıq tarix deməkdir. Klassikləri tənqid etmək tarixi, bütöv bir zaman kəsiyini tənqid etməkdir. Tarix isə tənqid olunmur və təhrifə gəlmir, sadəcə olaraq təhlil olunur. Həm də tarixi təhlil etmək istəyirsənsə yetərincə biliyin, dünyagörüşün, ən azı 50 il əvvəlki ictimai şüurla, bu günkü ictimai şüur arasındakı fərqi qavramaq bacarığın olmalıdr. Mənə elə gəlir ki, bu gün klassikləri tənqid edənlər ictimai şüurun dəyişdiyini dərk etmirlər və yaxud nəzərə almaq istəmirlər. O vaxtkı ictimai şüurla, cəmiyyətin istək və tələbləriylə, bu günki ictimai şüurun, ictimai və sosial durumun fərqi çox böyükdür. Eyni zamanda, klassikləri təhlil edərkən onların bütöv yaradıcılığına nəzər salmaq lazımdır. İstənilən yaradıcı insanların zəif əsərləri də olur. Hansısa zəif əsərdən yapışaraq elmə, ədəbiyyata dəyərli əsərlərlər vermiş, cəmiyyətin inkişafına, maariflənməsinə xidmət etmiş insanları "məhəlli səviyyədə” tənqid etmək, az qala "razborkaya çağırmaq” birmənalı şəkildə qınanılmalıdır.

Bu gün bizə tənqid lazımdır, həm də, cəsarətli, açıq tənqid lazımdır. Əgər bu gün biz müasirimiz olan hansısa yazarın əsərini dostbazlıqdan əziyyət çəkərək açıq şəkildə tənqid etməkdən çəkiniriksə, sağlam tənqiddən söhbət gedə bilməz. Bu baxımdan yəqin ki, klassikləri tənqid etmək çox asandır. Çünki həm dünyasını dəyişmiş insan özünü müdafiə edə bilməyəcək, həm də belə tənqiddən əməlli-başlı piyar qazanmaq olur. Artıq iş o yerə çatıb ki, klassiklərin əsərləini tənqid etmək şouya çevrilib. Sənət isə o zaman məhv olur ki, o, şouya çevrilir, lağ-lağı hədəfi olur. Məncə, bu məsələ barəsində yetərincə düşünməyə dəyər və belə aktual mövzuları geniş şəkildə müzakirəyə çıxarmaq lazımdır.

Müasir yazarların zəif əsərlərini tənqid eləmək, müxtəlif diskussiyalar, polemikalar aparmaq daha çox mənfəət verərdi, nəinki klassiklərin əsərlərində zəif mətn axtarmaq və dəyərlərə zərbə vurmaq!"



Şair, yazar Cəlil Cavanşir:"Klassiklərə qarşı çıxmaq olar. Amma bu ədəbiyyat konteksində olmalıdır. Yəni klassikləri təftiş etmək, tənqid etmək mümkündür və bu ədəbiyyatın inkişafı üçün faydalıdır. Hansısa klassikə qarşı çıxa bilərik, qəbul etməyə, onunla razılaşmaya bilərik. Tənqid də qəbul olunandır. Amma nə klassiki, nə də müasir sənət adamını təhqir etmək, xidmətini kiçiltməyə çalışmaq yol verilməzdir. İstənilən halda zaman hər şeyi yerbəyer edəcək.





Şair Aqşin Evrən: "Klassiklərin bir çoxu yaradıcılıqlarında zaman-zaman şəxsiyyətin ilahiləşdirilməsinə qarşı çıxıblar. Ancaq qəribədir ki, həmin klassikləri oxuyan oxucular onları, az qala, toxunulmaz səviyyəsinə qaldırıblar. Bu da onu göstərir ki, bizim qaragüruhçularımız oxuduqlarından heç nə anlamayıblar və həmin klassikləri ilahiləşdirməklə onları təhqir etmiş olurlar. Yəni klassiklərin ən böyük düşmənləri elə onları ilahiləşdirən oxucularıdır. Fikirlər, formalar, ümumiyyətlə, dünya dəyişdiyi, yeniləndiyi üçün klassiklərə baxışlar da yenilənəcək. Bu baxımdan, klassikləri tənqid etməkdən təbii heç nə yoxdur. Amma söhbət sağlam, əsaslı tənqiddən gedir. "Filan şair mənim yanımda heçnədir yanaşması ədəbiyyata şou-biznes təfəkkürü ilə soxulmaq cəhdidir.



Yazıçı Hədiyyə Şəfaqət: "Tənqid etməklə qarşı çıxmaq eyni şey deyil. Əlbəttə tənqid etmək olar, lap belə incəliyinəcən araşdırmaq. götür-qoy etmək, müzakirəyə çıxarmaq, sorğulamaq, hətta etiraz etmək də olar. Sual vermək, insanı insan edən birinci özəllikdir, bunu ona heç nə barədə qadağan etmək olar, o ki qala klassiklər ola... Qarşı çıxmaq, məndə qəbul olunan mənasında isə "Olmaz” deməkdir. Bu isə, kifayət qədər mənasız iddiadır. Hər kəsin özünü istədiyi kimi ifadə etmək azadlığı var.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK