ANA SƏHİFƏ / İDMAN

Aydın BAĞIROV: “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?

7662    |   2018-04-09 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2017-nin oktyabrında Bakıda, "Qarabağ”la oyundan bir gün əvvəlki mətbuat konfransında bizim jurnalistlərdən biri "Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə rəqibləri olan Ağdam klubunun təmsil etdiyi Qarabağı tanıyıb-tanımaması, bu bölgənin erməni işğalı altında olmasından xəbəri olub-olmaması haqda sual ünvanlamışdı. Sual hər nə qədər futboldankənar, yəni siyasi olsa da, hədəf dəqiq seçilmişdi.

Axı, "Atletiko” dalbadal iki mövsüm oyunlara üzərində Azərbaycan yazılı formalarla çıxaraq ölkəmizi reklam edirdi və bu, əlbəttə, madridlilərin tanımadığı ölkəyə olmayan sevgisindən irəli gəlmirdi. Azərbaycanın təbliğatına görə vətənpərvər oliqarx Hafiz Məmmədov idmana cavabdeh olan dövlət qurumunun da dəstəyi ilə öz cibindən hər il hardasa 15-20 milyon avro pul ödəyirdi. Bir sponsorluq üçün bu qədər pulun xərclənməsinin doğru olub-olmaması həmişə müzakirələrə açıq ola bilər. Amma sonradan təsdiqini tapan acı gerçəklik budu ki, Hafiz bəy bu işin icraçılarını öz komandasına seçib onlara etibar edərkən səhvə yol vermişdi. Çünki həmin iki il ərzində yəqin o icraçılardan heç kimin ağlına gəlməmişdi, ya da heç vecinə də deyildi ki, "Atletiko”nun məşqçi və futbolçularına reklam etdikləri ölkənin üzləşdiyi problemlərindən də danışmaq lazımdı. Məsələn, elə Qarabağa düşmən təcavüzündən. Əgər zamanında bu haqda layihəni icra edən pullu azərbaycanlılar danışsaydılar, yəqin Dieqo Simeone mətbuat konfransındakı o sual qarşısında donub qalmaz,"xeyr, mənim Qarabağ bölgəsi haqda məlumatım yoxdu və buna görə təəssüf edirəm”kimi bizim üçün məyusedici cavabı verməzdi...

Bu yerdə yenidən başlığa baxıb soruşa bilərsiniz ki, bəs, "Qarabağ Vyana”nın "Atletiko”ya nə aidiyyatı, ümumiyyətlə, bu ad hansı anlama gəlir? Təəssüf ki, Azərbaycanın geniş ictimaiyyətində bununla bağlı ya yetərincə məlumat yoxdu, ya da heç yoxdu. "Qarabağ Vyana” barədə ara-sıra Azərbaycanın idman mediasında məlumatlar çıxır. Halbuki idman jurnalistləri bu komandaya laqeyd yanaşmayaraq daim diqqətdə saxlamalıdı.

Bu futbol klubu Avstriyanın rəsmi olaraq Şərqi regional liqasının (3-cü liqa) 16 iştirakçısı arasında yer alıb. Vyananı təmsil etsə də, adıyla, ruhuyla Azərbaycana, azərbaycanlılara məxsusdu. 2014-cü ildə həmin ölkədə yaşayan bir neçə fədakar azərbaycanlı gəncin ideyası və maddi dəstəyi ilə yaradılıb və buna görə Azərbaycan dövlətindən bir qəpik pul almayıblar. Halbuki... Cümlənin davamı qalsın sonraya. Gələk yenə kluba. Sahibi, eləcə də prezidenti Orxan Vəliyev, baş meneceri Ramin Şükürovdu. "Qarabağ Vyana” yarandığı gündən aşağı liqaların çempionu ola-ola 3-cü liqaya vəsiqə qazanmağı bacarıb. Heyətlərində Avropada yaşayan türklər çoxluq təşkil etsə də, klub Azərbaycandan 3 futbolçu da alıb. Hazırda hədəfləri əvvəlcə ikinci, sonra isə bundesliqaya –əsas liqaya yüksəlməkdi. Yəni "Zalsburq”, "Rapid” kimi Avropada məşhur olan klubların da oynadığı liqaya.

Amma... Hə, indi işin ən vacib tərəfinə gəlirik. Əsas hədəfi Avstriya və Avropaya Qarabağı tanıtmaq olan bu klub hazırda öz liqasında 9-cu yeri tutur və bu mövsüm üçün qalib olmaq şansı azdı. Bu da səbəbsiz deyil. Görünür, klubun sahibləri öz məhdud imkanları daxilində (futbola görə) büdcə formalaşdırıblar və buna uyğun da futbolçu alırlar. Həmin oyunçuların səviyyəsi isə komandanı 1-ci liqaya aparmağa imkan vermir. Deməli, növbəti mövsüm (mövsümlər) üçün "Qarabağ Vyana”ya yüksək də olmasa, 2-ci liqanın tələb etdiyi normal səviyyədə büdcə ayrılmalıdı. 1 milyonmu,2 milyonmu? Bunu işin içindəki insanlar daha yaxşı bilər. Və tələb olunan pul olmasa, təəssüf ki, başlanmış uğurlu ideyanın hədəfə çatması mümkünsüz olacaq.

Klubun rəhbərliyinin bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə –Gənclər və İdman Nazirliyi, xaricdə azərbaycanlılarla işlərə birbaşa cavabdeh qurum olan Diaspora Komitəsinə müraciət edib-etməməsi barədə məlumat yoxdu. Amma əgər edilsə, yaxud edilibsə, dövlət qurumları bu məsələyə həssaslıqla yanaşıb onlara lazım olan dəstəyi verməlidi. Hər nə qədər pafoslu səslənsə də, ortada Qarabağın adı var. "Qarabağ”ın (Ağdam) Çempionlar Liqasında qrupa düşməsindən sonra Avropa mediasının Azərbaycana diqqətinin bizim lehimizə nə qədər artdığını və dəyişdiyini gördük. Pulsuz-parasız, xahişsiz-minnətsiz. Sabah Qarabağın adını daşıyan başqa bir komandanın Avstriya kimi ölkənin yüksək liqasında oynamasının bizə ancaq faydası dəyə bilər. Amma ona dəstək lazımdı. Zamanında "Atletiko”ya ayrılan onmilyonlarla avronun 5-10 faizi civarında. Sonra klub özü-özünü də teleyayım, reklamdan gələn pulla maliyyələşdirə biləcək.

Və sonda...

Rusiyada ermənilərin "Ararat” adlı komandası var. Onlarda aşağı - ikinci liqada oynayırlar. O ölkədə az qala bütün ermənilər həmin komandanın ətrafına yığışıb dəstək verirlər. "Ararat” indi birinci yerdədi. Və bu gedişlə bu gün-sabah Rusiya Premyer Liqasında da oynayacaq.

Bizim də Avropanın göbəyində bir komandamız var. Bütün günü haqqında yana-yana danışdığımız Qarabağın adını daşıyır. Deməli, Qarabağı kim ürəkdən sevirsə, dəstək ola bilər.

Pulu olan pulu ilə, olmayan da ürəyi ilə.



İmza:Qol.az
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK