Aydın BAĞIROV: “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
Bu yerdə yenidən başlığa baxıb soruşa bilərsiniz ki, bəs, "Qarabağ Vyana”nın "Atletiko”ya nə aidiyyatı, ümumiyyətlə, bu ad hansı anlama gəlir? Təəssüf ki, Azərbaycanın geniş ictimaiyyətində bununla bağlı ya yetərincə məlumat yoxdu, ya da heç yoxdu. "Qarabağ Vyana” barədə ara-sıra Azərbaycanın idman mediasında məlumatlar çıxır. Halbuki idman jurnalistləri bu komandaya laqeyd yanaşmayaraq daim diqqətdə saxlamalıdı.
Bu futbol klubu Avstriyanın rəsmi olaraq Şərqi regional liqasının (3-cü liqa) 16 iştirakçısı arasında yer alıb. Vyananı təmsil etsə də, adıyla, ruhuyla Azərbaycana, azərbaycanlılara məxsusdu. 2014-cü ildə həmin ölkədə yaşayan bir neçə fədakar azərbaycanlı gəncin ideyası və maddi dəstəyi ilə yaradılıb və buna görə Azərbaycan dövlətindən bir qəpik pul almayıblar. Halbuki... Cümlənin davamı qalsın sonraya. Gələk yenə kluba. Sahibi, eləcə də prezidenti Orxan Vəliyev, baş meneceri Ramin Şükürovdu. "Qarabağ Vyana” yarandığı gündən aşağı liqaların çempionu ola-ola 3-cü liqaya vəsiqə qazanmağı bacarıb. Heyətlərində Avropada yaşayan türklər çoxluq təşkil etsə də, klub Azərbaycandan 3 futbolçu da alıb. Hazırda hədəfləri əvvəlcə ikinci, sonra isə bundesliqaya –əsas liqaya yüksəlməkdi. Yəni "Zalsburq”, "Rapid” kimi Avropada məşhur olan klubların da oynadığı liqaya.
Amma... Hə, indi işin ən vacib tərəfinə gəlirik. Əsas hədəfi Avstriya və Avropaya Qarabağı tanıtmaq olan bu klub hazırda öz liqasında 9-cu yeri tutur və bu mövsüm üçün qalib olmaq şansı azdı. Bu da səbəbsiz deyil. Görünür, klubun sahibləri öz məhdud imkanları daxilində (futbola görə) büdcə formalaşdırıblar və buna uyğun da futbolçu alırlar. Həmin oyunçuların səviyyəsi isə komandanı 1-ci liqaya aparmağa imkan vermir. Deməli, növbəti mövsüm (mövsümlər) üçün "Qarabağ Vyana”ya yüksək də olmasa, 2-ci liqanın tələb etdiyi normal səviyyədə büdcə ayrılmalıdı. 1 milyonmu,2 milyonmu? Bunu işin içindəki insanlar daha yaxşı bilər. Və tələb olunan pul olmasa, təəssüf ki, başlanmış uğurlu ideyanın hədəfə çatması mümkünsüz olacaq.
Klubun rəhbərliyinin bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə –Gənclər və İdman Nazirliyi, xaricdə azərbaycanlılarla işlərə birbaşa cavabdeh qurum olan Diaspora Komitəsinə müraciət edib-etməməsi barədə məlumat yoxdu. Amma əgər edilsə, yaxud edilibsə, dövlət qurumları bu məsələyə həssaslıqla yanaşıb onlara lazım olan dəstəyi verməlidi. Hər nə qədər pafoslu səslənsə də, ortada Qarabağın adı var. "Qarabağ”ın (Ağdam) Çempionlar Liqasında qrupa düşməsindən sonra Avropa mediasının Azərbaycana diqqətinin bizim lehimizə nə qədər artdığını və dəyişdiyini gördük. Pulsuz-parasız, xahişsiz-minnətsiz. Sabah Qarabağın adını daşıyan başqa bir komandanın Avstriya kimi ölkənin yüksək liqasında oynamasının bizə ancaq faydası dəyə bilər. Amma ona dəstək lazımdı. Zamanında "Atletiko”ya ayrılan onmilyonlarla avronun 5-10 faizi civarında. Sonra klub özü-özünü də teleyayım, reklamdan gələn pulla maliyyələşdirə biləcək.
Və sonda...
Pulu olan pulu ilə, olmayan da ürəyi ilə.