Ziyalı sözünün Aqil Abbas səmimiyyəti
Yaşlaşdıqca hiss edirəm ki, El sevgisi, Vətən sevgisi səmimiyyətdən keçir. Hardasa, hansı məqamdasa, nəyəsə vadar olub da səmimilikdən vaz keçmək halı baş verə bilər, amma Vətən kəlməsinin önündə səmimi olmamaq Allaha asi çıxmaqdan da betərdir. Aqil Abbas El leksikonu, Vətən leksikonu qarşısında o qədər səmimidir ki, onu camaata, bir az da cəsarətlə desəm, millətə sevdirən məhz bu səmimiyyətdir.
Mən Aqil Abbası çox-çox istəyən bir adamam və elə buna görə də onun iştirak etdiyi bir məclisdə həvəslə iştirak edirəm, qonaq olduğu teleproqramın gedişində televizorun qarşısında oluram.
Aqil Abbasın El sevgisi, əlbəttə, onun doğulub böyüdüyü ev mühitindən, Qarabağ diyarından başlayır. Amma bu sevginin böyüyüb boya-başa çatmasında bir mühitin də çox böyük rolu olub. Universitet mühiti: Bakı Dövlət Universiteti! Aqil Abbas min bir tellərlə Azərbaycana bağlı bu Universiteti canı qədər, Eli-obası qədər, bir az da cəsarətlə desəm, Azərbaycanı qədər sevməkdədir. Bu universitetin minlərlə filoloq məzunu, jurnalist məzunu və tələbələrin hər nəsli Aqil Abbasın Vətən sevgisini ürəklərində gəzdirirlər. Mənim də əməkdaşı olduğum Jurnalistika fakültəsinin tələbələri zaman-zaman Aqil Abbası görüşə dəvət edir, ondan çox şey öyrənirlər. Bu fakültədə praktik jurnalistika vərdişləri aşılamaq məqsədilə nəşr olunan "Jurnalist" tələbə qəzetinin bir çox buraxılışları zamanı Aqil Abbas özünün sadə maaş payından həmin qəzetdə yazısı dərc olunan tələbələrə qonorar verir”. "Qoy qonorarın ləzzətini duysunlar” - deyir - onda biləcəklər yaradıcılığın qədrini".
Bu yerdə mən Aqil Abbasın yuxarıda sadaladığım fəaliyyət sferalarına qayıtmaq istərdim. Həmin fəaliyyət istiqamətlərinin sırasında ilk yeri bədii yaradıcılıq tutur. Aqil Abbas ilk növbədə yazıçıdır. Yazıçı isə - əgər o, sözün əsl mənasında sənətkar yazıçıdırsa - El arasında ən hörmətli insanlar sırasındadır. Azərbaycanda Dədə Qorqudun saz-söz dünyasından bu yana, körpəsinə sevgi hissi aşılayan analarımızın ilk laylalarından bu yana, dastanlarıyla, nağıllarıyla qədimdən bu günədək El içinə çıxıb adamların estetik ideallarını formalaşdıran şifahi ədəbiyyatımızın unudulmaz simalarından bu yana, klassik sözü, klassik sənət əsərləri ilə dünya durduqca bizə nümunə olan şair və yazıçılarımızın ötkəm sözündən bu yana bədii söz xalqın qan yaddaşıdır. Aqil Abbas özünün ustad hekayələri, povest və romanları ilə bu günün, sabahın, gələcəyin qan yaddaşına çoxdan çöküb. Onun bədii əsərlərinin hamısında insana sevgi var, onu kamil görmək istəyi var. Bu əsərlərin ən mükəmməlləri mütləq Vətənə, Qarabağa bağlı olur. Yazıçının təkcə "Dolu" romanı və bu roman əsasında ərsəyə gəlmiş eyni adlı bədii film Azərbaycan oxucusunun və Azərbaycan tamaşaçısının sevgisini qazanıb, ədəbi tənqidin və ədəbi - ictimai fikrin yüksək qiymətini alıb.
Aqil Abbas Azərbaycanın media mühitindədir və bu mühitdəki ləyaqətli yaradıcılığı, təşkilatçılığı, obyektiv və kəskin sözü ilə nümunədir. Media sözünün iflasa uğradığı, "jurnalistəm" deməyə adamın xəcalət çəkdiyi indiki zamana nümunədir. Aqil Abbasın çətin vaxtlarda ortaya qoyduğu "Ədalət" qəzeti hər yoldan ötənin "jurnalist" olduğu indiki çağda ləyaqət nümunəsidir, hadisə və faktlara jurnalistikanın dünyada qəbul olunmuş prinsipləri ilə fəaliyyət göstərməsi, obyektiv sözü, peşə etikasına hər an əməl edən, ucuz sensassiyadan, böhtan və təhqirdən uzaq olması ilə yeni bir məktəb nümunəsidir. Bu qəzetin əməkdaşlarının heç biri haqqında hələ heç yerdə mənfi bir söz eşitməmişik. Çünki Aqil Abbas "Ədalət"in redaksiyasına heç vaxt ədalətsiz, səriştəsiz, tamahkar, qeyri-peşəkar jurnalisti yaxın buraxmaz.
Aqil Abbas bir El adamı kimi həmişə ictimai mühitdədir. Bu mühitdəki yerini o, ləyaqətlə müəyyənləşdirmiş bir insandır. Mən Aqili çox müxtəlif xarakterli tədbirlərdə, rayon səfərlərində, şəhər adamlarının, kənd camaatının içində görmüşəm. Onun bu ictimai mühitdəki çıxışlarının, camaatla söhbətlərinin şahidi olmuşam. Və belə yerlərdə Tanrımdan çox-çox razı qalmışam ki, El içində belə bir El adamı var və bu El adamını camaat bu qədər sevir və hörmətlə qarşılayır. Tanrımdan razılığımın bir ucu da Aqil kimi bir adamla mənim də yaxın olmağıma bağlıdır.
Aqil Abbas sədaqətli bir dostdur. Həm də elə adamlarla dostluq edir ki, o insanlar da xaraktercə, Vətənə sevgi, insana sevgi hissi ilə Aqillə yanaşıdırlar. Onun dostları sırasında ünlü yazıçıdan, populyar jurnalistdən, hakimiyyətin yüksək eşelonunda olan adamlardan, deputatlardan... tutmuş əkinçiyə, pambıqçıya, inşaatçıya qədər hər kəsin adı keçir. Amma orası var ki, bu adamların hamısı öz sözünün sahibi, Vətənə, el-obaya sevgi dolu ürəkləri ilə hörmət qazanmış insanlardır.
Mən də özümü Aqilin dostu hesab edirəm. Amma Aqilin leksikonundan mənim ünvanıma həmişə işlətdiyi bir "ustad" epitefi var. Lakin mən bu sətirlərlə səmimi şəkildə elan edirəm: Aqil Abbas özü yuxarıda qeyd etdiyim bütün sahələrin hamısında mənim üçün bir ustad səviyyəsindədir. Elə bir ustad ki mən ömrümün bu ahıl çağında da ondan çox şey öyrənməkdəyəm... Aramızda 11 yaş fərqi var. Mənim 76, Aqilin 65 yaşı. Bu yaş fərqinin onda mənim xeyrimə doğurduğu "imtiyazları" heç vaxt aradan qaldıra bilmirəm. Aqil Abbas yaşlı nəslin adi çobanından tutmuş aliminədək hər kəsi eyni dərəcədə sayan, hər kəsə hörmət hissilə yanaşan bir ziyalıdır. Onun bütün ziyalılıq xarakteri insana sevgidən keçir. Dostumuzun, mükəmməl ziyalımızın müdrik sözü, Vətənə bağlı yaradıcılıq dünyası, Qarabağ mövzusunu ifadə imkanları heç vaxt səngiməsin. 65 yaşın mübarək, əzizimiz, dəli-dolu dostumuz, Aqil müəllim!