ANA SƏHİFƏ / GÜNDƏM

Ziyalı sözünün Aqil Abbas səmimiyyəti

Cahangir MƏMMƏDLİ

8281    |   2018-04-08 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən inanmıram ki, Azərbaycan ictimai mühitində və yəqin ki, bütövlükdə ölkə mühitində Aqil Abbası tanımayan bir adam olsun. Aqil Abbas polifonik - çoxcəhətli, çoxistiqamətli bir El adamıdır.

Bu El adamı bir yaradıcı insan kimi bədii söz mühitindədir, media mühitindədir, siyasi mühitdədir, ictimai mühitdədir, idarəçilik mühitindədir, ziyalı mühitindədir və mən hiss etdim ki, onun yaşadığı, fəaliyyət göstərdiyi mühitləri saymaqla qurtara bilməyəcəyəm. Amma bir istiqamət də var ki, Aqilin bütün həyat kredosu o mühitdən keçir: El mühiti! Yuxarıda mən Aqil Abbasın El adamı olmağını nahaqdan ilk cərgəyə salmadım. Maraqlıdır, yaradıcı insanların böyük əksəriyyəti daha çox fəaliyyət göstərdiyi sahənin mühitinə bağlıdır. Aqil Abbas kimi nadir adamlar var ki, həm çoxcəhətli, çoxistiqamətli yaradıcılıq mühitindədir, həm də o mühitdəki fəaliyyətinin bütün məqamlarını Elə bağlayır. Bu mənada Aqil Abbas heç də hər adama qismət olmayan El adamıdır. Buradakı El sözünün müqəddəs semantikasını mən Azərbaycan məmləkəti kimi eyni semantikanı özündə daşıyan bir söz birləşməsi ilə eyniləşdirirəm.

Yaşlaşdıqca hiss edirəm ki, El sevgisi, Vətən sevgisi səmimiyyətdən keçir. Hardasa, hansı məqamdasa, nəyəsə vadar olub da səmimilikdən vaz keçmək halı baş verə bilər, amma Vətən kəlməsinin önündə səmimi olmamaq Allaha asi çıxmaqdan da betərdir. Aqil Abbas El leksikonu, Vətən leksikonu qarşısında o qədər səmimidir ki, onu camaata, bir az da cəsarətlə desəm, millətə sevdirən məhz bu səmimiyyətdir.

Mən Aqil Abbası çox-çox istəyən bir adamam və elə buna görə də onun iştirak etdiyi bir məclisdə həvəslə iştirak edirəm, qonaq olduğu teleproqramın gedişində televizorun qarşısında oluram.

Aqil Abbasın El sevgisi, əlbəttə, onun doğulub böyüdüyü ev mühitindən, Qarabağ diyarından başlayır. Amma bu sevginin böyüyüb boya-başa çatmasında bir mühitin də çox böyük rolu olub. Universitet mühiti: Bakı Dövlət Universiteti! Aqil Abbas min bir tellərlə Azərbaycana bağlı bu Universiteti canı qədər, Eli-obası qədər, bir az da cəsarətlə desəm, Azərbaycanı qədər sevməkdədir. Bu universitetin minlərlə filoloq məzunu, jurnalist məzunu və tələbələrin hər nəsli Aqil Abbasın Vətən sevgisini ürəklərində gəzdirirlər. Mənim də əməkdaşı olduğum Jurnalistika fakültəsinin tələbələri zaman-zaman Aqil Abbası görüşə dəvət edir, ondan çox şey öyrənirlər. Bu fakültədə praktik jurnalistika vərdişləri aşılamaq məqsədilə nəşr olunan "Jurnalist" tələbə qəzetinin bir çox buraxılışları zamanı Aqil Abbas özünün sadə maaş payından həmin qəzetdə yazısı dərc olunan tələbələrə qonorar verir”. "Qoy qonorarın ləzzətini duysunlar” - deyir - onda biləcəklər yaradıcılığın qədrini".

Bu yerdə mən Aqil Abbasın yuxarıda sadaladığım fəaliyyət sferalarına qayıtmaq istərdim. Həmin fəaliyyət istiqamətlərinin sırasında ilk yeri bədii yaradıcılıq tutur. Aqil Abbas ilk növbədə yazıçıdır. Yazıçı isə - əgər o, sözün əsl mənasında sənətkar yazıçıdırsa - El arasında ən hörmətli insanlar sırasındadır. Azərbaycanda Dədə Qorqudun saz-söz dünyasından bu yana, körpəsinə sevgi hissi aşılayan analarımızın ilk laylalarından bu yana, dastanlarıyla, nağıllarıyla qədimdən bu günədək El içinə çıxıb adamların estetik ideallarını formalaşdıran şifahi ədəbiyyatımızın unudulmaz simalarından bu yana, klassik sözü, klassik sənət əsərləri ilə dünya durduqca bizə nümunə olan şair və yazıçılarımızın ötkəm sözündən bu yana bədii söz xalqın qan yaddaşıdır. Aqil Abbas özünün ustad hekayələri, povest və romanları ilə bu günün, sabahın, gələcəyin qan yaddaşına çoxdan çöküb. Onun bədii əsərlərinin hamısında insana sevgi var, onu kamil görmək istəyi var. Bu əsərlərin ən mükəmməlləri mütləq Vətənə, Qarabağa bağlı olur. Yazıçının təkcə "Dolu" romanı və bu roman əsasında ərsəyə gəlmiş eyni adlı bədii film Azərbaycan oxucusunun və Azərbaycan tamaşaçısının sevgisini qazanıb, ədəbi tənqidin və ədəbi - ictimai fikrin yüksək qiymətini alıb.

Aqil Abbas Azərbaycanın media mühitindədir və bu mühitdəki ləyaqətli yaradıcılığı, təşkilatçılığı, obyektiv və kəskin sözü ilə nümunədir. Media sözünün iflasa uğradığı, "jurnalistəm" deməyə adamın xəcalət çəkdiyi indiki zamana nümunədir. Aqil Abbasın çətin vaxtlarda ortaya qoyduğu "Ədalət" qəzeti hər yoldan ötənin "jurnalist" olduğu indiki çağda ləyaqət nümunəsidir, hadisə və faktlara jurnalistikanın dünyada qəbul olunmuş prinsipləri ilə fəaliyyət göstərməsi, obyektiv sözü, peşə etikasına hər an əməl edən, ucuz sensassiyadan, böhtan və təhqirdən uzaq olması ilə yeni bir məktəb nümunəsidir. Bu qəzetin əməkdaşlarının heç biri haqqında hələ heç yerdə mənfi bir söz eşitməmişik. Çünki Aqil Abbas "Ədalət"in redaksiyasına heç vaxt ədalətsiz, səriştəsiz, tamahkar, qeyri-peşəkar jurnalisti yaxın buraxmaz.

Aqil Abbas bir El adamı kimi həmişə ictimai mühitdədir. Bu mühitdəki yerini o, ləyaqətlə müəyyənləşdirmiş bir insandır. Mən Aqili çox müxtəlif xarakterli tədbirlərdə, rayon səfərlərində, şəhər adamlarının, kənd camaatının içində görmüşəm. Onun bu ictimai mühitdəki çıxışlarının, camaatla söhbətlərinin şahidi olmuşam. Və belə yerlərdə Tanrımdan çox-çox razı qalmışam ki, El içində belə bir El adamı var və bu El adamını camaat bu qədər sevir və hörmətlə qarşılayır. Tanrımdan razılığımın bir ucu da Aqil kimi bir adamla mənim də yaxın olmağıma bağlıdır.


Aqil Abbas Azərbaycan gerçəkliyinin siyasi mühitindəki yeri ilə də Elin məhəbbətini qazanıb. Əlbəttə, bu yerdə dövlət rəsmiləri, siyasət aləmi, siyasi xadimlər kimi ifadələr işlətmək olardı. Amma yox, Aqil Abbas siyasi mühitdə elə bir səmimiyyət sahibidir ki, bu da hər adama qismət olmur. Yəqin ki, çox çətin bir mühit olan siyasət sahəsində Elin hörmətini qazanmaq ilk növbədə insanın danışdığı mövzuya səmimiyyətindən doğur. Aqil Abbası biz heç vaxt, necə deyərlər, "boğazdan yuxarı" danışan görməmişik. Aqil belə məqamlarda həmişə sözünü üzə deyən, sözünün çəkisinə arxayın olan insandır. Bəlkə ona görədir ki, Aqilin obyektiv sözünə, bəzən hətta kəskin sözünə heç kim etiraz etməyib. Aqil Abbas tez-tez müxtəlif teleproqramların qonağı olur. Bu proqramlarda o özünün siyasi, ictimai, yazıçı, publisist məharətini daha çox dediyi sözün kəsəri ilə ifadə edir. Onun bütün sözü, söhbəti Azərbaycana sevgi, Qarabağa sevgi üzərində qurulur və təkcə bu istiqamət kifayət edir ki, Aqil Abbası oxucudan, tamaşaçıdan tutmuş tənqid hədəfinədək hər kəs sevsin və qəbul etsin. Aqil Abbas Milli Məclisin üzvüdür. Elin seçdiyi, Elin etibar etdiyi bir deputatdır. Deputat öz statusuna görə rəsmi şəkildə həm də xalqın, seçicilərin adamıdır. Amma gəlin etiraf edək, deputat statusunu daşıyan adamların hamısımı seçicilərin qayğıları ilə yaşayır?

Aqil Abbas seçildiyi rayonun hər bir kəndinin sevimli adamıdır. Elə bir ay, hətta bəzən - çox hallarda, elə bir həftə olmaz ki, Aqil Abbas Ağcabədinin kəndlərinə səfər etməsin. Bu kəndlərdə onun təşəbbüsü ilə tikilən mədəni-ictimai obyektlərə görə seçicilər onu səbirsizliklə gözləyirlər. Aqil seçicilərinin problemlərini öz problemi bilib də onların yanında olub, kömək əli uzadıb. Mən Aqil Abbasın kasıb bir kənd sakininə şəxsi yardımının şahidi olmuşam. Aqil Abbas təkcə deputat mandatı ilə deyil, ümumiyyətlə insana sevgi mandatının sahibidir. Aqil Abbasın ziyalı xarakteri bütöv bir dünyadır. O, klassik və müasir ziyalılığın ən vacib atributlarını özündə daşıyan bir Vətən adamıdır. Mən Aqilin ziyalı düşüncəsində ictimai nöqsanlara dözməyən Mirzə Cəlil xarakteri, aktual problemləri publisistik ruhda analitik təhlilə çəkən Ömər Faiq narahatlığı, lazım gələndə dünyaya bir uşaq təbəssümü ilə baxan Abbas Səhhət yumşaqlığı, Qarabağ dərdinə alışıb-yanan Haqverdiyev qələmi görürəm. Aqil Abbas diplom ziyalısı deyil. Onun ziyalı xarakterinin ən vacib atributları ürəkdən sevdiyi adi bir kənd adamından, içərisində olmaqdan zövq aldığı el-oba camaatından, yol boyu dünyanın gərdişindən danışan bir taksi sürücüsündən gəlir. Aqil Abbas universitet həyatını çılğın yaşamış dəliqanlı bir tələbə idi. Ağdam barəsində təsadüfən xoşagəlməz bir söz demiş müəllimin əməlli-başlı dərsini vermək ərəfəsində onu qucaqlayıb geri çəkdiyim ağır bir anı xatırlayıram. Bir ziyalı kimi Aqil Abbas üçün Vətənin Zəngilandan tutmuş Qusara qədər, Bakıdan tutmuş Astaraya qədər hər nöqtəsi əzizdir. Onun bütün yaradıcılğı - yazıya köçürdüyü və köçürməyə macal tapmadığı hər fikri bu torpaqda yaşayan insana məhəbbətlə yoğrulub.

Aqil Abbas sədaqətli bir dostdur. Həm də elə adamlarla dostluq edir ki, o insanlar da xaraktercə, Vətənə sevgi, insana sevgi hissi ilə Aqillə yanaşıdırlar. Onun dostları sırasında ünlü yazıçıdan, populyar jurnalistdən, hakimiyyətin yüksək eşelonunda olan adamlardan, deputatlardan... tutmuş əkinçiyə, pambıqçıya, inşaatçıya qədər hər kəsin adı keçir. Amma orası var ki, bu adamların hamısı öz sözünün sahibi, Vətənə, el-obaya sevgi dolu ürəkləri ilə hörmət qazanmış insanlardır.

Mən də özümü Aqilin dostu hesab edirəm. Amma Aqilin leksikonundan mənim ünvanıma həmişə işlətdiyi bir "ustad" epitefi var. Lakin mən bu sətirlərlə səmimi şəkildə elan edirəm: Aqil Abbas özü yuxarıda qeyd etdiyim bütün sahələrin hamısında mənim üçün bir ustad səviyyəsindədir. Elə bir ustad ki mən ömrümün bu ahıl çağında da ondan çox şey öyrənməkdəyəm... Aramızda 11 yaş fərqi var. Mənim 76, Aqilin 65 yaşı. Bu yaş fərqinin onda mənim xeyrimə doğurduğu "imtiyazları" heç vaxt aradan qaldıra bilmirəm. Aqil Abbas yaşlı nəslin adi çobanından tutmuş aliminədək hər kəsi eyni dərəcədə sayan, hər kəsə hörmət hissilə yanaşan bir ziyalıdır. Onun bütün ziyalılıq xarakteri insana sevgidən keçir. Dostumuzun, mükəmməl ziyalımızın müdrik sözü, Vətənə bağlı yaradıcılıq dünyası, Qarabağ mövzusunu ifadə imkanları heç vaxt səngiməsin. 65 yaşın mübarək, əzizimiz, dəli-dolu dostumuz, Aqil müəllim!




İmza:525.az

MAYORUN İŞ GÜNLƏRİ

SEVGİDƏN DOĞULMUŞ SƏNƏT və ya ƏBƏDİYYƏTİ YARADAN NƏFƏS

FƏXR EDƏ BİLƏCƏYİMİZ İNSAN - Uroloq-cərrah prof.dr.Akif Bağırov

GÖYÇAYDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR ƏZMKAR FƏALİYYƏTLƏ HƏLL OLUNUR

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Fuad Muradov Almaniyada azərbaycanlı iş adamları ilə görüşüb

Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

İranla gömrük əlaqələri genişlənir

"TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi..."

Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə..."

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı

Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK