ANA SƏHİFƏ / MÜSAHİBƏ

Bəxtiyar Vahabzadənin diplomat oğlu ittihamlara cavab verdi - MÜSAHİBƏ

İsfəndiyar Vahabzadə: “Mən 15 aydır Belarusdan gəlmişəm, heç yanda işləmirəm, heç yerdən də gəlirim yoxdur, ancaq kimsə bundan yazmır”

23606    |   2018-04-06 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu ilə kim həmsöhbət olmaq istəməz ki? Bu mənada Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə redaksiyamıza telefon açıb "Sizin qəzetə danışmaq istəyirəm” deyəndə bunu sürpriz zəng olaraq qəbul etdik. Çöl-bayıra çıxmaqla o qədər də arası olmayan İsfəndiyar müəllimlə elə şəhərin mərkəzindəki mənzilində görüşdük.

- İsfəndiyar müəllim, zəng edəndə görüşüb, danışmaq istədiyinizi dediniz, mövzunu deməsəniz də. Elə isə buyurun, sizi dinləyirik.

- Bir Zümrüd Yağmur var, mən heç tanımıram da o kimdir. Bir yazısını gördüm, bir cümləsi xoşuma gəlmədi. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi təqdirdə övladlarına atalıq elədi. Bu, bir az yaxşı söz deyil. Əvvəla, Bəxtiyar Vahabzadənin iki oğlu var. Mən şərq fakültəsini bitirmişəm. 21 yaşında evdən çıxmışam və gedib İran İslam İnqilabında iştirak etmişəm. Ondan sonra gəlib 1-2 il komsomol işində çalışdım. Daha sonra Əfqanıstan müharibəsində oldum. Əgər Bəxtiyar Vahabzadəyə istinad edirlərsə, onda gərək ilk növbədə desinlər ki, bunun övladı Əfqanıstanda döyüşüb, "kontuziya” alıb, İran inqilabında olub. İran inqilabı elə-belə məsələ deyildi. Mən İranın Hərbi Nazirliyində işləmişəm. Sən əvvəlcə mənim keçdiyim yolları bil, ondan sonra danış! Elə dövr idi ki, mən Vahabzadə soyadını da götürməmişdim, imtina etmişdim ki, doktorluq müdafiə edəndə deməsinlər atasına görə edir. Bəxtiyar Vahabzadə oğlunu nazirmi elədi, yoxsa deputatmı seçdirdi, bəlkə icra başçısı qoydurdu?! Axı bu, mənim öz sahəmdir də. İndi siz fikir verin, mən şərq fakültəsini bitirmişəm, şərqşünas kimi İranda, Türkiyədə, Əfqanıstanda uzun müddət işləmişəm. Geri qayıdandan sonra gedib Türkiyədə diplomatik kurs bitirmişəm. Bir də Ali Partiya Məktəbində oxumuşam. İki ali diplomum var, mən gedib qaynaqçı işləməliyəm, yoxsa montyor? Yaxşı, bu sözü deyən qadın fikirləşmirmi ki, məndən əvvəl İsveçrədə həyat yoldaşı erməni olan Sima adlı biri işləyirdi? Niyə digərləri işləyəndə bunu yazmırlar, ancaq Bəxtiyar Vahabzadənin oğlu işləyəndə yazırlar? Mən səfir vəzifəsindən yuxarı qalxmamışam. Söhbət bundan gedir.

- Həmin Sima dediyiniz Azərbaycanı təmsil edirdi?

- Bəli. Mən əvvəlcə Pakistanda səfir işlədim. Oradan qayıdandan sonra İsveçrəyə - BMT-nin Avropa bölməsinə səlahiyyətli nümayəndə yolladılar. Məndən əvvəl Sima Eyvazova idi. Yaşlı adam idi, qaldı Fransada. Erməni qəsəbəsi var idi, Lyaroş, orada yaşayırdı. Ölməyindən, qalmağından xəbərim yoxdur. Özü də həmin bu Sima Rusiya vətəndaşı idi. Bunu heç kim heç yerdə demədi. Anası, əri erməni olandan danışan yox idi. Amma Vahabzadə gedəndən sonra dərhal dedilər ki, Bəxtiyar Vahabzadənin oğlu səfir getdi... Vahabzadənin oğlunun keçmişində nələr var? İran, Əfqanıstan, Türkiyə təhsili. Bunları niyə demirlər? Adama ağır gələn budur. Mən Vahabzadənin oğlu olduğum üçün deputatmı seçildim, nazirmi oldum, yoxsa icra başçısı qoydular?

- Yəqin heç o postlarla bağlı istəyiniz də olmayıb?

- İstəyiniz olmayıb deyəndə... 21 yaşında universiteti bitirdim, getdim İrana. 3 il yarım İranda oldum. Geri qayıdandan sonra komsomolda, adi bir işdə işlədim. Oradan da getdim Əfqanıstana. 3 ilə qədər orada oldum. Əfqanıstandan kontuziyalı halda qayıtdım. Orada güllə atan bilmirdi ki, İvanın oğluna dəyəcək, yoxsa Bəxtiyarın oğluna, düzdür? Mən bu yolları keçmişəm, ay Zümrüd Yağmur! Onu da deyim ki, İrandan qayıdandan sonra çox gənc yaşımda namizədlik müdafiəsi elədim - "Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan” mövzusunda. Sovetin vaxtında artıq bu, Moskvaya, Ali Attestasiya Komissiyasına gedib çıxırdı. Baxan yox idi ki, bu, Vahabzadənin oğludur, ya başqasının. Sonra Azərbaycanda ən çətin mövzunu mən yazmışam, Məhəmməd Hadidən elmlər doktorluğunu müdafiə etmişəm. Mənim doktorluğumu ləngitmişdilər, "Məhəmməd Hadi və 20-ci əsr Azərbaycan romantizmi”. O zaman İsfəndiyar Şəkili gedirdim. Cavan yaşımda bunları əldə etmişəm. Yaxşı, iki ali məktəb, bir diplomatiya kursunu bitirən elmlər doktorunun, professorun gedib səfir işləməsi günahdırmı? Gedib orada kim işləməlidir, Yağmur, yoxsa Sima?

- Konkretləşdirmək, yazarlarımızın adlarını çəkmək istəmirəm. Amma sizə deyim ki, son günlər xüsusi bir tendensiya müşahidə olunur, Azərbaycanın milli-mənəvi dəyərlərinin hədəfə alınması prosesi gedir, yəni bu, təkcə Bəxtiyar Vahabzadə ilə bağlı deyil. Müşfiqin nəinki övladı, heç məzarı da olmayıb, hədəfə alınır, Xəlil Rza tək oğlunu Vətənə qurban verib, yenə hədəfdədir. Siz heç düşünmüsünüzmü ki, cəmiyyətdəki bu aqressiyanın səbəbi nə ola bilər?

"Kəramət Böyükçölün yaşında mən inqilab və müharibə görüb gəlmişdim”

- Mən bu məsələni araşdırıram. 17 il səfir işləmişəm. Çox böyük müddətdir. Bundan əlavə də İran, Əfqanıstan, Türkiyədəki dövrü hesablasaq, əsrin dörddə birini xaricdə olmuşam. Mən atamın nə yubileylərində, nə ad günlərində, nə əsərlərinin təqdimatında, nə də ölən günündə yanında ola bilmişəm. Həmişə orada-burada olmuşam. Məndə bir dənə ideya olub ki, əgər millətimə iynə ucu boyda xeyir verə bilirəmsə, bu işin öhdəsindən gəlməliyəm. Əsrin dörddə biri zarafat deyil. Çox kəşməkəşli yollar keçmişəm... Kəramət Böyükçöldü, kimdir, mən bilmirəm... Bilirsiniz, mən təbiətcə çox səbirli adamam. Amma səbrin də həddi-hüdudu var. O deyir ki, mən atamdan tərbiyə görməmişəm. Bu, məlum məsələdir. Ya deyir atamı siqaret dalınca göndərmişəm, neyləmişəm. Bu, sənin öz işindir. Əgər atan siqaret almağa layiqdirsə, gedib alsın. Belə çıxır ki, sən ata tərəfdən yarımamısan. Mən başqa ad verə bilmirəm. Deməli, səndə qibtə, həsəd var, həyatda uğur qazana bilməmisən. Guya Rauf Arifoğlu buna deyib ki, sənin igidliyin sənin cavanlığındadır. Mən bunu cavan da saymıram. Bilirsiniz nəyə görə? Sokrat deyib ki, 12 yaşından 16 yaşına qədər yeniyetmə, 16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan, 28-dən sonra artıq sən öz sözünü deyən adam olmalısan. Əgər sən 31 yaşına gəlib çatmısansa və həyatda heç nəyə nail ola bilməmisənsə, onun günahı səndədir, üzərində çalışmırsan. Özünü qoyub səfeh yerinə. Gah Xəlil Rzadan, gah Bəxtiyar Vahabzadədən yazır. Bayaq da deyir ki, yazıçı Elçin oturub kurortda, Yesentukidən kurortdan yazır. Bəs sən nə yazmısan? "Tartan-partan” yazılar yazmısan... Manyak şeirlər deyirəm buna. Mən Azərbaycanda nadir hallarda oluram. Bunun yazıları ilə maraqlandım, bir-iki yazısına baxdım, gördüm söz yığınıdır və bu adamın həyatda bəxti gətirməyib. Həyatda bəxti gətirməyənlər aqressiv olurlar.

- Amma sizin kimi düşünməyənlər, əksini deyənlər, həmkarımızı talantlı adlandıranlar da az deyil. Bəlkə kifayət qədər istedadlı olduğu və bəlkə də öz yerini axtardığı üçün belə bir mənzərə yaranır...

- Bilirsiniz, mən doktorluq müdafiə edəndə bu Kəramətdən cəmisi 2-3 yaş böyük idim. Kəramət Böyükçölün yaşında mən inqilab və müharibə görüb gəlmişdim. Həm də xarici ölkənin - Moldovanın akademikiyəm, ədəbiyyat sahəsində nə isə qanıram, bilirəm. Mən onun yazılarını oxudum, ancaq söz yığını deyə bilərəm. O adamda istedaddan başqa nə desəniz var, talant yoxdur.

- Ümumiyyətlə, siz bizim gənc yazarları mütaliə edirdinizmi, yoxsa şəxsən hədəfə gələndən sonra onlarla maraqlanmağa başladınız?

- Mən təhsilimi Azərbaycan dilində almışam, amma uzun müddət xaricdə olmuşam. Belə bir söz var e: "Vəd verən”. Bir vəd verən yazar görməmişəm. Xüsusilə bu yazıdan sonra onun bütün yazılarını vərəqlədim... Sovet dövründə doktorluq beləydi ki, bir kitabın bir cümləsini yazmaqdan ötrü gərək 20 kitaba müraciət edəydin. Mən Məhəmməd Hadidən yazmaqdan ötrü gedib Bayrona çıxmalı, onu oxumalıyam, Höteyə çıxmalıyam, araşdırmalıyam. Demək, ədəbiyyat sahəsində nə isə bilirəm ki, bu adı əldə etmişəm. Ona görə də bu adamı oxuyanda mənim heç tüküm də tərpənmədi. Sadəcə olaraq, diqqət mərkəzində olmaq istəyir. Mən Əfqanıstanda hərbi xidmətdə olmuşam. Getməmişdən apardılar, Orta Asiyada, səhrada təlim keçdik, boş əllə döyüş, adam vurmaq və s. Mən o döyüşləri mənimsədim. İndi durum deyim ki, Taysonu bəyənmirəm, bu, gülünc çıxar. Belə çıxar ki, mən özümü müqayisələndirirəm. Deməli, mən diqqət mərkəzində olmaqdan ötrü Taysonun adını çəkirəm. Şair ailəsində böyümüşəm, nəyi də bilməsəm, ədəbiyyatdan xəbərim var. Özü də uzun müddət dərs demişəm. İşləyə-işləyə dərs deyirdim. Həm Moldovada olanda Qaqauziya Universitetində, həm də Pakistanda olanda Kəraçi Universitetində mühazirələr oxuyurdum - sərbəst surətdə fars və dəri dillərini bilirəm - nəyi də bilməsəm, ədəbiyyatı bilirəm. Mən deyərdim ki, bunlar ata-bala ən "bezdarnı” adamlardırlar...

- İsfəndiyar müəllim, izn verin deyim ki, özü burada olmayan şəxs haqqında belə danışmaq bəlkə də etik görünmür. Üstəlik, Vahabzadə nəslinin nümayəndəsinə bu kimi ifadələri heç yaraşdırmıram. Özünüz də dediniz ki, səbirli, təmkinli adamsınız. Məncə, Bəxtiyar müəllim sağ olsaydı, bu qədər sərt reaksiya verməzdi gənc yazarlara. Atasının isə məsələyə heç aidiyyəti yoxdur..

- Elə isə atası niyə onun başına ağıl qoymur? Mən əvvəlcə xanım yazardan başladım ki, tərcümeyi-halımı bilməyə-bilməyə belə yazıb... Mənim dövri mətbuatda 1038 yazım çıxıb. Pakistanda, Çində, Türkiyədə, Almaniyada, başqa ölkələrdə. Yazır ki, Bəxtiyar Vahabzadənin 17 cildlik kitabı var. Əvvəla, yalan deyirsən, 17 deyil, 12 cilddir. İkincisi deyir ki, mən ondan da böyüyəm. Əgər mən sabah desəm ki, Füzulidən böyük şairəm, gülünc görünər. Bu, özünü gülüş obyekti elədi.

- Bəzi gənc yazarlarımız özləri də etiraf edirlər ki, bu, onların daha da məşhurlaşması üçün bir texnologiyadır. Necə ki, bayaqdan haqqında danışdığınız şəxslər sizi də hövsələdən çıxarmağa nail olublar. Deməli, hədəfə çatılıb?

- Qətiyyən yox. Məni hövsələdən çıxartmaq çox çətin məsələdir. Amma dözürəm, dözürəm, sonra öz sözümü deyirəm. Ondan başqa mən 1969-cu ildə şahmat çempionu olmuşam, taxtasız da şahmat oynaya bilirəm, olduqca səbirliyəm. Üstəlik, qarşımdakını hövsələdən çıxartmaq bacarığım var. Amma ki, bunun belə yazması... Bir şeiri var idi e, "mən instituta girdim, sənin açıq dizlərin var idi, müəllim baxdı, mən də baxdım...” Bu, manyak şeirdir.

- Bax, görürsünüz, 25 il ölkədə olmayan diplomata şeirini oxutdurmağı bacarıb...

- Mən maraqlandım, görüm bu adamın nəyi var ki, Bəxtiyar Vahabzadə bunun ağzına sığışmır. Bəlkə həqiqətən nə isə var bu adamın qabında. Ona görə başladım oxumağa. Mən 15 aydır Belarusdan gəlmişəm, heç yanda işləmirəm, heç yerdən də gəlirim yoxdur, ancaq kimsə bundan yazmır. Ancaq indi ağzını açan deyir ki, Bəxtiyar Vahabzadənin oğludur. Vəziyyəti bilən, dərinə düşən yoxdur, adamı yandıran da budur. Siz bayaq düzgün dediniz, razıyam. Amma demokratiya xuliqanlıq demək deyil, söz, cəfəngiyyat azadlığı demək deyil. Bu gün televizora çıxıb cəfəngiyyat danışırlarsa və özlərini xuliqan kimi aparırlarsa, bu, demokratiya deyil, hər şeyin bir həddi olmalıdır.

- Şəxsən mən belə düşünürəm ki, Bəxtiyar Vahabzadə Azərbaycanın milli dəyərimizə çevrildiyi üçün onunla bağlı neqativ fikirlərə cavabı Vahabzadə ailəsinin üzvləri, İsfəndiyar müəllim, yaxud Azər müəllim verməməlidir, bəlkə də cəmiyyətin mövqeyi olmalıdır. Çünki Bəxtiyar Vahabzadə bir ailəyə sığan adam deyil, razılaşırsınızmı?

(davamı növbəti sayımızda)

Elşad PAŞASOY,
Foto: "Yeni Müsavat”



İmza:

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK