ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: “Qəhrəman”ın salamat qalması, küt çıxması...

12867    |   2018-04-08 10:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şairin sözü olmasın, "gözümü dünyaya açanda ilkin”, eşitdiyim bir neçə sözdən biri də Xanlar olmuşdu. Hər yer Xanlar, hər gün Xanlar.

Rayon mərkəzinin baş küçəsi Xanların adını daşıyırdı, avtovağzalın önündə, düz yolun ortasında büstü də vardı, bütün maşınlar onun başına dolanıb keçirdi.

Bir az böyüdük, kitablarda da eyzən Xanlardan söhbət gedirdi. Məlum oldu ki, bu məşhur inqilabçının adına və soyadına şəhərlər, rayonlar (indiki Göygöl və Samux - o vaxt Xanlar və Səfərəliyev), qəsəbələr, küçələr, məktəblər və sair və ilaxırlar var.

Yerlimiz idi, qürur duyurduq. Gənc yaşında öldürülmüşdü - üzülürdük. Amma heç vaxt da ağlımıza gəlmirdi ki, məsələni təftiş edək, soruşaq ki, axı bu 22 yaşlı gənc nə edib, belə qəhrəman olub.

Heç nə. Mərhum Xanlar fəhlə hərəkatının fəalı olub, inqilabi vərəqələr yayıb, tətillərdə iştirak edib, axırda bir alçaq neftxuda Dağıstandan muzdlu qatil gətirdib, o da onu sevgilisi ilə görüşəndə arxadan güllə ilə vurub.

İndi o qatil Şəmistanın başına gələnləri də yazım, sonra sözü nəyə gətirdiyimi qeyd edərəm.

Xanların atası Həsən kişi bu işi belə qoymur, məsələni həmkəndlisi qoçu Əbdülə danışır, o da dostu Qazıməmmədlə birlikdə Dağıstana gedir, Şəmistanı tapırlar. Əbdül onu namərdcəsinə arxadan vurmur, duelə çağırır. Bir-birindən 100 metr aralı durub, atışmalıymışlar. Şəmistanın püşkdə bəxti gətirmir, ilk gülləni qoçu Əbdül atası olur. O da tuşqul adam imiş, gülləni düz Şəmistanın - Xanların qatilinin alnından vurur, qanlı köynəyini gətirib verir Həsən kişiyə.

Belə bir hadisə. Bu, əlbəttə, indiki terminlərlə desək, kriminal aləmə aid hesablaşmadır. Ancaq baxaq, görək, 1917-20-ci illərdə hakimiyyətə gələn bolşeviklər nə etdi?

Onlar Xanları şişirtdilər, böyütdülər, Lenin, Stalin, Kirov, Orconikidze, Trotski kimi öydülər, öydülər, böyük inqilab xadiminə çevirdilər və xatirəsini hər cür əbədiləşdirdilər.

Bəs Şəmistan Xanları vurmasaydı və yoldaş Səfərəliyev 1920-ci ilin 28 aprelindən sonra ölkəmizdə dövlət işinə irəli çəkilsəydi (güman ki, çəkiləcəkdi, adamın az-çox təhsili olub), nə olacaqdı? Heç nə. Bir müddətdən sonra bütün köhnə inqilabçılar kimi onu da tutub güllələyəcəkdilər. Ya 1927-29-cu illərdə adını trotskiçi qoyacaqdılar, ya da Zinovyevin, Buxarinin adamı kimi dolaşdıracaqdılar, axır ki, o, Qəzənfər Musabəyov, Həmid Sultanov, Çingiz İldırım, Ruhulla Axundov, Əliheydər Qarayev və digər yüzlərlə inqilabçı yoldaşları kimi repressiyadan sağ çıxmayacaqdı.

Bəli, bu işlər belədir. Tez ölən inqilabçı qəhrəman olur, axıra qalan isə küt çıxır, onu "vətən xaini”, "gizli əks-inqilabçı” kimi cəzalandırırlar.

Bu da ona görə belədir ki, insanlar adi adamlardan qəhrəman düzəltməyi sevirlər (mətləb üstünə gəldik, nəhayət). Həm də təkcə sevmirlər, bunu əla bacarırlar. Üfürür, şişirdir, böyüdürlər. Bir gün görəndə ki, o böyütdükləri persona kabusa dönüb, özünü bir şey zənn edir, bunları əzir, sıxır, bax o zaman təhəmmül edə bilmir, adamı öz məcrasına qaytarır, iynəni batırıb şarı partladırlar, məsələ bitir.

1988-ci ildə xalq çox adamı şişirtmiş, göyə qaldırıb dirijabla döndərmişdi, amma sonra peşman oldu. Əgər o vaxt, o şişirdilmiş meydan qəhrəmanlarının (ismi lazım deyil) birinin başına bir iş gəlsəydi, söz yox ki, qanı o vaxtın rəhbərlərinin üstündə qalacaqdı. Amma əmin olun ki, bu saat biz həmin "qəhrəman”ın adını daşıyan küçədən keçir, hər il onun doğum və ölüm günlərində abidəsi önünə gül qoyurduq. Halbuki hazırda o salamat "qəhrəman” küçədə önümüzə çıxanda görməzliyə vururuq.

O gün az qala bir qızı qəhrəmana döndərəcəkdik. Bir şey qalmamışdı, artıq xanımın personası üfürülməkdəydi. Başına bir iş gəlmiş olsa, Nigar və Həcərin başçılıq etdiyi siyahıya düşəcəkdi. Xoşbəxtlikdən, qız tapıldı və məlum oldu ki, sağ-salamatdır, rəfiqəsigildəymiş.

Keşkə, Xanlar da o vaxt rəfiqigildə olaydı, sevgilisi ilə ailə quraydı. Onda Şəmistan da salamat qalardı.

Hərçənd Xanlar 1907-ci ildə salamat qalsaydı və 1937-ci ildən salamat çıxmasaydı, onda onun qardaşı oğlu Rüstəm Səfərəliyev də sonradan rayon partiya komitəsi birinci katibi ola bilməzdi.

Ey GD dünya...




İmza:Musavat.com

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK