adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2018 00:34
14972
ƏDƏBİYYAT
A- A+

Dünyanın qərib adamı

Azər Abdulla

ündə, pilləkənlərin başında o illərin Vaqif Cəbrayılzadəsi tanış elədi. Mənim və bir çox yaşıdlarımın kitabxananın biblioqraf kataloqundan hələ düz-əməlli baş açmadığımız vaxtlar məndən səkkiz yaş balaca olan Elman Atilladan, Qızıl Arslandan, Malazgirt savaşından, Bahəddin Ögəldən, "Qızıl alma"dan, ZiyaGöyalpdan həvəslə danışırdı.
Bakıda dəniz qırağında, eləcə də bütün bölgələrimizdə ucaldılaraq başı buludlara dəyən bayrağımızın altından keçən indiki gənc nəslə, icazə veriləndən sonra türkdən-türkçülükdən odlu-alovlu danışan, yazıb-yaradan bəzi elmlər namizədi, professor, akademik, millət vəkillərinə... ötən yüz ilin altmışıncı illəri türkdən, türkçülükdən yazmağın-danışmağın qadağan olunmuş dönəmində Elman adlı bir gəncin pencəyinin döş cibinin birində Türkiyənin, o birisindəsə Azərbaycanın bayrağını gəzdirdiyini, ürəyi qızdığı dostlarıyla çay, yaxud mey məclisində qorxu-həyəcan içində yan-yörəsinə baxıb ciblərindən çıxartdığı o bayraqları göstərib də dərhal yenidən cibinə qoyduğunu desəm... Ona, Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad... faciəsinin ağır, qatı, qara qorxusu insanların ağlından, şüurundan silinmədiyi çağların bayraqdarıydı desəm... Müstəqilliyimizi qazanandan sonra buludlara çatan neçə-neçə bayrağımızı görsəm də, nədənsə mənə elə gəlir o bayraqların heç biri hələlik onun qəlbindəki bayrağın ucalığına çatmayıb. Ancaq yazıqlar olsun, o, bir yol Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsindən, ikinci kərəm yenə də həmin universitetin tarix fakültəsindən qovuldu.
Yarım əsrə yaxın tanıdığım o insanın haqqında bildiklərimin kaş, heç olmasa yarısını yazmağa gücüm, daha doğrusu, cəsarətim çataydı. Ömrümün qürub çağında hansı sözüm-fikrim məndən səkkiz yaş balaca, qəlbi kəpənək qanadından zərif və həssas, həm də aşırı vasvası olan o insanın özünəxas etiq, əxlaq süzgəcindən keçmədiyindən yenə də küsəcəyindən, yaxud inciyib aylarla, illərlə gen gəzəcəyindən ehtiyat etdiyimdən, lap qorxduğumdan istədiyim kimi yazammıram. Əlli ilə yaxın tanışlığımızın az qala yarısını küsülü olmuşuq. Suçlu olmadığımı bilsəm də, onun varlığındakı az, az adamlarda olan dəyərlərə görə münasibətimizi yenidən düzəltməyə həmişə mən çaba göstərmişəm. Yalançıya lənət, bir yol uzun küsülülükdən sonra hər ikimizin qəddini əymiş ağır, azman bir dərd bizi barışdırıb, hər ikimizə son dərəcə əziz olan prezident Əbülfəz Elçibəyin İstanbuldan gələn cənazəsini hava limanında qarşılayanda... Hüznlü qələbəliyinin arasında gözlənilmədən bir-birimizə gözümüz sataşanda gözüyaşlı qaçaraq qucaqlaşmışıq. Nə gizlədim, qatı zülmətə bənzər o hüzn, o kədərin içində, o barışıq anı qəlbimdə bir işıq teli kimi yanaraq təsəlliyə çevrilmişdi.
Gavurlar Şuşanı alanda, candan əziz o şəhərimiz bəlkə də veriləndə (?) gözləri doluxsunmuş, boğazı qəhərli halda Elman yanıma gəldi. Müqəddəs şəhərin yenilməsinin nədənini özündə görüb utanıb xəcalət çəkirmiş kimi gözümə baxmaqdan çəkinərək titrək səslə - Döyüşməyə gedirəm, - dedi. Bir minamyotu yerindən qaldırıb irəli cummağa gücü çatmayan cansız-cələfsiz o vətənpərvəri peşmanladaraq, bir sayaq zorla yolundan döndərən, Allahdan aşağı ölümün caynağından dartıb alan bəlkə də mən olmuşam...
"Oğuz Eli" qəzetinin baş redaktoru Vaqif Səmədoğlunun zarafatla dediyi bir sözü sinirə bilmədiyindən Elman əməkdaşı olduğu həmin qəzetdən çıxıb getdi. Kövrək qəlbli, həssas insan Vaqif bəy bir yol mənə - Elmana de, qayıdıb gəlsin, üzr istəyəcəm... bir kərəm də - De qayıtsın gəlsin, əlindən öpəcəyəm, - söyləmişdi. Bir elmi dartışmada Elçibəyin səs tonunun azacıq yüksəldiyini hiss edən Elman aylarla, illərlə ondan gen gəzdi. Görüşlərimizin birində eks prezident mənə - Elmana deyin görünsün, işi də olacaq, evi də olacaq, - söyləmişdi. Ancaq onun içindəki yenilməz qürurmu, yoxsa ömrüboyu ona yağı kəsilmiş təkəbbürmü onun ayağına açarı itmiş qandal-buxov kimi yapışaraq, incidiyi nəinki tanış-bilişə, hətta simsar, doğma bildiyi adamlara yaxınlaşmağa qoymadı.
Qoşa atlı arabanın çəkib apara bilmədiyi nadir kitablarını, özünün əlyazmalarını Bakının Qara şəhər, Bayıl, Yasamal, Çəmbərəkənd, mikrorayonlarda kirayələdiyi evlərə daşımaqdan usanıb bezsə də, bir işə düzəlmək, bir ev almaq üçün kimsəyə boyun əymək, ağız açmağı özünə rəva bilmədi. Ondakı cazibə, çəkicilik nədirsə, bir qayda olaraq incidiyi dostları onu arayıb tapmalı, şirin dilini işə salıb, könlünü alıb, necə deyərlər, yenidən isinişməlidirlər.
Onun qoşa statuslu qibləsindən biri Məkkədirsə, biri də türkçülükdür. Vətənimiz müstəqillik qazancaq boğazından kəsdiyi qəpik-quruşunu verib Azərbaycan türkcəsinə uyğunlaşdırdığı Ziya Göy Alpın "Türkçülüyün əsasları" kitabını nəşr elətdirdi, xoşbəxt anlar içində acğöz oxuculara müftəcə payladı.
Universitetdən qovulmuş diplomsuz bu insan tarix, ədəbiyyat, dilçilik, psixologiya, məntiq, hüquq elminə dair indiyəcən on, bəlkə də ondan çox elmlər namizədinin, üçmü, dördmü elmlər doktorunun işini yazıb. Tişə ustası müxtəlif heykəllər yapdığı kimi, Elman da peşəkarcasına elmi işlər yazaraq, neçə-neçə "alim" yapıb. Həyatın, taleyin bir ironiyası, kinayəsinə baxın, yazdığı elmi işlər bircə yol da olsun AAK(VAK)-dan geri qaytarılmayıb, ancaq özünün elmi dərəcəsi bir yana, heç olmasa, ali savadı təsdiqləyən diplomu olmadığından, "alim" düzəltdiyi, gələcəkdə bu alim adından yetərincə faydalanacaq o nankor işbazlar Elmanın zəhmət haqqını su qiymətinə endiriblər. (o alimlər rahatsız olmaya bilərlər, sir saxlamaqda daşdan səs çıxsa da Elmandan səs çıxmaz) Türk, ərəb, fars, rus dilində yazılmış mətnləri doğma dili kimi oxuyub bu qədər elmi iş yazan, dünyada ikinci insan tanıyan varsa, barmağını qatlasın? Belə bir adamı akademik adlandırmaq olarmı?
Gücünü, enerjisini, ömrünü, Vətən sevgisiylə bağlı ideyalarını başqalarına səxavətlə təmənnasız paylayan evsiz-eşiksiz, dərvişsayağı yaşayan Elmanı ucsuz-bucaqsız səhraboyu yüyənsiz çapan bir bədöy atın belində... sonsuz okeanın üstüylə uçub, uçub yorulsa da qonub bir hovur dincəlmək üçün bir ağac, bir budaq, bir qaya, bir qulacboyu torpaq tapa bilməyən qağayı, yaxud, sonsuz qum səhrasında üstünə qonub nəfəsini dərmək istəyən zərif kəpənək kimi təsəvvür edirəm. Canı, göz bəbəyi kimi sevib qoruduğu türkçülük və bu böyük zəngin Vətən, yazıqlar olsun, Elmana kitabxanada bir masada oturmaqdan başqa, nə bir iş yeri, sığınmaq üçün nə bircə gözlü otağını qıydı, nə də bir gözəlini.
Bir vaxtlar "Şeir yazmaq kişi sənəti deyil" desə də, günlərin bir günü hələ orta məktəbdə oxuyarkən rayon qəzetində şeirinin çap olunduğunu boynuna aldı. Günlərin bir günü də sıxıla-sıxıla şeirlərini mənə verdi. Özümüzün və dış ölkələrin klassik, həm də çağdaş şairlərin gözəl şeirlərindən qızılgüllə bənövşə qədər bir-birindən seçilən Elmanın şeirlərindəki yeni nəfəs, ətir, intonasi ağ içindəki ağ, ağrı içindəki ağrı, işıq içindəki nur, sevinc içindəki sevincdən doğan dərinlik məni titrətdi. Onun "Gül kölgəsi" adında əl boyda ilk şeirlər kitabı Elman Mustafa imzasıyla işıq üzü görəndə biz küsülüydük. Elmandan xəbərsiz "Unut, dedilər" adlı (kitabda bu adda olan yığcam şeirdə şairin yaşadığı ömür etiva olunub) ikinci şeir kitabını Elman Cıvıroğlu (son vaxtlar saytlarda bu imzayla çıxış edir) imzasıyla nəşr etdirəndə, barəsində qələmə aldığım qısa ön sözdəki hansı sözə, cümləyə, fikrə görə məndən yenə də inciyib küsəcəyindən qorxuram. Bu səfər də küssə, güman ki, axirətdə onu gözləyəcəm, gələndə yenə də mən onu arayıb tapacam.


MUSTAFA KAMAL PAŞA

Bir vətən torpağı quraqlıq yaxar
Su, su deyə torpaq göylərə baxar.
Rəhm edəndir Allah gur yağmur yağar
Yağar, yağar Qazi Mustafa Kamal.

Hər kəsdə, ulusda varsa şərəf şan,
Demək uyumadan, demək durmadan
Axar damarında arı duru qan,
Axar, axar Qazi Mustafa Kamal.

Tanrı törəsini hansı güc boğar,
Tanrının ehsanı bir qanun da var:
Günəş sonsuz doğar, yerə gün doğar,
Doğar, doğar Qazi Mustafa Kamal.

Oralar

Çox dadlı, gözəl-göyçək,
Səs gətirdi kəpənək,
Duyub səsi gül-çiçək,
Səsləndi ləçək-ləçək:
Oralardan gələn var.

Səsə boyandı oymaq,
Ev-ev oyandı oymaq,
Dedi, yetər uyumaq,
Silinsin gözdən yamaq,
Oralardan gələn var.

Harda idi oralar?
Nə gözəldi oralar,
Ey öncələr, sonralar,
Daşdan dərdi soralar,
Oralardan gələn var.
***
Durdum güzgü önündə
Güzgü suala büründü.
Nəyəm mən, nədir bu güzgü
Sualda sual göründü.

Gecələr sorqudu hər yan
Balıncım, yorğanım sual.
Nədən yarandı bu axan
Göz yaşım, al-qanım sual.

Gündüz itcanlı suallar
Əlçəkər sandım gecələr.
Bu gözü qanlı suallar
Yuxularımda gecələr.

Dünya suallardan örgü
Suallar sual içində.
Örülməkdə vardı görkü
Zəncirləmə biçimində.

Yalan söyləmək doğrumu,
Ey Batıdan doğan bilgin.
Bir doğumdan min doğumu
Kim ortaya qoydu ilkin.

İçimdə, yuxularımda
Gündüzləyən, gecələyən
Zəncirləmə sual dünya
İnsan çözər səni guya.

***
Hardan olsa, kimdən olsa,
Bir xəbər gəlsin.
Gündəmi bir, aydamı bir
Adımı bilərək gəlsin,
Gün doğsun, dağlar dikəlsin.
Bir xəbər gəlsin adıma,
Yaza bürünsün
Gözlərimin dikildiyi
Yerlərin üzü,
Gəl, gəl gecənin gündüzü.

Bir xəbər gəlsin adıma,
İçimə sinsin
İşığın sözlü ölümü
Axşamlar üstü
Analar, analar küsdü.

Xəbərli günü olmasın
Günümün bəlkə,
Məni sevən yoxluğuma
Gömülüm səssiz,
Keçin günlər, keçin izsiz.
***
Xatirə qapılarımı açdım o gün
Qovuşammayan yollarda çəni gördüm.
Bir güz havasıydı işıqlar da ölgün,
Qapılardan içəridə səni gördüm.

Gəlib çıxdım son dünyanın eşiyinə,
Ömrümdə qalan izlər söz-söz saçıldı.
Artıq bilsəm dedim bu iç nə, eşik nə
Önümdə bir gercək beləcə açıldı:

Öz gülünə qovşmaq üzrəydi bülbül,
Al-qarmızı geyindi gül sevincindən.
Yaşılına qovuşdu burada sünbül,
Hörüyünün süsləri ağ, ağ incidən.

Yorğunluğunu çıxardı uzun yolun
Türkülərlə dənizinə dalan sular.
Günəşə gülən çiçəklər də gülüşüb
Kəpənəklərini min görüşlə sular.

Güllə başlayan, çiçəklə bitən
O ən gözəl tabloda çəni görmədim.
Orada səni deyə gəzindi gözüm
Səni görə bilmədim, səni görmədim.

O tabloda açıq yollar düzüm-düzüm
Dağların belində çəni görmədim.
Orada səni deyə gəzindi gözüm
Səni görəmmədim, səni görmədim.

DİLƏYİMİ SÜRDÜM GƏLDİM

Dan üzünə işıq saçan,
Çırağımı gördüm gəldim.
Göz əlacı, eşq ocağı
Torpağımı gördüm gəldim.

Ərgənəkon daşan yerdə
Gözü qaldı Göyün Yerdə,
Tanrı sirlər açan yerdə
Bayrağımı gördüm gəldim.

Bir ox uçur Göydən qalma,
Hədəfidi Qızıl Alma,
Haqq yanında, gözüm dolma,
Diləyimi sürdüm gəldim.

GÖZ YAŞLARI, SÖZ YAŞLARI

Həsrətin qəm gəmisinə
İrmaq oldu, dəniz oldu,
İnsanların kimisinə
Dili varkən dilsiz oldu,
Göz yaşları, göz yaşları.

Görünmədi içə doldu,
Görünürdə üz yaşları.
İçəridə dönüb oldu
Köz yaşları, köz yaşları,
Göz yaşları, göz yaşları.

Həm söndürür, həm yandırır,
Sevincə də haqqı verər,
Bəzən yalanı andırır,
Sözdür yalanı da sevər,
Göz yaşları, göz yaşları.

Sevgilərin qan qardaşı
Yaşam varsa silinməzdir,
Bütün dərdlərin sirdaşı
Özü sirdir bilinməzdir,
Göz yaşları, göz yaşları.
Görünürdə üz yaşları,
İçəridə köz yaşları,
Bir ağ kağız üzərində
Yanan dilin əzbərində
Söz yaşları, söz yaşları.

Yağışın dəli çağında
Dağı daşı yandırandı,
Ən dadlı yuxu anında
Gecəni oyandırandı
Söz yaşları, söz yaşları.
BİR BAŞQA BAHAR VARDI
Hər yan işıq idi, hər yan aydınlıq
Bir başqa işıq idi qaranlıq da,
Aydınlıq arxamız, işıq qarşımız
Barışıq içindəydi bu işıqda
Yaşıl boyumuzla beş on yaşımız.

Yoxdu yer üzündə fəsilin dördü
Bahardan da başqa bir bahar vardı,
Göydən ağ-ağ yağan guya ki qardı,
Bir başqa baharın çiçəkləriydi
Çılpaq üzümüzə uçub qonardı.

Gözümüzdə başqa bahar çiçəyi
Gözümüzdə arzular çiçək, çiçək,
Deyərdik böyüsək, illəri keçsək...
Başqa bahar yeliylə uyuyardıq,
Başqa bahar yeliylə oyanardıq.

Bir kosmik gəmiydi işıq sürətli
Bir hüdud bilməyən hər diləyimiz,
Birlikdə uçardıq diləyimizlə
Dəyərdik ulduzlara əlimizlə
Ulduzdan güc alardı biləyimiz.

Sonradan ard-arda gəldi sonralar
Sonradan illəri illər keçirdi,
Başqa bir baharın sonra yerini
Dörd fəsil doğulub ələ keçirdi,
O gülər günləri dilə keçirdi.

Bir Vətən Vardır İçimdə

Gözlərində həsrət yanan,
Umuddan umuda dalan.
Ömrü sınaqla dolan,
Bir vətən vardı içimdə.

Başlanğıcı Gün doğuşu,
Sonu zamanın yuxusu.
Havası Tanrı qoxusu,
Bir vətən vardı içimdə.

Haqqının hüdudu sonsuz,
Dünya yalnız qalıb onsuz,
İçimdəki budur son söz,
Bir vətən vardır içimdə.

Hər daşı, gülü cızılıb,
Hər sözü, dərdi yazılıb.
Bir ulus, bir din yazılıb,
Bir vətən vardı içimdə.
Cızılarsa, yazılarsa,
İçə Vətən
Gerçəkləşən, Vətənləşən,
Salam sənə gözəl Vətən,
Salam sənə əziz Vətən.

ULUBATLI HASANA SÖZ

Ulubatlı Hasan 29 may 1453-cü il tarixdə səhər saat 7 ilə 8 arasında Bizans üzərində ilk Türk bayrağını dalğalandıran və şəhid olan qəhrəmandır... Bir dəfə Fateh Sultan II Məhməddən soruşurlar:
-Əgər Sultan olmasaydın kim olmaq istərdin?
-Ulubatlı Hasan olmaq istərdim! - deyə Fateh Sultan cavab verir.

Biləyi kəskin, sözü kəskin,
Bir Hasan vardı Ulubatlı.
Zəfərsiz, Vətənsiz günlərdə
Üzünü görmə - qarabaxtlı.

Tək bir inamı yerüzünə,
Boyu dərin-dərin sulara,
Bulud dələn ağır sulara
Boy verməyən, sığmayan,
Tanrıya baxan bayrağını
Tarixə bir gün sancmayınca
Üzünə bir an gün doğmayan
Bir Hasan vardı Ulubatlı.
Gül üzlü inamından tutub
İstanbulun sarp surlarında
Özünü və ölümü aşan,
Dadlı canı bir anda verib
Yüzilləri diri dolaşan,
Bu dünyanın sığınacağı
Qanlı köksündə güllər açan
Bir Hasan var yamanca baxtlı.

Bir Hasan vardı Ulubatlı,
Haqqın səsinə yelqanadlı.
Doğru yol deyə bəllədiyi
Özünü qurban dilədiyi
Bir Allahdı, bir də Vətəndi.
Bilirdi bu gözəl gerçəyi
Vətən və dindən özgə hər şey
Yerüzündə itib gedəndi.

Ulubatdan uğura çıxıb
İqlim-iqlim bayraqlaşan
Hey yaman baxtlı, yaman Hasan!
O güllü inamın, o boyun
Yaşıllı sorağını bu gün
Kimlərdən alım, hardan alım?
Bəlkə dünyagörmüş dağdakı
Qarımış qalın qardan alım?
Hey imanıyla, al-qanıyla
Vətənləşən, Vətən quran,
Ağbaxtlı, Ulubatlı Hasan!
Bugün burda, bu sonlu yurdda
Bilmədiklərini o günlər,
Bilirsənmi indi orada,
Qanlara boyanıb getdiyin,
Qəflətdən oyanıb getdiyin
Sonu gəlməyən o son yurdda?

Burda qanadlı, yaraşıqlı,
Ağ gözəllərdən sarmaşıqlı
Gəlmə miniklərin səsiylə
Yürüməkdə bu Vətən indi.
Bir yeni çağa bayraq sancan,
Bir Ulubatlı Hasan deyə,
Bir yaşıl Vətən quran deyə,
Öyünür, öyünür bu Vətən,
Döyünür, döyünür bu Vətən.
ÜZÜMƏ ÜZ TUTUB
GƏLƏ BİLSƏYDİM

Könül oxşanırdı yoxuydu zaman,
Sevgi oxşayırdı sağ ilə solu.
Bir həsrət doğuldu zamanla yaşıd,
Bir ölümlük yoldu həsrətin sonu,
Görə bilmək üçün ölə bilsəydim.

Səssiz gəzinirdi çevrəsində dərd,
Dünyanın qoynunda bir yalqız gölün.
Bilərdim sirrini axşamlı günün,
Bir hüznlü gözün, insansız gülün,
Ağrıyla birlikdə gülə bilsəydim.

Sınağa çəkilir keçilən yollar,
Kim istər ümiddən əli üzülə.
Günəş qaranlığa yenidən doğar,
Qoya bilmədiyim izin üzünə
Üzümə üz tutub gələ bilsəydim.

SÖZLƏ DOLU UZUN İLLƏR

Yavrusuyla uçurdu quş,
Uçmadığı ucalığa.
Uçururdu umudunu
Açmadığı ucalığa.

Dikəlməkdi əngin-əngin,
Dağ dözümü, dağ biləyi.
Bitəcək bu dözüm yetiş,
Ey bu dağın son diləyi.

Atam ölçdü dilək-dilək,
Uzun yolu uzun illər.
Yol yol oldu bu yolda o,
Sözlə dolu uzun illər.

YEL ƏSDİ KEÇDİ

Baxtın arxasınca yola sarıldı,
Ayağa sarıldı, qola sarıldı,
Bir yaman keçiddə yolu yarıldı,
Yelli bir gün idi yel əsdi keçdi.

Zalımın əlindən bir söz daş aldı,
O Xaqan hayqırdı bulud boşaldı,
Məcnun Leyla dedi elə yaşadı,
Yelli bir gün idi yel əsdi keçdi.

Günəş ağlayırdı yuxuydu gördüm,
Oyandım o Günəş yoxuydu gördüm,
Var olanlar yoxdan duyğuydu gördüm,
Yelli bir gün idi yel əsdi keçdi.

Bahardan sürülən yarpaqlar ölgün,
Dağlardan uzaqda duman da sürgün,
Sürgünlər ölkəsi keçən ömür-gün,
Yelli bir gün idi yel əsdi keçdi.

***
Ütüləsə də köynəyini hər gün
Hər gün ütüləsə də geyimini
Ütüləmədi fikirini, sözünü
Nə də yüzillərin bir deyimini.

Ütüsüz fikir, söz-deyim içində,
Ütülənmiş köynək, geyim içində
Keçib getdi sislə bulaşıq ömrü,
Uçub getdi yellə dolaşıq ömrü.
***
Dünyanın yaşıdı iki əkiz qardaş
Adı Gecə, adı Gündüz anlaşaraq
İki anda qovuşub ayrılacaqlar
Yenidən görüşədək sağollaşaraq.

Göçkün ömür yaşadı dünyada insan
Gecəni aşaraq, gündüzü aşaraq,
Bir an qovuşub qopacaq köçkünlükdən
Gəlməyən görüşədək sağollaşaraq.

Vətən Xaini

Mən qəlbimin, fikrimin yurd saldığı ölkəyəm,
Sən çapan axınçı bu ölkəni başdan-başa.
Sənin yaman basqınından çılğınam, övkəyəm
Qəlbimi hədəf seçibsən qəlbindəki daşa.

Dolaşırsan bu ölkəni bəzən bilinmədən,
Başqa bir qılıqda bir gəzərgi casus kimi.
Bu ölkədə, bu ölkədə biləmmədim nədən
Yanğınlar yaradırsan yanğına susuz kimi.

Axınçılar zəfərin varardılar dadına
Darayıb torpağını düşmən, dalğın ölkənin.
Vətəninin xaini deyilməzmi adına
Sən öz vətəndaşısan daradığın ölkənin.
***

Bir xəbərmi vardı yanan canından,
Iraq idin oğlum canı yanandan,
Bir əl boyda yaşda ana yanından
Getdiyin qürbətin gözü tökülsün.

Bir diləyim vardı sənlə doğuldu,
Diləyim gənc qaldı, mən yaşa doldum,
Ana diləyinə dağ çəkən oldun,
İncimə sözümdən sözlərin gülsün.

Sən gəldin ödəndi borcu səsimin,
İndi yanındasan yolçu səsimin,
Keşiyin çəkirsən son nəfəsimin,
Səni işdən qoydum, eh anan ölsün.

***
Qırağındaykən bir suyun
İçim görür kimi oldu
Suda "O"nu, görəli
Gözlərimə doldu,
Suda uçuşan işıqlar.

Ovuclayıb, ovuclayıb
Sularla üzümü
Boyadım, boyadım.
Ulduzlardan çox yuxarı
Sudan boy aldım, boy aldım.

Yaşanan, Yaşanmayan Günlər

Geyilən, əskiməyən bu candan əziz Vətən
Həsrətini çəkirmiş onun gəzinməyinin.
Ayın işığı düşdü Vətənin köksü dağ dağ,
Bu məktubudur onun Ayda gizlənməyinin.

Bura gəzinməyinin həsrətini çəkirmiş,
Aylıqlı yurddan yurda gəzərgi yurddaş oldu.
Qırılan qırılmayan deyə yol da ikiymiş,
Yandı qırılanlara onlara qardaş oldu.

O qardaşlı günlərdən bir gün qurtulum dedi,
Üz tutdu bu dünyaya ilkin gəldiyi yerə.
Göydə yağmur səsiylə yerdə sellərlə gəldi,
Yoldaş oldu indi də xatirəli günlərə.

İllərlə yoğurarmış sona qalan inamı,
Gecə-gündüz oyanıq bəlalı xatirələr.
Yuxularla doğulan ömür sürən insanı
Son qapıya ötürür vəfalı xatirələr.

Qazancım Dağlar

Bəzən qarşıma çıxırdı üzünə daş yamanası yamanlıq,
Üzümün, gözümün hədəfiylə boğuşurdu qaranlıq,
Ama arxamın gələcəyi yermi vardı
Arxam beli bükülməz, yıxılmaz dağlardı.

Bir gün bu dünyadan bir köç də başladı,
Bir gün bir ömür min ömür bağışladı,
Getdi sonsuzluğa sonsuz olmağa
Bu dünya da alışsın onsuz olmağa.

İndi yenə yollarımda önümdəsən,
Məni sorğuya çəkən hər günümdəsən
Qapımda uğurlayır qarşılayırsan
Gözlərinlə yolumu qarşılayırsan.

Siz indi hardasınız
Boyalı dünyamdakı ityim dağlar?
Sizmi miras qaldınız
Bu yorğun köksümdəki qazancım dağlar?

UNUT, DEDİLƏR

Unut, dedilər ona,
Ömrünün gənclik coşqusundan bu yana
Bitməyən dolanbaclarda qıvrıldığı
Sözünü söylərkən öndən qovulduğu
Parlaq, çılğın xəyallara sovrulduğu
Sıra, sıra günləri unut, dedilər.

Unutsun dedilər öncəki özünü
Unut dedilər, bir öncəki özünü
Durmaq bilməyən könül sancılarını
Könlündən silsin deyə,
Bundan belə günlərini hər kəs kimi
Yaşaya bilsin deyə.

Dedilər, çox dedilər,
Biləmmədilər,
Sırtında dağ daşıyan gəzgin bir ömrü
Yaşaya bilmişdi o,
Gənclik coşqusundan bu yana özünü
Unutduğundan, unudulduğundan.dan.