adalet.az header logo
  • Bakı 18°C

AZƏRBAYCAN QƏZƏLİ

VAQİF YUSİFLİ
44239 | 2018-04-07 00:30
ƏDƏBİ HƏYAT

IX yazı

Əlbəttə, XX əsr Azərbaycan qəzəlindən söz açılırsa, bunu yalnız bir şairin- Ə.Vahidin və onun ardıcıllarının yaradıcılığı ilə məhdudlaşdırmaq olmaz. Doğrudur, Vahid Füzuli ənənəsini davam etdirdi, qəzəlin bir janr kimi xalq auditoriyasına daxil olmasını və populyarlaşmasını təmin etdi. Hətta deyə bilərik ki, Füzulidən sonra "düşvarı asan eyləmək" prosesini başa çatdırdı. Lakin Vahidlə bir sırada, elə onun öz sağlığında qəzəli ölməyə qoymayan şairlər də unudulmamalıdır. Məsələn, Mirmehdi Seyidzadə Vahid hələ sağkən gözəl qəzəllər yazırdı, özü də onun qəzəlləri Vahidin sadə tərzdə qələmə aldığı qəzəllərindən heç də geridə qalmırdı. XX əsr Azərbaycan poeziyasında Vahidlə bir sırada qəzəlin və ümumiyyətlə əruz şeirinin bir janr kimi bədii siqlətini təmin edən bir şairin-Süleyman Rüstəmi unutmaqmı olar?
Süleyman Rüstəm qəzələ ilk növbədə, ictimai məzmun gətirdi. Vahidin və digər şairlərin qəzəllərində də ictimai məzmun yox deyildi, lakin S.Rüstəmdə bu daha geniş panoramda əks olundu, "Cənub şeirləri"nin bir qismini məhz qəzəllər təşkil edir ("Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki, Əziz, doğma Vətən birdir o sahildə, bu sahildə!"). Vaxtilə, qırxıncı illərdə Rəsul Rza "Süleyman Rüstəmin qəzəlləri haqqında" adlı bir məqalə yazmışdı. O məqalədə deyilirdi: "Süleyman Rüstəmin qəzəllərinin çoxu mahiyyət etibarilə yeni qəzəllərdir. Bu yenilik yalnız onların forma və ifadə tərzinə aid deyil, bəlkə birinci növbədə bu qəzəllərin məzmununa aiddir... Süleyman Rüstəmin Təbriz qəzəllərində ancaq bir eşq lirikası anlayanlar çox səhv etmiş olurlar. Bu parçalar xalq dərdinin, böyük insan arzularının işıqlı bir dünyaya həsrətinin bəzən yanıqlı, bəzən də qəzəbli səslənən rübabıdır".
Bəziləri iddia edir ki, qəzəlin sadələşməyə doğru cəhdi klassik qəzəllərə xas olan məcaziliyin, bir beytdə sözlə gözəl bir lövhə yaratmağın qarşısını alır. Lakin S.Rüstəmin bir çox qəzəllərinə bunun heç bir aidiyyəti yoxdur. Baxın:
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım ay tək olur, mən də halə şəklində.

Ürək qanımla yazığ eşqimi, məhəbbətimi,
Nigarə göndərirəm odlu nalə şəklində.

O incə qəlbinə təsir edincə hər qəzəlim,
Gözündə nəm görürəm inci-jalə şəklində.

Mən aşiqəm, bu səbəbdən hər aşiqanə sözüm,
Coşub axır ürəyimdən şəlalə şəklində.

Sevin, sevin ki, Süleyman, əlində cananın
Bu qan olan ürəyindir piyalə şəklində.

XX əsrin qəzəl ədəbiyyatında heç bir şair Süleyman Rüstəm qədər alliterasiyadan geniş şəkildə istifadə etməyib. Alliterasiya qədim türk şeirinin ənənəsindən gəlir və şeirə xüsusi bir məlahət bəxş edir: "Mən Süleyman demişəm min kərə hər yerdə bunu - Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!". "Can deyək, can eşidək, can evinə can gəlsin!".
Bəzən belə bir iddia ilə qarşılaşırıq ki, guya Sovet dönəmində qəzələ xüsusi yasaq qoyulubmuş, əlbəttə, bu fikirlə razılaşmaq olmaz. Otuzuncu illərdə qəzələ və ümumiyyətlə, klassik şeirə qarşı hücumları inkar etmək olmaz, amma elə otuzuncu illərdə partiyalı şair S.Rüstəm əruzda şeirlər yazırdı (elə Səməd Vurğunun bir sıra şeirləri də əruzda idi), sonrakı onilliklərdə bu söhbət ara-sıra səslənsə də, əruza və qəzələ qarşı heç bir yasaq qoyulmadı. Sadəcə olaraq, 30-50-ci illərdə heca şeirinin poeziyada mövqeyi daha üstün idi. 60-70-cı illərdən başlayaraq hər üç vəznə müraciət olundu. Əruz R.Rzanın "Sabir sağ olsaydı" satirik şeirlərində və Bəxtiyar Vahabzadənin qəzəllərində nəşv-nüma tapdı. Bəxtiyar Vahabzadənin coşqun ilhamı əruzda da öz bəhrəsini verdi. "Muğam" poemasındakı qəzəlləri misal göstərə bilərik. B.Vahabzadə poeziyasına xas olan fəlsəfi çalarlar, mahiyyətə, mənaya idrakın gözüylə baxmaq onun qəzəllərində də aydın nəzərə çarpırdı.
Ən ülvi, təmiz duyğudur insanda məhəbbət,
Ömrün yoluna nur səpir hər anda məhəbbət.

Dünya da məhəbbətlə dönür, fırlanır ancaq
Məhvər də məhəbbətdi, bu dövran da məhəbbət.

Min yol de ki, sev! Sevgidir insanı ucaldan,
Yox faidəsi, yoxsa əgər canda məhəbbət.

Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın;
İnsanı ucaldan da, qocaldan da məhəbbət.

Mən Bəxtiyar oldum o zamandan ki, sevildim,
Min can yaşadır əzmlə bir canda məhəbbət.

Gəldi doxsanıncı illər - Müstəqillik dövrü və Azərbaycan əruz ədəbiyyatının və qəzəlin inkişafında yeni bir mərhələ başlandı. İlqar Fəhminin müşahidələrinə haqq qazandırırıq ki, Azərbaycanda yeni ədəbi məclislər formalaşdı (Bakıda "Məcməüş-şüəra", "Füzuli" məclisləri, Lənkəranda "Fövcül-füsəha" məclisi), əruza meyl edənlər bu məclislərdə bir yerə toplandı, təbii ki, məclislərdə iştirak edən şairlərin heç də hamısı ciddi şəkildə ədəbiyyatla məşğul olmurdu, bir çoxları bu sənətə xobbi kimi baxırdı, amma bununla yanaşı, bir çox qəzəlxanların ulduzları parladı.
İlqar Fəhmi Hacı Ələmdar Mahirə həsr etdiyi həmin məqaləsində doxsanıncı illərdə adı çəkilən ədəbi məclislərdə Namiq Şəfainin, Əlibala Səyyahın, Kamil Sərbəndinin, Xanəhməd Nahidin, Ağamir Cavadın, Tacəddin Tacirin, Baba Pünhanın, Azər Saninin yüksək səviyyəli əruzçu şair kimi yetişdiyini qeyd edir. Ələmdar Mahiri isə xüsusilə fərqləndirir.
Təkcə doxsanıncı illərdə deyil, ikimininci illərin əvvəllərində də əruza və qəzələ meylin artdığının, hətta ayrı-ayrı şairlərin "Divan" tərtib etdiklərinin şahidi oluruq. Əsasən hecaçı şair kimi tanıdığımız Müzəffər Şükür Məchul artıq 1996-cı ildə öz "Divan"ını nəşr etmişdi. Bu "Divan"da qəzəllər, qəsidələr və heca vəznində olan şeirlər toplanmışdı. Əruzu duysa da, bəzi qəzəllərində uğur qazansa da, Müzəffər Şükür qəzəl janrına yenilik gətirə bilmədi, yəni seçilə bilmədi.
Qəzəlin satira ilə "ünsiyyəti"nə klassik poeziyada onlarla misallar gətirə bilərik. Bu mənada satirik qəzəl ifadəsi birmənalıdır. XX əsrin sonlarında-XXI əsrin əvvəllərində qəzəl ədəbiyyatının satira ilə zənginləşməsində Baba Pünhan böyük rol oynadı. XX əsrin başlanğıcında Sabir kimi nəhəng bir satira ustası yetişmişdi, əsrin sonlarında isə Baba Pünhan bu yolu davam etdirdi. Doğrudur, Sabir satirasına məxsus yüksək sənətkarlığı Baba Pünhanın şeirlərində hiss etmirik, lakin satirik ədəbiyyatın sönükləşdiyi bir zamanda belə bir şairin qəzəl vasitəsilə satiranı "diriltməsi" cəhdi uğurlu alındı. Təsadüfi deyil ki, hər dəfə millətin başının üstünü qara buludlar alanda, cəmiyyətdə bir xaos yarananda poeziyanın sözünü satira deyir.
Acı həqiqət kimi.

Acından millətin bir gün yarımcan olsa, neylərsən?
O can üstə, sənin ömrün firavan olsa, neylərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki Süleyman olsa, neylərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neylərsən?
Əzilmişdən, üzülmüşdən, əyilmişdən, söyülmüşdən,
Döyülmüşdən axan qanlar nahaq qan olsa, neylərsən?

Seçilməkçün düşüb iənzilbəmənzil yalvaran kəslər,
Seçildikdən bir az sonra qudurğan olsa, neylərsən?

Bu mavi ekranım çox əyrini düz göstərir, billah,
Tutub usta düzəltdirsəm, düz ekran olsa, neylərsən?

De ki, Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,
Səmadan Zülfüqar ensə-o dövran olsa, neylərsən?

İkimininci illərdə Hacı Ələmdar Mahir, Mirəziz Seyidzadə, Arif Səfa, Əli Aslanoğlu, Məmməd Məcidoğlu, Gülarə Munis, Səxavət Talıblı, Hacı Arif Buzovnalı, İlqar Fəhmi, Yasin Xəlil, Mahcamal, Xaqani Əmini, Sona Xəyal, Vüqar Rahi, Azər Fəraqi, Mikamil Mirxəliloğlu, Xatirə Xatun, Lətifə Nuran, Xaqani Muğamatoğlu əsasən qəzəllərdən ibarət şeir kitablarını çap etdirdilər. Təbii ki, bu müəlliflər qəzəldə hünər göstərməyə cəhd etdilər, ancaq hünər göstərmək o zaman başa gəlir ki, klassik janra yenilik gətirə biləsən, çünki əruzu bilmək hələ yaxşı qəzəl yazmağa dəlalət eləmir.
Bu sırada ustad qəzəlxan kimi yalnız Hacı Ələmdar Mahirin adını çəkə bilərik. Səbəbini izah edək.
1. Ələmdar Mahir klassik poeziyaya, xüsusilə Nizami, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Nəbati, Vahid yaradıcılığına yaxşı bələd idi, sufizmi, hürufizmi, ürfan ədəbiyyatını dərindən mənimsəmişdi, Nardaranda Muxtar Fail kimi fazil bir şəxsdən aldığı bilik, şəxsi mütaliəsi sayəsində əruz elmini və dini ədəbiyyatı mükəmməl bilməsi onu sözün əsl mənasında USTAD kimi tanıtmışdı. Heç ali təhsili olmayan bu fazil şəxsin olduğu məclisdə elmlər doktorlarının sıxılmağı təbii idi.
Hacı Ələmdar bu dərinliklə, bu kamilliklə mərhum Əli Fəhmini xatırladırdı.
2. Dərin elmi bilik hələ şairlik istedadı üçün yetərli deyil. Amma Ələmdar Mahir həm də istedadlı şair idi. Onun qəzəlləri Füzuliyə, ürfan poeziyasına qayıdışın bariz nümunələri sayıla bilər. Bu mənada Hacı Ələmdarın qəzəlləri müasir dövrlə Füzuli əsri arasında bir körpü rolunu oynayırdı.

Gah vüsalın müjdəsilə can verər bimarə söz,
Gah verər peyğam hicrindən salar azarə söz.

Dərdi-pünhanım sağalmaz gəlməsə səndən xəbər,
Xəstəyə bəzən dəvadan artıq eylər çarə söz.
Yüz bəla gəlsə məhəbbət vadisindən dönmərəm,
Mən bu yolda vermişəm bir məhliqa dildarə söz.

Tut sözü daim özündən yüksək ey şair könül,
Çünki ALLAH göndəribdir Əhmədi-Muxtarə söz.

Hər sözə meyl etmə Mahir, salma qiymətdən sözü,
Çıxdı bir gün bəlkə qiymət almağa bazarə söz.

3. Qəzəldə ustalıq ilk misradan son misraya qədər məntiqi bağlılıq, hər ifadənin, hər sözün öz yerində olması və bununla da beş-altı bəndlik bir şeirdə harmoniya yaratmaqla müəyyənləşir. Ələmdar Mahirin hər hansı qəzəlində bu harmoniya hiss olunur. Xüsusilə, rədif-qafiyə texnikası Ələmdar Mahirdə zərgər dəqiqliyilə diqqəti cəlb edir. Əksər təşbehləri, metaforaları isə təzədir.

Hicran odunda mən də yanardım ocaq kimi,
Əşkim gözümdə qaynamasaydı bulağ kimi.

Bilməm bu daği-hicrə necə tab edib, dözüm,
Bu imtahan durubdu qabağımda dağ kimi.
Eşqində razıyam ki, ola şanə-şanə dil,
Məhrəm ola o kakilə bəlkə darağ kimi.

Gahi bu ahü zarıma pərvanələr yanar,
Gahi özüm öz halıma yannam çırağ kimi.

Əlbəttə, adlarını çəkdiyimiz şairlərin hər birinin qəzəllərindən misallar gətirə bilərik. Əli Aslanoğludan da, Mahcamaldan da, Sona Xəyaldan da, Mirkamildən də, Səxavət Talıblıdan da. Onların qəzəllərində də axtarış, bu klassik janrda təzə söz demək iddiası hiss olunur. Amma bu sırada İlqar Fəhmini, Azər Buzovnalını və Yasin Xəlili xüsusilə fərqləndirmək istərdik. İlqar Fəhmi xeyli nəsr əsərinin, ssenarinin, publisistik yazıların, heca və sərbəstdə yazdığı şeirlərin müəllifidir, amma o, yaradıcılığının ilk mərhələsində (25-30 yaşlarında) yazdığı qəzəlləri ilə məşhurlaşdı. Bu qəzəllərdə sırf Azərbaycan sözləri üstünlük təşkil edirdi və İlqar sanki sübut eləməyə çalışırdı ki, "düşvarı asan eyləmək" müasir ədəbi dilimizin incəliklərinə yaxşı bələd olan bir şair üçün heç də çətin deyil.

Mən ki öz şeirimə bükdüm qəmi misra-misra,
Qəm də şeirimlə gəzir aləmi misra-misra.

Dərdimi bildi təbibim, mənə bir şeir oxudu,
Sanki çəkdi yarama məlhəmi misra-misra.

Qələmimlə yığıram düzmək üçün ağ kağıza,
Gül yanaqlarda donan şəbnəmi misra-misra.

Ey səmadən mələyim ki səni vəsf etmək ilə
Dağıdım qəlbə dolan matəmi misra-misra.

Yazılır dəftəri-eşqə ürəyim qanı ilə
Ömrümün sənsiz ötən hər dəmi misra-misra.

Sevmişəm bir gülü ki, varlığı bir incə gözəl
Nazı beyt-beyt eləyir, çəm-xəmi misra-misra.

Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
Yəni yoldan çıxarıb Adəmi misra-misra.

...Biz çətin, olduqca araşdırma, təhlil, axtarış tələb edən bir mövzuya müraciət etdik. Qəzəlin Azərbaycan poeziyasında keçdiyi yolu izlədik. Təbii ki, tam əhatə edə bilməsək də, qəzəlin portretini cizgiləndirməyə cəhd elədik. Və sonda bunu söyləyək ki: XXI əsr öz ustad Qəzəlxanını gözləyir...



TƏQVİM / ARXİV