adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Aprel 2018 00:22
12919
ƏDƏBİYYAT
A- A+

Kəramət

KÜLƏK SƏRGİSİ

Yorğan üzündə külək
küləkdə yorğan üzü.
Bu küləyi zivədən
asıb qonşunun qızı.

Yorğan üzündə qalır
küləyin cizgiləri.
külək yorğan üzündə
Səhərdən güzgülənir.

Zivədə külək yellənir
Küləyi külək yellədir.

...mış, ...muş... kimiyəm

Həyatın adlıq halında
Keçmiş zamanındayam
Yır-yığış fəslidi,canım,
Sən nəyin hayındasan
Mən nəyin hayındayam.

...acaq-lar,...əcək-lər qaldı arxada
Hallanıb qurtaran bir hal kimiyəm
Elə haldayam ki,halım bilinməz
Elə məkandayam,
Yolum bilinməz
Görmürsənmi, elə özüm yol kimiyəm?

Sevilib unudulmamış
Qoxlanıb atılmamış
Boğazacan günahda
Heç günaha batmamış
Alınıb satılmamış
...kimiyəm.

Bütün bunlar olmamış-
Planetlər budağında uçmamış
Aramızda zaman aşımı var
Dərsdən qaçar kimi
Zamanın tunelindən
o üzünə qaçmamış
Min kərə doğulub-olməmiş
...kimiyəm.

Yanılıb gəldiyim Yerə
Seçilib göndərilməmiş
Uşaq paltarını kəfəntək
Kəfəni uşaq paltarı kimi geyməmiş
Ömrü boyu kəfənləri
Cıra-cıra gəzməmiş
...kimiyəm.
Doğulmamış kimi
Ölməmiş kimiyəm.

Karvan qatara qoşulmuş
Qatar karvan səfinə
Ikisi də uçub qoşulmuş
Durna qatarına
Özgə planetə daşınmış
-kimiyəm.
Sən məndə yaşamadın
Mən səndə yaşanmış
...kimiyəm.

Ömründə yaz olmamış
Öz=özündə azmamış
Heç bu şeiri də
Yazmamış
...kimiyəm.

Ömrün bahar arzusu

Piano dilləri-otlar çalınır
Yağış barmağında yaz buludunun
Qoşulmaq istəyir sübh quşlarına
Adam olduğunu adam unudub

günəşdən asılıb Yer yelləncəyim
Bu yaz oxudacaq ahıl dağları.
Sinəmdə saxlaya bilməyəcəyəm
Dartınır urəyim bahara sarı.

Çırtdayıb gözündən gülər bulaqlar
Oyuncaq uşaqdı,uşaq oyuncaq
Durna slrasına dönən misralar
Yaşıl qəzetlərdə çap olunacaq

Hamilə qəbrin də üzü güləcək
Çiçək açılırtək söküləcək dan
Bilmirəm sevincdə nə eləyəcək
Yazı torpaq kimi gözləyən atam.

Bayram tonqalıyam,arzu-ocağam
Ömrümün axarı-baxarı gəlib.
Burdan kəndimizə qışqıracağam
-Hey,hey!..Kəramətin baharı gəlib
Göyərər təmirə dayanan gəmi
Qatar yaz daşıyar kənddən şəhərə.
Qızları yeriyən çiçək sanarlar
baxışlar qonarlar gül küçələrə.

Piano dilləri-otlar çalınır
Yağış barmağında yaz buludunun
Qoşulmaq istəyir sübh quşlarına
Adam olduğunu adam unudub.

Gəlin paltarın qalıb

Bir qucaq qar kimisən
əriyirsən,hopursan
hopursan ömür-günümə.
Uşaqlar həyətdə
Qar qız heykəli qurub
mən-saqqallı uşaq
Qar qız oğrusu
Bir qucaqda bir pişik
bayılıb sığalın səadətindən
Mən də dizlərimi qucaqlamışam.
Gəlin paltarın qalıb
qollarım arasında
yolların harasında?
sürüşüb düşmüsən
qollarım arasından
illərin harasında?
hər qış saqqallı uşaq
gözləyir ki,qar yağa
O da Qar qız düzəldə
ala qolları arasına.
Hər qış qar yağmasa da
Qosqoca kişi
Qar qızla şəkil
çəkdirir

İKİ STUL

İki stul üz-üzə
Güldan boşdu stolda
əsir küləyin səsi
otaqda asta-asta.
Indi hava soyuqdu
Yağsa,damacaq tavan
Çay dəmlədim,soyudu
Qışqırdı maqnitofon.
Iki stuldu həmən
baxılmadı alboma
bir udum su olardın
səhralanan qəlbimə
Iki stuldu həmən
Nə hacət artıq sözə.
Birində sən,birində mən
oturmalıydıq üz-üzə

***

Hərdən-birdən
istəyirəm yoxluğuna zəng edim
yoxluğunun qulağını dəng edim
Evinizin telefonu
gəlin köçüb səninlə.
Telefonun o başından səs gələr
səs gələr ki,
ərə gedib,başa düş,
O qız indi ərə gedib,
bilməm hansı gora gedib.

Açılmadan solanım
Həm doğrum,həm yalanım
Özün yoxsan,
Heç olmasa,
Yoxluğuna zəng edim.
Sözü dildə
Gözü yolda qalanım.
Hərdən-birdən istəyirəm
yoxluğuna zəng edim
yoxluğunun qulağını dəng edim.
-...dud,dud,dud...

QAR ÇİÇƏKLƏRİ

Çiçəyə gül almaq ağlıma gəlməz
Gətirdim Yer boyda qar çiçəkləri.
Sırsıra-evlərin boyunbağısı
Durub qar altında...Yar çiçəkləyib.
De,harda qalmısan? Gəlib çıxsana..!
Xaraba ömrümü bir də yıxsana.
Qaraya ağ düşüb,gözüm, baxsana
Ağ saça qar düşüb, qar çiçəkləyib.
Həyat öylə ağır,ölüm vız gəlir
Yaza qış düşübdü, qışa yaz gəlir.
Böhtanda batmışam, sənə söz gəlir
Söz də gülümsəmir,zor çiçəkləyir.

ORDU KİMİ TƏK ADAM

BİR-ləşin,
bütün ölkələrin istedadsızları-
həşəratları,
Qarşınızda dayanıb
Ordu kimi Tək adam,
tək adam-ordu kimi.
Hamı BAZAR-lıq oldu
burada nə gəzirsən?
bir adamlıq yolun yox.
Əlini əllər apardı
Əl tutmağa əlin yox.
Çabalasan,batarsan
bataqlıqda yolun yox.
Yola qapı qoymazlar
qapı qoymazlar yola,
Ay müsəlman,ay insan
Göyə qapı qoymazlar
Sozə də, sevdaya da.
Üzündən görünür ki
döyüşməkdən yorulmuş...
Meydanda tək qalmısan
Ay qoşunu qırılmış.
-Bu kimdir ki,əyilməz
-Bu kimdir ki,satılmaz
və alınmaz?...
qapı döyməz qanı axan səsi
Meydanda tək qalmısan
Təklənən qoşun sərkərdəsi.
Birləşin,şanlı ölkələrin şərəfsizləri
qarşınızda dayanıb
Ordu kimi tək adam
Tək adam-ordu kimi.

Səkkiz milyon plyus birəm

Ayrı-ayrı zamanlarda yaşayırıq
haçandı bir-birimizlə
başqqa dildə danışırıq.
Yeri bilinməyən yerəm
gələcəkdən,ya keçmişdən gələn diləm.
Səkkiz milyon minus birəm
səkkilz milyon plyus birəm.

Adım da çıxıb yadından
heç olmasa nömrələ,
heç olmasa, heç olmasa
-Cənab 8.000.000 + 1 de!

PLAŞ

Düz 10 ildi əynimdəsən
10 yaşın mübarək olsun.
Nə kökdəsən,nə gündəsən?-
görən görsün,bilən bilsin.
Qış,payız bürünəcəyim
Mən səni geydim, sən məni
bürünüb bir-birimizə
yol gedirik xəzəl günü.
İşdi, Allah eləməmiş
çoxlu-çoxlu pulum olsa,
gedib təzə plaş alsam
səni atmaq çətin olar
çətin olar,yaman çətin..
özüm özümü ələdim
ələdim,gəlmədim ələ.
yavaş-yavaş ağarırsan
Kəfənim sənsən elə

***
indi də mənimsən,yüz il sonra da
mən sənə çatınca Kül olacağam
sən mənə yetincə Gül olacaqsan
min il bundan əvvəl mənim olmusan
qoşmalar,qəzəllər yazmışam sənə
ayrılıqlar acığına
mənim olmusan ey...!
mənim olmusan.
batır başdaşım torpağa
adını çağıra-çağıra
o mənəm doğulan "Doğum evi"ndə
adını çığıra-çığıra

ÖMÜR QƏZALARI

Yaşandıqca bəllənən
küllənən,güllənən
sondan geriyə oxunan KİTABDI
alın yazıları.
Hamar yolda tapar məni
Ömür qəzaları.
Əlini saxla,Ustad,
ana bətnindəki körpə alnina
çəkmə həyat şəklini,
Görmürsənmi halımı?
pusquda dayanıb ömür qəzaları
Mənim də alnımdan, çək əlini,
çək,Ustad,
Ömür qəzaları
ağ bayraqla göstərər YALANını