adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Aprel 2018 00:12
29114
ƏDƏBİYYAT
A- A+

Ko Unun şeirləri Azərbaycan-Koreya ədəbi əlaqələri kontekstində

Nizami
Tağısoy

2017-ci ilin lap sonlarında "Ulduz" jurnalı Koreya ədəbiyyatından postavanqard üslubda yazıb-yaradan Ko Unun şeirlərini Eunkyunq Ohun tərcüməsində oxuculara təqdim edib. Bu kontekstdə Koreya ədəbiyyatından ictimaiyyətə müəyyən nümunələrin təqdim edilməsini yetərincə gərəkli hesab edirik. Çünki Çin, yapon ədəbiyyatları ilə bağlı Azərbaycan dövrü mətbuatında bir sıra nümunələr işıq üzü görsə də, bizdə Koreya ədəbiyyatının yayılması indiyədək zəif olmuşdur. Düzdür, görkəmli ədəbiyyatşünas-alim prof. Həbib Babayevin "Azərbaycan ədəbiyyatının beynəlmiləl əlaqələri" kitabında Koreya ədəbiyyatı nümayəndələrindən yazıçı Roman Kimin Bakı ilə əlaqələrinin olduğu barədə qeydlər vardır. Eyni zamanda son 25 il ərzində Azərbaycanla Cənubi Koreya arasında təhsil, elm, tikinti, informasiya, texnologiya, enerji sferasında və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə getməkdədir. Koreyanın köməyi ilə bir sıra layihələr həyata keçirilir ki, bu layihə çərçivəsində həmin ölkədə 80 azərbaycanlı tələbə təhsil alır.
2017-ci ildə Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasına həsr olunmuş mədəni tədbirdə 80-yaxın Koreya mədəniyyət nümayəndələri tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri iştirak və çıxış edib.
2000-ci illərdən Azərbaycan-Koreya Mədəni Mübadilə Assosasiyası (SEBA yəni Seul-Bakı Koreya dili üzrə ixtisas artırmaya diqqət yönəldilib, BDU ilə Konkuk Universiteti arasında əməkdaşlıq, Azərbaycan-Koreya simpoziumu, Azərbaycanda Koreya təhsili sərgisi, Bakıda Koreya dili üzrə yay kursları, Azərbaycan-Koreya məktəblilərinin 23 saylı məktəbdə birgə görüşü, Koreya Fondunun Xəzər Universiteti və BSU ilə birgə keçirdiyi görüşdə "Koreya-Azərbaycan qarşılıqlı münasibətləri" təqdir edilib, Azərbaycan nağılları və uşaq ədəbiyyatı kitablarının Koreya hökümətinin Azərbaycan səfirliyinə köməyi sayəsində təqdimatı və nəşri hər iki ölkənin elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində apardıqları işlərin dinamikasını sübut edir. Son illərdə Azərbaycanda Koreya dilinin öyrənilməsinə geniş maraq, gələcəkdə bu qarşılıqlı əlaqələrin intensivləşəcəyinə ümidi daha çox artırmaqdadır.
İlk baxışda ədəbi ənənələrimizə o qədər də yaxın olmayan xalqın bədii məhsulları ilə tanışlıqda, heç şübhəsiz ki, xeyirxah mərama xidmət edən təşəbbüs kimi dəyərləndirilməlidir. Bununla belə mənbələrin yaddaşında türk tayfaları ilə koreyalılar arasında əlaqələrin olduğu da yer almaqdadır. Prof. İsmayıl Kazımov "Müasir türk dillərinin müqayisəli leksikası. II cild" (Bakı, 2010) kitabının üçüncü bölümündəki "Dillərin leksik kontaktı" başlığı altında "Türk-Koreya tarixi-mədəni kontaktları" məsələsini nəzərdən keçirərkən digər tədqiqatlara söykənərək belə bir fikir irəli sürür ki, oğuz türkləri kimi koreyalılar da ya Mancuriya, ya da Şərqi Avrasiyada yerləşən Baykal gölü ətrafındakı Altay xalqlarından nəşət etmişlər. Bununla da müəllif koreyalılarla oğuz tüklərinin eyni kökdən olması iddiasına tərəfdar çıxmaqdadır. Oğuzlar qədim türk dilində "ok" sözündən yaranıb, "ox" anlamını daşıdıqları kimi, koreyalılar da, Çin tarixinə görə "şərqli oxçular" kimi tanınırdılar. Bir sıra koreyalı tarixçiləri fikrincə Koreya mədəniyyəti prototipinin türk-monqol köçəri bürünc mədəniyyətinin təsirinə məruz qalmış Jemaek bürünc mədəniyyətində axtarılmasının məntiqə uyğun olduğunu söyləmişlər.
Jemaeklərlə bağlı mülahizə irəli sürənlər onların Göyrüklərin (koreyaca Dolgol) nəslinin bir budağını təşkil etdiyini, onlarla sıx etnik əlaqədə olması qənaətindədirlər. Bu həm də jemaeklərlə Göytürklər (yəni Dolqollar) arasında linqvistik və mədəni oxşarlıqların olduğunu gündəmə gətirməkdədir. Bu oxşarlığı dərinləşdirən digər mühüm bir məqam isə türklərin və jemaeklərin şamanizmə tapınması, ən ulu Səmavi Tanrıya inam gətirməsi, türklərdə və koreyalılarda şamançılıq ayininin (tıva, xakas, saka və s. türk xalqlarında) davam etdirilməsi, bir sıra koreyalıların dünyanın ali idarəçisi Hanulnimə, türklərin isə Tanrıya inanması da fikirlərimizə yardımçılıq etməkdədir.
Koreyalılar türklərlə ilkin inancları ilə yanaşı, onların ailə strukturu, mərasim və ənənələrə dürüst riayət edib qorunması baxımından da eynilik təşkil etməkdədirlər. Koreyalılarda və türklərdə ailə quruluşu, hər iki cinsdən olan insanların cəmiyyətin həyatında yaxından iştirakı, ağsaqqallara və ağbirçəklərə sayğı ilə yanaşma və s. onların oxşarlığını ortaya qoymağa əsaslar verir. Bu da məlumdur ki, koreyalılar və türklər uzun tarixi kəsimdə Çin və çinlilərlə sıx təmasda olmuşlar. Türklər müəyyən zaman keçdikdən sonra Çindən və çinlilərdən (uyqur türkləri və qazaxlar istisna olmaqla) ayrılsalar da, koreyalıların onlarla eyni regionda qalıb yaşaması davam vermişdir. Bunun nəticəsidir ki, tarixən bir-birinə yaxından bağlı olan türklər və koreyalılar müxtlif siyasi və mədəni təbəddülat və proseslər nəticəsində nəzərə çarpacaq dərəcədə bir-birindən kənarlaşmışlar. Lakin buna baxmayaraq, onların tarixi-etnik əlaqələri əsrlər keçsə də unudulmamışdır. Təsadüfi deyildir ki, Türkiyədə bu gün də Koreyaya Kanka (yəni kan kardeşi - qan qardaşı) kimi yanaşılır. Bu isə onların arasında tarixən yaxınlıq olduğunu göstərdiyindən, alimlərin (tarixçilərin, dilşünasların, etnoqrafların) məsələni daha dərindən araşdırmaları üçün zəmin yaratmaqdadır. Yaxınlıq əlaqələrinin tarixi qədim olduğundan və bu barədə az, yaxud tamamilə danışılmadığından məsələyə şübhə ilə yanaşılmamalı və yaxud diletantlıq səviyysində qavranılmamalıdır. Çünki bu barədə mülahizələr təkcə koreyalı tədqiqatçıların əsərlərində yox, həm də Türkiyəli alimlərin (Bahaəddin Ögəl, Ziya Göyalp, Güvənc Bozqurd, İzgi Özvan və başqaları) əsərlərində də yer almaqdadır. Böyük rus tənqidçisi V.Q.Belinskinin belə bir deyimi var: "Çeqo ne soxranit istoriya, toqo ne peredast poeziya" ("Tarix qoruyub saxlamadığını, poeziya bizə çatdıra bilməz"). Biz də bu fikirdəyik ki, türklərlə koreyalılar arasında etnik, tarixi və dil əlaqələri olmasaydı, onlar bizə əsrlərin dolanbaclarından gəlib yetişməzdi də. Deməli, bu əlaqələrin öyrənilməsinin gündəmə gətirilməsinə bu gün daha çox ehtiyac vardır. Qeyd edilən mövqedən çıxış edərək, Koreya və Azərbaycan türkcəsinin bəzi qarşılıqlı məqamlarını öyrənmək də maraq doğura bilərdi. Bütün bunlar nəzərlərimizi yuxarıda adını çəkdiyimiz Ko Unun şeirlərinin məzmun, struktur, ritmik dinamika, ruhi halların vəsfi və digər məqamlar üzərində cəmlşdirməyə istiqamətləndirdi. Çünki Ko Unun "Bir portret", "Ağ kəpənək", "Ruh", "Geriyə buraxdığım şeir", "Cazib", "Layla", "Bir vətənə dönüş", "Himalaydan sonra" şeirlərinin məzmunu yetərincə özəl və cəlbecidir. Şairin təsvir və obrazları bəzən mistik dünyadan xəbər verib, ruhu onun özünə çevrilirsə ("Ruh", "Layla"), bəzən şairlik yükü vətənsizliyə bərabər tutulursa ("Bir portret") və göz önünə gətirilirsə, bəzənsə şairin uşaqlıq dünyasına dönüb, oradan bu günə ("Geriyə buraxdığım şeir") dönüşünü göstərir. "Bir portret" şeirindəki məzmun və deyim özəlliyinə nəzər salaq:

Kəlmələr arasında bir sərhəd var -
O sərhədin bir ucunda
Keçməsi yasaqlanan bir vətənsiz.
Bax, o kəlmələrin xəlvəti yeri şairdir.

Ko Unun şeirinin sistemi, ritmi elə formadadır ki, onun qavranılması, interpretasiyası çoxyönlü, çoxistiqamətlidir. Təsvirdə yer almış qeyri-adi "kəlmələr", "sərhəd", "yasaqlanan vətən" və "şair" kimi ifadələr mozaik pannonu xatırladır. Yaxud "Geriyə buraxdığım şeir"dəki maraqlı kompozisiya və məzmunu göz önünə gətirək:

Kasıbdım, göz yaşım belə yoxdu.
Bir gecə
sönməyə başlamış sobada
öncə üşüyən kirpiyimi isitdim,
sonra boş qəlbimi.
Başqa bir gecə
qaranlıqlar içində tir-tir titrədim.

Ko Unun şeirləri nəinki postavanqardist ruhludur, həm də postrealist yönümlüdür. İfadə olunan məzmunla təsvir olunan mahiyyət sanki düşüncənin alt qatından boy verir, maraqlı və qeyri-adi fikir şəbəkəsi yaradır.
Orijinalda bu nümunələrin necə səslənməsini bilməsək də, Azərbaycan türkcəsində nədənsə uğurlu alındığı qənaətindəyik.
Düzü, bizim özümüzün Ko Un haqda təsəvvürlərimiz çox kasad idi. Bunu dünya ədəbiyyatı nümunələri ilə təmasda olmamağımızla əlaqələndirmək qətiyyən düzgün olmazdı. Çünki şəxsi kitabxanamızda türk, Şərq, rus, Qərb ədəbiyyatı nümunələri, müxtəlif ədəbi, fəlsəfi və s. ensiklopediyalar, soraq kitabları, çoxcildlik dünya ədəbiyyatı tarixi, türk xalqları əbəbiyyatları çoxcildliyi, Cənubi Koreya ədəbiyyatı nümunələri olsa da, Ko Un imzasını tanımırdıq. "Ulduz" jurnalında Samirə Məmmədlinin "Ko Unun poeziyasında keçid mistikası" adlı tanıtım məqaləsi bu koreyalı müəllifin poeziyası haqqında düşüncələrimə yardımçı oldu. Ko Unun fərdi həyatı və yaradıcılıq taleyi, poeziyasının başlıca mövzuları və motivləri, yaradıcılığında reallıqla irreallığı (mistifikasiyanı) bir araya gətirməsi, dini baxışları və mövqeyi, onun Ziqmund Freyd fəlsəfəsindən başqa, həm də dekonstruksiya konsepsiyasının yaradıcısı Jak Derrida fəlsəfəsinin postulatlarına hörmətlə yanaşması, monastırda buddist rahibi kimi xidmət edib on ildən sonra oranı tərk etməsi, həyatda keçid anına bağlı olub səslə sükutun kəsişdiyi nöqtələri işarələməsi, sözlə dünyadakı kataklizm məqamlarını göstərməsi, varlıqla yoxluq arasında ikiləşməsi, kədər və əzaba qalib gəlmək üçün mistik yola üz tutması, sükutun özünəməxsus səsini eşitməsi, sərhədsiz keçmişlə sərhədsiz gələcək arasında hərəkəti, varlığı özünəməxsus şəkildə dərk etməsi, sükutun səsini ən incə poeziya adlandırıb ona tapınması, miniatür biçimlərdən istifadə etməsi, mətndə mürəkkəbliklə polifoniyanı ziddiyyət və rəng stixiyasında ortaya qoyması, dilin ən kövrək məsamələrindən gələn axına fərqli tərzdə yanaşması, çoxmərhələli poetik nümunələrlə yanaşı, özünün özünü yaratması ilə məşğul olması şeirlərində qeyri-adi ifadələrlə təqdim olunmaqdadır. Marağımıza səbəb olan başqa bir şey Ko Unun şeirlərinin türkoloq Eunkyunq Oh tərəfindən dilimizdə yetərincə ədəbi şəkildə səsləndirilməsidir. Orijinalı mükəmməl bilən söz adamının Azərbaycan türkcəsinin incəliklərinə bələd olması Eunkyunq Ohun və Ko Unun yaradıcı şəxsiyyətlərinə marağı artıracaqdır. Ko Unun şeirləri postmodernist və avanqardist strukturu, biçimi, kompozisiyası, məzmunu, qavrayışı ikili interpretasiyada təzahür edir. Bunu "layla" şeirindən yaxşı illüstrasiya etmək olar:

Ta uzaqdakı boşluğun
ortasından gələn oxla
qarşı tərəfdən uçan ox
çarpışdılar.
Birlikdə düşdülər
Minlərcə kilometr qabağa
Ayağının önünə "tak" - deyə.
Canım, körpəm!
Körpəm, şirin yuxular...

Əlbəttə, nümunə gətirdiyimiz bəndi ətraflı təhlilə cəlb etmək üçün posmodernist yazı üslubunu, texnikasını daha dərinləşmiş şəkildə çözmək önəmli olardı. Lakin burada geniş manevr imkanımız olmadığından, şeirin reminissensiya sxeminin göz önündə olmasını qeyd etməliyik. Ko Unun bu şeiri postavanqard nümunə kimi də nəzərdən keçirilə bilər ki, burada, demək olar ki, poeziyanın maarifçi rolu sıfır həddinə endirilməklə, müasir dünyada sənətin heç də mühüm olmadığı, onun yalnız söz, səs, vizual sıra - daha doğrusu, oyun vasitəsi olduğu təsirini buraxmaqdadır. Bundan başqa göz qarşısında şeirin daxili məna bütövlüyü və məntiqinin yoxluğu da dayanmaqdadır. Burada hər hansı sistemli qafiyədən də söhbət belə gedə bilməz. Şair (bəlkə də mütərcim!) mətnin ritmik və üslubi şəklini də öz fərdi "mən"inə uyğunluşdırır, punktuasiya qaydaları da, əsərin intonasiya bütövlüyünə kölgə salır. Bu şeirdə assosiativ obrazlılıq və ironiklik bir-birini tamamlamır. Ko Un şeirlərində mozaik mənzərə yaratmağa can atmasa da, nümunədə onu təsəvvür etmək çətin olmur. Müəllifin "Cazib" şeiri də düşüncəmizdə təxminən analoji assosiasiya yaradır:

Gözünün içindəki o dərin quyuya
sanki düşən kimiyəm
İki ayağımda yerdən üzülür
sürətlə sözcüklərin arasına düşən
ulduz üzündən.
İndidən yüz il sonrası da qaranlıq:
Məzarında çürüməyən sümüklər
möhtəşəm və səssiz.
Bundan sonra belə olacaqlar
uzun zaman.
Səni sevirəm! (s. 54)

Ko Unun həm bu, həm də digər şeirlərini oxuduqca biz onun yaradıcılığında postmodernist poeziyanın üslubi çalarlarının poetik mətndə semantik, qrafik, melodik çalarlarını görürük. Burada müəllif öz dünyasını qeyri-normativ və qeyri-adi ifadələrlə yaradır. Əlbəttə, bu haqda ayrıca və kompetensiyalı danışmağa ehtiyac var. Çünki Azərbaycanda posmodernizmdən nə qədər söhbət açılsa da, fikrimizcə, onun adekvat başa düşülməsi bu günə qədər baş verməyibdir. Eyni zamanda bu da vurğulanmalıdr ki, Cənubi Koreya ədəbiyyatının nümayəndələri ilə bizim oxucuların tanışlığı bütün hallarda təqdirəlayiqdir.
Ko Unun poeziyası ilə Azərbaycan poeziyası (həm klassik, həm çağdaş) arasında bəzi mistik yaxınlığı da qeyd etmək vacibdir. Ko Unun da yaradıcılığı (o, buddist olub monastırda kahinlik də edib) Azərbaycan şairlərinin bir qismi kimi sirli-sehrli aləmlə bağlıdır. Çünki onun da düşüncəsində ekstaz halına çatıb mütləqə yaxınlaşma mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə bütün xalqların nümayəndələrinin hamısı, bütün dinlərin və cərəyanlara məxsuslar mənanın tam şəkildə ifadə olunmasında israrlı olmuşlar. Buna görə də Ko Unun mistikasında susmağın köməyi ilə (məsələn, bunu Buddanın alicənablıqla susmasını ilə müqayisə et və susma poetikası da ayrıca öyrənilməyə layiqdir) dünyanın mistik dərki baş verir. Bu müstəvidə Ko Unun poeziyasının mayasında müsəlman mistiklərində olduğu kimi, "ruh" başlıca mövqedə dayanır. Bizim klassik şairlərimizdə olduğu kimi ruh Ko Unun duyğu və düşüncələrinin qaynağı olub onu qorumaqdadır. Elə buna görə də onun ruhla olan əlaqələri şeirlərində də özünü göstərir. Ona görə də o, öz ruhuna inanır və o biri aləmdə ona mütləq qovuşacağına əmindir.
Bir neçə il bundan qabaq Bakı Slavyan Universitetində Cənubi Koreyadan olan tələbəm vardı. Onun oturuşu, duruşu, baxışı, səmimiyyəti, ürəyə yatımlılığı bizim qızlardan heç nəyi ilə fərqlənmirdi. Qızlarla elə ülfət, ünsiyyət qura bilmişdi ki, ona koreyalı deməyə adamın heç dili belə gəlmirdi. Bütün mahiyyəti ilə türk qızlarını andırırdı. Bəlkə bu, koreyalıların tarixən və etnik baxımdan türklərlə birliyi, yaxınlığı il bağlı idi. Hər halda Azərbaycan türkcəsində şirin danışan, dərslərdə cavab verən bu qız heç də təhsil almaq üçün Azərbaycanı təsadüfən seçməmişdi.