adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Aprel 2018 00:20
9757
GÜNDƏM
A- A+

Həyat etüdləri

Akif CABBARLI

"Ürək çatışmazlığı, yoxsa..."

Dumanlı-çiskinli bir yaz səhərində qəzetlər və saytlar çox xəsisliklə cəmi iki-üç cümləlik bir xəbər yaydılar: "Tanınmış publisist Asif Vasifli dünən gecə saatlarında ürək çatışmazlığı səbəbindən qəflətən vəfat etmişdir. Dəfn mərasimi Yaşıltəpə şəhər qəbiristanlığında olacaq. Yaxın dostları və həmkarları mərhumun ailəsinə başsağlığı verirlər".
...Paytaxtdan xeyli aralıda, yamyaşıl dağ yamacındakı qəbiristanlığa da sən deyən adam yığılmamışdı. Bakıdan beş-üç nəfər qələm adamı, ailə üzvləri, bir də Yaşıltəpədəki qohum-əqrəbası gəlmişdi. Yaxın dostlarından olan Mahir müəllim həmişəki kimi pafosla, yüksək intonasiya ilə danışır, mərhumun istedadlı yazarlardan biri olduğunu, işlədiyi uzun müddət ərzində öz qələminə, düşüncə və əqidəsinə sadiqliyindən bəhs edirdi. O, Asif Vasiflinin nəinki Yaşıltəpə əhalisi, eləcə də paytaxt sakinləri, daha doğrusu, oxucular arasında böyük xətir-hörmət, nüfuz qazandığını qürur hissi ilə dilə gətirirdi. Dəfn mərasiminin sonunda bir kənd müəllimi molladan icazə alıb, ürək sözünü bildirmək istədi.
-Ay camaat, Asif müəllim həqiqətən yaxşı insan olub, hər kəsin ürəyindən xəbər verən əsərlər yazıb, hamımıza böyük yaxşılıqlar edib, irili-xırdalı bütün xahişlərimizi eşidib, bizə düzgün yol göstərib. Əlində imkan olanda, sözü yuxarılarda eşidiləndə bax bu qəbiristanlığın hasarını dəyişdirtdirib, yollarımıza asfalt çəkdirtdirib, Bakıda oxuyub qurtaran uşaqlarımıza iş verdirib, xeyir-şərimizdə iştirak edib. Bəs, biz nə eləmişik? Hansımız quruca zəng edib, kefini soruşmuşuq? Nə vaxt bayramlarda bir kənd payı göndərib, ürəyini almışıq, hə?! Heç vaxt. Eşitməmişəm, görməmişəm. Ay Bakıdan gələn müəllimlər, yazırsınız ki, ürək çatışmazlığından ölüb, yəni ki, həkimlər bu cür deyib də. Amma bu təvazökar, sadə insandan bircə yol soruşan olubmu ki, ay gözütox, sədaqətli, dəyanətli insan, evdə-ailədə nəyin çatıb-çatmır, bəlkə nəyəsə ehtiyacın var...
Cüzi maaşla, qonorarsız-mükafatsız necə yaşayırsan, nə təhər dolanırsan? Siz orada maraqlanmamısınız, bizimsə burada tükümüz də tərpənməyib. Yad eləməmişik, fikirləşmişik ki, bəy kimi dolanır da kişi.
Hanı bəs Asif müəllimin əli işdə olanda yanından tərpənməyən qulbeçələr, fəndgirlər, yalançı bülbüllər?.. Yox bir, ürək çatışmazlığından!
Yalan söhbətdir. Ona illərlə sərgilənən laqeydlik, biganəlik, diqqətsizlik, hər kəsdən gizlətdiyi maddi-mənəvi ehtiyac öldürdü bu kişini. Yoxsa nə olmuşdu ki, onun ürəyinə?! Xahiş edirəm, əsl mətləbləri açıq-aşkar yazasınız bildirişlərdə. Allah sənə rəhmət eləsin, Asif müəllim. Qoy, ruhuna da ayan olsun ki, sən bu dünyanı ürək çatışmazlığı ucbatından-zaddan tərk eləməmisən. Rahat yat, gözəl insan.
...Yaşıltəpənin yamyaşıl otları, nərgiz gülləri xəfif-xəfif xumarlanır, asta-asta günəşə sarı boylanırdılar.

Heç özləri də bilmir ki, niyə dalaşmalıdırlar...

Qonşumun işlətdiyi kafe-çayxana bizim üçün hər cəhətdən münasibdir. İstədiyimiz stolda ürəyimiz istəyən qədər oturur, nərd oynayır, ara-sıra boğazımızı da yaşlayırıq. Bir çaynik çay cibimizə uyğun verilir - cəmi bir manata. İstəsən, heç çay da içmə, nərdə onsuz da pul istəməyəcəklər.
Bu çayxanada hər cür adama rast gəlmək mümkündür. Pensionerlərə, istefaya göndərilən polis işçilərinə, xırda məmurlara, həkimlərə, tələbələrə və sair zümrədən olan vaxt öldürənlərə həmişə burada yer tapılır. Bir-biri ilə ürəkdən dost olan, səmimi tellərlə bağlananlar da var, heç nədən nəyisə bəhanə edib, burun-buruna gələnlər də. Hövsələsizlər bəzən hansısa kəlmənin ucundan tutub ucuzluğa da gedir, bir-birini xoruz səsi eşitməmiş yağlı söyüşlərlə "tərifləyirlər" də. İki nəfər var ki, hamımız onların xətrini əziz tutur, başa keçiririk. Dünya görmüş adamlardır, bərkdən-boşdan dəfələrlə çıxıblar, di gəl ki, son vaxtlar bir-biri ilə heç yola getmirlər. Birinin dediyi söz nədənsə o birinin boğazından keçmir.
Əslində, belə qarşıdurmalara heç tutarlı səbəb də yoxdur. Nə var-nə var zəri möhkəm fırlatdın, daşı bərkdən şappıldatdın, tumun qabığını nərdtaxtanın içinə vızıldatdın və sair və ilaxır. Belə xırda işlərə görə tutaşır, necə tutaşırlar. Qıraqdan baxıb qınayanlar da olur, sadəcə susanlar da. Durub ayırırıq, qoymuruq ki, bir-birinə əl qaldırsınlar, xətər yetirsinlər. Dəfələrlə belə olub, Allah var, gərək düzünü deyəsən, ertəsi gün də heç nə olmamış kimi görüşüb hal-əhval tutur, söhbət edir, çay içə-içə nərd də atırlar. Bir də görürsən yenə təkrar olundu, söyüşdülər, ayağa qalxıb bir-birinə çəpəki nəzər salıb, yumruq atdılar. Ürəkdən eləmədikləri də aydın duyulur. Həm də arxayındırlar axı, ayıracağıq.
Günlərin birində əvvəlcədən sözləşdiyimiz kimi, mübahisələrinə qarışmadıq. Yağlı, bərli-bəzəkli sözlərdən sonra stoldan qalxdılar ki, bir-birinin yaxasından yapışıb, davanın növbəti mərhələsinə keçsinlər.
İkisinin də gözləri bizdə idi ki, dərhal ayıracağıq dostları. Heç yerimizdən də tərpənmədik.
Bu halı təəccüblə seyr edən tərəflər söyüşün tempini tədricən aşağı saldılar, öləzitdilər və suyu süzülmüş halda yenidən öz yerlərində oturdular.
Ertəsi gün ayrı-ayrılıqda hər biri deyirmiş ki, camaat ayırmasaydı, bağırsaqlarını tökəcəkdim ayağının altına...
Pişiyin kef çəkməkliyi

Qonşum bütün heyvanları sevir, pişiklərə isə ayrı cür münasibəti, xüsusi məhəbbəti var. Evdə daim pişik saxlayır, ailə üzvlərini də inandırır ki, vaxtilə müqəddəslərin də böyük hörmət bəslədiyi bu heyvan ailəyə xoşbəxtlik, evə xeyir-bərəkət gətirir. Pişiyin öz sahiblərinə gələn bədbəxtliyin qarşısını alması, onları bir çox xəstəliklərdən qoruması ilə bağlı saysız-hesabsız rəvayətləri də əzbər bilirdi.
Ötən il rayondakı xalasının bağışladığı ağappaq mavrı böyümüş, özünün xüsusi şövqlə vurğuladığı kimi qəşəng, "toppuş oğlan" olmuşdu. Pişik evdəkiləri yaxşı anlayır, ancaq özü danışa bilmirdi. Hər kəsi dəqiq duyur, kimin ürəyindən nə keçirdisə, hiss edirdi. Ev sahibəsinə xüsusi hörmətlə yanaşan pişik "mama" sözünə oxşar səs çıxarmaqla xanımın ürəyini yumşaldır, sonra birlikdə soyuducuya yaxınlaşırdılar. Burada isə pişiyin ürəyindən olan o qədər dadlı, məzəli yeməklər olurdu ki...
Pişik böyüdükcə xasiyyəti də dəyişirdi. Çöldən-bayırdan eşitdiyi "miyilti" sədaları bəzən onu təbdən çıxarır, ora-bura vurnuxur, bədənini, üzünü qəribə şəkildə divara da sürtürdü. Artıq çöl qapını cırmaqlamağa keçəndə qonşum anlayır ki, bu "toppuş oğlanın" həyətdəki əks cinsləri ilə görüşmək vaxtıdır. Axı, hər şeyin zamanı, vədəsi var. Belə məsələləri də ehmalca yoluna qoymalısan ki, Allaha ağır getməsin. Günlərin birində qapını açıb, pişiyi çölə buraxır. O da ildırım sürəti ilə doqquzuncu mərtəbədən birinci mərtəbəyə, oradan da həyətə şığıyır. Qonşumun pişiyi bir də üç gündən sonra qayıdır evə, özü də nə halda. Üz-gözü cırıq-cırıq, hisin-pasın içində. Hətta qabaq ayağı çatladığından axsaya-axsaya girir mənzilə. Sevimli pişiyinin bu günə düşməsinin səbəbi qonşuma gün kimi aydın idi, amma başqa əlacı da yox idi, axı. Yazıq heyvanın ürəyini çatladası deyildi ki. Amma pişiyin bu halı nə isə bir çarə tapılmasını tələb edirdi. Odur ki, qonşum ertəsi gün pişiyini zənbilə qoyub, düz yollanır heyvan poliklinikasına. Köhnə tanışı olan baş həkimlə görüşüb, vəziyyəti ona nağıl eləyir. Həkim qonşuma üç təklif verir. Birincisi, pişiyə həftədə bir dəfə qiyməti təxminən on dollar olan iynə vurulması; ikincisi, pişiyin məlum əzasının əməliyyatla çıxarılması, yəni xədim edilməsi, üçüncü də heyvanı açıb tez-tez həyətə buraxılması ki, istədikləri ilə görüşə bilsin.
Qonşum ani fikirləşdikdən sonra baş həkimə deyir:
-Doktor, faydalı təklif və məsləhətlərin üçün çox sağ ol. Əvvəla, mənim maddi vəziyyətim elədir ki, dediyin iynəni pişiyimə vurdura bilmərəm. İkincisi də qaldı əməliyyat məsələsinə, zənnimcə, sən də məni başa düşərsən, kişi kişiyə gözü baxa-baxa bu cür xəyanət eləməz. Allah adamın başına daş tökər. Ən məqbul variant üçüncüdür. Pişiyimin xətri nə vaxt istəsə, könlünə düşsə, açıb buraxacağam həyətə, qoy, mənim sağlığıma kef eləsin. Beş günlük dünyadır, bu işin savabı da ömür boyu bəsimdir.