adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Aprel 2018 17:45
11524
GÜNDƏM
A- A+

Mir Cəlalın 110 illiyi Bişkekdə qeyd olnub


Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan yazıçısı, alim, pedaqoq Mir Cəlal Paşayevin 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirib.

Tədbirdə Qırğızıstan hökumətinin üzvləri və digər rəsmilər, deputatlar, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun, habelə beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış üzvləri, soydaşlarımız iştirak ediblər.

Teatrın direktoru, Qırğızıstanın Əməkdar Mədəniyyət Xadimi Bolotbek Osmonov səfirliklə sıx əməkdaşlıq nəticəsində keçirilən bir çox mədəniyyət tədbirlərinin iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb.

Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsini və iki ölkə arasında mədəni əlaqələri yüksək qiymətləndirib. Bildirib ki, Mir Cəlal irsinin nəinki Azərbaycanda, hətta bütün türk dünyasında, eləcə də Qırğızıstanda xüsusi yeri var.

Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından biri olduğunu bildirib. O, böyük müəllim, yaradıcı insan olan yazıçının ədəbi janrların bütün növlərindən məharətlə istifadə edərək dövrünün aktual məsələlərini gündəmə gətirmək bacarığından söhbət açıb. Vurğulayıb ki, Çingiz Aytmatov qırğız xalqını necə hiss edirdisə, Mir Cəlal da öz əsərlərində Azərbaycan xalqının arzu və duyğularını ifadə edib. Mir Cəlalın yaradıcılığı bəşəridir.

Qırğızıstanın Xalq Şairi Mar Bayciyev çıxışında Mir Cəlalın tələbələrindən biri olması ilə fəxr etdiyini deyib. O, ədibin dövrünün aktual məsələlərinə biganə qalmadığını, cəmiyyətdə baş verən hadisələrin onu düşündürdüyünü, əsərlərinin cəmiyyət üçün əvəzsiz təfəkkür məhsulu olduğunu deyib. Ədəbiyyatın insanları yaxınlaşdırdığını bildirən şair qardaş xalqların mədəni əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Mar Bayciyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qırğız xalqının da ürəyini ağrıtdığını söyləyib.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb, müəllimi ilə şəxsi ünsiyyətinin həyatında xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, Mir Cəlal böyük yazıçı, görkəmli alim, tarixin və dövrünün toxunulmamış mövzularını tədqiq edən mütəfəkkir, bir çox nəsillər üçün əvəzolunmaz pedaqoqdur. Alimlik fəaliyyətinin müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərdən təkcə biri Mir Cəlalın adının Azərbaycan tarixində qalması üçün kifayət idi. Mir Cəlalın ədəbi yaradıcılığı barədə fikirlərini bölüşən səfir yazıçının Azərbaycan nəsrini yeni səviyyəyə yüksəltdiyini söyləyib. Qeyd edib ki, hazırda Mir Cəlalın övladları, nəvələri, nəticələri Azərbaycan cəmiyyətinin, elminin, mədəniyyətinin, təhsilinin, dövlət idarəçiliyinin fəal iştirakçılarıdırlar. Səfir sonda Mir Cəlal işığına toplaşanlara minnətdarlığını bildirib.

Qala-konsertlə davam edən tədbirdə Azərbaycanın Əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızıstanın Əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstambayevin ifasında Azərbaycan və qırğız bəstəkarlarının əsərləri, eləcə də klassik Qərb musiqisi nümunələri səsləndirilib. Qırğız-Türkiyə "Manas” Universitetinin Türk Dünyası Orkestri və solistləri Azərbaycanın bəstəkar və xalq mahnılarını təqdim ediblər. İfaçıları Qırğızıstanın Əməkdar Artisti R.Osmonaliyevin rəhbərliyi ilə A.Cumaxmatov adına akademik simfonik orkestri müşayiət edib.