Əbülfət MƏDƏTOĞLU: YAŞADIQLARIMI TƏKRAR YAŞADAN HEKAYƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52263 | 2018-04-05 10:12
Son vaxtlar özəl həyatımda baş verən hadisələr məni bir az başqa notlarda kökləyib. Elə bil ki, bir az ümidsizləşmişəm, bir az halsızlaşmışam, bir az da bu dünyadan əlimi üzmüşəm. Və bu bir azların içərisində özüm də, sözüm də hamıya bir növü yarımçıq və hardasa bəlkə də gərəksiz təsiri bağışlamağa başlayıb. Bütün bunları mənə kimsə deməyib. Özüm duymağa, hiss etməyə başlamışam. Ona görə də özümü həmin o labüdlükdən çıxarmaq üçün həyatın özünü ifadə edən, həyatın özünü göstərən və bir də mənim öz həyatımda da bu va ya digər formada baş verən hadisələri əks etdirən bədii nəsr nümunələri və publisisti əsərləri oxumağa meyl göstərmişəm. Bu meyl həm də mənə o içərisində olduğum labirintin hardasa diqtəsidi. O diqtə "özünə bax, "özünü gö" və ətrafını bir də gözdən keçir!" - deyir. Təbii ki, deyiləni dinləmək və uyğun gələnə əməl etmək normal insan üçün hardasa həm də tərbiyənin ifadəsidi, tərbiyənin göstəricisidi. Bax, beləcə, mən də o deyilənə qulaq asıram və asmaqda da davam edirəm. Görək sonu nə olacaq...

Bəli, indi üçüncü dəfə oxuyub bir kənara qoyduğum hekayə barəsində danışmaq istəyirəm. Daha doğrusu, yazmaq gəlib keçir könlümdən. Həmin hekayə cəmi-cümlətani ikicə vərəqdən ibarətdir. Deyə bilərsiniz ki, iki vərəqlik hekayəni üç dəfə oxumağın nə zərurəti, nə mənası var? Mən də sizin dediyinizə cavab olaraq öncə çox qısa və konkret cavab verə bilərəm:

- Siz də oxusanız görərsiniz ki, bu hekayəni təkrar-təkrar həm oxumaq, həm də yaşamaq, ordakı o məqamlarla baş-başa qalmaq hər kəsin içində bir təlatüm yarada bilər. Əgər o təlatümdən qorxmursunuzsa, buyurun, oxuyun!

Bu mənim suala birbaşa cavabımdı. İndi keçirəm bir az rahat, necə deyərlər, tələsmədən verəcəyim cavaba. Həmin cavab isə hekayənin elə özüdür. Bu hekayənin adı "Qəbulda"dı. Hekayənin mövzusu bir əlilin, ayağı protez, gözünün şüşədən olan əlilin bir məmurun qəbuluna gəlməsindən ibarətdir. Yəni sadə, hər gün qarşılaşdığımız, hər gün eşitdiyimiz, necə deyərlər, işgüzar bir qəbul səhnəsi. Saqallı, dili-dodağı əsəbdən titrəyən, qəbul otağının qapısını hökmlə açıb protezini çıxarıb bir tərəfə, gözünü çıxarıb başqa bir tərəfə atıb içindəki hikkəni, ağrını-acını ağına-bozuna baxmadan birnəfəsə danışıb yüngülləşmək istəyən və qapısını döydüyü məmuru bununla əzmək haqqına sahib olduğuna əminliyindən yararlanan döyüşçü...Onun bütün hərəkətləri başadüşüləndi... onu kimsə qınaya bilməz... ona kimsə haqsızsan söyləyə bilməz... ona kimsə niyə əsib-coşursan iradını tutmağa haqq edə bilməz. Amma...

Amma bütün bunların çox incə bir "əmması" var! O "əmma" da bizim həmin o haqlı hesab etdiyimiz məqamın özünün içindədi. Yəni biz döyüşçülər, biz savaş meydanından keçib gələnlər qapısını döydüyümüzün bu millətdən, bizlərdən olduğunu bəzən unuduruq. Bilmirik ki, həmin hikkəmizi üzrəinə tökdüyümüz məmur da şəhid qardaşıdı, döyüşçü doğmasıdı, itkin yaxınıdı. Və yaxud o da həmin mərhələlri keçibdi. Barıtın da qoxusunu bilir, səngərin də!

Bax, iki vərəqlik hekayə burda tamamlanır. Yəni bizim bilmədiyimizi, unutduğumuzu, nəzərə almadığımızı sakit, az qala pıçıltıyla deyir... Mən bu hekayəni təkrar ona görə oxudum ki, qarşılaşdığım səhnələrdən birinin təsviriydi bu hekayə. Demək olar ki, hadisələr az qala yüzdə səksən faiz bir-birini sanki təkrarlamışdı. Mən həmin hekayəni oxuyanda məhz şahidi olduğum məqamı təkrar yaşadım. Həmin məqamda da qapısını döydüyüm insan, yəni məmur bircə kəlmə söylədi:

- Mən Ağdərədə vuruşmuşam, bölük komandiri olmuşam...

Bu informasiya bizim aramızdakı həmin o əsəb gərginliyini buz kimi əritdi. Və biz... artıq bir-birimizi rahat dinləməyə başladıq...

Mənim barəsində danışdığım, daha doğrusu, yazdığım "Qəbulda" hekayənin müəllimi Əjdər Ol da sonluğu təqribən elə belə bitiribdi. Sadəcə, onun saqqallı qəhrəmanı şəhid qardaşının yanında əsib coşduğunun peşmançılığını hiss etdirməmək üçün otağı tərk edir... Bəli, belə də olur!

Bu qeydlərimi yazıb başa çatdırana qədər mən arxada qoyub gəldiyim çox məqamları xatırladım. Daxilən çox duyğulandım. Bu duyğulara görə də "Qəbulda"nın müəllifinə təşəkkür edirəm.

TƏQVİM / ARXİV