adalet.az header logo
  • Bakı 19°C
05 Aprel 2018 00:26
10931
GÜNDƏM
A- A+

İnkişafa mane olanlar gec-tez ayaqlar altında qalacaqlar

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Heydər Əliyev

2016-ci ildə Qarabağda baş verən aprel döyüşləri göstərdi ki, ölkə başçısı düzgün xarici siyasət yürüdür və bu illər ərzində danışıqlar prosesini davam etdirməklə yanaşı, qüdrətli ordu yaratmağa da nail olub. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı liderləri Azərbaycan prezidentinin qərarları ilə hesablaşırlar. Ölkəmiz artıq nəinki cənubi Qafqazda, həmçinin, MDB dövlətləri arasında da iqtisadi baxımdan ön yerlerdən biriini tutur. Belə ki, son illər qeyri-neft sektorunun inkişafına da diqqət xeyli artıb. Bir müddət əvvəl neftin dünya bazar qiymətinin düşməsi ilə ölkə iqtisadiyyatında yaranan çətinliklər qeyri-neft sektorunun inkişafını zərurətə çevirdi. Bu zərurətin ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi ilə qeyri-neft iqtisadiyyatının, xüsusilə də onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafını əsas prioritetlərdən biri səviyyəsinə qaldırdı.
Bunun nəticəsidir ki, son illərdə Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində çox böyük tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahəyə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülür və vəsait ayrılır. Dövlət başçısının sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, Azərbaycanda aqroparklar ölkə başçısının 2014-cü il aprelin 16-da imzaladığı "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılıb. İndiyədək 13 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98,6 milyon manat güzəştli kredit ayrılıb.
İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Bu il təxminən 140 min hektarda pambıq əkini planlaşdırılır. Kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılması da nəzərdə tutulur.Göründüyü kimi, dövlət tərəfindən bu sahənin inkişafına lazımı diqqət və qayğı var. Bəs yerlərdə icra başçıları tərəfindən kəndliyə, sahibkara diqqət yetərlidirmi? Təəssüf ki, bəzi işra başçıları prezidentin aqrar sahinin inkişafının zəruriliyi barədə dediklərinə ciddi yanaşmır, saxta məlumatlar verməklə öz yarıtmaz fəaliyyətlərinin üstünü örtməyə çalışırlar.
Yaxın zamanlaradək çoxuşaqlı ailələrdə yaşam çıxıntısının qarşısını almaq məqsədi daşıyan bir kəlmə az qala ataların dilində zərb-məsələ çevrilmişdi":Mən çöldən, siz evdən olun".Görünür bəzi icra başçıları bu məsəldən xəbərsizdirlər ki, ağır zəhmət bahasına yetişdirilən ağ qızılın tarlada qalıb məhv olmasına göz yumurlar. Halbuki ölkənin daxili siyasətinin uğurla həyata keçirilməsində ictimaiyyətlə yanaşı, icra başçıları da ölkə prezidentinə dəstək olmalıdırlar. Lakin çox vaxt bunun əksini görürük. Keçən il dövlət başçısı rayonlarda yeni iş yerlərinin yaradılması ilə bağlı icra başçılarının qarşısında mühüm vəzifələr qoydu. Xarici investorları bölgələrə cəlb etmək, yeni iş yerləri açmaqla şəhərlərdəki sıxlığn da qarşısını almaq olar. Əslində məmurlar prezidentin tapşırığını gözləmədən bu işləri görməliydilər. Rayon rəhbərləri dərk etməliydilər ki, sahibkara söykənməyən dövlət heç vaxt inkişaf edə bilməz.
Keçən il okytabrın 2-də Biləsuvardan taksi ilə Bakıya qayıdırdıq. Yeni Bakı-Astara yolunun çəkilməsi ilə bağlı bəzi problemlər səbəbindən sürücü marşrutu dəyişməklə, Biləsuvarın bir neçə kəndindən keçməli oldu. Kəndin əkin sahələrində ağappaq pambıq kolları göz oxşayırdı. Amma onları yığan yox idi. Sahədə nə bir texnika, nə də bir adam gözə dəyirdi. Payız isə öz sözünü deməyə başlamışdı. Bir azdan əsən külək, yağan yağış pambığı torpağa qarışdıracaq, bu qədər sərvət məhv olacaqdı. Bir anlığa sovet dövründəki pambıq yığımı gözlərim önünə gəldi. Sahələrdəki pambıq kombaynla yığılandan sonra kolda qalan məhsul son qozasına qədər toplanıb təhvil verilirdi. Biz institutut tələbələri də ağ qızılın toplanması üçün səfərbər olurduq. Hərəmiz hec olmasa adama 10 kq pambıq təhvil verməliydik. Bu, sovet rejiminin sərt qanunlarından irəli gəlirdi. Amma israfçılığın da qarşısı alınırdı. Bu gün isə əkilən pambıq kəndlinin öz məhsuludur və əslində pambığın yığılıb satılmasında özü maraqlı olmalıydı.
Narahatlığımı hiss edən sürücü bildirdi ki, bu acınacaqlı vəziyyətə çox yerdə rast gəlmək olar. Maşını Salyan rayonundakı bir necə kəndin kənarından sürərək tarlada göz dağına çevrilmiş pambıq sahələrini göstərdi. Mən bu mənzərədən çox sarsıldım. Bu cür iqtisadi təxribat və bərbad idarəetmənin səbəbkarı kimlər idi? Niyə insanlar ağır zəhmət bahasına yetişdirdikləri məhsulu yığmaq istəmirlər? Ürəyimdən keçən sualları sürücü cavablandıraraq bildirdi ki, qazanc cüzi olduğu üçün kənd adamları bu ağır işin altına girmək istəmirlər. Sahibkara pambıq yığıb satmaq sərf etmədiyinə görə məhsul tarlada qalıb çürüyür. Sadə bir taksi sürücüsünün giley-güzarında acı da olsa məntiq var idi. Dövlət əkib-becərən sahibkarlara pul vəsaiti ayırır, subsidiyalar, güzəştli kreditlər ayırır. Kənd təsərrüfatına edilən yardımlar və vergidən azad edilmək isə miyadrlarla vəsait deməkdir.
Dövlət başçısı ölkəyə valyuta axının təmin etmək üçün qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet sahə elan edib. Azərbaycan ən gəlirli sahə olan kənd təsərrüfatı məhsulları ilə dünya bazarına çıxmalı və orada möhkəmlənməlidir. Ortaya belə bir sual çıxır-biz hansı kənd təsərrüfatı məhsulu ilə dünya bazarına rahat çəkildə çıxa bilərik? Bu sahə üzrə mütəxəssiz olmasam da, görünən kəndə nə bələdçi? Əkirik, becəririk, yığırıq, amma nə nə faydası? Nə artıra bilirik, nə də qazana bilirik. Ağ qızılla dünya bazarına çıxa bilirikmi? Bölgələrdə iş yeri açmaq istəyən xarici investordan və yeril sahibkardan rüşvət alıb, hüquq-mühafizə orqanları ilə əlbir olub sahibkarın başına oyunlar açaraq onu müflisləşdirmək ənənəsinə son qoyulmalıdır. Mən demirəm ki, icra başçısı kənddə fabrik, zavod açsın. Heç olmasa, kəndlinin yetişdirdiyi məhsulu bazarda satıb xeyrini görməsinə yardımçı olsun. İcra başçılarının müavinləri, şöbə müdirləri var. Dövlətdən məvacib alıb Xudayar bəy kimi kənd-kəsəyi bir -birinə vurmaqdansa qonşu ölkələrə ezamiyyətə gedərək iş adamlarını bölgələrimizə cəlb etsinlər, onlara işləmək üçün şəffav mühit yaratsınlar.
Martın 25-də Prezident İlham Əliyev Bərdə rayonunda keçirilən pambıqçılıqın inkişafı məsələlərnə dair respublika müşavirəsindəki yekun çıxışında məhsuldarlığın aşağı olması ilə bağlı bəzi rayonlara xəbərdarlıq edərək demişdir":Keçən il orta məhsuldarlığ 15,2 sentenerdir.Əlbəttə ki, bu bizi qane edə bilməz. Bu çox aşağı göstəricidir.Baxmayaraq ki, qeyd etdiyim kimi,qısa müddətdə -2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik,məhsurdarlıq əlbəttə ki,bizi heç cür qane edə bilməz.Əgər biz orta məhsuldarlığı 20 sentener səviyyəsində təmin edə bilsəydik,biz keçən il 270 min ton pambığ götürə bilərdik."
Mən Xruşşov, Brejnev dövrlərini görmüşəm. Yaşıma təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu günün bəzi icra başçıları, 60-70 il əvvəlki sovet təfəkkürlü, sahibkara, xüsusi müəlkiyyətçiyə nifrət bəsləyən və onlara qolcamaq damğası vuran adamlarla eyni düşüncəyə malikdirdirlər.
Böyük söz ustadı Hüseyn Cavid yazırdı:

Lazımdır cəhalətlə vuruşmaq,
Bir çarəsi var ancaq yeniləşmək.

Yeniliklərə qarşı çıxanlar, mağara şüuru, əşirət qaydaları ilə işləyənlər bir şeyi unudurlar-inkişafa mane olanlar gec-tez ayaqalr altında qalacaqlar.

Mirzəağa Məmmədov
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü