adalet.az header logo
  • Bakı 20°C
05 Aprel 2018 00:14
9452
GÜNDƏM
A- A+

23 aya sığan yüzilliklər

Vətən - necə də səlis və gözəl səslənir bu ifadə. Bəlkə də belə təmtaraqlı və mənalı səslənməsi müqəddəsliyindəndir. Əbədi və dəyişməz olan Vətən Allahın bizə nəsib etdiyi bəlkə də ən ali nemətdir. Bizi ona bağlayan təkcə yaşadığımız torpaq, başqa sözlə, coğrafi mühit deyil: əcdadlarımızın əbədiyyətə qovuşduğu yurddur, gələcək nəsillərin pöhrələnəcəyi məkandır, ona olan ülvi hisslərimiz, vəfa borcumuzdur... Vətənə olan sevgi sələflərimizdən bizə ötürülmüş ən dəyərli mənəvi keyfiyyətlərdəndir.
Hər qarışından, hər daşından müqəddəslik yağan torpağım! Sən elə müqəddəssən ki, sənə "Ana Vətən" deyirik. Anamız qədər müqəddəs, ana sevgisi kimi doğmasan. Bizi analarımız dünyaya gətirib Sənə qurban verir. Analarımız həyat mənbəyimizdir, onlara olan sevgimiz təmənnasız olduğu kimi, əvəzsizdir - Sənə də elədir. Vətənim, biz Səni belə sevirik! Ananın körpəsini üçün hər şeyə qatlaşdığı, övladın anasını sevdiyi kimi. Biz sənin övladlarınıq, Vətən. Bizdən başqa heç kimin olmadığı kimi, bizim də Səndən başqa kimsəmiz yoxdur. Ölkəm, qürur mənbəyimizsən, qeyrətimizsən. Hər qarışına neçə-neçə canlar bağışlayaraq qurbanlar vermişik - Sənin müstəqilliyin, ərazi bütövlüyün, suverenliyin üçün, üçrəngli bayrağımızın qürur və iftixar hissi ilə yüksəkliklərdə dalğalanması üçün.
Bu gün ərazisində yaşadığımız, haqqında iftixarla danışdığımız Azərbaycanın (AXC) yaranmasından 100 il ötür. Bəli, 100 il. Bir əsr. Doğmalarımıza arzuladığımız 100 il.
Tarixin yaddaşında ağır yükü ilə fərqlənən Birinci Dünya müharibəsi Azərbaycanın daxil olduğu Rusiya imperiyasını olduqca zəiflətdi. Bu zəiflik imperiyanın dağılmasına səbəb oldu. Hadisələrin gedişatında xalqımızın öz müqəddəratını tələb etməsi, qeyrət əzmi nəticəsində çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi başlandı. Bu, Şimali Azərbaycanda milli-azadlıq hərəkatının yeni mərhələsi idi. Rusiya və rusiyameyilli qüvvələr bu hərakatı boğmaq, xalqda iradəni sarsıtmaq, vətəndaşlarımızı qorxutmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Daşnak-bolşevik ittifaqının qanunsuz törətdiyi mart soyqırımı belə milli hərəkatı boğa bilmədi. Əksinə, düşmən öz quyusuna boylandı, xalqımız daha da sıx birləşməyi, bir yumruq olub mübarizə aparmağı seçdi. Nəticədə, mərkəzi Tiflis olan (daha sonralar Gəncə, Bakı) Azərbaycan ölkəsi ilk müstəqilliyini 1918-ci ilin 28 may tarixində qazandı. Xalq Rəsulzadə və tərəfdaşlarının yaratdığı vahid Azərbaycan Xalq Cümhuriyyəti ətrafında birləşdi.
AXC nümayəndələri müstəqilliyin aliliyinə, elmə, maariflənməyə, inkişfa, müstəqilliyə, azadlığag hədsiz önəm verirdi. Türk dilində ilk böyük kitabxana da, "İstiqlal" müzeyi də, "Müsəlman Şərqini öyrənən" cəmiyyətin təsis edilməsi də, "Türk ocağı" cəmiyyətin yaradılması da məhz Cümhuriyyət dönəmində baş tutmuşdur. Milli ruhun dirçəlməsi, inkişafı üçün milli ruhda yazılan əsərlərin də önəmi var idi və bu sahədə görülən işlər AXC-nin uğur xəritəsinin bir parçası saymaq olar. Mədəniyyət və incəsənətin inkişafı naminə teatra verilən dəyər, Azərbaycan Dövlət Teatrının fəaliyyətə başlaması, rəssamlığın önə verilməsi və bu kimi xidmətlər öz milliliyimizə xidmət edirdi.
AXC xarici siyasətə önəm verir, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılmasına səy göstərir, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail olmağa çalışırdı. Görülən işlərin nəticəsi olaraq Azərbaycan "Paris" sülh konfransında təmsil olundu və Cümhuriyyət faktiki olaraq tanındı.
Yuxarıda yazdıqlarımız Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olan müəyyən məlumatlardır. Sözsüz ki, haqqında onlarla kitablar yazılmış şanlı Cümhuriyyət dövrünü bir neçə səhifəyə sığışdırmaq mümkünsüzdür, bir neçə səhifədə AXC barəsində müəyyən təsəvvürlər yarada bilərik. AXC-nin keçdiyi şanlı yol cəmi 23 ay davam etdi. Min illərin uğuru məhz 23 ayda əldə olundu.
23 aydan sonra Sovet diktaturası Azərbaycanı işğal etdi. Azərbaycan bolşeviklərinin timsalında "beşinci kalon"un pozuculuq fəaliyyəti, beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış hərbi-siyasi vəziyyət.
Azərbaycan hökumətinin daxilində yaranmış hakimiyyət böhranı, siyasi partiyaların hakimiyyət uğurunda mübarizəsi, hökumət kabinetlərinin tez-tez dəyişməsi, Ermənistanın torpaq iddiası, hərbi qüvvələrin Qarabağ cəbhəsinə göndərilməsi nəticəsində ölkənin şimal sərhədlərinin müdafiəsiz qalması və digər məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan başlıca amillər idi.
İkinci və məhz sonuncu dövlət müstəqilliyimiz demokratik dəyərlərə malik olmayan, legitimlikdən uzaq, təkpartiyalılığa əsaslanan totalitar və "güc" strukturu əsasında qurulmuş nəhəng SSRİ imperiyasının dağılması nəticəsində baş tutdu. Yadelli ağalığına birdəfəlik son qoyulması ilə ölkəmizdə demokratik konsepsiya əsasında Azərbaycan yenidən müstəqillik qazandı. Ümumillilider Heydər Əliyevin fəaliyyəti və uzaqgörən siyasəti ölkəmizi bəlalardan qurtardı - 70 illik işğaldan azad etdi. Həmin siyasətin davamı bu gün də möhtərəm prezident İlham Əliyevin vasitəsilə davam edir.
Bir dövlətin mövcudluğu üçün onun güclü ordusu, ərazi bütövlüyü, sərhəddi, dövlət rəmzləri və s. olmalıdır. O cümlədən müstəqillik elan edilən gün (18 oktyabr 1991) Azərbaycan tarixində şanlı yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa edilimiş, habelə, üçrəngli bayrağımız birdəfəlik ucaldılmışdır. Həmin bayraqdır ki, bu gün necə də qürurla dalğalanır!
Müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq heç də asan deyil. Dövlət üçün onun müstəqilliyi, bayrağının zirvələrdə dalğalanması kimi önəmli heç nə yoxdur.
Azadlıq hər bir xalqın arzusudur. Bizim də belə arzumuz olub və arzumuza çatacağımıza şübhə etməmiş, inanmışıq. İnanmağa qoymasalar da belə! Azadlığın asan qazanılmamasını da bilirik. Lakin onu əldə etmək üçün canımızdan keçdik, qanımız bahasına qazandıq. Bu günümüzə görə Şəhidlər Xiyabanında uyuyan müqəddəslərimizə, Vətənin qazilərinə borcluyuq!
Qürur mənbəyimiz, Üçrəngli Bayrağım! Sən yüksəklərdə dalğalan! Yüksəklərdə dalğalanmağa, çoşmağa layiqsən. Bir daha enməyinə nəyin bahasına olursa olsun, izin vermərik! Dünya dağılsa, günəş qərbdən çıxsa - qiyamət qopsa da belə! "Bir daha yüksələn bayraq, bir daha enməz" deyərək bayrağı bizə əmanət etdi Rəsulzadə.
Səmanın üzünə çəkil, səma üç rəngə boyansın. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlılığını səmadan car etsin. Müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, müasirləşmək günəşini bayrağımızdakı qırmızı rəng alışdırsın səmada. Yaşıl rəng - İslam dininə mənsubluğumuzu, Allaha olan inam və sevgimizi əzəmətlə özündə daşıyır. Qırmızı rəngin içərisindəki aypara və səkkizguşəli ulduz müqəddəs bayrağımıza sanki nəfəs gətirir. Hələ səmada necə də əzəmətli görsənər. Türklərin simvolu sayılan aypara; türkçülük, demokratiklik, islamçılıq, azərbaycançılıq, bərabərlik, dövlətçilik, mədəniyyətlilik - bunlarım hamısını ehtiva edən səkkizguşəli ulduz dünyaya səmadan səslənsin.
Ölkəmiz adından görülən tədbirlər beynəlxal səviyyədə təşkil olunan idman yarışları və oyunlar, qazanılan uğurlar, qələbələr sevincimizə sevinc qatır. Hələ bayrağımızın beynəlxalq təşkilatların binalarında dünya arenasında sayılıb-seçilən dövlətlərin bayraqları sırasında dalğalanması, beynəlxalq tədbirlərdə, dünya ölkələrinin ərazisində yer alması qürurumuzdur. Heç təsadüfi deyil ki, Bakı metrostansiyasında "28 May"a gedən yol "20 Yanvar"dan keçir.