adalet.az header logo
  • Bakı 13°C
04 Aprel 2018 12:16
8671
HADİSƏ
A- A+

Böyükkişi Ağayev vəfat etdi

Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.

Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda anadan olub.

O, "Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, "Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərib. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyyədən mühazirələr" dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirib. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlayıb.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək