adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Yaxşı tanı düşməni, - o məkrli erməni

7282 | 2018-04-04 09:22
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Hərdən tələbələrimlə aramızda belə tanışlıq söhbəti olardı:
-Hansı rayondansınız?
Müxtəlif cavablar eşidərdim:
-Şuşadan, Laçından, Kəlbəcərdən və s.
-Şuşanı, Laçını, Kəlbəcəri görmüsünüzmü?
-Xeyr, biz anadan olanda o yerlər ermənilər tərəfindən işğal olunmuşdu.Yaxud o zaman bir, ya iki yaşımız olub. Ona görə də o yerləri görməmişik.
Qəlbim ağrıyırdı:

Şuşalının Şuşasından xəbəri yox,
Laçınlının Laçınından xəbəri yox,
Hara gedir bu dərdlərin aqibəti?!.

Düşünürəm ki, erməni işğalının əsas qurbanı bugünkü gəncliyimizdir. Adını daşıdığı, yaxud da doğulduğu torpağı, yurd yerini görməyən gənclərdə necə yurd, torpaq sevgisi ola bilər?! Onlar mənsub olduğu yurdun, bölgənin ruhunu necə daşıya bilər?
Yazıçı Aqil Abbasın sözləri yadıma düşür:
"Çadırda Üzeyir doğula bilməz!"
Bəli, erməni bizim tək torpağımızı yox, ruhumuzu da işğal edib. Bunun ağrısını illərlə, qərinələrlə çəkəcəyik!
Bəşər tarixi çoxlu qırğınlara, qanlı hadisələrə şahidlik edib. Tarix həmişə belə hadisələr, müharibələr tarixi olub. Bəşəriyyətin ardıcıl olaraq müharibəsiz, qırğınsız, əmin-amanlıq şəraitində keçən tarixini əsrlərlə deyil, qərinələrlə, bəlkə də illərlə ölçmək olar. Lakin bütün bu qanlı olayların hər birinin son məqamda sülh mərhələsi olub tərəflər, danışıqlar stolu arxasında oturublar.
Ancaq azərbaycanlılar, bütövlükdə türklərlə, ermənilər arasında olan, hətta ən qanlı tarixə - soyqırıma çevrilən bu milli ədavətin alovu əsrlərdir davam edir, bəzən öləzisə də ancaq sönmək bilmir. Nə qədər ki erməni xalqının beyni başda "Daşnaqsütyun" partiyası olmaqla millətçi, terrorçu təşkilatların qatı qiyamçı ideologiyası, amansız türk qatili Andranikin vəsiyyətləri ilə zəhərlənib, "Böyük Ermənistan" xülyası onların başından çıxmayıb və böyük dövlətlər bu sərsəm xülyanın reallaşması naminə onları şirnikləndirib, öz xeyirləri üçün əllərində alətə çevirməklə bu yanan ocağa benzin töküb daha da alovlandırır, bu ocaq ara-sıra öləzisə də heç vaxt sönməyəcək. Daha doğrusu, maraqlı tərəflər onu sonməyə qoymayacaqlar.
Tarix göstərir ki, bu ədavət ilk dəfə Türkiyədə türklərə qarşı başlayıb. XIX əsrin sonunda millətçi "Daşnaqsütyun" partiyasının, eləcə də "Qncak" təşkilatının fəaliyyətə başlaması ilə Türkiyədə yaşayan bütün millətçi ermənilər həbsdə olan cinayətkar erməni düstaqlar arasında "Böyük Ermənistan" xülyasının həyata keçirilməsi sahəsində gizli təbliğat işləri aparırdılar. Bununla paralel olaraq erməni din xadimləri də xalqı qızışdırır, guya türklərin ermənilərə zorla islam dinini qəbul etdirmək istədiyini bildirirdilər.
XIX əsrin sonlarında osmanlı imperatoru Sultan Əbdülhəmidin bir neçə Avropa dövlətinin təsiri ilə ermənilərə qarşı güzəştli mövqeyi, tez-tez həbsdə olan qatı erməni canilərini əfv etməsi millətçi ermənilərin fəallığını daha da artırırdı. Onlar "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün hər cür vasitələrə, hətta açıq terrora əl atırdılar. Burada millətçi, terrorçu erməni ünsürlərin bir taktiki gedişi daha çox diqqət çəkirdi.
Onlar hər dəfə qanlı ixtişaş, qarşıdurma törədəndə hökumət qüvvələri tərəfindən cinayətkarlar həbs olunan kimi terrorçu millətçi partiyalar bir neçə Avropa dövlətlərində hay-küy qaldırıb Türkiyəni ermənilərə qarşı qəddarlıqda, insan hüquqlarının pozulmasında günahlandıraraq həbs olunan erməni canilərin azad olunmasına nail olurdular. Cinayətkarlar azad olunandan sonra isə daha da azğınlaşır, qırğınların, qiyamların sayı daha da artırdı. Sanki "toxunulmazlıq statusu" almış bu canilər hər şey edə bilər, kimsə onlara gözün üstə qaşın var, - deyə bilməzdi. Türkiyədə ermənilərin törətdikləri Sasun, Van, Zeytun qəsəbələrində olan üsyanlarda, hətta onların yoxdan yaratdıqları bəlalı 24 aprel 1915-ci il "erməni soyqrımı"nda da belə olmuşdur. 1892-ci ildə yüzlərlə erməni millətçi Rusiya hökumətinə müraciət edərək tarixdə adı, izi olmayan uydurma Ermənistan dövlətini öz himayəsinə almağı xahiş edirdi.
Türkiyədə müstəqil erməni dövləti yaratmaq istəyən ermənilər mənfur niyyətlərinə çatmaq üçün ruslarla əlbir olub çox qırğınlar törətdi, kəndləri xaraba qoydu, müxtəlif ölkələrdə 40-dan çox türk diplomatı qətlə yetirildi. Müxtəlif vaxtlarda rus-türk qarşıdurmalarında, xüsusi ilə 1877-78-ci illər Rusiya-Türkiyə müharibəsində Türkiyə vətəndaşlığı daşıyan millətçi erməni birləşmələri xəyanət yolu tutaraq düşmən tərəfə keçib türklərə qarşı vuruşdu.
Dövlət siyasətini hər şeydən üstün tutan rus car hökuməti erməniləri şirnikləndirib satqın xislətlərindən öz xeyirlərinə istifadə edərək onların sonsuz ümüdlərin puça çıxartdı. Türkiyə daxilində erməni dövlətinin yaradılmasına yardımçı olmadı. Tarixin sonrakı gedişləri də göstərdi ki; I Pyotrdan üzü bəri rus carizmi şərqdə özünün dayaq nöqtəsi, vassalı kimi əsrlər boyu rus şnelinin ətəyindən tutub yapışan ermənilərdən sadəcə olaraq öz xeyirlərinə istifadə etmişdir.
Hətta uzun illər sonra II Dünya Müharibəsindən qalib çıxmış İ.V.Stalin Türkiyəyə təzyiq göstərmək üçün onun körfəzlərini ələ keçirib bu dövlətin şərq əyalətini Ermənistana birləşdirməklə sovet dövlətinin ərazisini genişləndirərək ermənilərin arzuladığı "Böyük Ermənistan" dövləti yaradıb Şərqdə özünə istinad nöqtəsini əldə etmək istəyirdi. Bu plan şübhəsiz ki, "Böyük Ermənistan" xülyasında olan ermənilərin ürəyindən idi. Lakin Türkiyənin NATO kimi qüdrətli bir bloka üzv olması İ.V.Stalini bu planından çəkindirdi.
Türkiyədə qondarma dövlətini yarada bilməyən ermənilər başda qatı millətçi, Azərbaycan xalqının amansız qatili olan Andranik Ozanyan olmaqla erməni millətçi, terrorçu dəstələri Azərbaycana üz tutdu.
Rus hökuməti Türkiyədə nail ola bilməsə də Azərbaycanda müstəqil erməni dövləti yaradılması barədə erməni millətçilərinin uzun əsrlik istəklərini gerçəkləşdirdi.
Azərbaycanda erməni dövləti yaratmaq ideyasını həyata keçirmək ruslar tərəfindən o qədər də çətin olmadı. Çünki bunun üçün hələ 1828-ci il Rusiya ilə İran dövləti arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ruslar İrandan, Türkiyədən üç yüz mindən çox ermənini köçürüb azərbaycanın ən şəfalı yerlərində məskunlaşdırmışdılar.
Acınacaqlı haldır ki, gələn ermənilər yerli əhali ilə dolanmır, onları incidir, sıxışdırıb öz dədə-baba yurdundan qovub çıxarmağa çalışırdılar.
Maraqlıdır ki, onların bu təxribatçı qəddar hərəkəti təkcə azərbaycanlılara qarşı deyil, hətta Azərbaycanın min hektarlarla səfalı torpaqlarını onlara ərmağan edən ruslara qarşı da edirdlər. Rus tədqiqatçısı, qafqazşünas V.Veliçko tarixi sənədlərə istinadən yazırdı ki, XIX əsrin 60-70-ci illərində Yelizavetbol quberniyasının Tərtər kəndində (indiki Tərtər rayonu-Ş.A.) onlarla rus ailəsi yerləşdirilmişdir. Burada yaşayan ermənilərin başçısı köçkün rusların buradan sıxışdırılıb çıxarılmasını əmr edir. Silahlı ermənilər rusların içməli suya gedən yolunu kəsir, onları su götürməyə qoymurlar. Rusların məcbur olub su götürmək istədikləri kiçik çayı da heyvan leşi, peyin və çirkab nəcizlə murdarlayırlar. Kənddə dəhşətli xəstəlik yaranır. Rusların istifadə etdikləri çirkab su onlarda dəhşətli yara-xora, xəstəlik yaradır.

(ardı gələn sayımızda)

Şirxan Aranlı
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

TƏQVİM / ARXİV