Qırmızı
Biz əcdadlarımız on
min illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərinin
şəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik.
Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün
canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər.
Bu gün
Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərli
məhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi
simvolizə edir.
Elmin
yeni sahəsi olan "rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza,
düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta
sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə
bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli
edən nədir?
Xəbərdarlıq rəngi
Şübhə
yoxdur ki, bizim qırmızını qavramamız təkamül tarixindəki mühüm hadisələrdən
biri ilə bağlı olub. İtlər kimi bir çox məməlilər qırmızı ilə yaşıl arasındakı
fərqi görmürlər. Lakin bizim erkən primat əcdadlarımız cəngəlliklərdəki həyata
uyğunlaşarkən onların gözlərindəki buynuz qişasında qırmızı parlaq meyvələri
yarpaqlardan fərqləndirə bilən hüceyrələr yaranıb. Bu təkmilləşmiş qavrama sonralar
sosial xəbərləşmə sistemimizdə kara gəlib. Dərinin yaxınlığından keçən qan
damarlarının bədənə verdiyi qırmızılıq bir çox primatlar üçün dominantlığın
işarəsidir.
Mandril
meymunları bu mənada bəlkə də ən bariz nümunə ola bilərlər. Onların üzlərindəki
və arxalarındakı parlaq rəng sərt tabeçilik sistemində fərdin mövqeyindən xəbər
verir. Fərd nə qədər güclüdürsə, deməli o qədər də qırmızıdır. Başqa fərdlərin
rəqiblərinin gücünü bu şəkildə "oxuya” bilmələri, onları aşkar uduzacaqları
döyüşlərdən çəkinməyə vadar edir.
Lakin
yalnız 2004-cü ildə Durham Universitetindən iki psixoloq – Russell Hill və
Robert Barton insanların da eyni şəkildə davranıb-davranmayacaqlarını öyrənməyə
başladılar. Əlbəttə biz Mandril meymunları kimi qırmızı rəng siqnallamasaq da,
bəzən hirsimizdən alışıb yanırıq. Odur ki, qırmızı paltarlar müəyyən mənada
aqressiya və dominantlıqla əlaqələndirilə bilər. Hill və Barton bu ideyanı tədqiq
etmək yolları məsələsində vurnuxurdular, lakin 2004-cü ilin Olimpiya Oyunları
onlara mükəmməl imkan yaratdı.
Qırmızı köynəkli
qapıçıya qol vurmaq
Boks və
taekvandu kimi təkbətək yarış növlərində idmançılar püşk yolu ilə ya qırmızı,
ya da mavi formada çıxış edirlər. Alimlər məhz bu məqamdan istifadə etdilər.
Onlar eyni idmançının hansı rəngi geyinəndə necə yarışdığına diqqət yetirdilər.
Bu idmançıların nailiyyətlərini yarış boyu izləyən Hill aşkar edib ki, qırmızı
rənglə çıxış edən idmançıların qələbə şansı 5 faizədək artıq olub.
"Sadəcə
olaraq qırmızı forma geyinmək səni əla idmançıya çevirmir – deyir Hill – lakin
bu rəng qüvvələrin nisbi bərabərliyi şəraitində qələbə ilə məğlubiyyətin nisbətinə
təsir göstərir”. Bu "al rəngin araşdırılması” nəticəsində buna bənzər başqa
eksperimentlər yer alıb. Məsələn futbolda 11 metrlik cərimə zərbələrinin
vurulması tədqiq edilərkən bəlli olub ki, qırmızı geyinmiş qapıçıya qol vurmaq
daha çətindir.
Cavan elm
Tezliklə
rəng psixologiyası müstəqil və mötəbər elm sahəsinə çevrilib. Nyu York
ştatındakı Rochester Universitetindən Andrew Elliot deyir ki, həmin
araşdırmadan sonra rənglərə və onların mümkün effektlərinə maraq yüksəlib.
Lakin müxtəlif təsirlərin səbəbləri hələlik müzakirə mövzusu olaraq qalır.
Elliot
diqqəti qırmızı rəngli forma geyinənlərin özlərini daha güclü hesab etdiklərinə
və bunun onların ürək döyüntüsünə, testosteron hormonun artmasına səbəb
olduğuna və daha yaxşı idman nəticələrinə imkan yaratdığına yönəldən elmi işlərdən
danışır.
Qırmızı rəng
mandrilləri öz qırmızısifət başçılarına yaxınlaşmaqdan qorxutduğu kimi, rəqibi
də qorxuda bilər. "Əgər siz qırmızı rəng görürsünüzsə, öz zəifliyinizi, daha
aşağı statusunuzu dərk edirsiniz” – deyir Elliot.
Qırmızı qalstuk
uğur gətirir
Digər tərəfdən
yarışda çox şey hakimlərdən asılı olur. Məsələn, bir alman komandası peşəkar
hakimlərə göstərməzdən əvvəl taekvandu yarışlarının videosundakı idmançıların
formalarının rəngini dəyişdirmişdi. Sadəcə olaraq rənglərin dəyişdirilməsi
hakimlərin zərbələri hesaba almasını dəyişdirib.
"Qırmızı
geyinənlər bir qayda olaraq hakimlərin rəğbətini qazanırdılar” – deyir Hill.
İdman
yarışları bir yana qalsın, eyni düşüncə tərzi kazinoda pul uduzmaqla nəticələnə
bilər. Təcrübə göstərib ki, qırmızı poker kartları ilə oynayanlar mavi və ya ağ
kartlarla oynayanlardan daha çox riskə gedirlər, çünki bu rəngdə kartlar qalib
kartlar kimi görünür.
Lakin
qırmızı rəngin xeyir verdiyi məqamlar da var. Qırmızı rəngli paltar geyinənlər
iş müsahibələrində daha yaxşı nəticə göstərirlər. Bəzi moda ekspertlərinə əsasən,
qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir.
Babil fahişəsi və
qırmızı paltarlı məsum qadın
Lakin
qırmızı çaların ən çox öyrənildiyi sahə istək, məftunetmə və günahlarla
bağlıdır. Burada qırmızı rəng müxtəlif assosiasiyalar yarada bilir. Məsələn, şər
qüvvəni təcəcəssüm etdirən Qırmızı Əlbisəli Babil Fahişəsi də yada düşə bilər,
Chris de Burgh-un mahnısındakı məsum "qırmızı paltarlı qadın” da.
Lakin
Elliotun və onun başqa həmkarlarının apardığı təcrübələr göstərib ki, istər
kişilər, istərsə də qadınlar qırmızı paltarda daha cazibəli görünürlər. Bu tədqiqatların
çoxu laboratoriya şəraitində, statik vəziyyətdə aparılsa da, real dünyanın
davranışlarını göstərir. Məsələn qırmızı geyinmiş ofisiant qadına daha çox
şirinlik verirlər və ya qırmızı köynək geyinmiş qızın yolda maşın saxlamaq
şansları daha çoxdur.
Bütün
bunların mümkün izahlarından biri də bu ola bilər ki, azacıq qırmızı dəri –
yaxşı maddələr mübadiləsi və qan dövranından, deməli daha sağlam bədəndən xəbər
verir. Ola bilsin ki, biz dərinin rəngindən oxuduqlarımızı paltarların da rəngindən
oxuyuruq. Qırmızını ağ-qara fotoda da "görmək” olur.
İdman nəticələrindən
göründüyü kimi burada sirr həm qırmızı geyinəndə, həm də ona tamaşa edəndədir.
Çox ağıllı bir eksperimentdə iştirakçılara adamların polis axtarış fotoları
verilib. Bu fotolar ağ-qara olsa da, adamlar qəribə bir şəkildə qırmızı
geyinmiş şəxsləriin fotolarını daha yüksək qiymətləndiriblər.
"Ola
bilsin ki, paltarlarının rəngi onların simasına və duruşuna daha cazibədar görkəm
verib” – deyir Elliot.
Lakin
qarderobunuzu və ya divarlarınızın rəngini dəyişməyə tələsməyin. Bəzi şəraitlərdə
qırmızı rəng başqa, bəzən xoşagəlməz emosiyalara səbəb ola bilər. Dominantlıq
ifadə etməsi ilə qırmızı rəng insanın cazibəsini artıra bilər, lakin bunun əks-təsiri
də var. "Əgər rəng al qırmızıdırsa, aqressivlikdən xəbər verə bilər – deyir
Elliot, – bu isə əlbəttə, mənfi cəhət sayılır”.
Qırmızı qələmləri
ləğv etmək tezdir
Alim
deyir ki, imtahan otağında zehni tapşırıqları yerinə yetirən iştirakçılara
sualların qırmızı zərfdə verilməsi onların göstəricilərini aşağı salır.
İmtahan
Bununla
belə, rəng psixologiyasının heç də bütün tapıntıları tamamilə etibar ediləcək dərəcədə
işlək deyil. Psixoloqlar öz nəticələrini dəqiqləşdirməlidirlər ki, rəng hansı
effekti hansı şəraitdə verir.
"Biz hələ
ki, inkişafın erkən mərhələsindəyik – deyir Elliot – son nəticədə biz rəng
psixologiyasından daha məhsuldar iş mühiti yaratmaq üçün istifadəni öyrənəcəyik.
Lakin idman üçün hansı rəngin daha səmərəli olması və ya qırmızı qələmlərin
qadağan edilməsi kimi qərarlar barədə nə isə demək hələ çox tezdir”.
Bu rəngə rəng
çatmaz
Elliot
deyir ki, göy qurşağının başqa rənglərinin də araşdırılmasına həsr olunmuş tədqiqatlar
görmək istərdi. O aşkar edib ki, qırmızı rəng fəaliyyəti təsirləndirirsə də, bəzi
intellektual söz oyunlarında yaşıl və mavi rənglər yaradıcılığa həvəsləndirir.
Lakin hətta bu halda da Elliot inanır ki, yaşılla mavinin təsir imkanları
qırmızı rəngin davranışımıza təsir imkanları ilə müqayisədə xeyli məhduddur.
"Qırmızı
rəngin qavranması mühüm hadisə və təcrübələrdə təkamülə uğrayıb – deyir Elliot
– qırmızı dəymiş meyvənin, qəzəbli sifətin və seksual şəhvətin rəngidir”.
Belə
olduğu halda bu rəng həmişə həyat mübarizəsi, damarımızdakı qan qədər dərin
düşüncə və təsirlərlə əlaqələndiriləcək. Ola bilsin ki, biz əlinə ilk dəfə rəng
alıb öz bədəninin şəklini çəkən əcdadımızın anladığını, yalnız indi təsdiq
edirik: Bu rəngə bənzəyən rəng yoxdur.