adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2018 11:24
32242
ƏDƏBİYYAT
A- A+

Salam, Zakir Fəxri! - Saday Budaqlı yazır...

Kimdir Zakir Fəxri? Sözə, sözünə hörmət eləyən şair, gözəl dost, gözəl ailə başçısı, üstəlik, özü demişkən, orta məktəbi də qızıl medalla bitirib. Ancaq istedadlı adam var ki, yanında beş dəqiqə duruş gətirə bilmirsən, canın sıxılır, tezcə aradan çıxmağa çalışırsan.

Zakir Fəxri isə istedadlı şair olmağıyla yanaşı, həm də maraqlı adamdır, yeri hiss olunan adamdır. Dostlar tez-tez Zakirin dəyişmədiyini deyirlər. Təbii ki, yaş keçir, görkəm dəyişir. Dəyişməyən Zakirin xasiyyətidir. Bir də görürsən, özünü uşaq kimi aparır, ipə-sapa yatmır, hələ pərtov danışıqlarını demirəm, di gəl, birdən elə dərinliklərə baş vurur, mat qalırsan. Dediyim odur ki, Zakirdə uşaqlığa xas şıltaqlıqla, ərköyünlüklə, gəncliyə xas dəlisovluq, ahıllığa xas müdriklik birləşib. 20 il əvvəl də beləydi, indi də belədir, ola bilsin, 40 il əvvəl də belə olub. Bizi çaşdıran, Zakirin dəyişmədiyi qənaətinə gəlməyimiz də, yəqin, buna görədir.

Bəzən keçmişi xatırlayanda, elə bilirsən, hər şey dünən olub, deyirsən, ömür nə qısaymış. Ancaq bir az dərinliklərə baş vuranda, hər şeyi bitdə-bitdə gözünün qabağına gətirəndə, məlum olur ki, heç də az yaşamamısan. Zakir də bu yaşa əliboş gəlməyib. Çox ağrılardan keçib, çox sevinclər dadıb, dostlar qazanıb, ən əsası, ürəklərə yol tapan şeirlər yazıb, sevilib.

İrəlidə hələ yaşanılası illər, səni gözləyən sevinclər var.

Ad günün mübarək, Zakir Fəxri!

kulis.az