adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2018 11:04
16616
ƏDƏBİYYAT
A- A+

Savadsız dahilər – bu yazarların əlyazmaları səhvlərlə dolu olub

Özünə ziyalı deyən insanın yazı üslübu, ən vacibi isə yazı qaydalarını bilməsi mütləqdir. Qrammatik qaydalara məhəl qoymayan, yaxud da onlardan anlayışı olmayan birinin "ziya”sı işıqlandırmaz. Amma istər ədəbiyyat, elm adamları, istərsə də tanıyıb-bildiyiklərimiz arasında yazı-pozusu korrektəsiz-redaktəsiz "həzm olunmayan”lar çox olur. Bəlkə də müasir insan bunu "mexaniki klaviatura səhvləri” adı altında ört-basdır edə bilər. Amma daha öncəki nəsil xəttatlığı, düzgün yazı qaydaları, qrammatik bilgiləri ilə öyünüb. Təbii ki, bunu hər kəsə aid etmək olmaz. Yazı səhvlərindən qaça bilməyən insanlar həmişə olub, ancaq ədəbiyyat dahilərinin qrammatik səhvlərlə zəngin yaradıcılığı istər-istəməz insana təəccüblü gəlir. Qalibləri deyə bilmərəm, amma dahilər də mühakimə olunmalıdır. Görək, əsərləri səhvlərlə aşıb-daşan dahilər kimlərdir?

Çox təəccüblənəcəksiniz, amma ilk sırada poeziyanın günəşi Aleksandr Puşkin dayanır. Rus ədəbiyyatı ilə yanaşı onun dilini, orfoqrafiyasını formalaşdıran Puşkinin təkcə "Yevgeni Onegin”ində çoxsaylı səhvləri var. Amma dilçilər bunu başqa cür izah edirlər: dil qaydalarını tərtib edən Puşkin belə yanlışa biixtiyar yol verə bilməzdi. O, sadəcə xalq dilində yazdığı üçün, hər təbəqədən olan insanların anlaması və onun əsərlərini qəbul etməsi üçün belə yazırdı. Məsələn, "kənd” yerinə "kənt”, "kötük” yerinə "kötüy” yazmaqla birbaşa xalqın danışıq dilinə müraciət edirdi.

Hans Xristian Andersen – dünya şöhrətli nağılçını tanımayan, oxumayan çətin tapılar. Amma bu yazarın qələmindən çıxan nağılları normal hala gətirmək üçün bir yox, bir neçə redaktor və korrektor heyəti çalışırmış. Onun əlyazmalarını sıravi oxucuya, hətta məktəbliyə göstərsəydin, yəqin ki, yazıçıya barmaqarası baxardı.

Ceyn Osten – realizm cərəyanının ilk qaranquşu! Böyük Britaniyanın ən tanınmış yazarlarından biri, satirik. Amma bu xanımın istedadına həmişə qrammatik bilgiləri kölgə salıb. Təbii ki, "Qürur və qərəz” kimi əsəri oxuyub, zövq alan sıravi oxucu bu səhvləri görmürdü. Çünki yazıçıların əlyazmaları deyil, redaktə olunmuş əsərləri çapdan çıxır. Amma Ostenin əsərlərini gözdən keçirən redaktor və korrektorların anadan əmdikləri süd burunlarından gəlirdi.

Vladimir Mayakovski – bu böyük şairin dərdi nöqtə-vergüllə imiş. Ümumiyyətlə durğu işarələrinin işlənmə yerini yazıçı ömrünün sonuna qədər anlaya bilməyib. Özü də bunu dəfələrlə etiraf edib, həm də gileylənməklə özünü daha da savadsız duruma salıb: "Axı bu nöqtə-vergül nəyə lazımdır ki? Ona vaxt ayırmaqla nə yazaçağımı unuduram...”. Şairin korrektəyə pulu olmadığına görə əvvəllər şeirləri elə durğu işarələri olmadan çap olunurmuş. 1916-cı ildən etibarən isə ona dostu və arvadını bölüşdüyü Osip Brik (şairin sevgilisi Lilya Brikin əri) kömək edirmiş.

Aqata Kristinin də eynən Mayakovski kimi durğu işarələri başı bəlada imiş. Dedektiv kraliçası hadisələrin düyünlərini məharətlə bağlayıb-çözsə də, durğu işarələrinin harda işlənəcəyindən xəbərsizmiş. Bundan başqa, ingilis dilində bir səsi əmələ gətirən hərf birləşmələrini də doğru-dürüst bilmirmiş. Hətta öz adındakı "th” (ing. Agatha) birləşməsindəki "t” hərfini əvvəllər yazmırmış, ta irad tutulandan sonra səhvini düzəldə bilib.

Ernest Hemunquey isə təkəbbüründən yazılarına diqqət etməyib. Ona qrammatik, orfoqrafik səhvləri irad tutanda deyərmiş ki, "Səhvləri düzəltmək üçün maaş alan içşilər var. Mənim işim yazıb-yaratmaqdır”.

Şəfiqə ŞƏFA