adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Aprel 2018 17:15
88200
MÜSAHİBƏ
A- A+

General-leytenant Nizam OSMANOV: Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb

Döyüş hazırlığının təşkilində 2016-cı ilin aprel döyüşlərində əldə edilən müsbət təcrübələrin tətbiqinə diqqət yönəldilir

Azərbaycan Ordusunda 2014-cü ildən başlayan modernləşmə prosesinin yeni mərhələsində əsas diqqət göstərilən mövzulardan birincisi qoşunların döyüş hazırlığının gücləndirilməsi və hərbi təhsil sisteminin təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasıdır. Bununla əlaqədar qeyd olunan sahəyə bilavasitə cavabdehlik daşımaq məqsədilə 2014-cü ildə Müdafiə Nazirliyində Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov AZERİ DEFENCE jurnalına müsahibəsində Azərbaycan Ordusunun döyüş hazırlığı, hərbi təhsil və təlim sahəsində görülən işlərdən danışıb.

AD: Cənab general-leytenant, müsahibəmizəAzərbaycan Ordusunda hərbi təhsilin təşkili, strukturlaşma və bu sahədə son illərdə əldə edilən nəticələrə dair fikirlərinizlə başlamaq istərdik. Rəhbərlik etdiyiniz idarə bu istiqamətdə hansı işlər görür?

Nizam OSMANOV:Əvvəla qeyd edim ki, müasir dövrdə qoşunlarda fəaliyyətin təşkili və idarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdəndir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət funksiyalarının necə yerinə yetirilməsindən asılıdır. Aparıcı ölkələrin ordularında hər zaman gündəlik iş prosesində bu məsələyə diqqət yetirilir və əldə olunan təcrübələr əsasında inkişaf etdirilir. Başqa sözlə, bu davamlı bir prosesdir.

Son 4 ildə Müdafiə Nazirliyi sistemində hərbi təhsilin idarə olunması sahəsində bir sıra əhəmiyyətli addımlar atılıb. Nazirliyin mərkəzi aparatının idarəetmə potensialı xeyli gücləndirilib. Dünyanın bir sıra ölkələrində hərbi təhsilin idarəolunması təcrübəsi öyrənilib, geniş təhlil aparılıb, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planı hazırlanıb və həyata keçirilib.

Bu çərçivədə qeyd etməliyəm ki, 2015-ci ildə Müdafiə Nazirliyinin mərkəzi aparatının strukturunda hərbi təhsilin idarə olunmasına cavabdeh orqan, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb. Baş İdarənin tabeliyinə verilən Hərbi Təhsil İdarəsinin strukturunda da əhəmiyyətli dəyişikliklər edilib. Yeni struktur aidiyyəti sahələrdə hərbi təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanmasına və çevik həyata keçirilməsinə zəmin yaradıb.

Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən prioritetlər nəzərə alınmaqla tədris prosesinin inkişaf proqramları işlənilir, hərbi təhsil sistemi ilə bağlı məlumatlar təhlil olunur, təkliflər hazırlanır, hesabatvermə həyata keçirilir, vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak edilir, mövcud qanunvericiliyin xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən yerinə yetirilməsinə təşkilati-metodik rəhbərlik həyata keçirilir.

İdarəetmədən söz düşmüşkən, onu da qeyd etmək istəyirəm ki, hazırda Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb. İdarəetmə üçün zəruri məlumatlar monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Aparılan monitorinq və qiymətləndirmənin nəticələri nəinki təhsilalanların nailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, fənn proqramlarının, dərsliklərin səviyyəsi barədə etibarlı mənbə rolunu oynayır, bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır.

Təxminən 5 il bundan əvvəl Müdafiə Nazirliyinin strukturunda hərbi təhsil fəaliyyətinin təşkili və hərbi təhsil sisteminin idarə olunması ilə bugünkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş verdi. Təkmilləşdirmə nəticəsində təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılıb. Bu cür strukturların yaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətinin işlənməsi və həyata keçirilməsinə töhfəsini verir.

Hərbi təhsil sahəsində normativ sənədlərin hazırlanması istiqamətində də ciddi addımlar atılıb. Hərbi Təhsil İdarəsi tərəfindən aparılan təhlillər əsasında xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri, eləcə də bu təhsil müəssisələrində həyata keçirilən təhsil və elmi fəaliyyətin təşkil olunması məqsədilə müvafiq təlimatlar hazırlanıb. Hazırda xüsusi təyinatlı təhsil müəssisələrində fəaliyyətlər qeyd olunan rəhbər sənədlərin tələbləri əsasında həyata keçirilməkdədir.

Hərbi Təhsil İdarəsi tərəfindən xüsusi təyinatlı təhsil müəssisələrində hərbi uçot ixtisasları üzrə tədris planları və fənn proqramı toplularının hazırlanmasına müvafiq təşkilati-metodiki rəhbərlik həyata keçirilir və bu fəaliyyət mütəmadi olaraq davam etdirilir.

AD:2016-cı ilin aprel döyüşlərindən sonra qoşunlarda təlimlərin intensivliyinin artması müşahidə olunur. Geridə qoyduğumuz2017-ci ildə qoşunların döyüş hazırlığının yüksəldilməsi sahəsində hansı fəaliyyətlər həyata keçirilib və cari ildə gözləntiləriniz nədən ibarətdir?

Nizam OSMANOV:2017-ci tədris ilində Azərbaycan Ordusunda döyüş hazırlığı Müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmr və sərəncamlarının tələblərinə uyğun təşkil edilib və keçirilib. Birlik və birləşmələrdə döyüş hazırlığının qənaətbəxş təşkili və keçirilməsi nəticəsində şəxsi heyətin ixtisas hazırlığının, hərbi hissə və bölmələrin döyüş uzlaşmasının yüksəlməsinə nail olunub.

Döyüş hazırlığının təşkilində və keçirilməsində əsas diqqət 2016-cı ilin aprel döyüşlərində əldə edilən müsbət təcrübələrin tətbiqinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, döyüş hazırlığı üzrə tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nail olmaq üçün nəzarət və köməkliyin göstərilməsi sisteminin səmərəli metodlarının tətbiqinə yönəldilib.

Ali Baş Komandan, cənab İlham Əliyevin ordunun döyüş qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə verdiyi tapşırıqlara uyğun olaraq, qoşunların çöl vərdişlərinin artırılması, praktiki bacarıq və səriştələrinin təkmilləşdirilməsi məqsədilə döyüş atışlarının və taktiki təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Ümumilikdə keçən il ərzində 150-dən çox tabor (divizion) taktiki təlimi, 15 briqada taktiki təlimi, həmçinin qonşu və tərəfdaş ölkələrlə birgə taktiki təlimlər keçirilib.

Keçirilən taktiki (taktiki-xüsusi) təlimlərdə komandir heyətinin müstəqil və düzgün qərarların qəbul edilməsi, döyüşün təşkili, bölmələrin idarə olunması və onların arasında qarşılıqlı əlaqənin qurulması, ştatda olan və əlavə verilmiş silah və texnikanın döyüş imkanlarından tam istifadə edərək qısa müddətdə atəşlə zərərvurmanın səmərəliliyinin artırılması üzrə bacarıq və vərdişləri təkmilləşmiş, təyin edilən rayonun tutulması və ərazidə yerləşmə, maskalanma və mühafizənin təşkili, mürəkkəb və dinamik dəyişən şəraitdə döyüş taktiki qrupları və yandankeçmə dəstələri tərkibində sürətli və qətiyyətli hücum fəaliyyətlərinin icra edilməsi üzrə praktiki təcrübə əldə edilib, şəxsi heyətin çöl vərdişləri artırılıb.

2017-ci ildə Azərbaycan Ordusunun nümayəndələri Beynəlxalq Ordu Oyunlarının 5 müsabiqəsində iştirak ediblər və bütün müsabiqələrdə yüksək nəticələr göstərməklə yanaşı Ermənsitan Silahlı Qüvvələrinin komandalarını əhəmiyyətli dərəcədə üstələyiblər.

Həmçinin keçən il ilk dəfə olaraq Beynəlxalq Ordu Oyunlarının müsabiqələrindən biri – "Dəniz Kuboku” müsabiqəsi ölkəmizdə keçirilib və bu müsabiqədə Azərbaycan Ordusunun komandası birinici yer tutub. Onu da xatırlatmaq istərdim ki, həmin yarışda Azərbaycan, Rusiya, Qazaxıstan və İran HDQ-nin gəmiləri iştirak ediblər.

Döyüş hazırlığında yüksək nailiyyətlərin əldə edilməsi üçün təlim mərkəzlərinin, poliqonların və ümumilikdə təlim-maddi texniki bazanın inkişaf etdirilməsi və onların müasir tələblərə cavab verən səviyyəyə çatdırılması istiqamətində müvafiq tədbirlər planlı şəkildə həyata keçirilib, təlim obyektlərinin rəhbər sənədlərin tələblərinə uyğun yenidən qurulması üzrə bir çox əhəmiyyətli işlər görülüb. Cari ildə də bu sahədə işlər plana uyğun şəkildə davam etdiriləcək.

AD: 2018-ci ildə əvvəlki illərdə olduğu kimi birgə təlimlərin keçirilməsi və konkret olaraq hansı ölkələrlə keçirilməsi nəzərdə tutulur?

Nizam OSMANOV:Döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə 2017-ci il ərzində Azərbaycan Ordusu ilə xarici dövlətlərin orduları arasında 13 birgə təlim keçirilib. Cari ildə isə 28 birgə təlimin keçirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda "Beynəlxalq Ordu Oyunları 2018” çərçivəsində "Dəniz kuboku” müsabiqəsinin də keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ənənəvi "Turaz Qartalı/Şahini” təliminin, Quru Qoşunları bölmələrinin iştirakı ilə daha bir təlimin, o cümlədən ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Yeri gəlmişkən, bir məsələni də vurğulamaq istərdim ki, bu gün regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın xüsusi rolu vardır. Bunu beynəlxalq təşkilatların rəsmiləri, eləcə də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib. Ölkəmiz bu gün həm Cənubi Qafqaz, həm də Xəzər regionunda reallaşan bir çox layihələrdə aparıcı rol oynayır. Eləcə də regionda reallaşan iqtisadi layihələrdə Azərbaycan söz sahibidir. Belə olan halda Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində də öz sözünü deməlidir və deyir. Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan kimi region ölkələri ilə hərbi və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edilir, bu kontekstdə ikitərəfli və çoxtərəfli təlimlər təşkil olunur. Bütün bu təlimlər regionda sülhün və asayişin təmin olunması istiqamətində göstərilən birgə səylərdir.

AD:Söhbət Türkiyə və Gürcüstanla birgə təlimlərdən düşmüşkən, 2014-cü ildən bu istiqamətdə mütəmadi işlərin görüldüyünü müşahidə edirik. Bu ikitərəfli və çoxtərəfli təlimlərin Azərbaycan Ordusu üçün əhəmiyyəti nədən ibarətdir?

Nizam OSMANOV:İkitərəfli və ya çoxtərəfli birgə təlimlərin əhəmiyyəti ilk növbədə ölkələr arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsindən və biri-birimizə olan qarşılıqlı hörmət və etimadın artırılmasından ibarətdir. Bundan əlavə, texnologiyanın sürətlə inkişafı hərbi texnikanın da sürətlə inkişafına və onların tətbiqində yeni üsul və metodların ortaya çıxmasına səbəb olur ki, bu da qarşılıqlı təcrübə mübadiləsinin aparılması zəruriyyətini yaradır. Həmçinin bu cür təlimlər gələcəkdə ortaq düşmənə qarşı birgə döyüş əməliyyatlarının aparılması təcrübəsini yaradır, biri-birimizi daha yaxşı başa düşməyə, idarəetmə sistemlərimizi uyğunlaşdırmağa vasitə olur.

AD: Cənab general, hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılınası istiqamətində hansı addımlar atılır?

Nizam OSMANOV:Qeyd olunan məsələ ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirilib. Müzakirələrdə verilən təkliflər əsasında hərbi təhsil sistemində tətbiq olunması məqsədilə bəzi tədbirlər də hazırlanıb. Görüləcək işlər əsasən aşağıda qeyd olunan sahələri əhatə edəcəkdir:

  • hərbi təhsil və elm sahəsində hüquqi bazanın və iyerarxiya prinsiplərinin təkmilləşdirilməsi;
  • xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyət və struktur sahələrinin təkmilləşdirilməsi;
  • müəllim heyətinin elmi səviyyəsinin, onların səriştə və peşəkarlığının, o cümlədən pedaqoji hazırlığının artırılması;
  • zabitlərin pedaqoji və elmi fəaliyyətlə bağlı vəzifələrə təyinatı zamanı onların səriştə və peşəkarlıq səviyyələrinin nəzərə alınması;
  • xüsusi təyinatlı təhsil müəssisələrinin kafedralarında hazırlanan tədris və elmi nəşrlərin keyfiyyətinin artırılması və onların qiymətləndirilməsi;
  • kursant və dinləyicilərin elmi fəaliyyətinin təkmilləşdirilməsi;
  • mövcud kitabxana fondunun zənginləşdirilməsi, elektron kitabxanalarının yaradılması və xaricdə nəşr edilən qabaqcıl, yüksək reytinqli hərbi elmi jurnal və digər nəşrlərin əldə edilməsi;
  • hərbi elm və təhsil sahəsində çalışan professor-müəllim heyətinin stimullaşdırılması, onların elmi potensialının gücləndirilməsi üçün maliyyə təminatının optimallaşdırılması;
  • xüsusi təyinatlı təhsil müəssisələrinin kafedralarında elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası;
  • xüsusi təyinatlı təhsil müəssisələrində elmi işlərin icrası ilə bağlı laboratoriyaların yaradılması və bu istiqamətdə Müdafiə Nazirliyində elmi tədqiqatların aparılması üçün NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (SPS) proqramı çərçivəsində əməkdaşlıq etmək üçün zəruri əlaqələndirmə işlərinin görülməsi;
  • xüsusi təyinatlı təhsil müəssisələrində elmi tədqiqatların aparılmasına maliyyə resurslarının ayrılması, qrant müsabiqələrinin keçirilməsi və sifarişlər əsasında elmi işlərin planlaşdırılması və s.

Qeyd olunan tədbirlərin icrası cari və növbəti illəri əhatə etməklə mütəmadi xarakter daşıyacaqdır.

AD: Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirlərinizi bilmək istərdik?

Nizam OSMANOV:Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tədris müəssisələrinin imkanlarının yaxşılaşdırılması istiqamətində bir neçə ildir ciddi işlər aparılır. Onu da qeyd edim ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey üçün yeni təhsil müəssisəsinin ərazisində yeni bina inşa edilir. İnşaat işləri başa çatdıqdan sonra Lisey müasir tədris vasitələri ilə də təchiz olunacaq. Eyni zamanda digər tədris mərkəzlərimizdə yenilənmə işləri davam etdirilir. Xüsusi təyinatlı təhsil müəssisələrinin tədris-maddi bazası müəyyən olunan ixtisaslar üzrə tədris planları, fənn proqramları və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulan maddi-texniki vasitələr kompleksidir. Bu kompleks tədris prosesinin maddi-texniki bazasıdır, elmin, texnikanın və hərb işinin müasir inkişaf səviyyəsinə uyğun olmalıdır.

Xüsusi təyinatlı təhsil müəssisəsinin tədris-maddi bazası tədris-laboratoriya, çöl-tədris, hava və dəniz təlimləri, tədris-idman və s. bazalarından ibarət olmalıdır. Tədris-maddi bazanın tərkibi hərbi-uçot ixtisası üzrə məzunların ixtisas xarakteristikalarında və ali təhsil pilləsinin müvafiq səviyyəsi üzrə hazırlanmış ixtisasın (ixtisaslaşmanın) ali təhsil proqramında mütəxəssis hazırlığına qoyulan tələblərə cavab verməlidir. Bu məqsədlə xüsusi təyinatlı təhsil müəssisələrində tədris-maddi bazanın yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyət aşağıdakı istiqamətlərdə davam etdirilir:

  • tədris prosesində öyrənilməsi və istifadə olunmasına ehtiyac bilinən və qoşunların silahanmasına daxil olan silah və hərbi texnikanın təminatı;
  • informasiya və hesablama texniki vasitələri, laboratoriya avadanlığı və qurğuları, texniki tədris və nəzarət vasitələri, digər zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunan tədris auditoriyaları, ixtisaslaşmış siniflər, kabinetlər, laboratoriyalar, kitabxanalar, oxu zalları, kurs işi və diplom layihələrinin yerinə yetirilməsi üçün, professor-müəllim heyəti və laborantlara otaqlar, digər tədris və köməkçi-tədris otaqları olan qurğu və binalardan ibarət tədris-laboratoriya bazası;
  • təlim-məşq və istismar kompleksləri – sistemləri, təlim silahları, hərbi (xüsusi) texnika və digər məşq vasitələri ilə təchiz olunmuş təlim komanda və idarəetmə məntəqələrindən ibarət trenajor bazaları;
  • üzərində döyüş hazırlığı obyektləri yerləşən, silah və hərbi texnika, trenajor, poliqon və digər növ avadanlıqlarla, rabitə, idarəetmə, nəzarət vasitələri ilə təchiz olunan düşərgələrdən ibarət səhra təlim bazası (hava, dəniz vərdişləri üçün baza);
  • yerinə yetirilən elmi fəaliyyətin növü və xarakterinə uyğun olaraq müvafiq avadanlıq və təchizatlarla təmin olunan ixtisaslaşdırılmış obyektləri olan tədqiqatların yerinə yetirilməsi üçün baza;
  • ümumqoşun nizamnamələrinin tələblərinə uyğun avadanlıq və təchizatlarla təmin olunan sıra hazırlığı üçün meydançalar, qarovul kompleksləri (şəhərcikləri), tirlər və digər obyektlər, həmçinin fiziki hazırlıq və idman təlimnaməsinin tələblərinə uyğun idman avadanlığı, qurğuları ilə təmin olunmuş idman kompleksləri, zallar və hovuzlardan ibarət ümumhərbi və fiziki hazırlıq üçün bazalar;
  • kitabxana, oxu zalı, mətbəə, elektron-kitabxana sistemi, dərsliklər və tədris vəsaitləri, ictimai, elmi-məlumat xarakterli ədəbiyyat, fənlər üzrə metodiki, dövri nəşrlər, nizamnamə, təlimat, atış və sürücülük kursları, digər normativ sənədlər, kompüter proqramları, digər elektron təhsil və elmi mənbələrdən ibarət informasiya təminatı bazalar və vasitələr;
  • tədris-istehsalat emalatxanaları, təlim-texniki vasitələr üzrə laboratoriyalar, kino-fotolaboratoriyalar, anbarlar və digər obyektlərdən ibarət təhsil prosesinin təminatı obyektləri.

Sirr deyil ki, müasirləşən hərbi təhsil sisteminin saxlanması və inkişafı peşəkar elmi-pedaqoji kadrların olmasından asılıdır. Bu cür keyfiyyətlərə malik elmi-pedaqoji kadrların hazırlanması, mövcud kadr potensialının gücləndirilməsi, qabaqcıl pedaqoji təcrübənin, texnologiyaların mənimsənilməsi, praktiki tətbiqi və s. hərbi təhsilin bilavasitə vəzifələridir.

Xüsusi təyinatlı təhsil müəssisələri genişmiqyaslı düşüncə qabiliyyəti, bacarıq imkanlarına malik olan, əsaslandırılan məntiqi baxışları nümayiş etdirə bilən güclü təfəkkür daşıyıcıları yetişdirməlidir. Bu məqsədlə, gələcəyimiz olan kursant və dinləyicilərə əsaslı şəkildə təhsil vermək üçün vətənpərvər, peşəsini sevən, xalqına sadiq olan yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması lazımdır.

Zabit kadrların hazırlanması sisteminin təkmilləşdirilməsində və tədris prosesinin keyfiyyətinin yüksəldilməsində təhsil müəssisələrinin yüksəkixtisaslı professor-müəllim heyəti ilə komplektləşdirilməsi, onların peşəkarlıq və metodiki ustalıqlarının daima artırılması vacibdir və bu istiqamətdə məqsədyönlü işlər aparılır.

Xüsusi təyinatlı təhsil müəssisələrində professor-müəllim heyətinin mövcud hərbi-peşəkar hazırlıq sisteminin mülki ali təhsil müəssisələrindən və xarici dövlətlərin pedaqoji kadr hazırlığı sistemlərindən fərqli olan bir sıra xüsusiyyətləri var. Ordu üçün peşəkar professor-müəllim heyəti, eləcə də pedaqoji kadr hazırlığı sisteminə rəhbər heyət hazırlayan hərbi-pedaqoji təhsil müəssisələri yoxdur. Amma bu məsələləri həll etmək üçün Müdafiə Nazirliyinin strukturunda adyunktura, magistratura və ixtisasartırma kurslarından ibarət olan professor-müəllim heyətinin hazırlıq sistemi mövcuddur.

Adyunktura Müdafiə Nazirliyinin strukturunda elmi və elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil səviyyəsidir. Adyunktlar xüsusi təhsil proqramı əsasında təhsil alır, tədris, metodiki və elmi işin təşkili, həyata keçirilməsi üzrə müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Onlar ixtisasları üzrə Azərbaycan Ordusu üçün aktual olan mövzular əsasında fəlsəfə doktoru (elmlər doktoru) proqramları üzrə dissertasiya işini yerinə yetirirlər. Adyunkturaya qəbul, bir qayda olaraq könüllü, bəzi hallarda isə təhsil müəssisələri tərəfindən məqsədli qaydada göndərilməklə həyata keçirilir.

Adyunktura yalnız 2014-cü ildə Hərbi Akademiyanın nəzdində yaradılıb. İlk qəbul isə 2014-2015-ci tədris ilində həyata keçirilib.

Hərbi-pedaqoji fəaliyyətin əsas xüsusiyyəti bu sistemin müntəzəm olaraq təkmilləşdirilməsindən, gənc müəllimlərin, eləcə də təcrübəli pedaqoqların da peşəkar hazırlığını daima artırmalarından ibarətdir. Ən təcrübəli müəllimlər də peşə hazırlığını daim inkişaf etdirməli və bu istiqamətdə fəaliyyətini dayandırmamalıdır. Müəllim heyəti hərb elminin və hərbi texnikanın son nailiyyətlərini bilməli, problemlərilə tanış olmalıdır. Bu istiqamətdə müəllim heyətinə ixtisasartırma sistemi kömək edir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi Müdafiə Nazirliyinin strukturunda daha da inkisaf edib və təkmilləşmiş hərbi təhsil sisteminin yaranmasına, inkişaf tempinin sürətlənməsinə şərait yaradır.

AD: Təlim-tədris prosesində dünya bu gün müasir elektronlaşmış texnologiyalara üstünlük verməkdədir. Kitabxanaların elektronlaşdırılması, dərslərin interaktivliyi, kompüterləşmə və simulyasiyanın sintezi prosesi gedir. Azərbaycanda bu istiqamətdə yaxın perspektivdə hansı addımların həyata keçirilməsi nəzərdə tutulur?

Nizam OSMANOV:Sözügedən məsələ ilə bağlı deyə bilərəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu arasında 2015-ci il dekabrın 29-da elmi-texniki əməkdaşlıq sahəsində imzalanan Memorandumdan irəli gələn öhdəliklər əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında "Elektron kitabxana” proqram təminatı işlənib hazırlanıb və istifadəyə verilib.

"Elektron kitabxana” proqramı professor-müəllim heyətinin və dinləyicilərin məxfilik qrifi olmayan resurslardan (qanunlar, nizamnamələr, kitablar, təlimatlar, dissertasiya işləri, jurnallar, plan-konspektlər və s.) istifadənin təmin edilməsi uçün nəzərdə tutulub. "Elektron kitabxana” proqramı sınaq məqsədilə ilkin olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasının daxili şəbəkəsində istifadə edilir. Bu məqsədlə Hərbi Akademiyada professor-müəllim heyətinin xidməti otaqlarında və dinləyicilər üçün ayrılmış auditoriyalarda işçi stansiyalar yaradılıb.

Gələcəkdə Müdafiə Nazirliyinin digər idarə, xidmət və qurumlarının, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin də bu sistemə qoşulması planlaşdırılır. Dəsrlərin interaktivliyi, siniflərin kompüterləşdirilməsi və digər istiqamətdə də perspektivdə addımlar atılacaq, layihələr həyata keçiriləcəkdir.

AD: Son illər həm Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, həm də ordu birliklərinin təlim mərkəzlərində simulyator siniflərinin istifadəyə verildiyinin şahidi oluruq. Hərbi texnikaların və silah sistemlərinin mənimsənilməsində simulyatorların rolu önəmlidir. Bu il və yaxın perspektiv üçün yeni simulyatorların alınması və tətbiqi istiqamətdə görülən işlər barədə nələri söyləyə bilərsiniz?

Nizam OSMANOV:Hazırkı dövrdə təhsilin ayrılmaz hissəsinə çevrilən simulyatorlar heyətin hazırlanmasında mühüm rola malikdir. Təsəvvür edin, bir tankçının hazırlığında ona atış həyata keçirmək üçün nə qədər sursat, yaxud texnikanı idarə etməyi öyrənmək üçün nə qədər yanacaq verilməlidir. Üstəlik texnikanın istifadə resursu. Bunların hamısı maddi vəsait tələb edir. Simulyatorda isə sinif şəraitində həmin tapşırıqlar reallığa yaxınlaşdırılmış şəraitdə icra olunur. Daha sonra həmin heyət real texnika və ya silahı istifadə üçün poliqona buraxılır. Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi texnikaların və silah sistemlərinin mənimsənilməsi üçün "Konkurs” (raket), T-72 tank (sürücülük və atış),TİSAS, TƏİR, PDM-1, PDM-2 (sürücülük və atış), 2 S-1, 2 S-3, "Gilavar”, "Koza” (tir); BİAMXİT (Atış sistemləri) simulyator sinifləri fəaliyyət göstərir.

Bununla yanaşı, müxtəlif döyüş texnikaları üçün simlyator trenajorlarının alınması da nəzərdə tutulur. Təlim və Tədris Mərkəzi ilə yanaşı bütün ordu birliklərinin təlim mərkəzləri müvafiq texnikaların simulyatorları ilə təchiz edilib. Ordumuzun istifadəsinə yeni daxil olmuş silah və texnikaların da siimulyatorlarının alınması həyata keçirilir. Artıq T-90 tanklarının, Mi-35M helikopterlərinin simulyatorları da qurularaq heyətin istifadəsinə verilib.

AD: Hərbi təlim-tədris prosesinin vacib elementlərindən biri də poliqonlardır. Sovet ordusundan qalma poliqonların müasirləşdirilməsi, yeni təlim texnologiyaları ilə təchiz edilməsi, eləcə də bir neçə il əvvəl mobil poliqonların tətbiqi kimi planın olduğu açıqlanmışdı. Bu barədə fikirləriniz və yanaşmanızı bilmək istərdik.

Nizam OSMANOV:Bildirmək istəyirəm ki, poliqonlarla bağlı görüləcək işlərin proqramı hazırlanıb və hər il yeni avadanlıqların alınması nəzərdə tutulur.

Təlim imkanlarının artırılması məqsədilə 2017-ci ilin yay aylarında poliqonlarda yeni, məsafədən idarə edilən RAİS-2016P rəqəmsal hədəf qaldırıcılarının quraşdırılması həyata keçirilib və poliqonlarımızdan birində 3 istiqamətli atıcı silahlardan atış sahəsi yaradılıb.

Bundan əlavə, bir neçə təlim obyekti (snayper şəhərciyi, taktiki təlim şəhərciyi və tank biatlonu şəhərciyi) yenidən inşa edilib və yeni hədəf qaldırıcıları və avadanlıqlarla təchiz olunub.

Təlim mərkəzlərindən birində isə tank və PDM direktrisasının, Ümumqoşun atış sahəsinin yenidən qurulması məqsədilə Türkiyə Respublikasının müvafiq şirkəti ilə müqavilə bağlanılıb. Burada müasir avadanlıqla təchiz edilən atış sahələrinin poliqon sahələrinin yaradılması planlaşdırılır.

Bu sahədəki mühüm layihələrdən biri də mobil polqionların alınması və tətbiqidir. Mobil poliqon dedikdə daşınan hədəfqaldırıcı qurğular və onların idarəedilməsi sistemi nəzərdə tutulur. Məsələn, elə yerlər var ki, orada hədəfləri daimi qoymaq mümkün deyil. Hava şərtləri və s. səbəblərdən sıradan çıxa bilər. Belə yerlərdə hərbi hissələr daşınan hədəfqaldırıcıları təlim müddətində poliqona götürüb qısa müddətdə qurur, çalışmaları yerinə yetirdikdən sonra təkrar özləri ilə geri götürürlər. Onu da qeyd edim ki, son illərdə poliqonlarımızda qurulan bütün hədəflər elektron qeydəalma funksiyasına malikdir. Orada aparılan bütün atışların nəticələri operatorun kompüterində qeydə alınır.

Hərbi Dəniz Qüvvələrinin bazasında gəmilərin təhlükəsiz dayanması üçün yeni körpü tikilib, gəmi ekipajlarının keyfiyyətli hazırlıqlarının təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən yeni təlim-məşq kompleksi istifadəyə verilib, idman şəhərciyi və mini futbol meydançası yaradılıb. Ötən il keçirilən "Dəniz Kuboku” beynəlxalq yarışları zamanı HDQ-nin yerli mütəxəssislərin layihəsi əsasında hazırlanmış təlim mərkəzindən də geniş istifadə olundu.

AD: Yeri gəlmişkən, mövzunu Qaraheybət poliqonunun yenidən qurulması layihəsi ilə davam etdirmək istərdik. Bu layihənin nümayiş etdirilən maketinə görə inşaat bitəndən sonra poliqon Avropada təchizatına görə yeganə bu tip təlim mərkəzi olacaq. O poliqon nə zamana hazır olacaq?

Nizam OSMANOV:Bəli, həqiqətən də Qaraheybət Təlim Mərkəzində yeni tikilməkdə olan müasir poliqon sahələri təchizatına görə regionda ən yaxşı təlim mərkəzlərindən biri olacaq. İnşanın cari ildə başa çatdırılması nəzərdə tutulur. Bu poliqon "Koza” şirkəti tərəfindən dünyada hədəf cihazlarının istehsalı üzrə tanınmış "Polytronik”in hədəf qaldırıcıları ilə təchiz edilir. Öz texnoloji imkanlarına görə, düşünürəm ki, Qaraheybət poliqonu regionda bir nümunə olacaq. Burada şəxsi heyətlə yanaşı tankların da atış təlimləri keçiriləcək. Bu poliqonun digər bir mühüm özəlliyi isə postsovet regionu və Şərqi Avropa məkanında ilk dəfə olaraq tam şəkildə LOMAH hədəflərin tətbiqidir.

AD: Yaşayış məskənlərində döyüş əməliyyatlarını imitasiya etmək üçün xüsusi hazırlanan təlim şəhərcikləri mövcuddur. 2013-2014-cü illərdə gəzən söhbətlərə görə, Müdafiə Nazirliyi də poliqonların birində böyük miqyaslı bənzər təlim şəhərciyinin inşasını düşünürdü. Bu layihənin sonrakı taleyi necə oldu?

Nizam OSMANOV:Yaşayış məskənlərində döyüş əməliyyatlarını imitasiya etmək üçün Qaraheybət Təlim Mərkəzində xüsusi qurulan kiçik şəhərcikdən istifadə edilməklə Əməliyyat İmkanları Konsepsiyası taborunun iştirakı ilə müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə gələcəkdə bölmələrin yaşayış məskənlərində döyüş əməliyyatlarını icra etmək bacarıqlarının daha da gücləndirilməsi üçün müasir tələblərə cavab verəcək xüsusi hazırlanan təlim şəhərciyinin inşası planlaşdırılır.

AD: Cənab general, müsahibəmizin sonunda əlavə etmək istədiyiniz fikirlər varmı?

Nizam OSMANOV:Təşəkkür edirəm.