adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2018 11:16
14426
ƏDƏBİYYAT
A- A+

ZAKİR FƏXRİ: ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

Qalmaz belə, qalmaz dünya! - deyən dəyərli şair qardaşımız Zakir Fəxri bu gün 70 yaşın əlini sıxır. Bu münasibətlə Sözü və Özü hər birimizə əziz olan Zakir müəllimi ürəkdən təbrik edir və ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.

***

ŞƏXSİYYƏT VƏSİQƏSİ

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

Mən o çatdan sızıb gəldim...

Gördüm qanadlanır quşlar

Bir səsə – Azan tərəfə.

Adamlar ardımca gəlir,

Gəlir mən azan tərəfə...

Gördüm dil açıb çöl-bayır,

Göylərdən yağış diləyir.

Bir qarı günlərin sayır,

Bir qoca ömrün ələyir.

Dörd bir yanı duman aldı,

Quşlar avaza gəlmədi.

Qəriblikdən sərxoş düşdüm,

Ruhum namaza gəlmədi.

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

Mən o çatdan sızıb gəldim...

***

SƏS

Bir səsə ilişib qaldım,

Yerimdəcə düşüb qaldım.

Yolayrıcı çaşıb qaldım,

Bu səsin əlindən al məni, Tanrım.

Başım üstü bulud idi,

Buluddanmı doğdu bu səs?

Anam, atam umud idi,

Umuddanmı doğdu bu səs?

Bu səsin əlindən al məni, Tanrım!

Dağ gördüm, gözüm yaşardı,

Ruhumu xəyal apardı.

Qoyma məni hal apardı…

Bu səsin əlindən al məni, Tanrım!

Çəkər məni yuvasına,

Oynadar öz havasına.

Vallah, alışa bilmərəm

Dərmanına-davasına,

Bu səsin əlindən al məni, Tanrım!

Bu səs yaddaşımdan gəldi,

Qopub başdaşımdan gəldi.

Bu səs göz yaşımdan gəldi…

Bu səsin əlindən al məni, Tanrım!

Bu səs yaman tutdu məni,

Dərya olub uddu məni.

Kim sevdi, unutdu məni…

Bu səsin əlindən al məni, Tanrım.

Dağa-daşa saldı məni,

Yüz savaşa saldı məni.

Üz tutdum üzü bahara –

Üzü qışa saldı məni.

Bu səsin əlindən al məni, Tanrım!

Yetər bu gördüklərimin

Gözlərimi böyütdüyü…

Ürəyim dəyirman olub,

Dərddi, qəmdi üyütdüyü –

Bu səsin əlindən al məni, Tanrım!

***


XOŞ GƏLDİN,DƏRDİM, XOŞ GƏLDİN!

Göylərin yeddi qatından,

Qəriblərin ovqatından.

Qəmlərimin çatından

Keçib, sinəmə tuş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Yelkən oldun, üzdü gəmim,

Çiçəklədi qüssəm, qəmim.

Tumurcuqladı qələmim.

Qaşsız baxtıma qaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Sənsiz dünyam həzin düşdü,

Hər günümə hüzn düşdü.

Döndün, odun, közün düşdü.

Boş ruhuma savaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Üz tutdum Söz dərgahına,

Od üçün köz dərgahına…

Nədənsə öz dərgahına

Qayıdıb əliboş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Gözündən yüz bulaq oydum,

İçdikcə demədim doydum…

Mizan-tərəziyə qoydum.

Sevgimlə baş-başa gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

***

TUT ƏLİMDƏN, YOLLAR, MƏNİM!

Məni yolundan elədi...

Dağlar da durdu qəsdimə.

Qəlbimdən bir zərrə dərdi,

Götürüb atdım üstünə.

Əridi dağlar, əridi...

Köz-köz üstümə yeridi...

Hər şey adamı aldadır,

Acı zəhər də bal dadır...

Tut əlimdən, yollar, mənim,

Bir gör ruhum nə haldadır...

Düşüb gümanda azıram,

Batıb dumanda azıram...

Bir kor zamanda azıram,

Tut əlimdən, yollar, mənim!

Tamah çəkir öz yoluna,

Günah çəkir öz yoluna.

Gəl bu dərdin döz yoluna...

Tut əlimdən, yollar, mənim,

Apar məni Söz yoluna!

Tut əlimdən, yollar, mənim!

Qıyma şaxta, sazaqlara...

Qəribləri yığ başına,

Apar, apar uzaqlara...

Apar bizi dağ başına,

Tut əlimdən, yollar, mənim!


***

O AĞLAYAN KİMDİ ELƏ?

O ağlayan kimdi elə?

Ağlaya-ağlaya gülür...

Sinəsini qan aparır,

Yarasının düyməsini

Bağlaya-bağlaya gülür...

Ocağı kül, közü gülən...

İçi yanıb, üzü gülən,

Göz yaşında gözü gülən

O ağlayan kimdi elə?

Sığınıb qərib dağlara,

Batıb qalıb uzaqlara.

Qısılıb ötən çağlara

O ağlayan kimdi elə?

Baxıb şəkil düşən daşa,

Göydə süzən tənha quşa...

Uşaqlığıyla baş-başa

O ağlayan kimdi elə?

Dayanıb yolayrıcında,

Gözünün yaşı ovcunda.

Son Söz dilinin ucunda

O ağlayan kimdi elə?

***


XATİRƏ ÇİÇƏYİ

Ay çiçək, zərif çiçək,

Ay çiçək, qərib çiçək.

Əllərim dərməyib səni,

Gözlərim dərib, çiçək.


***

SƏNSİZ

Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,

Bir daha demərəm "ölərəm sənsiz”,

Ömrümü birtəhər vuraram başa,

Yaşayıb keçinə bilərəm sənsiz.

Ataram qəlbimdən qüssə, qəmi də,

Yaşaram vəslinə yetmiş kimi də.

Bir içim suyu da, son tikəmi də

Səninlə şərikli bölərəm sənsiz.

Söylərəm dost, tanış-bilişlərinə,

Qurbanam bu yerə gəlişlərinə.

Həyatda uğurlu gülüşlərinə

Ürəkdən şərikli gülərəm sənsiz.

Çalınar kədərim sarı sim kimi,

Gəl çilən ruhuma təbəssüm kimi.

Məzara baş çəkən bir yetim kimi

İlk görüş yerinə gələrəm sənsiz.

Zakir Fəxri, hicran boş yuvam olub,

Yaşaram gah gündüz, gah axşam olub,

Pərvanə soraqlı dilsiz şam olub,

İçimdə ney kimi mələrəm sənsiz.

***


ÖLÜM

De, hara getdin baş alıb?

Yerin, yurdun bilinmədi...

Gördüm ki, dünya boşalıb,

Nəydi dərdin, bilinmədi...

Üzümü tutdum dağlara,

Baxdım ki, dağlar kiçilib...

Quşlar qonmur budaqlara,

Körpə budaqlar kiçilib...

Göz açdım ki, təklənmişəm,

Səhrada azan kimiyəm.

Qəriblikdə yüklənmişəm,

Bir qərib ozan kimiyəm.

Gördüm dörd yanı su basıb,

Ha əlləşdim, keçəmmədim...

Bir az susuzdum mən kasıb,

Bir qurtum su içəmmədim...

Ağaclar quruyur, gördüm

Çiynimə yarpaq tökülür...

Gözlərimin nuru gedir,

Gözümə torpaq tökülür...

Hara getdin, söylə, hara?

Kürəklərim buz bağladı...

Gözlərimin suyu getdi,

Bəbəklərim buz bağladı...


***

AXİRƏT

Bir səhər yuxudan durarsan, qardaş,

Bilməzsən səhərdi,

ya axşam çağı…

Axar suların da

yolu dəyişib,

Görərsən əriyib Himalay dağı…

Yolların da sağı,

solu dəyişib,

Suların altında qalıb qəbirlər.

Sular da qəbrinin üstündən axır…

Ruhun da göylərdən

qəbrinə baxır…

Baxarsan, elə hey

gözün axtarar…

Amma görərsən ki,

nə bir inni-cinni,

nə bir can qalıb.

Nə bəla, nə xəta,

nə də qan qalıb...

Sularda ovulub,

əriyib hər şey,

Nə səs, nə bir səda

…kiriyib hər şey.

Daşlar ağac olub,

ağaclar da daş…

Sən özün özündə

batmısan, qardaş!

Nə nar ağacları,

nə əncir, üzüm,

nə alma, nə püstə,

nə badam qalıb.

Dünyanı su basıb,

dünya bir ada,

Bu kiçik adada

tək Adəm qalıb…

Adanın köksündə sevgi çatları…

Nə Həvva görünür, nə övladları…

***


ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

...Qul doğulur balalar.

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..

***


QAYTAR, ANA, QAYTAR MƏNİ BEŞİYƏ

Ərk etdiyim dostlar da

üzümə durdular...

Sevdiyim qızlar da

sevgimi üzümə vurdular.

Körpə-körpə umudlarım

bu yollarda əldən salıb

məni tamam yordular.

Ömrün cırhacırında

qaldım üşüyə-üşüyə.

Qaytar, ana, qaytar məni beşiyə.

Avand işim tərs gəldi,

cüt səbir ötdü məndən,

gətirəndə nəhs gəldi...

Dilim gəlmədi təpinəm

hər səhər

yolüstü

qabağımdan keçən qara pişiyə.

Qaytar, ana, qaytar məni beşiyə.

Göy üzünün karrığı

görən gözlərin korruğu,

keçdiyim yolun darrığı

oddadı məni, oddadı.

Mənə tuş gələsi sevinc

başım üstdən addadı.

Bənd olmaya bilmədim

hər ağıldan düşüyə...

Qaytar, ana, qaytar məni beşiyə.

Hər payız unutdu məni

tanışlar-bilişlər...

Üzümə, gözümə qonmağa

yer tapmadı gülüşlər.

Ciyərim siqaretə alışantək

üzüm-gözüm alışdı

qəm adlı bir nəşəyə.

Qaytar, ana, qaytar məni beşiyə.

Çəkilmişəm özümə,

yığılmışam içimə.

Kədər məni səsləmir,

səsləmir sevinc məni,

kimsə səsləməz məni,

bu darısqallıqdan

bir hovur çıxam eşiyə.

Qaytar, ana, qaytar məni beşiyə.


***

REKVİYEM

Doğulduğu evdən,

uşaqlıqdan,

bir də ilk sevgidən başqa,

hər şeyi unudur adam.

O çörəyə min şükür,

O suya min şükür.

O sevgiyə, o ocağa min şükür,

O ulu torpağa min şükür.

Arpa-arpa boy atdığım,

Qarğı at oynatdığım

Gözüm o kənd torpağı.

Qucağında dil açdığım,

Bir qıza könül açdığım,

Çəpər başında dolaşdığım

Canım o kənd torpağı.

Çəkib qəriblikdən qopardı məni,

Çəkib sinəsinə apardı məni.

Aldı qucağına körpəsi kimi,

Qoydu beşiyinə körpəsi kimi,

Bir qərib sükutun içindən keçdim.

Qan sızan tək

qəm sızdı gözlərimə

Günlər bürkülü-bürkülü,

Qaldım bükülə-bükülə...

Göy ilə yer arasında

yaxam sökülə-sökülə

bir qərib kədərin içindən keçdim.

Ayağı yalın uşaqtək

Ayaqları yalın baxtım,

Başım birdən dəydi daşa,

Heç bilmədim hara baxdım.

Gördüm,

doğma bilib üzümü söykədiyim

xatirələr arasında da yadam...

Doğulduğu evdən,

uşaqlıqdan,

bir də ilk sevgidən başqa,

hər şeyi unudur adam.

***


DUPDURU SULAR DA BULANDI…

Tikdiyin qalanın özülü uçdu,

Daşı daş üstünə qalandı, Xalıq!

Bilirdin dünyanın axırı puçdu,

Bilirdin ki, dünya yalandı, Xalıq!

Dəyərlər əridi, bir-bir aşındı,

Var-dövlətin torba-torba daşındı.

Daşınanlar öz torpağın, daşındı,

Baxanda gözlərin sulandı, Xalıq!

Yüz yol sinənə vur, yaxanı yırt da,

Öz içindən yeyər meyvəni qurd da…

Gör nələr yaşandı qurduğun yurdda,

Sağdan da, soldan da talandı, Xalıq!

Qocalıq yetişdi, nəfəs təntidi,

Dövran ömür biçən bir kərəntidi…

Xoş gün, xoş güzəran bir görüntüdü,

Düz yolun son ucu dalandı, Xalıq!

Zakir Fəxri, var üstündə yarışdı,

Nəfslər milçəktək bala darışdı...

Halal, haram bir qazanda qarışdı,

Dupduru sular da bulandı, Xalıq!

***


BİR AZ DA GƏLDİM YAXINA…

Qopdum odumdan, közümdən,

Əllərim qopdu dizimdən.

Bir az da qopdum özümdən,

Bir az da gəldim yaxına…

Keçdim ilanlı yolları,

Daşlı, tikanlı yolları,

Bazar-dükanlı yolları…

Bir az da gəldim yaxına…

Bir az da qaçdım tamahdan,

Nəfslə çəkdiyim ahdan…

Qurtuldum bir az günahdan,

Bir az da gəldim yaxına…

Aldandım dilə, dilçəyə,

Qoca nəfsə – ağbirçəyə!

Üz çevirdim gül-çiçəyə,

Bir az da gəldim yaxına…

Dünya şirə, şirələndim,

Hər pətəkdə girələndim.

Qəm xəlbirində ələndim,

Bir az da gəldim yaxına…

Çiynimdən yükləri atdım,

Hey üzdüm üzü axına…

Addım-addım gəlib çatdım,

Bir az da gəldim yaxına…

Doğmalarım döndü yada,

Evim oldu qərib ada…

Dolaşıb payi-piyada,

Bir az da gəldim yaxına…

İçim yalan, çölüm yalan,

Bu daş dərddən ölüm yalan.

Çat verdi tikdiyin qalan,

Bir az da gəldim yaxına…

Gözlərimi bağla, Tanrım,

Adəm olan bağlamasın…

Ağla məni, ağla, Tanrım,

Məni bəndə ağlamasın…


***

QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN

… Yükünü çəkəmmədim,

Arzusunda bünövrəsini qoyduğu

evini tikəmmədim.

…Dumanlı köçdən ayrılıb,

ocağı başında yanammadım.

İşıq olub gözlərinə qonammadım,

Qara torpaq, muğayat ol anamdan.

Qulaq asmadım

xeyirxah dualarındakı

yalvarışlara.

Damar-damar qəmə dönüb,

çökdüm alnındakı qırışlara.

Xəbər tutammadım düşəndə xəstə,

Saxlaya bilmədim gözümün üstə,

Qara torpaq, muğayat ol anamdan.

Ölüm bəlli, olum yox.

Yeri soyuq düşməsin,

Bürüməyə şalım yox,

İsti közümü yetir.

Külümdən duyuq düşməsin,

Qara torpaq, muğayat ol anamdan.

Qəbrinə gedən cığırlar,

barı, itməsin,

İllərin altında qalıb

qoy məzarı itməsin.

Qara torpaq, muğayat ol anamdan.