adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AZƏRBAYCAN QƏZƏLİ

VAQİF YUSİFLİ
26625 | 2018-03-31 00:29
VIII

Azərbaycan qəzəlindən söz açırıqsa, böyük Şəhriyarın adını çəkməmək olmaz. Cənub Azərbaycanda yaşayan şairlərimizin ustadı, ümumiyyətlə, XX əsr Şərq ədəbiyyatının korifey sənətkarı sayılan Məmmədhüseyn Şəhriyar qəzəl janrında da hünər göstərmişdir. Təbii ki, Şəhriyar da dahi Füzulini sevmiş, onun qəzəllərindən təsirlənmişdir. O, "Şair Məhəmməd Füzuli" şeirində yazmışdı ki:

Türki, farsi, ərəbidə nə fəzail varımış
Ki Füzuli kimi bir şairi-fazil doğulur.
Üç lisanda açılır məktəbi-Quran qapısı,
Bu məkatibdə ərazildən əfazil doğulur.

Şəhriyarın Azərbaycan və fars dillərində yazdığı qəzəllər klassik Şərq poeziyası ənənələrinin XX əsrdə orijinal bədii təsvir vasitələri ilə zənginləşdiyini və yeni mənalar kəsb etdiyini sübut edir. Əksəriyyəti lirik-aşinanə mövzuda yazılan qəzəllərində Şəhriyar məzmuna, ifadə etmək istədiyi fikrə xüsusi diqqət yetirir və sanki bir əhvalat söyləyirmiş kimi ilk beytindən sonuncu beytə qədər həmin o əhvalatda öz şair ustalığını da nümayiş etdirirdi.
Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisaya gəlim.

Klassik şeirimizdə lirik qəhrəmanın başqa dindən olan qıza vurulması gözəlliyə pərəstiş kimi mənalanır. Şəhriyar da eyni pərəstiş hissini ifadə edir:

Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim elə, mən məzhəbi-İsayə gəlim.
Mən cəhənnəmdə də baş yasdığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvaya gəlim.
Nənə qarnında da sənlə əkiz olsam əgər,
İstəməzdim doğulub bir də bu dünyaya gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün Məbədi-tərsayə gəlim.
Gəl çıxaq türi-təcəllaya, sən ol cilveyi-tur,
Mən də mussa kimi, ol turi-təcəllaya gəlim.

Şəhriyar. Yalan dünya.
Bakı, Azərbaycan
ensiklopediyası. 1993).
Şəhriyarın Azərbaycanda ilk tədqiqatçılarından olan Hökümə Billuri onun lirikasında iki şairin-dahi söz ustaları Nizaminin və Şafizin təsirini xüsusilə qeyd edir. Biz bu sırada Füzulinin də adını çəkə bilərik. Ancaq H.Billurinin qeyd etdiyi kimi, "Şəhriyar klassik irsdən və xalq yaradıcılığından nə qədər təsirlənsə də, başdan-başa orijinal bir sənətkardır. Onun lirikasının özünəməxsus həyatiliyi və incəliyi vardır. Belə ki, Şəhriyar lirikasını həyəcansız oxumaq mümkün deyildir. Şairin dilində qəliz ifadələr təsadüfi səciyyə daşıyır, onun lirik şeirlərinin dili sadə, rəvan, xəlqi və ürəyəyatandır. Sanki şair üz-üzə oturduğu sevgilisi ilə şirin, canlı xalq dilində danışır" (H.Billuri. "Məhəmmədhüseyn Şəhriyar", Bakı, "Eli", 1984, səh. 125) Şəhriyar qəzəlləri həm də şuxluğu, nikbinliyi ilə seçilir, hətta xəfif yumor hissi də bu qəzəllərə hopur.

İki bölmüş məni hicran, iki dünya kimiyəm,
Yarı getmişsə yarımla, yarı qalmış məndə.
Cavanı aycamal eşqilə qoşulmuşdur ona,
Məni bivəxt qocaltmış qarı qalmış məndə.
Yaşılı eylə aparmış ki, özüylə o nicar,
Nə baxım güzgüyə, ancaq sarı qalmış məndə.
O zərif çiyninə qonmuşdu göyərçin ruhum,
Hicranın bayquşu qalmış, sarı qalmış məndə
Aparıbdır balını, qorxulu, pünhan vüsalın,
Sızlaşır boş pətək içrə arı qalmış məndə.
Od-alov saçdı məhəbbət, yığışıb getdi o yar,
Bu yanıq cismimə baxma, narı qalmış məndə.
Aparıbdır dodağında o şirin şərqiləri,
Bu sınıq könlümə bənzər tarı qalmış məndə.
Bağını dərmiş, aparmış bu yazıq Şəhriyarın,
Acıdır, yığmayıb, həsrət barı qalmış məndə.
(Yenə orada)
Öncə qeyd etdik ki, Şəhriyarın qəzəllərində müəyyən bir əhvalat, hekayət nəql edilir və oxucu bir eşq macərasının şahidi olur. Bunu Şəhriyarın klassik poeziyadan bəhrələndiyinin sübutu hesab edə bilərik.

Yuxuma dün gecə bir lalə üzar gəlmiş idi,
Gənc ikən sevdiyim o incə nigar gəlmiş idi.

Bu qəzəl Nizaminin "Gecə xəlvətcə bizə sevgidi yar gəlmiş idi" qəzəlinə nəzirə kimi yazılıb. Amma nəzirə olsa da, Şəhriyarın özünəməxsus ifadə tərzi və məlum əhvalatı tamam yeni bir səmtə yönəltməklə diqqəti cəlb edir:

Sərvi-nazım mənə bir an da yaxın düşmədi heç,
Qol-budaq atmış idi, üstümə bar gəlmiş idi.
Çox çağırdım mən uzaqdan, səməri olmadı heç,
Qaçdı ahu kimi yar, yer ona dar gəlmiş idi.
Mən ölüb getmiş idim, keçmiş əziz xatirələr,
Ruh olub qəbrimin üstə yenə zar gəlmiş idi.
Şəhriyar yazdı buş ux, incə, pərişan qəzəli,
Çünki yar zülfü tək aləm ona tar gəlmiş tidi.

(Yenə orada)
Diqqət yetirsək görərik ki, Nizaminin qəzəlində bütün əhvalat yuxuda baş verir, Şəhriyarda isə sanki real bir hadisə nəql edilir.
Şəhriyarın qəzəlləri Azərbaycan poeziyasında Füzuli, Nəbati, Seyid Əzim Şirvani ənənələrinin yeni tərzdə, XX əsr poetik təfəkkürünə uyğun bir lisanda davamıdır, - desək, səhv etmərik. Bu baxımdan Şimalda Vahidin qəzəlləri bu janrda bütün şairlər üçün bir örnək rolunu oynayırsa, Cənubda eyni missiyanı Şəhriyar qəzəlləri yerinə yetirir.
Təkcə məhəbbət lirikasında deyil, ictimai-siyasi lirikada da Şəhriyar qəzəlləri ən yüksək məqamına yetir. Şair Fikrət Sadığın böyük məharətlə fars dilindən tərcümə etdiyi "Azərbaycan" qəzəli siyasi lirikanın ən parlıq nümunəsidir. Bu qəzəl vahid Azərbaycan ideyasının poeziya dili ilə şərhidir.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacanq Azərbaycan?!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya aza dol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!


Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru

TƏQVİM / ARXİV