adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Mart 2018 00:27
31967
ƏDƏBİYYAT
A- A+

SONA ÇƏRKƏZ


BDU-nun baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" üzvü mükafatı laureatı

Sizə təqdim etdiyimiz şeirlər Sona xanımın bu günlərdə işıq üzü görəcək "Bəxtəvərlik yuxu imiş..." adlı kitabındandır. Biz bu şeirləri təqdim etməklə dünyaya gələn kitab münasibətilə həm də dəyərli Sona xanımı təbrik etmək istədik. Uğurlu olsun!


ELƏ RƏSSAM Kİ...

Bir rəssam gəzirəm,
elə rəssam ki,
Görə gözlərimə
hopmuş kədəri.
Fırçası anlada
qəlb dostlarıma,
Ömrümə yük olan
qismət-qədəri.
Bir rəssam gəzirəm,
olduğum kimi
Göstərə üzümü
candan yanana.
Bər-bəzək vurmaya
mənim rəsmimə,
Anlada dünyamı
dərddən qanana.
O fırça arada
dönüb atəşə,
Əridə buz atmış
fikirlərimi.
Çatdıra oduna
yandıqlarıma,
Kərəmi havalı
zikirlərimi.
Üzümə diqqətlə
baxıb o rəssam,
Acının rəngini
qoya ortaya.
İnandıra məni
çəkdiklərinə,
Mən səcdə eləyəm
həm o rəssama,
həm də o çəkdiyi
həmən tabloya...


YAXŞILARIN ÜZÜNƏ

Məzarımın üstünə
sinə daşı qoymayın,
Mən onsuz da yorğunam,
torpağımı yormayın.

Dərdimi-ələmimi
daşla basdırmaq olar,
Əmanətim sözümdür,
onu atmayın, nolar.

Giley dolu sözlərim
bitməyən xiffətimdir,
Düşüncəmi yazanam,
dönməzlik xislətimdir.

Qəlbimə yük olanı
qələmimə demişəm.
Ömrün dolaylarında,
onu doğru bilmişəm.

Özünə qələmiylə
qəbir qazan da mənəm.
Taleyini min yerə,
min yol yozan da mənəm.

Görən deyir döz, Sona,
dərd səni bərkidibdir,
Kaş biləsiz dözümə,
qəlb nələr çəkdiribdir.

Allahdan hansı üzlə
dərdə dözüm istəyim?
Və ya dönük fələkdən
ona çözüm istəyim?

Məni mətin bilənlər
içimdən xəbərsizdir,
Sözlərim ağı deyir,
qələmim xəbərsizdir.

Dözümüm külə dönüb,
altından işarır qor.
Döz demək bircə kəlmə,
mən çəkənə dözmək zor.

Yaxşıların üzünə
hələ ki, yaşayıram.
Fəqət, onlar da bilmir,
nə yüklər daşıyıram...


Professor
ƏDİBƏ XANIM PAŞAYEVAYA

Kimlər isinməyibdi Mir Cəlal ocağının, əzizim, istisinə? Ocaq var - üz tutanlar kor olur tüstüsünə...

Sizi vəsf eləyir, Ədibə xanım,
Bu şeirin nöqtəsi, nidası, sözü!
Qeyrət də, namus da, qürur da Sizdə,
Axı, tərəzidir el-oba gözü!..

Nuru azalmayan, odu sönməyən,
Atəşi əbədi ocaq övladı!
Yaradan könlünə görə verəcək,
Min arzu-diləyi, min bir muradı!

Adi dağ zirvədə qar saxlamayır,
Zirvəsi qarlıdır uca dağların.
Deyib-danışmağa əməl olmasa,
Vallah, kəlmə yazmaz qələm, inanın!

Yıxılan, büdrəyən, boynu bükülən,
İnsan övladının yanındasınız.
Bizim kafedranın bir nəfər kimi,
Ağlında, yadında, yanındasınız.

Duyğum düşüncəmin əsirliyində,
Bəlkə çatdırmayır arzularımı...
Lakin ürəyimdən gələn budur ki,
Allahın sevimli bəndəsisiniz,
Bunu bir ağızdan söyləyir hamı!

YAĞIŞ YAĞIR

Palatamın pəncərəsi önünə hər gün xeyli göyərçin uçub gələrdi. Bu gün görünmədilər...

Axşamdan yağış yağır,
yağır heç səngimədən.
Yağır öz yer-yurduna,
türklər demiş, dinmədən.
Göyərçinlər cumculuq,
görən getdilər hara?
Kim qol-qanad açacaq
bu havada onlara?
Ovcumdakı çörəyi
görcək sevinərdilər,
Alamançılar kimi
bir-birin didərdilər.
Bu gün gəlmir səsləri
otağıma onların,
Neyləsinlər yağışdan
islanıbdır donları.
Mən çörəyi ovunca
baxardılar üzümə,
Mat qalırdım onlarda
olan səbrə, dözümə.
Onlar oldu burada
20 gün mənə simsar,
Unudurdum ağrımı
qığıldayanda onlar.
Bu gün isə yoxdular,
ha eyləyim ahu-zar.
Eh, hardan yağdı, Allah,
bu yağış mərdüməzar?
Eh, niyə yağdı, axı,
bu yağış mərdüməzar?


DƏRD ORTAĞIM

Nəriman Həsənzadəyə

İkinci evim bildiyim BDU-nun akt zalında Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilirdi. Dərsim olduğundan bir az gecikdim.
İllərdir yaxından tanıdığım, ömür-gün yoldaşım Çərkəzi çox sevən bu böyük ürəkli insanı görməyə hamı kimi mən də çox tələsirdim və... zala daxil olanda artıq hər kəs öz yerini almışdı. Təşkilatçılar görüşün iştirakçılarını salamlayırdılar.
Az sonra söz Nəriman müəllimə verildi. O da ilk olaraq sözünə görüşə gələnləri salamlamaqla başladı və birdən mənə tərəf əlini uzadıb dedi - ikinci cərgədə məni hamıdan çox anlaya bilən dərd ortağım əyləşib - bu gün aramızda olmayan Çərkəz müəllimin ömür-gün yoldaşı Sona Çərkəz. Onu da salamlayıram.

Hardan gəldi, qardaşım,
Bu fikir ağlınıza?
Dərd ortağım, dediniz,
Min sağlıq ağzınıza.

Dərd ortağım dediniz,
Titrədi əl-ayağım.
Yaralı ürəyimin,
Bu da oldu bir dağı.

Kaş dərd ortağı deyil,
Bir sevinci böləydik.
Çünki biz sevgimizin
Qarşısında köləydik.

Dərdin ağzı yanaydı,
Bizi yandıran yerdə.
Elə yandırıbdır ki,
Kababdı qəlb də, dil də.

Qəlbimizin odunu
Biz qələmlə bölüşdük.
Eşqimizi dəfn edib,
Torpağıyla öpüşdük.

Kədərə boyun əyib,
Ömrə davam elədik.
Bəxtə düşən acıya,
Alın yazımız dedik.

Sara xanım həsrətə
Bələdi ömrünüzü.
Qaranlıq gecələrdə,
Gəzdiniz gündüzüzü.

Sevmək də acı imiş,
Ayırlıq da, qardaşım.
Fələk əlimə keçsə,
Boğar onu göz yaşım.

Çərkəzsiz günlərimi
Silə bilsəm ömrümdən,
Vallah gileylənmərəm,
Bəxtimdən, taleyimdən.

Bu möcüzə baş versə,
Sevincdən də yazaram,
Səadətdən də hərdən...
O vaxt yaxam qurtarar
Göynərtisi bitməyən,
Kədərli cümlələrdən...


ANA SƏADƏTDİR!

Ağrıma, adının qurbanı olum,
Axı, sənə görə dilim söz tutur.
Quruca nəfəsin ruh verir mənə,
Ustupluca otur, ustupluca dur.

Görürsən, gedənlər qayıtmayırlar,
Atalı dünyama həsrət qalmışam.
Sən məni köksünə sıxıb öpəndə,
İnan ki, bu yaşda uşaqlaşmışam.

Ağıllı, təmkinli, xoş sözlərinə,
Biləsən, nə boyda ehtiyacım var.
Ən ağır anımda dualarınla,
Min düyünüm ola, dərhal açılar.

Yazıma-pozuma özən göstərib,
Adi uğuruma sevinənimsən.
Bu yaşda əlindən düşmür kitablar,
Qədrimi hamıdan çox bilənimsən.

Nəfəsin Mədinə, Məkkə, Kəbətək,
Müqəddəs ziyarət yerimdir, ana.
Kim var bu dünyada səndən savayı,
Təmənna güdmədən, ürəkdən yana.

Ana səadətdir, ana qənimət,
Allahım, mənə ver ağrılarını.
Çox görmə nə olar, anamı mənə,
Yaşasın atamın torpağı sanı.