adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Mart 2018 17:52
15331
ƏDƏBİYYAT
A- A+

KƏRAMƏTLƏ essevari SÖHBƏT

"Hələ ad qoyulmayan sevdalar içində gülümsəyirəm”

Yalan olmasın, bəlkə, on ildi nəşriyyatda hər görüşəndə "ədəbi söhbət" barədə qarşılıqlı "sasiz imzalayır", şeirində dediyi kimi "salamın da qaçır, əhlikef kişi" pıçıldayıb da əməlli-başlı ağzımı boza verdiyini, incikliyimi yüngülvari üzünə vururam. O da, hər dəfəsində məni qabaqlayır, "Bir müsahibə borcluyuq bir-birimizə"ylə yola verir.

Yox, bu dəfə əlimdən qaça bilmədi, - gəl bir çay içək, - təklifimə, - sən çay, mən pivə, - tələbinə razılığımı verib, bir az ordan-burdan, ailədən, uşaqlardan danışdıq. Beş nəfərdən ibarət ailə üzvündən üçü AYB ailəsinin də üzvüdü. Qeyd-şərtsiz vurğulamağı özümə borc bilirəm ki, mənim tanıdığım Kəramət ailəsinə canını qurban verər, amma ədəbiyyatı güzəştə getməz və getməyib də.

Çoxillik müşahidəmə görə həyat dolu, son dərəcə qürurlu, məclisləri sevdiyi qədər tənhalığı sevən, Sözə tapınan, heç vaxt kasıb görünməyən dəli-dolu olduğu kimi davranışlarıyla hörmət qazanan bənzərsiz, umacaqsız, giley-güzarsız Şairdi.

-Salamsız-kəlamsız, yəni girişsiz başlayaqmı söhbətə? Məsələn, "yazıçı obrazı" sənin üçün nə deməkdir və yaxud yazıçı-şair sənin nəzərində necə olmalıdır?

-Bəri başdan deyim ki, heç nə mənim və yaxud kiminsə istəyilə şəkillənmir.

Yazıçını həcvçi-mədhçi kimi tanımaq və tanıtmaq yanlışdı, özünü bu şəkildə tanıtmamaq da olar. Əyləndirici, uyutdurucu şəklində görənlər də yanılır. Belələri tarix boyu yoxmu? Var. Amma bizim xitabımız bu deyil ki…Bizdəki ümumi baxış təqribən belədi: Ya fəzfən-zadın olmalı, ya da kefqomfason... Hə, onu da deyim ki, hansı yazıçının mənsəbi hansı pillədəsə onu o mərtəbədə yazıçı sayırlar və sairə.


Söz sahibi dililaylalı ana, oxucu da bala deyil, onu şirin-şəkər kəlmələrlə uyudasan. beyinləri-ruhları uyutmaq (belədə ozü irreal "narkoman" olmaqla bərabər yazılarıyla da narkotik maddə satıcısından fərqlənmir), ideologiya (dini-milli-siyasi) dəllalı da deyil, ədəbi-mədəni lahiyənin yerli iş icraçısı da. Həyatı OYNAMIR, HƏYATI HƏYAT KİMİ YAŞAYIR VƏ YAŞANAN HƏYATINI ANLADIR. ƏDƏBİ İNFORMASI BANKI OLMALI VƏ BƏDİİ İNFORMASİYA VERMƏSİ ÜÇÜN DƏ BƏDİİ DÜŞÜNCƏSİNİ TƏZƏLƏMƏLİDİ, -DEYƏ DÜŞÜNÜRƏM. Nədən biz hər şey, zad olmağa ehtiyac duyuruq ki?

-Axı yazıçı da insandı, konkret zaman-məkan daşıyıcısıdı. Onu ÖZ QƏLİBLƏRİMİZ İÇİNDƏ GÖRMƏK DƏ DÜZGÜN DEYİL.

- Kiminsə yazdıqlarını sevməyə, alqışlamağa oxucu məcbur deyil, amma o HƏYATI anlamağa, ən azından bunun üçün də cəhd etməyə borcludu, buna görə "oxucu" statusundadı. Zaman-zaman bu qarşılıqlı dialoq-məhkumiyyət qarşıya çıxır, çıxacaq. Oxucuyla aramıza o qədər yanıldıcı işarələr qoyublar ki, üz-üzə qala bilmirik, küncdə-bucaqda gizlətmək, sıradanmış kimi bozluqda itirmək cəhdləri də anlaşılandı. Böyük Nazim Hikmət nə deyirdi? Deyirdi ki, ONLAR HƏYATIN DÜŞMANI = Gizlənmək,yoxsa gizlədilmək?

Qiymətli nə varsa, həmişə gizlində olur, bu və ya digər şəkildə. Bu da var ki, üst bədii düşüncəni dışlamaqla pərvəriş tapır sıradakılar. Adi normativlərə (dil, fikrin ifadəsi, məntiq) cavab verməyən birini, SIRADAKILAR kumirə çevirməklə də mükəlləfdi, adi gedişat bunu bəsləyir, çoxluğun hokmü dövriyyəyə girir və qərarını verir. Yoxsa, sıradakılar rahatlamır. Və ən əsası, buna zamanın tələbi, ideologiya da deyə bilərsiz (bəzən ideyasızlığın özü də vaxtın diktəsi ola bilir) hökm verir. Vaxtın bazarı gündəlik ədəbi tələbat mallarını piştaxtanın üstünə çıxarır. Reklamın üstünlüyü, gücü mahiyyəti, dəyəri= mahiyyəti inkar edir.

-Söhbətimiz essevari axarda gedib qəlizləşdi bir az, elə deyilmi? Özünlə danışırmış kimi...Əslində, başqalarıyla danışanda da özümüzlə danışırıq, elə bil. Qoy bu da belə olsun.

Öyrəşilməyən Yazıçı Obrazı çətin qəbul görür bütün zamanlarda, hər yerdə.

Yalvarıb-yaxaran, HAP-GOPÇU, göz yaşı tökən, Allaha, Padişaha təlxəklik, dəllallıq eləyib İSTƏNƏN-ARZULANAN-XOŞA GƏLMƏK üçün min cür alabəzək dona, rola girənlər də olub tarixin hər dönəmində. Fikir vermisənmi bizdəki sevgi də, yar da yaltaq, yalvaran, ağlayıb-sıtqıyan durumdadı. Mənim obrazım ona - oxucuya-"Sən"ə yaddı. "Sən mənə gəlmək dilərsən,Gəlirsən? - Gəlginən" - deyirəm və yalvar-yaxara, ağlaşmağa öyrəşdirilmiş oxucu çaşır bu təmənnasız-minnətsiz müraciətə.

Alqış dilənçisi, heç deyiləm və üstəgəl kimsənin sevgi-mərhəmətinin möhtacı da. Bir-birimizi anlamağa ehtiyacımız var, ən azından, icazə versələr, yazıçının "Sən" obrazıyla baş-başa qalmasını istəyirəm

-Əgər üç şeir oxumasan sənin günahındı, daha sonra beş şeir oxumasan məni lənətləyə bilərsən, - "Son qapı" kitabının girişində belə yazmısan. Yekəxanalıq, yoxsa, özgüvən? Xətrinə dəyməz ki, desəm... sənin haqqqında birmənalı fikir yoxdu. Bir şeirində özünün də dediyin kimi: "O necə adamdı? Sözü-söhbəti, Onu tanıyanın sayı qədərdi".

-Bilirəm və çox zaman onların fikrinin istəkləri yöndə obrazımın formalaşmasına da yardımçı oluram. Yəni sən mənim haqqımda belə düşünürsənsə, bu da sənə "mən", əksini, yaxşı tərəfdən, heç zaman izah və sübuta çalışmamışam. Haqqımda birmənalı fikir olsaydı, özümdən şübhələnərdim. (gülür)

(Bu arada soruşur pıçıltıyla "bəlkə nəsə çörək də yeyək, pivə məni acıdırdı. - Sən ye, evdən yemək gətirirəm, -cavabını verirəm. O da bir neçə dəfə gəlib -, Nə qulluğunuz, - deyən nəşriyyatın sevimlisi, bizə xidmət edən Anarı səsləyir, - ordan bir rus arağı ver, 250 qramlıq, sizdə yoxsa, İlqarda (bufetçi) var, nə içərəm, içərəm, bir də balıq bir nəfərlik, o biriləri özün bilirsən) Onu da deməsəm olmaz, Anar da Kəraməti çox istəyir, çünki çox əliaçıqdı.

-Bəlkə, hələlik, bura qədər bəsdi, canım-qardaşım, - təklifi ondan gəlir.

Hiss edirəm ki, danışmaq istəmir, daha doğrusu, tək qalmaq istəyir, əlbəttə, hələlik, bir azdan onun stolunda 5-10 adam olacaq, orası öz yerində, indisə, "Tək-tənhadı ağaclar, Sıx-sıx əkilsələr də".

Həmsöhbət oldu: Əbülfət